AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın qlobal təqdimatı

Azərbaycanın qlobal təqdimatı

Siyasət
21 Yanvar 2020, 18:06 7690
Davosa təşrif buyuran minlərlə iş adamında ölkəmiz haqqında müsbət fikir formalaşır, sərmayə cəlbi stimullaşdırılır
 
Dünyanın çox nüfuzlu Davos İqtisadi Forumunun rəsmi saytında Prezident İlham Əliyevin "Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” sərlövhəli məqaləsi yerləşdirilib. Dövlət başçısı öz məqaləsində Dünya İqtisadi Forumunun əhəmiyyətini diqqətə çatdırıb. Qeyd olunub ki, Forum siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkan verir. 2007-ci ildən başlayaraq artıq 14-cü dəfə Davosda Forumun İllik Toplantısında iştirak edəcəyini xatırladan ölkə rəhbəri bu Forumun Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaratdığını vurğulayıb. Prezident bildirib ki, bu, Azərbaycanda islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə imkan verir. 

Fəal və səmərəli əlaqələr

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda aparılan islahatlar nəticəsində 2007-ci ilin əvvəli ilə müqayisədə 2019-cu ildə ölkə iqtisadiyyatının həcmi 80 faiz, o cümlədən qeyri-neft sektorunun həcmi 2,1 dəfə, strateji valyuta ehtiyatları 13 dəfə artıb, ölkədə yoxsuluq səviyyəsi 4 dəfədən çox, işsizlik səviyyəsi əhəmiyyətli dərəcədə azalaraq 4,9 faizə çatıb. Bu dövrdə ölkəmiz iki dəfə "Doing Business 2009” və "Doing Business 2019” hesabatlarında dünyanın lider islahatçı ölkəsi olaraq tanınıb. Prezident öz məqaləsində Azərbaycanın strateji nəqliyyat qovşağına çevrilməsindən, enerji sektorunda əsas iştirakçı dövlət olmasından konkret faktlara əsaslanaraq geniş bəhs edib. Sonda vurğulayıb ki, Azərbaycanın Dünya İqtisadi Forumu ilə əməkdaşlığının davamı kimi 2019-cu ildə Azərbaycan ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında Əməkdaşlıq Razılaşması imzalanıb. Bu Razılaşma dünyada baş verən müsbət trendlərin və qabaqcıl təcrübənin Azərbaycanın sosial-iqtisadi həyatına transformasiyasına imkan yaradacaq. Prezident İlham Əliyev bildirib ki, Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam edəcək.

Regional layihələrin idea müəllifi

Yanvarın 20-də isə Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Sözügedən məqalə və dövlət başçısının İsveçrəyə səfərinin əhəmiyyəti barədə fikirlərini "Kaspi” qəzetinə bölüşən iqtisadçı ekspert Pərviz Heydərovbildirib ki, ölkə rəhbərinin Davos şəhərində hər il keçirilən dünya iqtisadi forumunun toplantısında iştirak etməsi ənənəvi xarakter alıb. Onun sözlərinə görə, hər ilin birinci ayının 3-cü ongünlüyündə keçirilən Davos Forumu mühüm əhəmiyyət daşıyan siyasi və iqtisadi hadisədir: "Forumda inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin dövlət və hökumət başçıları, transmilli şirkətlərin rəhbər heyətləri bir araya gəlirlər. Belə bir fonda Azərbaycan kimi inkişaf etməkdə olan ölkənin dövlət başçısının Forumda iştirak etməsi olduqca vacib məqamdır. Azərbaycan o ölkələrdəndir ki, bir sıra regional layihələrin ideya müəllifi, iştirakçısıdır, eyni zamanda həmin layihələrin gerçəkləşməsində mühüm rol oynayıb. Hazırda da bu proses davam edir. Qeyd edilən layihələr sadəcə Azərbaycanın mənafeyi, iqtisadi maraqları nöqteyi-nəzərindən deyil, bütün region üçün əhəmiyyətlidir. Azərbaycanın zəngin iqtisadi potensialı var. Ölkəmiz daim neft sektoru ilə bərabər, qeyri-neft sektorunu da inkişaf etdirməyə, xarici sərmayəni bu sahəyə cəlb etməyə maraqlı olub və olacaq. Bütün bunları nəzərə alsaq, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak etməsi, Forum öncəsi Azərbaycan reallıqlarını özündə əks etdirən müəllif məqaləsi ilə çıxış etməsi başa düşüləndir”.

İqtisadi intibaha səbəb

Ekspert qeyd edib ki, bu dəfəki Davos Forumunun Azərbaycan üçün əhəmiyyəti həm də burada Avrasiya regionu ilə bağlı məsələlərə baxılması, region ölkələrinin inkişaf imkanlarının, potensiallarının, hazırkı vəziyyətlərinin nəzərdən keçirilərək qiymətləndirilməsidir: "Azərbaycan Avropa və Asiya arasında mühüm coğrafi məkanda yerləşir, əhəmiyyətli körpü rolunu oynayır. Bu amil dünyanın, o cümlədən regionun inkişaf etmiş ölkələrinin, transmilli şirkətlərinin diqqətini cəlb etməkdədir. Digər tərəfdən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan elə sanballı işlər görüb ki, bu məqam da beynəlxalq aləmin diqqətindən yayınmayıb. Vaxt var idi Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi ideya olaraq irəli sürüləndə Avrasiya regionunun "nəhəngləri”, transmilli şirkətlər buna "ağız büzür”, layihənin rentabelli olmayacağını əsaslandırmağa çalışırdılar. Lakin ulu öndər Heydər Əliyevin iştirakı ilə təməli qoyulan bu layihənin Prezident İlham Əliyevin iştirakı ilə açılışı oldu və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin fəaliyyətə başlaması Azərbaycanın iqtisadi intibahına səbəb oldu. Hazırda bu layihədən Avrasiya ölkələri də bəhrələnməkdədir. BTC vasitəsilə sadəcə Azərbaycanın deyil, Orta Asiya ölkələrinin nefti də ixrac olunur. Bu ilkin təşəbbüsün perspektivdə daha da genişləndirilməsi nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu da Azərbaycanın reallaşdırdığı mühüm bir nəqliyyat infrastrukturudur. 10 il ərzində bu layihə üzərində iş gedib. Sözügedən layihə ölkəmiz tərəfindən ideya olaraq irəli atılanda Avrasiya regionunun "başbilənləri”, transmilli şirkətlər buna biganə qaldılar. Hətta gərəksiz layihə olduğunu iddia etdilər. Lakin 2018-ci ildə layihə istifadəyə veriləndən cəmi bir il sonra Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi baxımdan əhəmiyyətini bütün dünyaya sübut etdi”.

Avrasiya regionunun paytaxtı

P.Hydərov deyib ki, hazırda dünya dövlətləri Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə diqqət göstərməkdə, yükdaşımalarını bu yol vasitəsilə gerçəkləşdirməyə çalışmaqdadırlar: "Azərbaycan Ələtdə nəhəng Beynəlxalq Dəniz Ticarət Limanı inşa edib. Hazırda layihənin birinci hissəsi başa çatıb. Asiyadan yükdaşımalarının həyata keçirilməsi üçün bu liman bir növ ötürücü məkan rolunu oynayacaq. Bu amil Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini birə beş artırıb. Təsadüfi deyil ki, həmin dəmir yolunu Böyük İpək Yolunun bir hissəsi, Avropa və Asiyanı birləşdirən əsas qovşaq hesab edirlər. Cənub Qaz Dəhlizi layihəsi də sadəcə Azərbaycan üçün deyil, dünya, o cümlədən Avropa üçün əhəmiyyət daşıyan layihələrdəndir. Hazırda bu layihənin sonuncu mərhələsində iş davam etdirilir. Bu layihə də ideya olaraq irəli sürüləndə əsassız arqumentlər gətirilir, layihənin iqtisadi baxımdan əlverişsiz olacağı iddia edilirdi. Əvvəllər bu layihənin ümumilikdə dəyəri 45 milyard dollar həcmində nəzərdə tutulurdu. Bu qədər vəsaiti xərcləməyi bəziləri lazımsız sayırdı. Azərbaycan bunun da ağırlığını öz üzərinə götürdü və artıq Cənub Qaz Dəhlizi layihəsi tamamlanmaq üzrədir. Vaxtilə bu layihə barədə neqativ rəy bildirən ölkələr sözügedən infrastrukturun Avropa üçün əhəmiyyətini qeyd edirlər. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Azərbaycan reallaşdırdığı nəhəng iqtisadi layihələr vasitəsilə Avrasiya regionu üçün mərkəzə çevrilməkdədir. Bir qədər əvvəl vurğuladığım kimi, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirak etməsi həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, müzakirə olunan mövzu bilavasitə Avrasiya məkanı ilə bağlıdır. Mövcud reallıqda Avrasiyanın inkişafı Azərbaycansız mümkün deyil. Azərbaycan enerji, nəqliyyat sarıdan Avrasiya regionunun paytaxtına çevrilib”.  

Ölkəmizin qlobal təqdimatı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Davos İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə danışarkən qeyd edib ki, bu mötəbər toplantıda ali səviyyədə iştirakçılıq ölkəmizin qlobal təqdimatıdır: "Davos Forumunun rəsmi açılışından bir gün əvvəl – yanvarın 20-də Beynəlxalq Valyuta Fondu (BVF) "Dünya İqtisadi İcmalı”nı təqdim etdi. Dünya iqtisadiyyatı nisbətən sabitləşsə də, qlobal artım yavaşdır. Yeni proqnozlar iqtisadi böyüməni 2019-cu ildə 2,9%, 2020-ci ildə 3,3% və 2021-ci ildə 3,4% səviyyəsində qiymətləndirir. Hansı ki, bu əvvəlki proqnozlardan daha aşağıdır. İnkişaf etməkdə olan ölkələrdə bu göstərici fərqlidir. 2019-cu ildə Azərbaycanda iqtisadi artım 2,2 % olduğu halda, inkişaf etməkdə olan Avropa ölkələrində 1,8 %, Latın Amerikası və Karib hövzəsində 0,1 %, Yaxın Şərq və Mərkəzi Asiyada 0,8 % olub. Keçən il Azərbaycan 2,2 %-lik iqtisadi artım tempi ilə həm də Rusiya (1,1 % artım) və Səudiyyə Ərəbistanı (0,2% artım) kimi karbohidrogenlə daha zəngin ölkələri geridə buraxıb. İnkişaf etməkdə olan ölkələrin arasında daha sürətlə iqtisadi artım tempinə görə Çin, Hindistan və ASEAN ölkələri öncül yerləri tutur. Bu kontekstdə cənab Prezident Azərbaycanda iqtisadi artım tempinin daha da sürətləndirilməsini qarşıya əsas vəzifə olaraq qoymuşdur”.

İxrac imkanlarımızın artması

V.Qasımlı deyib ki, belə şəraitdə Azərbaycan kimi inkişaf etməkdə olan və əhalisi daha sürətlə artan ölkələrdə dayanıqlı inkişafın təmin edilməsi bir çağırış olaraq qarşıda dayanır: "Bu mənada ölkəmizin təcrübəsinin Davos platformasında müzakirəyə çıxarılması əhəmiyyətlidir. Kapitalizm və qloballaşma barədə tənqidlərin yüksəldiyi bir vaxtda dünya iqtisadiyyatı ticarət müharibələri, qeyri-bərabərlik və geosiyasi qeyri-müəyyənliklərdən əziyyət çəkir. Məhz Azərbaycan liderinin də qatıldığı Davos platforması bu vəziyyətdən çıxış yolu kimi "yaşıl inkişafı” və texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasını tərcih edir. Cənab Prezident bu platformada qlobal gündəliyin formalaşmasında birbaşa iştirak edir. Eyni zamanda bu platformada cənab Prezident öz çıxışları və görüşləri ilə Azərbaycanı dünyaya təqdim edir. Davosa təşrif buyuran minlərlə iş adamı Azərbaycan barədə ən ali səviyyədə təqdimatı görməklə ölkəmizin haqqında müsbət fikir formalaşır, ölkəyə sərmayə cəlbi stimullaşdırılır. Hər il Davosda keçirilən görüşlərin ardından yüksək texnologiyalara sahib olan şirkətlər Azərbaycana gəlir və sərmayə yatırırlar. Davos Azərbaycan məhsullarının tanıdılması və ixrac imkanlarımızın artması baxımından da əlverişli platformadır”.

Alpər TURAN