• şənbə, 20 Aprel, 07:54
  • Baku Bakı 14°C

Azərbaycanın xarici borcu azaldılacaq

17.10.19 18:33 2014
Azərbaycanın xarici borcu azaldılacaq
Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib. Müşavirədə doqquz ayın sosial-iqtisadi göstəriciləri diqqətə çatdırılıb. Dövlət başçısı ötən 9 ay ərzində sosial-iqtisadi sahədə əldə edilən uğurlar barədə danışıb və ayrı-ayrı sahələrlə bağlı müsbət tendensiyanı vurğulayıb.
O qeyd edib ki, iqtisadi göstəricilərimiz çox müsbətdir: "Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması, əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur”.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirdi ki, oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə bir çox mühüm məsələlərə toxunulub: "Dövlət başçısının toxunduğu mövzulardan biri də ölkəmizin xarici borclarının azaldılması ilə bağlı məsələ idi. Prezident İlham Əliyev bildirdi ki, bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu da dünya səviyyəsində aşağı rəqəmdir. Həm də cənab Prezident xatırlatdı ki, biz bu borcları mütləq daha da azaltmalıyıq ki, dünyada mühüm yerləri tuta bilək. Çünki xarici borcun çox olması yaxşı hal deyil, ancaq ölkənin ümum daxili məhsulunun 17 faizini təşkil etməsi bir o qədər yuxarı da deyil. Buna görə də bizim xarici borclarımız artmamalıdır. Hesab edirəm ki, daxili imkanlar, xüsusilə əldə etdiyimiz məhsul hesabına borcları aradan qaldırmaq olar. Onu da qeyd edim ki, bu borclar əsasən xaricdən idxal olunan məhsullar, müəyyən avadanlıqların gətirilməsi nəticəsində yaranıb. Düşünürəm ki, bu, aradan qaldırılmalıdır. Artıq Azərbaycan istər sənaye, istər kənd təsərrüfatı, istərsə də digər sahələrin inkişafı baxımından dünyada tanınır. Cənab prezident də müşavirədə xatırlatdı ki, biz dünyada ən çox islahat həyata keçirən ölkələrdən biriyik. Bu onu göstərir ki, Azərbaycanda inkişaf var və aparılan islahatlar yüksək qiymətləndirilir, eləcə də beynəlxalq qurumlar tərəfindən dəyərləndirilir. Məhz bu baxımdan hesab edirəm ki, Azərbaycan sosial-iqtisadi cəhətdən inkişaf etdikcə, ümumdaxili məhsulda da xarici borcların məbləği aşağı düşəcək”.
T.Rzayev qeyd etdi ki, həyata keçirilən islahatların çox böyük müsbət nəticəsi var: "Vacib olan islahatların keçirilməsi Azərbaycanın xaricdən olan asılılığını aradan qaldırır. Əgər biz neftdən asılılığı aradan qaldırmaq istəyiriksə, qeyri-neft sektorunun inkişafına təkan veririksə, deməli ümumi daxili məhsulun artımı hesabına, sözsüz ki, xarici borcların məbləğini azaldacağıq. Təbii ki, bu da düşünülmüş siyasətdən və aparılan islahatların həyata keçirilməsindən asılıdır”.
İqtisadçı alim Mahir Zeynalov bildirdi ki, Azərbaycanın xarici dövlət borcu təxminən 9 milyard dollara yaxındır ki, bu da ölkənin iqtisadi imkanları ilə müqayisədə o qədər də böyük rəqəm deyil, ümumi daxili məhsulun 17 faizi qədərdir: "Xarici borc ümumi daxili məhsulun yarısından çox olanda, bu artıq narahatlıq doğuracaq hal sayılır. Bir çox ölkələrlə müqayisədə bu sahədə Azərbaycanda vəziyyət yaxşıdır. Digər tərəfdən, Azərbaycan ödəmə qabiliyyəti yüksək olan ölkədir, 50 milyard dollara yaxın strateji valyuta ehtiyatlarına malikdir ki, bu da borclardan 5 dəfə artıqdır. Onu da qeyd edim ki, xarici borclarımıza hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər daxildir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Hökumət çalışır ki, xarici kreditlərdən az istifadə etsin, borclar azaldılsın”.
M.Zeynalov vurğuladı ki, ötən illə müqayisədə xarici dövlət borcları 5 faiz azalıb: "2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 22,8 faizdən 19 faizə, bu il isə 17 faizə düşüb. Xarici borclar Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi kimi qurumlardan cəlb olunub. Beynəlxalq Valyuta Fondundan isə kredit götürülmür. Növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur. Mövcud xarici dövlət borcunun 2019-cu ildəki 9 milyard ABŞ dollarından 2025-ci ildə 4-5 milyard ABŞ dollarınadək azalacağı gözlənilir.
Bir məqamı da qeyd edim ki, dövlət borcunun idarə olunması sahəsində hökumətin əsas məqsədi gələcək illər üçün dövlət borcunun dayanıqlığını təmin etməklə, ÜDM-ə nisbətinin tədricən azaldılmasına nail olmaqdır. Bu isə ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılmasını, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsini tələb edir. 2020-ci ildə dövlət büdcəsindən 2,46 milyard manat (o cümlədən faiz xərcləri 775,4 milyon manat) dövlət borcunun ödənilməsinə yönəldiləcək ki, bu da 2019-cu ildəkindən 5,3 faiz çoxdur. 2020-ci ildə Azərbaycan hökuməti 559.4 milyon dollar həcmində xarici borc cəlb etməyi planlaşdırır. Bununla yanaşı, xarici dövlət borcuna xidmət xərclərinin nisbətən artmasına baxmayaraq, növbəti illərdə ümumi borclanma səviyyəsi azalacaq”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər