Folklorun bədii yaradıcılığa güclü təsiri sənətin forma və məzmununda
tamamlanmaqla ümumi sənətkarlıq məsələsinə çevrilmişdir. Yazılı ədəbiyyat üçün başlıca bədii qaynaq, mənbə
rolunu oynayan folklor sənətkarların yaradıcılığında əsaslı yer tutmuşdur.
Millətini sevən, yaradıcılığı 40 ildən artıq dövrü əhatə edən Əlabbas adət-ənənələrimizi
əsərlərində canlandırır, olduğu kimi oxuculara təqdim edir.
Əlabbas müasir Azərbaycan ədəbiyyatı tarixinə iri həcmli əsərlərin – romanların müəllifi
kimi daxil olmuşdur. Onun "Qiyamçı”,
"Qaraqovaq çölləri” və s. əsərləri milli nəsrimizin zəngin nümunələrindən
olmaqla, sosial və siyasi həyatın gerçəkliklərinə bağlıdır. Xalq bədii təfəkkür və düşüncəsi ədibin
romanlarının əsasını təşkil edir.Yazıçının romanlarında xalq sənətinə
istinad müvafiq yazıçı-folklor münasibətlərinin
mahiyyətinə bağlıdır.
Yazıçının romanlarında folklor janrlarından istifadə,
başlıca olaraq, müəllif fikrinin
xalq dili-sözü ilə qüvvətləndirilməsindən, həm də konkret bədii-poetik
obraz yaratmaq düşüncəsindən qaynaqlanır. Əlabbasın konkret etnos, tayfa, zamanla səsləşən
romanlarına baxsaq, xalq mərasimlərinin yazılı ədəbiyyatdakı fikir, qayə, eləcə də bədii-poetik
funksionallığını daha təfsilatı ilə görmək mümkündür.
Yazıçının "Qiyamçı” romanı
qəlbində yurd sevğisi yaşadanların barışmaz və üsyankar həyat yolundan
bəhs edir. Əsərin qəhrəmanı Təbriz dədə-baba ocağının çırağını sönməyə qoymur.
Romanda qəhrəmanların mühitinin təsviri,
tanıdılması istiqamətində verdiyi etnoqrafik məlumatlar onun əsərlərindəki
tarixlik və coğrafiliyin elmi şəkildə qorunmasına bağlıdır. Bu əsərdə
yazıçıNaxçıvanın ümumi
arxitekturasının görüntüsünü
yaradır. Naxçıvanın məişəti,
etnoqrafiyası, mentaliteti "Qiyamçı” romanında başlıca müşahidə obyekti kimi
seçilir.
Yazıçının əsərləri
içərisində "Qiyamçı” romanı folklorun ayrı-ayrı janrlarından geniş istifadə
olunması baxımından xüsusi yer tutur. Müxtəlif bölgələrə görə fərqlənən,
xalq məişətində geniş yayılan toy və yas adətlərinə də romanda rast gəlinir.
Hadisələrin geniş təfsilatı ilə verilməsi yazıçıya bu mərasimin bütün incəlikləri
ilə təsvirinə şərait yaratmışdır.
Sözün sehri, onun magik gücünə inam əsərdə
həm də övliya məkanı, müqəddəs kultlarla əlaqələnir. Övliya, ocaqlarla bağlı
inanclar Əlabbasın romanlarında bəzən bütöv təfsilatda məlumata çevrilməklə
geniş tematik zənginliklə müşahidə olunur. Bu baxımdan yazıçının "Qiyamçı”
romanında belə təqdimat var: "Kəndin ən məşhur ağıçısı Umleyla arvadın körpəlikdən
qızılcadan dili tutulmuş, ər yaşı çoxdan
keçən qızını həmişəki kimi yenə at belinə mindirmişdilər. Əksər yaşlı qadınlar
kimi çoxdanın mövhumatçısı idi. Getdiyi pirin qızına dil verəcəyinə, görünür, hələ
də ümidini itirməmişdi. Yəhərdə sakitcə
oturmuş ay parçası kimi qız elə məlul-məlul baxırdı ki, deyərdin, indicə
gözündən yaş gələcək. Qəhərdən boğulan Umleyla şalının ucunu gözünə basıb bir
bayatı çəkdi:
Bu yolun karvanı yox,
Dəvənin sarvanı yox.
Yaram ölüm yarası
Həkimi, dərmanı yox...
Məlumdur ki, insanların zamanla inam gətirib,
möcüzələrinə inandıqları övliyaların
yaşadıqları məkan müqəddəs sayılmış, xalq inamında ocağa çevrilmişdir.
Övliyanın ruhuna səslənmə, onun vasitəsilə Allaha üz tutma və sairə bu
inamların mərkəzində dayanmaqla bir sıra ayin və qaydalarla müəyyənləşir.
Əlabbasın "Qiyamçı” romanında da oxşar rituallarla qarşılaşırıq. Romanda yazıçı
özünün inanıb, bağlandığı gizli həqiqətləri məqsədli şəkildə folklor örnəyi
kimi əsərinə gətirmişdir. Yazıçı adi məişət şəraitində bu "faciəni” açmağa
çalışmır, bunu daha təbii formada, yəni xalqın öz içindən gələn, onun yaratdığı
inama uyğun formalaşdırır.
Romanın mövzu, ideya, ayrıca poetik məzmununa
çevrilən bayatılar bu əsərdə vətənpərvərlik
və insan psixologizminin bədii ifadə üsulu kimi yer alır. Əlabbasın romanlarında sərbəst
təhkiyəyə bağlı lirik nəqlin üstünlüyü də bu baxımdan seçilir.
Xalq həyatı, məişətinin geniş
epik təsvirinin verildiyi romanlarda yazıçı adətən cəmiyyətdəki ən xırda təfərrüatlardan
başlayaraq, bütöv mental, genetik keyfiyyət, özünəməxsusluqları ifadə etmək
imkanını qazanır. Xalqımızın ən qədim bayramlarından olan Novruz yazın gəlməsini,
təbiətin oyanışını, dirilməsini ifadə etməklə xalq ədəbiyyatında bir sıra rəvayət,
əfsanə və mifoloji obrazlarla şərtlənir. "Qiyamçı” romanında
Novruz bayramının təsvirini verən yazıçı, etnosun ən qədim törən,
görüşlərindən çıxış edərək həm də burada mərasimlərlə bağlı dəyərlərimizin qayğısına qalır.
Azərbaycan ədəbiyyatında
vaxtilə İblis, Şeytan və s. kimi mifoloji obrazları sənətə gətirən romantizmin
nümayəndələri bu surətlər vasitəsilə ən mühüm, qlobal, ümumbəşəri problemlərdən
çıxış etmiş, öz düşüncə və fikirlərini eyni adlı obrazlar üzərində ümumiləşdirmişdilər. Realist
nəsrdə bəlli mifik sistemdə əfsanəliyini qoruyub saxlayan belə
obrazlardan biri də Şeytandır. Əlabbasın "Qiyamçı” romanında bu obraz aşağıdakı kimi təqdim olunur:
"Deyir, bir yol
şeytan balasını da yanına alıb harasa gedirmiş. Baxırlar ki, yolda iki nəfər
tutaşıb. Biri o birinə ağzına gələni döşəyir, o biri də elə ha əstəğfürullah
deyib, şeytanı lənətləyir ki, bəlkə birtəhər
canını qurtara. Bala anadan soruşur ki, bu necə işdi, sən burda ola-ola, orda
da sənnən əlləşirlər. Şeytan cavabında qayıdır ki, sən baxma, özüm burda olsam
da, barmağım ordadı...”
Realist nəsrə gəldikdə isə bu tip əsərlərdə mifoloji
varlıqlar qəhrəmanın mövqeyindən deyil, daha çox xalq inam və düşüncəsinin bəlli
elementi kimi seçilir. Şər ruhlu qüvvələrə qarşı mübarizə üsulları bugünkü xalq
məişətində qorunmaqdadır.
Xalq məişətində daha çox təsadüf olunan qədim inanc sistemlərindən
biri də sözün magik gücündə özünüqorumağa yönələn instinktlərdir. Əlabbas bədii
yaradıcılığında folklorumuzun ən qədim
janrlarından olan ovsunlar da bu baxımdan ayrıca yer tutur. Ən qədim dövrlərdən
başlayaraq təsərrüfatını, sağlamlığını və sairəni qorumağa çalışan insanlar
sözün magik gücünə əsaslanan ilk ovsunları
yaratmışdılar.
Qeyd edək ki, ovsunların milli məişətimizdə ən geniş yayılmış
formalarından biri sağlamlığın qorunması istiqamətində yaranan "gözdəymə” ilə
bağlı ovsunlardır. Obrazın xarakterik cizgiləri, inam, düşüncə mövqeyindən
gözdəymədən qorunması Əlabbasın bədii yaradıcılığında folklorizm elementi
baxımından ayrıca yer tutur. Yazıçının
"Qiyamçı” romanında xalq
inancının dolğunluğu belə təqdim olunur:
"Bu nə
olan şeydi? – onlar pilləkənin başına çatanda qız ayaq altına vurulmuş dairəvi,
enli dəmiri görüb soruşdu.
Həə,
bu? At nalıdı bu. Deyərlər ki, guya, nəzər qaytarır. İnamım var. Nə-zər!-necə yəni
nəzər?”.
Romanın başqa bir hissəsindən nümunə göstərək:
"Ata bəyənmə bir ad da
qoymuşdular: "bəzəkli gəlin”. Atın gümüş sinəbəndindən dua da asıldı; Bəbir nəyə,
nəyə inanmasa da, göz-nəzərə inanan idi...”
Nümunələrdən
göründüyü kimi, duanın, at nalının qoruyucu, magik xüsusiyyəti burada həmçinin
ovsunun mövcud funksional tətbiq forması ilə birləşir. Gözdəymənin sınanmış çarələri-üzərlik, dağdağan,
ayrı-ayrı əşyalar - at nalı, dua, buta şəkli və s. bu kontekstdə daha çox işləklik
qazanmışdır.
Yazılı ədəbiyyatın şifahi sənətdən
qaynaqlandığı mühüm mənbələrdən biri də folklor dilimizdən istifadəyə
bağlıdır. Xalqın inam, düşüncə, təfəkküründə zaman-zaman cilalanaraq bu günümüzə
qədər gəlib çatan müxtəlif deyimlər – alqış, dua, qarğış, atalar sözləri, məsəllər
və s. klassik dövrdən başlayaraq müasir ədəbiyyatımızın da başlıca dil
elementinə çevrilmişdir. Bu sözlər öz yığcam, lakonik tərzi, obrazlılığı ilə
yazıçılara qəhrəmanların təqdimində, portret yaratmada, tipikləşdirmədə
başlıca yardımçı vasitəyə çevrilmişdir. Xalq həyatının dolğun, real təsvirində
bu məişətə bağlı yaradıcı sənətkar, uyğun dil faktı – folklor dilinə istinad
edir. Bu baxımdan Əlabbas romanlarının
dilində eyni mövqedən çıxış etmişdir.
Romanda xalq
deyimləri, ifadələrdən istifadə, ikinci bir tərəfdən obrazların vəziyyəti,
mövcud situasiyaların bədii dillə çatdırılması mexanizmindən qaynaqlanır. Bu qrup deyimlərdə obrazlar özləri-özlərinin
çətinlikləri; düşdükləri vəziyyət, istək-ləri və s. haqqında oxucu üçün ümumi təsəvvür
yaradırlar: "Ayıq kişinin başını bütün zamanlarda tez yeyiblər”, "Çöl adamı gərək
işini havayla tarazlaya”, "Malı itənin imanı da itər”, "Axı kotan nə bilir,
qayış nə çəkir”, "Ölü sahibi kiridi, yasa gedən yox”, "Deyir, pişiyin könlü
samanlıqda idi, itdə qovub saldı ora”, "Guya necə deyərlər, düzəlmişdir hər
yarağı, qalmışdı bircə saqqal darağı”, "Qaş düzəltdiyi yerdə vurub gözü də
mayif eləyər”, "Heyvan elə heyvan yanında olsa, yaxşıdı”, "Ovçusu cavan ölən
dağların maralı qoca olar” və s.
Səciyyəvi xüsusiyyətləri, uyğun formulları ilə fərqləndirilən
alqış, dua və qarğışlar xalq dil etiketi kimi romanlarda qəhrəmanları fərqləndirməklə,
onların bu etiketlə düşüncə, etiqad və emosionallıqlarını canlandırır.
Əlabbasın romanlarında obrazların alqışla bağlı nitq etiketlərində "Allaha” –
onun əzəli, əbədi varlığı, insan taleyi, həyatının yönəltməsi mifoloji gücü
qorunub saxlanılır: "Allah da sizi istəsin!”, "Azarrı düşmənin olsun”, "Allah
ağzından eşitsin, ay oğul, görüm səni göy kimi dirəksiz olasan”, "Ya mərdlərin
mövlası, sən özün kömək ol!”, "Allah xeyir versin. Azın qədrini bilməyən
çoxunkunu da bilməz” və s.
Alqışlardan fərqli olaraq, qarğışlar
daha orijinal məzmun, formullara bağlıdır. Danışıq dilində tez-tez rast
gəlinən bu ifadələrə Əlabbasın "Qiyamçı” romanında xalq dil elementi kimi daha
çox rast gəlinir: "Yalansa göy imam sənə qənim olsun”, "Yalansa səni on iki
qadaya gələsən”, "Allah mənə min təsbeh lənət eləsin”, "Kül sənin arvad başına, - dedi, - kül!”, "Lənətə
gələsən səni! Gələsən lənətə”. Nümunələrdə qeyd olunan "qənim olsun”, "qadaya gələsən”,
"lənət eləsin”, "başına kül”, "lənətə gələsən”
kimi simvolik mənalandırmalar bilavasitə qarğışların mətndaxili
funksional formaları - dil etiketindən, konkret bədii işarələnmə ilə dəyişən
şəkli əlamətinin nəticəsidir.
Əlabbasın
yaradıcılığında atalar sözlərinin xüsusi çəkisi vardır. Bəzilərini xatırlamaq
yerinə düşər: "Keçəl
halva yeyər puluna minnət”, "İnadcıl dayçadan yaxşı at olar ”, "İşə getməyən
oğuldansa, vələ gedən öküz yaxşıdır”, "Tələsən təndirə düşər”, "Aclıq bir il çəkər,
töhmət min il”, "Ölmək ölməkdi, bəs xırıldamaq nə deməkdir?”, "Hənək-hənək,
axırı dəyənək”, "İnsan çiy süd əmib”, "Atı arpa aparar, igidi həya”, "Fil
qulağında yatıb”, "Arşın burda, bez burda”, "Ara qarışıb, məzhəb itib”, "Ağ
ayran kol dibində, qara kişmiş bəy cibində”, "İpinin üstünə odun yığılası
deyil”, "Dovşanı arabayla tutur”, "Elə bil yağdan tük çəkirdi”, "Düzəlmişdi hər
yarağı. Qalmışdı bircə saqqal darağı”.
Bu tipli atalar sözləri vasitəsilə yazıçı ikiüzlü, nankor, yalançı insanların
portretini tamamlayır.
Nəzərdən
keçirilən bütün nümunələr də göstərir ki, bu folklor elementləri, bayatı,
atalar sözləri, məsəllər, inanc motivlərindən yazıçı müəyyən qayə, fikrin tamamlanması,
obrazların təqdimi, süjetdaxili detalların açılması və s. yaradıcı şəkildə
istifadə etmişdir. Şifahi xalq ədəbiyyatının janrları və nümunələrinə
müraciət yazıçının əsərlərinə canlı dil, romantik əhvalı-ruhiyyə, güclü
xarakterlər gətirməklə onun bədii kamilliyini daha da zənginləşdirmişdir.