“Balıqlara xütbə” filmi beynəlxalq festivalda ölkəmizi təmsil edib
Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“Sermon to the Fish”) filmi növbəti beynəlxalq festivalda iştirak edib.
Kaspi.az xəbər verir ki, ekran əsəri Çində, 6-cı Pingyao Beynəlxalq Film Festivalının (Pingyao International Film Festival – PYIFF) proqramında yer alıb. Festival Çinin şimalındakı Şansi əyalətində keçirilib.
Qeyd edək ki, 2022-ci ildə istehsal olunan “Balıqlara xütbə” bir neçə festivalda uğurla nümayiş olunub. Ekran əsəri ötən ilin avqustunda 75-ci Lokarno Film Festivalında (İsveçrə) jürinin xüsusi mükafatına, noyabr ayında isə Almaniyada – 32-ci Cottbus Film Festivalında (FFC) münsiflər heyətinin fəxri mükafatına layiq görülüb.
Azərbaycan, Türkiyə, Meksika və İsveçrə kinematoqrafçılarının iştirakı ilə ərsəyə gələn filmin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır. Film müharibələrin ağrıları içində itmiş, unudulmuş ruhlar haqqında fəlsəfi nağıldır.