• çərşənbə axşamı, 10 iyun, 09:13
  • Baku Bakı 17°C

Barokko nədir

16.09.15 11:21 5653
Barokko nədir
Dünya mədəniyyəti tarixində Orta əsrlərdən sonra gələn və Yeni dövr adlanan mərhələnin adətən XVII əsrdən başlandığını qeyd edirlər. Ötən dövrün ədəbiyyatşünaslığında dünya mədəniyyəti tarixinin dövrlərə bölünməsi məsələsi ictimai və sosial amillər əsasında həll olunurdu. Belə ki, Qədim dövr quldarlıq quruluşu ilə Orta əsrlər dövrü feodalizmlə, Yeni dövr isə kapitalizm formasiyası ilə əlaqələndirilirdi. Mədəni proses ictimai prosesin törəməsi kimi izah olunurdu.
Bu nöqteyi-nəzərdən Şərqdə, o cümlədən də Azərbaycanda Orta əsrlər dövrü ta ki XVIII əsrin sonuna kimi davam edir və Yeni dövrün XIX əsrdən başlandığı göstərilirdi. Odur ki, Vidadi və Vaqif Orta əsr şairləri kimi təqdim olunurdular. Bu nöqteyi-nəzər indi də qalmaqdadır. Əgər Qərbdə Orta əsrlər dövrü Renessansla sona yetirsə, Azərbaycanda o, Renessansdan sonra da yaşamaqda davam edir. Bununla da böyük bir məntiqsizlik yaranır.
Əslində isə Qərbdə olduğu kimi, Şərqdə də gənclikdən sonra yetkinlik dövrü başlanır, yəni burada da ədəbi-tarixi prosesin əsasında ictimai və sosial amillər deyil, mədəni amillər və bəşəriyyətin öz daxili üzvi inkişaf qanunları durur. Bəşəriyyət də canlı bir orqanizm kimi inkişaf kimi inkişaf edir və müəyyən yaş mərhələlərindən keçir. Ədəbi-mədəni inkişaf da ictimai-sosial inkişaf kimi ümumbəşəri ruhun təkamülünün iki bərabərhüquqlu qollarından biri kimi qiymətləndirilməlidir. Tarix adlanan ağacın budaqlarından biri o birini – ictimai proses mədəni prosesi təyin etmir, sadəcə olaraq onlar bir-birinə qarşılıqlı təsir göstərirlər. Onların hər ikisi bir gövdəyə bağlı olaraq, məhz onun inkişaf qanunları ilə şərtlənirlər. Bu gövdə bəşəriyyətin özüdür və onun inkişaf qanunauyğunluqları bütün proseslərin əsasında durur.
Bu səbəbdən də XVII əsrdə öz yetkinlik dövrünə qədəm qoymuş bəşəriyyət həm kapitalizmin yarandığı Qərbdə, həm də feodalizmin davam etdiyi Şərqdə oxşar mədəniyyətlər yaradır. Bu oxşarlıq hər şeydən əvvəl ədəbiyyatda özünü göstərir.
XVII əsr Avropa xalqları ədəbiyyatında iki əsas cərəyan mövcud idi. Onlardan biri klassisizm, o biri isə barokkodur. Klassisizmin ən bariz nümunələri fransız ədəbiyyatında yaranmışdır, barokkonun isə – italyan və ispan ədəbiyyatında. Bu da təsadüfi deyildir. Klassisizm Qərbin ruhuna daha yaxın olub, əsasən idraka və rasionalizm fəlsəfəsinə əsaslanır. Barokko isə Şərqin ruhuna uyğun olaraq hissə və mənəviyyata söykənir. İspaniya və İtaliya ənənəvi olaraq Şərqlə sıx bağlı olmuş ölkələrdir. Odur ki, XVII əsr barokko ədəbiyyatında və barokko mədəniyyətində Şərqin ruhu aydın duyulur. Bu, haqq verir deyək ki, Şərq ədəbiyyatında və mədəniyyətində barokko poetikası və barokko estetikası olmaya bilməzdi. O ki qaldı barokko terminnin Avropa mənşəli olmasına, bu, sırf formal məsələdir. Renessans, romantizm, realizm və s. terminlər kimi barokkonu da qəbul etmək lazımdır. Əlbəttə, bunun üçün ilk növbədə Şərq və o cümlədən də, Azərbaycan ədəbiyyatında barokkonun mövcudluğu məsələsini elmi dəlillərlə sübuta yetirmək lazımdır.
Barokko məsələsinin təqdim və təhlili mədəniyyətşünaslığımız qarşısında duran vacib məsələlərdən biridir. VII əsr Azərbaycan ədəbiyyatının özünəməxsus əsas xüsusiyyətlərini tədqiq etmədən Renessansda sonrakı ədəbi-tarixi prosesin inkişaf yollarını təyin etmək çətindir. Bu məqalədə qarşıda duran əsas vəzifə barokkonun poetikası haqqında məlumat verməkdən ibarətdir.
Barokko nədir və barokko ədəbiyyatının əsas xüsusiyyətləri nədən ibarətdir? Bu suallara cavab vermədən Azərbaycan ədəbiyyatında barokko dövrünün mövcudluğunu təsdiqləmək çətin olardı.
Barokko XVII əsr Avropa mədəniyyətində, ilk növbədə memarlıqda, eləcə də təsviri sənətdə, ədəbiyyatda, musiqidə, teatr sənətində mövcud olan bədii üslub, dünyaduyumu, ədəbi cərəyan və s. kimi izah olunur. “Barokko” sözü portuqal dilində götürülüb və “kələ-kötür inci” mənasını verir. Bu termin XVII əsr mədəniyyətinin mahiyyətini dəqiq ifadə edir: inci olmağına incidir, lakin formaca kamil deyil. Barokko ədəbiyyatı əsrlərində doğrudan da bir forma hüdudsuzluğu, üslub ifratçılığı, xarakterlər çılğınlığı, hadisələr sonsuzluğu, süjet şaxəliliyi mövcuddur. Barokkonun mahiyyətinə gəlincə, onu nə üslub, nə də cərəyan adlandırmaq düzgün olardı. Öz fəlsəfi estetik məzmununa görə barokko daha dərin və daha əhatəli mədəni hadisədir. Ona görə də barokkonu yeni dünyagörüş, yeni dünyaduyumu adlandıranlar, bizcə, daha düzgün edirlər.
Məsələn, müasir fransız yazıçısı Eduard Qlissan özünün “Barokko sənətinin fəlsəfəsi” məqaləsində yazır ki, “dünyanı fəth etmiş” barokko “özündə müxtəlif fəlsəfi və estetik konsepsiyaları birləşdirmiş və artıq sənət və ya üslub deyil, dünyada mövcudluq üsuluna çevrilmişdir”. Başqa bir tədqiqatçı isə barokkonu “dünyaduyumu”, “əqli vəziyyət” adlandırır və onun əsas xüsusiyyətlərini “forma ustalığına yiyələnməkdə”, “hərəkət təəssüratı yaratmaqda”, “ornamentalizmə alüdəçilikdə” görür. J.B.Vipper Avropa alimlərinə istinadən XVII əsrin “mütləqiyyət və kontürreformasiya əsri” (R.Ştamm), sadəcə olaraq “mütləqiyyət əsri” (B.Xubaç) adlandırıldığını söyləyir və qeyd edir ki, son vaxtlar XVII əsri “barokko dövrü” adlandıranlar da az deyildir. Alimin öz fikrinə gəlincə, o, barokkonu “məzmun diapazonu baxımından “Renessans” və “Maarifçilik” məfhumları ilə müqayisədə daha dar və sırf bədii sferaya pərçimlənmiş məfhum” hesab edir. Alim qeyd edir ki, XVII əsr dünyagörüşündə insan tarix və həyat qarşısında bir qorxu hissi keçirir, sanki tarixin axarı sürətlənmiş və insan bu sürətə tab gətirə bilməyərək daxili iztirablara və sıxıntılara düçar olur. Bununla yanaşı, XVII əsrdə insan “özünün əsl insanlıq təbiətini fəth etmək” üçün cəhdlər göstərir, “özünün sonsuz inkişaf, irəliyə can atmaq və kamilləşmək qabiliyyətini nümayiş etdirir, “ilahi iradənin müti icraçısından öz taleyinin yaradıcısına çevrilir”. Alim barokkonu klassisizmlə yanaşı bədii metod adlandırır və onun inkişafı üçün təkanverici qüvvə kimi “Renessans humanizminin böhranını” hesab edir. Alimin bu fikrini, yəni barokkonun təşəkkülünün Renessansın böhranından başlanması fikrini, məşhur barokko tədqiqatçısı A.A.Smirnov da müdafiə edir. Ümumiyyətlə, tərəfdarları az olmayan bu fikri düzgün hesab etmək olar.
R.M.Samarin yazır ki, İntibah dövrünün “utopik ideallarının dağılması XVII əsr Qərbi Avropada ümumi hal olmuşdu, lakin bu dağılma prosesi müxtəlif formalarda baş verirdi”.
Macar alimi T.Klanisan də İntibahın böhranından danışır və barokkonu bu böhran nəticəsində yaranmış ədəbi hadisə kimi qiymətləndirir. Alimin fikrincə, İntibah dünyagörüşündə iki əsas prinsip ön plana çəkilirdi: “humanizm” və “harmoniya”. Bu “ali prinsiplər çox tez bir zamanda o dövrün kobud gerçəkliyi ilə qarşılaşdı. İntibah nümayəndələrinin gözləri önündə gözəllik, səadət və ədalətin hökm sürdüyü yeni, antropomorfik aləm dayanmışdı, lakin bütün bunlar mövcud reallıqda mümkün deyildi”. Gələcək böhranı şərtləndirən amil də məhz İntibah idealı ilə real gerçəkliyin bir-birinə zidd olması idi. “İntibah insanlarına ilham verən böyük ümidlərin puça çıxması və ilk növbədə də humanizm və harmoniya prinsiplərinin mümkünsüzlüyünün aşkarlanması əslində bu böhranın təzahürlərindən idi”.
Tədqiqatçı Barokkonun mahiyyətini sənətin İntibah humanizmindən görür. Əlbəttə, alimin bu fikrini mübahisəsiz qəbul etmək çətindir. Əslində barokko geriyə qayıdış deyil, əksinə, antropoloji prinsipə əsaslanan yeni bədii-estetik dünyagörüşüdür. İnsan tarixin və bəşəriyyətin müqəddəratının həlli kimi məsuliyyətli bir vəzifənin məhz onun üzərinə düşdüyünü hiss edir, bu məsuliyyət onu sarsıdır. Yenidən Allaha üz çevirmək cəhdi də elə bu sarsıntının nəticəsidir. Allahdan ayrılmaq məcburiyyətində qalmış insanın həyat qarşısındakı təlaşı barokko ədəbiyyatının əsas motivlərindən biridir.
Barroko haqqında yazan alimlərdən biri də İ.N.Qolenişev-Kutuzovdur. Barokko sənətinin əsas xüsusiyyətlərini o, “nəciblikdə, təmtəraqda, ekspressiyada və dinamizmdə” görür. Alim yazır: “XVII əsrdə insan özünün kainatdakı müstəsnalığı və qeyri-adilik hissini itirir və özünü daim hərəkətdə olan təbiətlə vəhdətdə hiss edir”. Burada qeyd etməyi lazım bilirik ki, təbiətə və təbiiliyə meyl də, üslubdakı ornamentalizm və metoforizm də nəticə etibarı ilə insanın psixoloji, əqli, mənəvi və s. özünəqayıdışının təzahürləridir. Normativ dini təfəkkürdən azad olub öz təbii-humanitar mahiyyətinə tapınmaq istəyən insan sanki hisslər və təəssüratlar selinə qərq olur. Nizamsızlıq, hüdudsuzluq kimi görünən hadisələr və hisslər burulğanı da məhz bu özünəqayıdışın ifadəsi kimi başa düşülməlidir. Barokko ədəbiyyatındakı süjet şaxəliliyi, macəraçılıq ruhu onu göstərir ki, hadisələri yaradan və onları idarə edən qüvvə ali və ilahi iradə deyil, adi və insani iradədir. Bu səbəbdən də süjet hadisələrində bir nizamsızlıq, mürəkkəblik və təsadüflük ruhu duyulur.
N.A.Siqal barokkonun əsas xüsusiyyətlərini “təfəkkürün parçalanmasında”, “dinamizmdə, dəyişgənlikdə, metomorfozada”, “şəxsiyyətin ikiləşməsində”, “özünüdərkin subyektivliyində”, “rasional dünyagörüşün böhranında” və s. görür.
D.L.Lixaçov haqlı olaraq qeyd edir ki, XVII əsr ədəbiyyatında “insan şəxsiyyətinin onun cəmiyyətdəki rəsmi vəziyyətindən asılı olmayaraq öz-özlüyündə dəyərliyinin dərk olunması” vacib yer tutur.
Beləliklə, barokko özünəməxsus bədii-estetik dünyaduyumu kimi bəşər mədəniyyəti tarixində özünə əsaslı yer tutur və ümumdünya ədəbi-tarixi prosesin vacib mərhələlərindən birini təşkil edir. Barokkonun əsas xüsusiyyətləri təkcə onun formal cəhətlərində (üslubda, kompozisiyada, dildə və s.) deyil, həm də hər şeydən əvvəl onun məzmununda, dünyagörüşündə və yeni insan fəlsəfəsindədir.
Məmməd Qocayev
banner

Oxşar Xəbərlər