• çərşənbə axşamı, 19 mart, 08:26
  • Baku Bakı 8°C

Bankomatlarda nağd pul problemi

03.07.19 10:30 13769
Bankomatlarda nağd pul problemi
Bankomatlar bu gün bank hesablarında olan pulun nağdlaşdırılması üçün ən rahat üsuldur. Bankda növbə gözləmirsən, sənədləşmə proseduru üçün vaxt sərf etmirsən. Ümumiyyətlə, banka getməyə ehtiyac olmur, şəhərin müxtəlif yerlərindən bankomat vasitəsilə sənə lazım olan pulu hesabından çəkə bilirsən.
Ancaq son vaxtlar burda bir "amma” ilə üzləşməli oluruq. İstədiyin vaxt, istədiyin məbləğdə pulu bankomatdan çəkə biləcəyinə heç kim zəmanət vermir. İstər-istəməz, pul çıxarmağa gedəndə, "bankomatda pul olsa...” deyirsən. Ya da gərək vaxtın olsun ki, bir bankomatda pul olmayanda, başqasına gedəsən. Hələ qeyri-iş günləri dalbadal düşəndə, bir neçə bankomat da bəzən köməyinə gəlməyə bilər.
Heç yoxdan bir az yaxşı variant isə bankomatda yalnız 1 manatlıq əskinasların qalmasıdır. Böyük məbləğdə pul çəkənlər isə adətən pulu daha iri nominallı əskinaslarla almaq istəyirlər.
Maraqlıdır, bu istiqamətdə bankların iş prinsipi necədir? Ümumiyyətlə, bankomatlara gündəlik nə qədər pul yerləşdirilir? Nə qədər vaxtdan bir bankomata pul əlavə edilir? Qeyri-iş günləri olanda, bu yenilənmə necə olur? Bankomatda pul tamamilə bitməlidir ki, yenidən pul gəlsin, yoxsa xırda nominallı qalanda, artıq yenilənir? Bu sualları ölkənin bir neçə aparıcı bankına ünvanladıq.
"Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyeva deyir ki, "Kapital Bank”ın ölkədaxili 700-dən çox bankomatı müştərilərin xidmətindədir. Bankomatlarda vəsaitin mövcudluğu real vaxt rejimində bank əməkdaşları tərəfindən sistem vasitəsilə monitorinq olunur və ehtiyac yarandıqca ATM-lərə vəsait əlavə edilir, bəzilərinə isə hətta gündə bir neçə dəfə xidmət göstərilir: "Qeyri-iş və bayram günləri də, həmçinin bankomatlar nağd vəsaitlərlə vaxtında təmin olunur və əməkdaşlarımız tərəfindən bankomatlara texniki dəstək göstərilir”.
G.Fərzəliyeva deyir ki, "Kapital Bank” sosialyönümlü bir bank olduğu üçün bankomatların düzgün qaydada inkassasiya olunmasına diqqət yetirir: "Öncə qeyd etdiyimiz kimi, bankomata əlavə olunan vəsaitin ümumi məbləğindən əlavə, əskinasların növü də ATM-in yerləşdiyi yerdən asılıdır. Məsələn, elə bankomatlar var ki, onlarda iri nominallı əskinaslar üstünlük təşkil edir, bəzilərində isə əksinə. Lakin istənilən halda bankomatlar daimi nəzarət altındadır”.
"AccessBank”ın PR meneceriİlkin Əhmədov deyir ki, bankomatların nağd pul ilə təmin olunması prosedurları "AccessBank”ın daxili qaydaları ilə müəyyənləşir. Belə ki, həm filial ərazisində, həm də filialdan kənarda yerləşən ATM-lərə mərkəzləşdirilmiş qaydada nəzarət olunur: "Bankomatların nağd pulla yüklənməsi və boşaldılması inkassasiya qaydalarına müvafiq surətdə həyata keçirilir. Bankın müvafiq struktur bölməsinin əməkdaşları mütəmadi olaraq bankomatda olan nağd pulun məbləği barədə məlumat toplayır. Qeyd edim ki, vaxtaşırı, ayda bir dəfədən az olmamaqla bankomat tam boşaldılır. Bankomatlara gündəlik hansı məbləğdə vəsaitin yerləşdiriləsi və hansı müddətdən bir əlavə olunması müştərilərin tələbatı ilə bağlıdır. Qeyri-iş günlərində bankomata pul əlavə olunması da, həmçinin. Qeyri-iş günlərində də "AccessBank” hər bir müştərisinin nağd pula olan tələbatını tam olaraq ödəyir”.
İ.Əhmədov bildirdi ki, irili-xırdalı əskinasların bankomatlara yüklənməsi prosesi də müəyyən monitorinqlərin nəticəsinə əsaslanır: "Müştərilərimizin tələbatına əsasən, "AccessBank”ın bankomatları istənilən nominalda əskinasla yüklənir. Bir şeyi də qeyd edim ki, bankomatdakı nağd pul kütləsi müəyyən həddə yaxınlaşdıqda, əlavə olaraq pul yüklənir”.
"AzərTürk Bank”ın mətbuat katibi Rauf Ağayev deyir ki, təmsil etdiyi bankda maaş kartı olanların belə problemlə üzləşməməsi üçün daha geniş imkan təqdim edilir: "Öz işçilərimiz daxil, bizim bankda əməkhaqqı kartı olan hər kəs Azərbaycandakı bütün bankomatlardan istifadə edərək pullarını nağdlaşdıra bilər. Bunun özəlliyi ondadır ki, digər bankların bankomatlarından pullarını nağdlaşdıranda, onlardan faiz tutulmur. Biz təkcə öz bankomatlarımızın sayı ilə öyünmürük, həm də belə bir xidmət təqdim edirik ki, müştərilərə daha rahat olsun”.
Digər kartlardan pul nağdlaşdırılması zamanı hər hansı problem olub-olmamasına gəlincə, R.Ağayev bildirdi ki, hansısa bankomatda qısa bir müddət pul olmaya bilər: "Bankomata limitsiz həcmdə pul yerləşdirmək olmur. Bankomatda 4 kaset var, hər biri də 2000 əskinas tutur. Hər kasetə bir növ əskinas qoyulur. Orda pulun bitməsi gün ərzində bankomatdan nə dərəcədə intensiv istifadə olunmasından asılıdır. Yəni çox pul nağdlaşdırılırsa, pul da tez qurtarır. Təbii ki bankomatda pul bitən kimi, banka birbaşa siqnal gedir və bank onun inkassasiyasını yerinə yetirir. İnkassasiya prosesi də müəyyən qədər vaxt alır. Protokol imzalanıb maşınla pul gətirilib bankomata yerləşdirənə qədər müəyyən qədər vaxt keçir. Bankomatın yerləşdiyi ərazi bir az uzaqdadırsa, təbii ki yola sərf edilən vaxt da nəzərə alınmalıdır. Həmin müddətdə pul çəkmək istəyən müştəri bankomatda pul olmadığını görəcək. Belə hallar ola bilər”.
R.Ağayev deyir ki, nağdsız ödəniş edilə biləcək yerlərdə insanlar onlayn ödəməyə üstünlük versələr, bankomatlarda bu kimi problemlər azalar: "Bəzən insanlar bankomatdan pulu çəkib kommunal ödəniş edirlər. Halbuki bu ödənişi kart vasitəsilə də edə bilərlər. Bunun üçün bankomatdan pul çəkməyə ehtiyac yoxdur. Ümumiyyətlə, nağdsız ödəniş edilə biləcək yerlərdə kartlardan istifadə olunmasına keçmək lazımdır”.
Bank məsələləri üzrə ekspert, hüquqşünasƏkrəm Həsənov deyir ki, bu problemin yaşanmasının əsas səbəbi insanlarımızın nağd puldan daha çox istifadə etməsidir: "Azərbaycan kimi ölkələrdə nağd puldan daha çox istifadə olunur, ona görə də belə bir problem yaşanır. Məsələn, Avropanın aparıcı ölkələrində bankomatlara bəlkə də bizdən də az məbləğdə və daha az dövriliklə pul qoyulur. Çünki insanlar nağd puldan az istifadə edirlər, ödənişlərini kart vasitəsilə edirlər. Bizdə nağd ödəniş çox istifadə olunduğu üçün banklar da daha çox məbləğdə və daha tez dövriliklə o məbləği bankomata yerləşdirməlidirlər. Əslində, əvvəllər bu problem indiki qədər deyildi, indi daha çox yaşanır. Bunun səbəbi də odur ki, bankların filialları bağlanıb, işçilər ixtisara salınıb. Daha sürətli iş qurmaq üçün işçi sayı daha çox olmalıdır”.
Ə.Həsənov deyir ki, bu məsələyə hüquqi və iqtisadi aspektdən yanaşmaq olar: "Hüquqi tərəfdən baxsaq, qanunvericiliklə bankların müştərilərin daim bankomatlarından istədiyi qədər nağd pul ala bilməsini təmin etmək kimi öhdəliyi yoxdur. Hansısa bankın bankomatında pul yoxdursa, deyə bilmərik ki, bu bank hansısa qanunvericilik aktını, normasını pozur. Uzaqbaşı deyə bilər ki, bankomatda pul yoxdursa, gəlsin bankdan çıxarsın, biz ona pulu belə də verə bilərik. Bankın belə bir öhdəliyi var ki, müştəri banka gəlib pulunu nağd istəyirsə, onu verməlidir. Düzdür, bankomat pulun nağdlaşdırılmasının ən asan yoludur, amma bank bunu tam təmin etmirsə, heç bir qanunu pozmuş olmur”.
Axı bu, heç də vətəndaşlar üçün arzuolunan hal deyil. Bir neçə bankomat gəzib, içərisində pul olanı tapmaq isə xeyli vaxt aparır. Bəs vətəndaşlar neyləyə bilər? Hüquqşünasın sözlərinə görə, belə hallarla qarşılaşan müştəri araşdırıb xidmət səviyyəsi yaxşı olan bankı seçə bilər: "Bankomatlar vasitəsilə pulun nağdlaşdırılmasını təmin etmək əslində, geniş mənada bankın xidmət səviyyəsinin göstəricisidir. Əgər müştəri hansısa bankın bankomatlarında istədiyi vaxt lazım olan məbləği tapa bilmirsə, deməli bank xidməti pis göstərir. Bu gün Azərbaycanda elə banklar var ki, onların bankomatında belə problem olmur. Seçim etmək müştəriyə qalır. Hansı bankda bu xidmət daha yaxşı göstərilirsə, onu seçsin”.
Maaş kartı olanlar bəs necə etsin? Ə.Həsənov bildirdi ki, hər kəsin maaş kartını istədiyi bankda açdırmaq ixtiyarı var: "Bəzi vətəndaşlarda əməkhaqqı kartı olduğu üçün məcburən hansısa bankın xidmətindən istifadə etdiklərini deyirlər. Burda kartın hansı bankda olmasını vətəndaş deyil, işəgötürən müəyyənləşdirir. Qanunvericiliyə əsasən, heç kəsi hansısa bankın xidmətindən istifadəyə məcbur etmək olmaz. Hər bir vətəndaşın ixtiyarı var ki, əməkhaqqı kartını istədiyi bankda açdırsın və işəgötürənə bu barədə məlumat versin ki, mənim maaaşımı o banka yox, bu biri banka köçür”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər