Təhsil Nazirliyi məktəblilər üçün
"Ədəbiyyat biliciləri” müsabiqəsi elan edib. Müsabiqə, şagirdlərin bu sahədə
istedadlarını, yazı qabiliyyətlərini üzə çıxarmağa hesablanıb. Ancaq bizdə
indiyə qədər məktəb yaşlı uşaqlar üçün ədəbiyyatın yaşa görə kateqoriyaya
bölünməsi aparılmayıb. Uşaqlar əllərinə keçən kitabları oxuyurlar.
"Müzakirə”miz zamanı filoloqlar, ədəbiyyat adamları da bu fikri təsdiqlədilər.
”Mənəvi
dəyərlər üzərində dünyəvi dəyərlər
Filologiya
elmləri doktoru, professor Buludxan Xəlilov yaş kateqoriyalarına görə bədii ədəbiyyatın
təsnifatlanmasının tərəfdarıdır. Professor deyir ki, uşaqların bilik dairəsi
konkret bədii ədəbiyyatlarla müəyyənləşməlidir. Yəni məktəblilər hansı
ədəbiyyatı oxuya bilərlər, hansını yox: "Bizdə hələ bu təcrübə yoxdur. Sovetlər
dönəmində məktəblinin oxuyacağı kitabların sərhədləri müəyyənləşirdi. Hətta,
lap ucqar kənd kitabxanalarında məktəblilərin
hansı kitabları oxuyacağı müəyyənləşmişdi. Mənə elə gəlir ki, bu istiqamətdə güclü işlər
görülməlidir. Tutaq ki, ibtidai sinif uşaqları hansı kitabı oxumalıdır, yuxarı
sinif şagirdləri – 5-9, 10-11-ci siniflər hansı kitabları oxumalıdırlarsa, o
siyahı müəyyənləşməlidir. Kitabların adları, müəlliflər dəqiqləşməlidir. Mənə
elə gəlir ki, bunun üçün Təhsil Nazirliyində, ayrı-ayrı rayonlardakı təhsil
şöbələrində, eyni zamanda məktəblərin özündə hansı kitabların oxunması ilə
bağlı ciddi təsnifatlar aparılmalıdır Təhsil Nazirliyi Bakı şəhərinə, onun
rayonlarına, eləcə də regionlardakı təhsil
şöbələrinə müraciət etməli, onların təkliflərini almalıdır. O təkliflər Təhsil
Nazirliyinin müvafiq şöbələrində qruplaşmalıdır. Qruplaşandan sonra təsnifat aparılmalıdır.
Bu, vacib məsələdir. Ona görə ki, informasiya əsrində yaşayırıq.
İstəyib-istəməməyimizdən asılı olmayaraq, internet resursları həyatımıza açıq
şəkildə daxil olub. Uşaqlar çaş-baş qalıblar: nəyi oxusunlar, nəyi yox. Belə
olan təqdirdə, bu məsələyə ciddi nəzarət olmalıdır”.
Professor bildirdi ki, əvvəlki
dövrlərdə buna nəzarət var idi. Belə ki, "Məktəblinin seriyası” adı altında
əsərlər çap olunurdu: " Əgər Rusiyada bu
mənada təcrübə varsa, milli regional xüsusiyyətlərimizi, adət-ənənələrimizi,
milli ədəbiyyatımızın ənənəsini nəzərə almaqla, həmin təcrübədən istifadə edib,
bu işləri düzüb-qoşmalıyıq”.
B.Xəlilov hesab edir ki, uşaqlarımıza
dəyərlərimizi aşılayan kitabları öyrətməliyik: "Bir dəfə bir türk jurnalist Nobel
mükafatçısı olan yəhudi yazıçıya belə bir sual verir: "Necə olur ki, yəhudilər
bütün ixtisaslar üzrə görkəmli alim olurlar? Niyə Nobel mükafatçılarının
əksəriyyəti yəhudi olur? Yazıçının cavabı belə olur: Biz uşaqlarımıza
uşaqlıqdan ən dəyərli kitabları oxumağı öyrədirik. Bu kitablar birbaşa yəhudi
xalqının dəyərlərini uşaqlara aşılayır. Onların içərisində milli-mənəvi və
ədəbi dəyərlərimiz gedir”. Mən də istərdim ki, uşaqlarımızın yaş səviyyəsinə
uyğun nağıllarımızı, dastanlarımızı, onların motivləri əsasında yazılan
əsərləri, onların yaş səviyyəsində olan və dini-dəyərlərimizi aşılayan əsərləri
öyrədək ki, bünövrə ola bilsin. Bu bünövrə olandan sonra uşaqlar mənəvi
dəyərlər üzərində inkişaf edib, dünyəvi dəyərləri öyrənə biləcəklər. Dünyəvi
dəyərlər milli-mənəvi dəyərlərin özülü üzərində qurulacaq”.
Belə
bir tövsiyə pis olmaz
«Altun»
kitab nəşriyyatının direktoru Rafiq İsmayılovun fikrincə,
əgər hər hansı bir kitab qanunvericiliyə uyğun nəşr olunubsa, onun oxunması
tövsiyə olunur: "Nəzərə almaq lazımdır ki, uşaqlar orta məktəbi 16-17 yaşında
bitirirlər və onlar artıq bu yaşda formalaşmış adamlardır. Onlar istənilən
kitabı oxuya bilərlər. Düzdür, kitabın oxunmasında bəzi müəyyən məhdudiyyətlər
var. Naşir Türkiyə Təhsil Nazirliyinin «Yüz təməl əsər» adlı layihə
çərçivəsində nəşr olunan əsərləri nümunə kimi göstərir: «Bu siyahıya Türkiyə və
dünya ədəbiyyatının ən gözəl nümunələri daxildir. Onların müxtəlif yaş qrupları
üzrə necə bölünməsi ilə bağlı nazirliyin tövsiyəsi də var. Fikrimcə, belə bir siyahının bizdə də olması yaxşı
olardı”. Naşirin fikrincə, bu gün həm valideynlər, həm də şagirdlər kitab
seçimində çətinlik çəkirlər. Belə ki, belə bir siyahını tövsiyə etmək pis
olmazdı: "Bizdə belə bir siyahının mövcudluğu haqda məlumatım yoxdur”. Naşir
hesab edir ki, yaş qruplarına görə ədəbi əsərlərin təsnifatlanması vacibdir:
«Bədii ədəbiyyatın az qala 3 yaşından etibarən yaş kateqoriyalarına bölünməsi
lazımdır. Yəni 3-5, 5-7 və s. yaş qrupları üzrə
uşaqların oxuması üçün kitablar təsnifatlandırılmalıdır. Ancaq
psixoloqların, ədəbiyyatçıların iştirakı ilə belə bir siyahının tərtib olunması
ilə rastlaşmamışam. Kitabların formatı, illüstrasiyanın ölçüsü, əsərlərin
biçimi göstərilməlidir”.
R.İsmayılov mağazalarda ucuz, xoşagəlməyən
illüstrasiyalarla nəşr olunan kitabların satıldığını deyir: "Valideyn də bu
dərinlikləri o qədər bilmədiyindən, seçimdə səhv edə bilər. Təhsil Nazirliyi
belə bir tövsiyə hazırlasa, pis olmaz».
Uduzduğumuz
məsələ
Yazıçı Reyhan
Yusifqızı da hesab edir ki, bədii ədəbiyyat yaş
kateqoriyalarına görə bölünməlidir. Belə ki, bədii əsəri uşağa verəndə, əgər
uşaq onu oxuyub başa düşmürsə, bu, onda əks reaksiya verə bilər. Yəni uşaq
kitabdan daha da uzaqlaşa bilər: "Bu baxımdan, məsələyə çox ehtiyatla yanaşmaq
lazımdır. Üstəlik, kitabın dili çətin olsa, uşaq oxuyub anlamasa, bundan sonra
kitab oxumayacaq. Xüsusən ilk oxuduğu kitabların uşaq üçün böyük əhəmiyyəti
var. Çünki o, bədii ədəbiyyatla bağlı ilk təəssüratı oxuduğu həmin kitablardan
alır».
Yazıçı hesab edir ki, uşaqların oxuması üçün nağılların böyük əhəmiyyəti
var: «Nağıllar həmişə maraqla qarşılanır. Hamı nağılı sevir. Təbii ki, uşaq
klassik ədəbiyyatı bilməli, klassikləri
tanımalıdır. Ancaq mən müasir ədəbiyyatın daha çox oxunmasını görmək istərdim. Müasir
kitablar uşaqlara daha yaxındır. Çünki uşağı bir növ yaşadığı cəmiyyətə
hazırlamaq lazımdır. Bunun üçün uşaq yaşadığı cəmiyyət haqqında çox məlumata
malik olmalıdır”.
Son illər elmi fantastika janrının populyar
olduğunu deyən yazıçının sözlərinə görə, Avropada da, bizim uşaqlar arasında da
bu janr çox populyarlaşıb. R.Yisifqızı bu mövzuda «Yaşıl gözlü qız», «Zamanın əsirləri» və «Uzaq
planetin sirri» adlı elmi-fantastik trilogiya yazıb: "Bu əsərlər çox böyük
maraqla qarşılanır. Bundan əlavə, bizdə elmi-kütləvi kitablar yox
səviyyəsindədir. Mən bunu görəndən sonra elmi janrda «Kompüterin qəribə
tarixi», «Riyaziyyat əyləncəli ola bilərmiş» və s. adlı bir neçə kitab yazdım.
Belə deyim, bizim gələcəyimizi qura biləcək uşaqlar bu kitabları oxuyurlar.
Bunlar ağıllı uşaqların kitablarıdır». Uşaq ədəbiyyatında Andersen mükafatının
Nobel mükafatına bərabər olduğunu deyən yazıçı bildirir ki, bu mükafata layiq
görülən kitabları bütün dünyanın uşaqları oxuyurlar: "İstərdim ki, bizim
uşaqlar da bu kitabları oxusunlar. Görsünlər ki, dünyada nəyi yaxşı, maraqla
qarşılayırlar. Amma təəssüf ki, bu kitablar Azərbaycan dilinə tərcümə
olunmayıb. Mənə elə gəlir ki, bu tərcümə ilə məşğul olmaq lazımdır. Fikrimcə, dünyada
ən çox oxunan kitabların siyahısını çıxarıb tərcümə edərək, uşaqlarımıza vermək
lazımdır. Dünyaya inteqrasiya olunmaq lazımdır. Biz elə bir dövrdə yaşayırıq
ki, dövlət kimi tək deyilik. Ətrafımızda yaxşılar, pislər, qonşularımız,
xeyirxahlarımız, bədxahlarımız var. Ona görə, uşaqlar da bilməlidirlər ki,
hansı zəmanədə yaşayırlar, planeti nələr gözləyir. Onların bu kimi məsələlərdən
xəbəri olmalıdır. Uşaqlarımızın müasir ədəbiyyatı oxumasının tərəfdarıyam ki,
onların intellekti yüksək olsun. Onlar dünyadan baş çıxarmalıdırlar. Biz onlara,
bizsiz yaşamağı öyrətməliyik. Ancaq bu məsələdə bir qədər uduzuruq».
Həssas məsələ
Yazar
Səxavət Sahil hesab edir ki, məktəblilər üçün kitablar
hər yaş kateqoriyası üzrə olmalıdır. Belə ki, bu cür kitablar adətən kollektiv
redaksiya tərəfindən hazırlanır və üzərində konkret yaş göstərilir ki, uşaqlar
və valideynlər kitab seçərkən tərəddüd içində olmasınlar: "Çünki hər yaşın
özünün oxu vərdişi və mövzusu olmalıdır. Məsələn, əvvəllər belə kitabların
təsnifatı üçün, nəşrlərin üstünə "Kiçik yaşlı məktəblilər üçün” sözləri
yazılırdı. Yəni bu iş həssas məsələ olduğundan, dəqiqlik tələb edir. Digər
tərəfdən də, mövzular elə seçilməlidir ki, uşaqların psixologiyasına mənfi
təsir eləməsin, onların inkişafına təkan versin”.
S.Sahil şagirdlərə tövsiyə olunan mövzular
içərisində vətənpərvərlik mövzularının üstünlük təşkil etməsini təbii hesab
edir: "Lakin bunun özünün də hansı janrda, hansı formada təqdim olunmasından
çox şey asılıdır. Hesab edirəm ki, burda dastanlara, dünya xalqlarının, xüsusən
də türk xalqlarının dastanlarına, mifologiyalarına, nağıllarına üstünlük
verilməlidir. Məktəbin sonuncu sinfində oxuyan şagirdlər üçün isə macəra
romanları, sərgüzəşt tipli əsərlər, həmçinin düşüncənin inkişafı və
informasiyası bol olan kitablar tövsiyə edilməli və ayrıca nəşr edilməlidir”.
Yazarın fikrincə, uşaqların bədii ədəbiyyat oxuması yaxşı hal olsa da, onların
hər bir kitaba meyl etməsi düzgün deyil. Xüsusən də ağır yüklü, beyin yoran,
psixoloji əsərləri oxumaları yolverilməzdir: "Bu cür əsərlər onların psixoloji
durumuna və əqli inkişafına mənfi təsir göstərə bilər. Ona görə də, həm
müəllimlər, həm də valideynlər uşaqların oxuduğu kitablara nəzarət etməli,
onları düzgün yönləndirməlidirlər”.