• cümə, 26 Aprel, 12:11
  • Baku Bakı 23°C

Bədii ədəbiyyat yaşa görə təsnifatlansın?

17.12.18 11:00 2039
Bədii ədəbiyyat yaşa görə təsnifatlansın?
Təhsil Nazirliyi məktəblilər üçün "Ədəbiyyat biliciləri” müsabiqəsi elan edib. Müsabiqə, şagirdlərin bu sahədə istedadlarını, yazı qabiliyyətlərini üzə çıxarmağa hesablanıb. Ancaq bizdə indiyə qədər məktəb yaşlı uşaqlar üçün ədəbiyyatın yaşa görə kateqoriyaya bölünməsi aparılmayıb. Uşaqlar əllərinə keçən kitabları oxuyurlar. "Müzakirə”miz zamanı filoloqlar, ədəbiyyat adamları da bu fikri təsdiqlədilər.
”Mənəvi dəyərlər üzərində dünyəvi dəyərlər
Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov yaş kateqoriyalarına görə bədii ədəbiyyatın təsnifatlanmasının tərəfdarıdır. Professor deyir ki, uşaqların bilik dairəsi konkret bədii ədəbiyyatlarla müəyyənləşməlidir. Yəni məktəblilər hansı ədəbiyyatı oxuya bilərlər, hansını yox: "Bizdə hələ bu təcrübə yoxdur. Sovetlər dönəmində məktəblinin oxuyacağı kitabların sərhədləri müəyyənləşirdi. Hətta, lap ucqar kənd kitabxanalarında məktəblilərin hansı kitabları oxuyacağı müəyyənləşmişdi. Mənə elə gəlir ki, bu istiqamətdə güclü işlər görülməlidir. Tutaq ki, ibtidai sinif uşaqları hansı kitabı oxumalıdır, yuxarı sinif şagirdləri – 5-9, 10-11-ci siniflər hansı kitabları oxumalıdırlarsa, o siyahı müəyyənləşməlidir. Kitabların adları, müəlliflər dəqiqləşməlidir. Mənə elə gəlir ki, bunun üçün Təhsil Nazirliyində, ayrı-ayrı rayonlardakı təhsil şöbələrində, eyni zamanda məktəblərin özündə hansı kitabların oxunması ilə bağlı ciddi təsnifatlar aparılmalıdır Təhsil Nazirliyi Bakı şəhərinə, onun rayonlarına, eləcə də regionlardakı təhsil şöbələrinə müraciət etməli, onların təkliflərini almalıdır. O təkliflər Təhsil Nazirliyinin müvafiq şöbələrində qruplaşmalıdır. Qruplaşandan sonra təsnifat aparılmalıdır. Bu, vacib məsələdir. Ona görə ki, informasiya əsrində yaşayırıq. İstəyib-istəməməyimizdən asılı olmayaraq, internet resursları həyatımıza açıq şəkildə daxil olub. Uşaqlar çaş-baş qalıblar: nəyi oxusunlar, nəyi yox. Belə olan təqdirdə, bu məsələyə ciddi nəzarət olmalıdır”.
Professor bildirdi ki, əvvəlki dövrlərdə buna nəzarət var idi. Belə ki, "Məktəblinin seriyası” adı altında əsərlər çap olunurdu: " Əgər Rusiyada bu mənada təcrübə varsa, milli regional xüsusiyyətlərimizi, adət-ənənələrimizi, milli ədəbiyyatımızın ənənəsini nəzərə almaqla, həmin təcrübədən istifadə edib, bu işləri düzüb-qoşmalıyıq”.
B.Xəlilov hesab edir ki, uşaqlarımıza dəyərlərimizi aşılayan kitabları öyrətməliyik: "Bir dəfə bir türk jurnalist Nobel mükafatçısı olan yəhudi yazıçıya belə bir sual verir: "Necə olur ki, yəhudilər bütün ixtisaslar üzrə görkəmli alim olurlar? Niyə Nobel mükafatçılarının əksəriyyəti yəhudi olur? Yazıçının cavabı belə olur: Biz uşaqlarımıza uşaqlıqdan ən dəyərli kitabları oxumağı öyrədirik. Bu kitablar birbaşa yəhudi xalqının dəyərlərini uşaqlara aşılayır. Onların içərisində milli-mənəvi və ədəbi dəyərlərimiz gedir”. Mən də istərdim ki, uşaqlarımızın yaş səviyyəsinə uyğun nağıllarımızı, dastanlarımızı, onların motivləri əsasında yazılan əsərləri, onların yaş səviyyəsində olan və dini-dəyərlərimizi aşılayan əsərləri öyrədək ki, bünövrə ola bilsin. Bu bünövrə olandan sonra uşaqlar mənəvi dəyərlər üzərində inkişaf edib, dünyəvi dəyərləri öyrənə biləcəklər. Dünyəvi dəyərlər milli-mənəvi dəyərlərin özülü üzərində qurulacaq”.
Belə bir tövsiyə pis olmaz
«Altun» kitab nəşriyyatının direktoru Rafiq İsmayılovun fikrincə, əgər hər hansı bir kitab qanunvericiliyə uyğun nəşr olunubsa, onun oxunması tövsiyə olunur: "Nəzərə almaq lazımdır ki, uşaqlar orta məktəbi 16-17 yaşında bitirirlər və onlar artıq bu yaşda formalaşmış adamlardır. Onlar istənilən kitabı oxuya bilərlər. Düzdür, kitabın oxunmasında bəzi müəyyən məhdudiyyətlər var. Naşir Türkiyə Təhsil Nazirliyinin «Yüz təməl əsər» adlı layihə çərçivəsində nəşr olunan əsərləri nümunə kimi göstərir: «Bu siyahıya Türkiyə və dünya ədəbiyyatının ən gözəl nümunələri daxildir. Onların müxtəlif yaş qrupları üzrə necə bölünməsi ilə bağlı nazirliyin tövsiyəsi də var. Fikrimcə, belə bir siyahının bizdə də olması yaxşı olardı”. Naşirin fikrincə, bu gün həm valideynlər, həm də şagirdlər kitab seçimində çətinlik çəkirlər. Belə ki, belə bir siyahını tövsiyə etmək pis olmazdı: "Bizdə belə bir siyahının mövcudluğu haqda məlumatım yoxdur”. Naşir hesab edir ki, yaş qruplarına görə ədəbi əsərlərin təsnifatlanması vacibdir: «Bədii ədəbiyyatın az qala 3 yaşından etibarən yaş kateqoriyalarına bölünməsi lazımdır. Yəni 3-5, 5-7 və s. yaş qrupları üzrə uşaqların oxuması üçün kitablar təsnifatlandırılmalıdır. Ancaq psixoloqların, ədəbiyyatçıların iştirakı ilə belə bir siyahının tərtib olunması ilə rastlaşmamışam. Kitabların formatı, illüstrasiyanın ölçüsü, əsərlərin biçimi göstərilməlidir”.
R.İsmayılov mağazalarda ucuz, xoşagəlməyən illüstrasiyalarla nəşr olunan kitabların satıldığını deyir: "Valideyn də bu dərinlikləri o qədər bilmədiyindən, seçimdə səhv edə bilər. Təhsil Nazirliyi belə bir tövsiyə hazırlasa, pis olmaz».
Uduzduğumuz məsələ
Yazıçı Reyhan Yusifqızı da hesab edir ki, bədii ədəbiyyat yaş kateqoriyalarına görə bölünməlidir. Belə ki, bədii əsəri uşağa verəndə, əgər uşaq onu oxuyub başa düşmürsə, bu, onda əks reaksiya verə bilər. Yəni uşaq kitabdan daha da uzaqlaşa bilər: "Bu baxımdan, məsələyə çox ehtiyatla yanaşmaq lazımdır. Üstəlik, kitabın dili çətin olsa, uşaq oxuyub anlamasa, bundan sonra kitab oxumayacaq. Xüsusən ilk oxuduğu kitabların uşaq üçün böyük əhəmiyyəti var. Çünki o, bədii ədəbiyyatla bağlı ilk təəssüratı oxuduğu həmin kitablardan alır».
Yazıçı hesab edir ki, uşaqların oxuması üçün nağılların böyük əhəmiyyəti var: «Nağıllar həmişə maraqla qarşılanır. Hamı nağılı sevir. Təbii ki, uşaq klassik ədəbiyyatı bilməli, klassikləri tanımalıdır. Ancaq mən müasir ədəbiyyatın daha çox oxunmasını görmək istərdim. Müasir kitablar uşaqlara daha yaxındır. Çünki uşağı bir növ yaşadığı cəmiyyətə hazırlamaq lazımdır. Bunun üçün uşaq yaşadığı cəmiyyət haqqında çox məlumata malik olmalıdır”.
Son illər elmi fantastika janrının populyar olduğunu deyən yazıçının sözlərinə görə, Avropada da, bizim uşaqlar arasında da bu janr çox populyarlaşıb. R.Yisifqızı bu mövzuda «Yaşıl gözlü qız», «Zamanın əsirləri» və «Uzaq planetin sirri» adlı elmi-fantastik trilogiya yazıb: "Bu əsərlər çox böyük maraqla qarşılanır. Bundan əlavə, bizdə elmi-kütləvi kitablar yox səviyyəsindədir. Mən bunu görəndən sonra elmi janrda «Kompüterin qəribə tarixi», «Riyaziyyat əyləncəli ola bilərmiş» və s. adlı bir neçə kitab yazdım. Belə deyim, bizim gələcəyimizi qura biləcək uşaqlar bu kitabları oxuyurlar. Bunlar ağıllı uşaqların kitablarıdır». Uşaq ədəbiyyatında Andersen mükafatının Nobel mükafatına bərabər olduğunu deyən yazıçı bildirir ki, bu mükafata layiq görülən kitabları bütün dünyanın uşaqları oxuyurlar: "İstərdim ki, bizim uşaqlar da bu kitabları oxusunlar. Görsünlər ki, dünyada nəyi yaxşı, maraqla qarşılayırlar. Amma təəssüf ki, bu kitablar Azərbaycan dilinə tərcümə olunmayıb. Mənə elə gəlir ki, bu tərcümə ilə məşğul olmaq lazımdır. Fikrimcə, dünyada ən çox oxunan kitabların siyahısını çıxarıb tərcümə edərək, uşaqlarımıza vermək lazımdır. Dünyaya inteqrasiya olunmaq lazımdır. Biz elə bir dövrdə yaşayırıq ki, dövlət kimi tək deyilik. Ətrafımızda yaxşılar, pislər, qonşularımız, xeyirxahlarımız, bədxahlarımız var. Ona görə, uşaqlar da bilməlidirlər ki, hansı zəmanədə yaşayırlar, planeti nələr gözləyir. Onların bu kimi məsələlərdən xəbəri olmalıdır. Uşaqlarımızın müasir ədəbiyyatı oxumasının tərəfdarıyam ki, onların intellekti yüksək olsun. Onlar dünyadan baş çıxarmalıdırlar. Biz onlara, bizsiz yaşamağı öyrətməliyik. Ancaq bu məsələdə bir qədər uduzuruq».

Həssas məsələ
Yazar Səxavət Sahil hesab edir ki, məktəblilər üçün kitablar hər yaş kateqoriyası üzrə olmalıdır. Belə ki, bu cür kitablar adətən kollektiv redaksiya tərəfindən hazırlanır və üzərində konkret yaş göstərilir ki, uşaqlar və valideynlər kitab seçərkən tərəddüd içində olmasınlar: "Çünki hər yaşın özünün oxu vərdişi və mövzusu olmalıdır. Məsələn, əvvəllər belə kitabların təsnifatı üçün, nəşrlərin üstünə "Kiçik yaşlı məktəblilər üçün” sözləri yazılırdı. Yəni bu iş həssas məsələ olduğundan, dəqiqlik tələb edir. Digər tərəfdən də, mövzular elə seçilməlidir ki, uşaqların psixologiyasına mənfi təsir eləməsin, onların inkişafına təkan versin”.
S.Sahil şagirdlərə tövsiyə olunan mövzular içərisində vətənpərvərlik mövzularının üstünlük təşkil etməsini təbii hesab edir: "Lakin bunun özünün də hansı janrda, hansı formada təqdim olunmasından çox şey asılıdır. Hesab edirəm ki, burda dastanlara, dünya xalqlarının, xüsusən də türk xalqlarının dastanlarına, mifologiyalarına, nağıllarına üstünlük verilməlidir. Məktəbin sonuncu sinfində oxuyan şagirdlər üçün isə macəra romanları, sərgüzəşt tipli əsərlər, həmçinin düşüncənin inkişafı və informasiyası bol olan kitablar tövsiyə edilməli və ayrıca nəşr edilməlidir”. Yazarın fikrincə, uşaqların bədii ədəbiyyat oxuması yaxşı hal olsa da, onların hər bir kitaba meyl etməsi düzgün deyil. Xüsusən də ağır yüklü, beyin yoran, psixoloji əsərləri oxumaları yolverilməzdir: "Bu cür əsərlər onların psixoloji durumuna və əqli inkişafına mənfi təsir göstərə bilər. Ona görə də, həm müəllimlər, həm də valideynlər uşaqların oxuduğu kitablara nəzarət etməli, onları düzgün yönləndirməlidirlər”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər