• cümə, 29 Mart, 12:08
  • Baku Bakı 14°C

Azərbaycanın mövqeləri daha da güclənir - Fotolar

07.01.20 19:20 6956
Azərbaycanın mövqeləri daha da güclənir - Fotolar
Ötən ilin sosial-iqtisadi yekunları əldə edilən uğurların real mənzərəsidir
Yola saldığımız 2019-cu il ölkəmiz üçün uğurlu il olub. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən vurğuladığı kimi, ötən ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, ölkəmiz öz inkişaf yolu ilə uğurla gedib. İlk növbədə qeyd edilməlidir ki, dünyada cərəyan edən gərgin proseslər fonunda 2019-cu ildə Azərbaycan sabitlik, əmin-amanlıq şəraitində yaşayıb. Ötən il Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib, il ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib, ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası və digər qurumlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin prinsipial mövqeyini dəstəkləyib. Eyni zamanda, 2019-cu il Azərbaycan tarixinə dərin islahatlar ili kimi düşüb. İl ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi, iqtisadi, sosial, kadr, struktur islahatları Azərbaycanın gücünü artırıb.

Bütün bu uğurları nəzərə alsaq, 2020-ci il ölkəmiz üçün hansı əlamətdar hadisələr, nailiyyətlərlə yadda qala bilər. Belə bir sualla deputatlara müraciət etdik. Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi ki, 2020-ci ilin nə ilə yadda qalacağı ilə bağlı yalnız proqnozlar vermək olar. Millət vəkilinin sözlərinə görə bu proqnozların da elmi əsası olmalıdır: "Ötən il Azərbaycanda bütün sferaları əhatə edən ardıcıl, sistemli, məqsədyönlü islahatlar həyata keçirilib. Ona görə də 2019-cu il ölkəmizin tarixinə islahatlar ili kimi daxil olub. Fikrimcə, 2019-cu ildə geniş vüsət alan islahatlar 2020-ci ildə yeni müstəviyə qədəm qoyacaq, yeni mərhələyə keçərək davam etdiriləcəkdir. Bu, cari ildə dinamik prosesə çevrilməklə, sosial-iqtisadi, siyasi sahəni, məhkəmə-hüquq sistemini, məhkəmə, qanunverici və icra hakimiyyətini əhatə edəcəkdir. Bu istiqamətdə daha böyük uğurlara imza ata biləcəyik. Məndə belə bir inam var. Bununla yanaşı, 2020-ci ildə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı məsələsi prioritet olaraq qalacaq. Bu kontekstdə kənd təsərrüfatı, turizm və sair sektorların inkişafı da diqqət mərkəzində olacaq. Cari il üçün dövlət büdcəmizin gəlirləri 24,1, xərcləri isə 26,9 milyard manatdır. Bu büdcənin 39 faizə yaxını məhz sosial layihələr üçün nəzərdə tutulub. Yəni, 2020-ci ildə sosial istiqamətdə çox ciddi addımların atılması gözlənilir. Bir qədər də açıq desək, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı, qayğı və problemlərinin həlli dayanır. Şübhəsiz ki, 2020-ci ildə bu siyasət davam etdiriləcək”.


Millət vəkili qeyd etdi ki, 29 illik müstəqillik tariximizə, xüsusən də 1993-cü ildən indiyə qədər ötən vaxta qiymət verilərsə, 3 mühüm nailiyyətimiz dərhal diqqət çəkər: "Prezident İlham Əliyevin vurğuladığı kimi, bunlar ictimai-siyasi sabitlik, təhlükəsizlik mühitinin formalaşması, davamlı inkişafın təmin edilməsidir. Düşünürəm ki, cari ildə də sabitlik, təhlükəsizlik və inkişaf tendensiyası qorunub saxlanılacaq, daha da möhkəmləndiriləcəkdir. Ən nəhayət, ümid edirik ki, 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə münbit şərait yaranacaq, bu istiqamətdə mövqelərimiz bir qədər də güclənəcəkdir. Münaqişənin həllində Azərbaycanın siyasi, diplomatik və hərbi üstünlüyü göz önündədir. Hər üç istiqamət üzrə üstünlüyümüz zamanla bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə səbəb olacaqdır. 2020-ci ildə Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu daha da möhkəmlənəcək. Dövlət başçısının söylədiyi kimi, Azərbaycan dünya miqyasında böyük dövlət olmasa da, sözümüzün mənası və çəkisi böyükdür. Hesab edirəm ki, 2020-ci ildə Azərbaycanın sözünün mənası və çəkisi daha da artacaqdır”.

İqtisadçı millət vəkili Azər Badamov 2020-ci il üçün gözləntilərini dilə gətirərkən 2019-cu ilin Azərbaycanın həyatında dərin islahatlar ili olmasına diqqət çəkdi. Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ötən il ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticəsi cari ilin də böyük nailiyyətlərlə yadda qalacağına əsas verir: "Cari il ilə bağlı proqnozlar verərkən ötən ilin sosial-iqtisadi yekunlarına nəzər salmaq lazımdır. Ötən il iqtisadiyyat artıb, qeyri-neft sektorunda 3,5 faiz artım müşahidə edilib. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edərkən bildirdi ki, bu göstərici dünya miqyasında 9-cudur və bundan sonrakı illərdə xarici borcumuz daha da aşağı düşəcək. Azərbaycanın valyuta ehtiyatları ötən il 4,5 milyard dollar artaraq rekord həddə - 50 milyard dollara çatıb. Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcundan 5 dəfədən çox artıqdır. Ötən il sənaye istehsalı artıb. Xüsusən də qeyri-neft sektorunda sənaye artımı 14 faiz təşkil edib. Kənd təsərrüfatında isə artım 7 faiz təşkil edib. Azərbaycan Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkədir. İndi Azərbaycan borc alan deyil, borc verən ölkəyə çevrilib. Bütün bunlar düşünülmüş, praqmatik siyasətin nəticəsində mümkün olub”.

Millət vəkili dedi ki, əldə edilən uğurlar, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və geniş vüsət alan islahatların davam etdirilməsi 2020-ci ildə də Azərbaycana yeni nailiyyətlər qazandıracaq: "Ötən ilin yekunu uğurludur, cari ilin başlanğıcı uğurla müşayiət olunur. 2020-ci ilə qədəmlərimizi inamla və ötən il əldə etdiyimiz uğurlarla qoymuşuq. İslahatların davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın daha da artırılması, korrupsiya hallarının aradan qaldırılması istiqamətində görülən işlər öz müsbət nəticəsini verəcəkdir. Düşünürəm ki, cari ilin sonunda da biz əldə etdiyimiz uğurlardan fəxrlə danışa biləcəyik”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər