• şənbə, 11 May, 06:43
  • Baku Bakı 12°C

Bədii düşüncənin mifoloji qataları

10.12.18 13:30 1290
Bədii düşüncənin mifoloji qataları
Folklorun bədii yaradı­cı­lı­ğa güclü təsiri sənətin forma və məzmununda tamamlanmaqla ümumi sənət­karlıq məsələsinə çevrilmişdir. Yazılı ədəbiyyat üçün başlıca bədii qaynaq, mən­bə rolunu oynayan folklor sənətkarların yaradıcılığında əsaslı yer tut­muşdur. Millətini sevən, yaradıcılığı 40 ildən artıq dövrü əhatə edən Əlabbas adət-ənənələrimizi əsərlərində canlandırır, olduğu kimi oxuculara təqdim edir.
Əlabbas müasir Azərbaycan ədəbiyyatı tarixinə iri həcmli əsərlərin – romanların müəllifi kimi daxil olmuşdur. Onun "Qiyamçı”, "Qaraqovaq çölləri” və s. əsərləri milli nəsrimizin zəngin nümunələrindən olmaqla, sosial və siyasi həyatın gerçəkliklərinə bağlıdır. Xalq bə­dii təfəkkür və düşüncəsi ədibin romanlarının əsasını təşkil edir.Yazıçının ro­man­­larında xalq sənətinə istinad müvafiq yazıçı-folklor münasi­bətləri­nin mahiyyətinə bağlıdır.
Yazıçının romanlarında folklor janrlarından istifadə, başlıca olaraq, müəllif fikrinin xalq dili-sözü ilə qüvvətləndirilməsindən, həm də konkret bədii-poetik obraz yaratmaq düşüncəsindən qaynaqlanır. Əlabbasın konkret etnos, tayfa, zamanla səsləşən romanlarına baxsaq, xalq mərasimlərinin yazılı ədəbiyyatdakı fikir, qayə, eləcə də bədii-poetik funksionallığını daha təfsilatı ilə görmək müm­kündür.
Yazıçının "Qiyamçı” romanı qəlbində yurd sevğisi yaşadanların barışmaz və üsyankar hə­yat yo­lun­­dan bəhs edir. Əsərin qəhrəmanı Təbriz dədə-baba ocağının çırağını sönməyə qoy­mur. Romanda qəhrəmanların mühitinin təsviri, tanıdılması istiqamətində verdiyi etnoqrafik məlumatlar onun əsərlərindəki tarixlik və coğrafiliyin elmi şəkildə qo­run­masına bağlıdır. Bu əsərdə yazıçıNaxçıvanın ümumi arxitekturasının görüntüsünü yaradır. Naxçıvanın məişəti, etnoqrafiyası, mentaliteti "Qiyamçı” romanında başlıca müşahidə obyekti kimi seçilir.
Yazıçının əsərləri içəri­sin­də­ "Qi­­yamçı” romanı folklorun ayrı-ayrı janrlarından geniş istifadə olunması baxımından xüsusi yer tu­­­­tur. Müxtəlif böl­gə­­lərə görə fərqlənən, xalq məişətində geniş yayılan toy və yas adətlərinə də ro­manda rast gə­li­nir. Hadisələrin geniş təfsilatı ilə verilməsi yazıçıya bu mərasimin bütün incəlikləri ilə təsvirinə şərait yaratmışdır.
Sözün sehri, onun magik gücünə inam əsərdə həm də övliya məkanı, mü­qəd­dəs kultlarla əlaqələnir. Övliya, ocaqlarla bağlı inanclar Əlabbasın romanlarında bə­zən bütöv təfsilatda məlumata çevrilməklə geniş tematik zənginliklə müşahidə olu­nur. Bu baxımdan yazıçının "Qiyamçı” romanında belə təqdimat var: "Kəndin ən məş­hur ağıçısı Umleyla arvadın körpəlikdən qızılcadan dili tutulmuş, ər yaşı çoxdan keçən qızını həmişəki kimi yenə at belinə mindirmişdilər. Əksər yaşlı qadınlar kimi çoxdanın mövhumatçısı idi. Getdiyi pirin qızına dil verəcəyinə, görünür, hələ də ümidini itirməmişdi. Yəhərdə sakitcə oturmuş ay parçası kimi qız elə məlul-məlul baxırdı ki, deyər­­din, indicə gözündən yaş gələcək. Qəhərdən boğulan Umleyla şalı­nın ucunu gözünə basıb bir bayatı çəkdi:

Bu yolun karvanı yox,
Dəvənin sarvanı yox.
Yaram ölüm yarası
Həkimi, dərmanı yox...

Məlumdur ki, insanların zamanla inam gətirib, möcüzələrinə inandıqları övliyaların yaşadıqları məkan müqəddəs sayılmış, xalq inamında ocağa çevrilmişdir. Övliyanın ruhuna səslənmə, onun vasitəsilə Allaha üz tutma və sairə bu inamların mərkəzində dayanmaqla bir sıra ayin və qaydalarla müəyyənləşir. Əlabbasın "Qiyamçı” romanında da oxşar rituallarla qarşılaşırıq. Romanda yazıçı özünün inanıb, bağlandığı gizli həqi­qət­ləri məqsədli şəkildə folklor örnəyi kimi əsərinə gətirmişdir. Yazıçı adi məişət şəraitində bu "faciəni” açmağa çalışmır, bunu daha təbii formada, yəni xalqın öz içindən gələn, onun yaratdığı inama uyğun formalaşdırır.
Romanın mövzu, ideya, ayrıca poetik məzmununa çevrilən bayatılar bu əsərdə və­tən­pər­vər­lik və insan psixologizminin bədii ifadə üsulu kimi yer alır. Əlabbasın roman­la­rın­da sərbəst təhkiyəyə bağlı lirik nəqlin üstünlüyü də bu baxımdan seçilir.
Xalq həyatı, məişətinin geniş epik təsvirinin verildiyi romanlarda yazıçı adətən cəmiyyətdəki ən xırda təfərrüatlardan başlayaraq, bütöv mental, genetik keyfiyyət, özünəməxsusluqları ifadə etmək imkanını qazanır. Xalqımızın ən qədim bayramlarından olan Novruz yazın gəlməsini, təbiətin oyanışını, dirilməsini ifadə etməklə xalq ədəbiyyatında bir sıra rəvayət, əfsanə və mifoloji obrazlarla şərtlənir. "Qiyamçı” romanında Novruz bay­ra­­mının təsvirini verən yazıçı, etnosun ən qə­dim törən, görüşlərindən çıxış edərək həm də burada mərasimlərlə bağlı dəyərlərimizin qayğısına qalır.
Azərbaycan ədəbiyyatında vaxtilə İblis, Şeytan və s. kimi mifoloji obrazları sənətə gətirən romantizmin nü­ma­yən­­dələri bu surətlər vasitəsilə ən mühüm, qlobal, ümumbəşəri problemlərdən çı­xış etmiş, öz düşüncə və fikirlərini eyni adlı obrazlar üzərində ümumiləşdirmişdilər. Realist nəsrdə bəlli mifik sistemdə əfsanəliyini qoru­yub saxlayan belə obrazlardan biri də Şeytandır. Əlabbasın "Qiyamçı” romanında bu obraz aşağıdakı kimi təqdim olunur:
"Deyir, bir yol şeytan balasını da yanına alıb harasa gedirmiş. Baxırlar ki, yolda iki nəfər tutaşıb. Biri o birinə ağzına gələni döşəyir, o biri də elə ha əstəğfürullah deyib, şeytanı lənətləyir ki, bəlkə birtəhər canını qurtara. Bala anadan soruşur ki, bu necə işdi, sən burda ola-ola, orda da sənnən əlləşirlər. Şeytan cavabında qayıdır ki, sən baxma, özüm burda olsam da, barmağım ordadı...”
Realist nəsrə gəldikdə isə bu tip əsərlərdə mifoloji varlıqlar qəhrə­manın möv­qe­yindən deyil, daha çox xalq inam və düşüncəsinin bəlli elementi kimi seçilir. Şər ruhlu qüvvələrə qarşı mübarizə üsulları bugünkü xalq məişətində qorun­maq­da­dır.
Xalq məişətində daha çox təsadüf olunan qədim inanc sistemlərindən biri də sözün magik gücündə özünüqorumağa yönələn instinktlərdir. Əlabbas bədii yaradıcılığında folklorumuzun ən qədim janrlarından olan ovsunlar da bu baxımdan ayrıca yer tutur. Ən qədim dövrlərdən başlayaraq təsərrüfatını, sağlamlığını və sairəni qorumağa çalışan insanlar sözün magik gücünə əsaslanan ilk ovsunları yaratmışdılar.
Qeyd edək ki, ovsunların milli məişətimizdə ən geniş yayılmış formalarından bi­ri sağlamlığın qorunması istiqamətində yaranan "gözdəymə” ilə bağlı ovsun­lar­dır. Obrazın xarakterik cizgiləri, inam, düşüncə mövqeyindən gözdəymədən qorunması Əlabbasın bədii yaradı­cı­lığın­da folklorizm elementi baxımından ayrıca yer tutur. Yazıçının "Qi­yam­çı” romanında xalq inancının dolğunluğu belə təqdim olunur:
"Bu nə olan şeydi? – onlar pilləkənin başına çatanda qız ayaq altına vurulmuş dai­rə­vi, enli dəmiri görüb soruşdu.
Həə, bu? At nalıdı bu. Deyərlər ki, guya, nəzər qaytarır. İnamım var. Nə-zər!-necə yəni nəzər?”.
Romanın başqa bir hissəsindən nümunə göstərək:
"Ata bəyənmə bir ad da qoymuşdular: "bəzəkli gəlin”. Atın gümüş sinəbən­din­dən dua da asıldı; Bəbir nəyə, nəyə inanmasa da, göz-nəzərə inanan idi...”
Nümunələrdən göründüyü kimi, duanın, at nalının qoruyucu, magik xüsusiyyəti burada həmçinin ovsunun mövcud funk­sio­nal tətbiq forması ilə birləşir. Göz­dəy­mənin sınanmış çarələri-üzərlik, dağdağan, ayrı-ayrı əşyalar - at nalı, dua, buta şək­li və s. bu kontekstdə daha çox işləklik qazanmışdır.
Yazılı ədəbiyyatın şifahi sənətdən qaynaqlandığı mühüm mənbələrdən biri də folk­lor di­li­mizdən istifadəyə bağlıdır. Xalqın inam, düşüncə, təfəkküründə zaman-zaman cilalanaraq bu günümüzə qədər gəlib çatan müxtəlif deyimlər – alqış, dua, qarğış, atalar sözləri, məsəllər və s. klas­sik dövrdən başlayaraq müasir ədəbiy­yatı­mı­zın da başlıca dil elementinə çevrilmişdir. Bu sözlər öz yığcam, lakonik tərzi, obrazlılığı ilə yazıçılara qəhrəmanların təqdimində, portret yaratmada, tipik­ləş­dir­mə­də başlıca yardımçı vasitəyə çevrilmişdir. Xalq həyatının dolğun, real təsvirində bu məişətə bağlı yaradıcı sənətkar, uyğun dil faktı – folklor dilinə istinad edir. Bu baxımdan Əlabbas romanlarının dilində eyni mövqedən çıxış etmiş­dir­­.
Romanda xalq deyimləri, ifadələrdən istifadə, ikinci bir tərəfdən obrazların və­­ziyyəti, mövcud situasiyaların bədii dillə çatdırılması mexanizmindən qaynaqlanır. Bu qrup deyimlərdə obrazlar öz­lə­­ri-özlərinin çətinlikləri; düşdükləri vəziyyət, istək-ləri və s. haqqında oxucu üçün ümumi təsəv­vür yaradırlar: "Ayıq kişinin başını bü­tün zamanlarda tez yeyiblər”, "Çöl adamı gərək işini havayla tarazlaya”, "Malı itənin imanı da itər”, "Axı kotan nə bilir, qayış nə çəkir”, "Ölü sahibi kiridi, yasa gedən yox”, "Deyir, pişiyin könlü samanlıqda idi, itdə qovub saldı ora”, "Guya necə deyərlər, düzəlmişdir hər yarağı, qalmışdı bircə saqqal darağı”, "Qaş düzəltdiyi yerdə vurub gözü də mayif eləyər”, "Heyvan elə heyvan yanında olsa, yaxşıdı”, "Ovçusu cavan ölən dağların maralı qoca olar” və s.
Səciyyəvi xüsusiyyətləri, uyğun formulları ilə fərqləndirilən alqış, dua və qar­ğış­lar xalq dil etiketi kimi romanlarda qəhrəmanları fərqləndirməklə, onların bu eti­ketlə düşüncə, etiqad və emosionallıqlarını canlandırır. Əlabbasın romanlarında obrazların alqışla bağlı nitq etiketlərində "Allaha” – onun əzəli, əbədi varlığı, insan taleyi, həyatının yönəltməsi mifoloji gücü qorunub saxlanılır: "Allah da sizi istəsin!”, "Azarrı düşmənin olsun”, "Allah ağzından eşit­sin, ay oğul, görüm səni göy kimi dirəksiz olasan”, "Ya mərdlərin mövlası, sən özün kömək ol!”, "Allah xeyir versin. Azın qədrini bilməyən çoxunkunu da bilməz” və s.
Alqışlardan fərqli olaraq, qarğışlar daha orijinal məzmun, formullara bağlıdır. Danışıq dilində tez-tez rast gəlinən bu ifadələrə Əlabbasın "Qiyamçı” romanında xalq dil elementi kimi daha çox rast gəlinir: "Yalansa göy imam sənə qənim olsun”, "Yalansa səni on iki qadaya gələsən”, "Allah mənə min təsbeh lənət eləsin”, "Kül sənin arvad başına, - dedi, - kül!”, "Lənə­tə gələsən səni! Gələsən lənətə”. Nümunələrdə qeyd olunan "qənim olsun”, "qadaya gələsən”, "lənət eləsin”, "başına kül”, "lənətə gələsən” kimi sim­vo­lik mənalandırmalar bilavasitə qarğışların mətn­daxili funksional formaları - dil eti­ke­tindən, konkret bədii işarələnmə ilə dəyişən şəkli əla­mə­ti­nin nəticəsidir.
Əlabbasın yaradıcılığında atalar sözlərinin xüsusi çəkisi vardır. Bəzilərini xatırlamaq yerinə düşər: "Keçəl halva yeyər puluna minnət”, "İnadcıl dayçadan yaxşı at olar ”, "İşə getməyən oğuldansa, vələ gedən öküz yaxşıdır”, "Tələsən təndirə düşər”, "Aclıq bir il çəkər, töhmət min il”, "Ölmək ölməkdi, bəs xırıl­da­maq nə deməkdir?”, "Hənək-hənək, axırı dəyənək”, "İnsan çiy süd əmib”, "Atı arpa aparar, igidi həya”, "Fil qulağında yatıb”, "Arşın burda, bez burda”, "Ara qarışıb, məzhəb itib”, "Ağ ayran kol dibində, qara kişmiş bəy cibində”, "İpinin üstünə odun yığılası deyil”, "Dovşanı arabayla tutur”, "Elə bil yağdan tük çəkirdi”, "Düzəlmişdi hər yarağı. Qalmışdı bircə saqqal darağı”. Bu tipli atalar sözləri vasitəsilə yazıçı ikiüzlü, nankor, yalançı insanların portre­ti­ni tamamlayır.
Nəzərdən keçirilən bütün nümunələr də göstərir ki, bu folklor elementləri, ba­ya­tı, atalar sözləri, məsəllər, inanc motivlərindən yazıçı müəyyən qayə, fikrin ta­mam­lanması, obrazların təqdimi, süjetdaxili detalların açılması və s. yaradıcı şəkildə istifa­­­də etmişdir. Şifahi xalq ədəbiy­yatının janrları və nümunələrinə müraciət yazı­çı­nın əsərlərinə canlı dil, romantik əhvalı-ru­hiy­­yə, güclü xarakterlər gətirməklə onun bədii kamilliyini daha da zənginləşdirmişdir.
Gülsümxanım Hasilova
banner

Oxşar Xəbərlər