• çərşənbə, 08 Yanvar, 10:04
  • Baku Bakı 7°C

Azərbaycanın elə regionları var ki, orada vəkil yoxdur

11.06.21 17:30 925
Azərbaycanın elə regionları var ki, orada vəkil yoxdur
Ölkənin hüquq müdafiəçilərinin nüfuz problemi də var
BugünAzərbaycanda hüquqiyardımın alınması sahəsindəümumimənzərə heç də ürəkaçan deyil. Ətrafınızda tanıdığınız neçə ailənin vəkili var? Yaxud ətrafınızda nə qədər gənc var ki, hüquqşünaslıq oxuyub hakim, prokuror deyil, məhz vəkil olmaq istəyir? İnsanlar hüquqlarını müdafiə etmək üçün hüquq carçısı olan vəkillərə ya etibar etmir, ya da öz hüquqlarını vəkildən daha yaxşı bildiklərini zənn edirlər. Təəssüflər olsun ki, vəkillər ölkədə nüfuzlu şəxslər kimi tanınmır. Bütün bu problemlərlə yanaşı, vəkil qıtlığı ilə də üz-üzə qalırıq. Səbəb nədir? Hüquq təhsili alanlar nə üçün vəkilliyi ilk sevimli peşə kimi deyil də, son variant kimi seçirlər? Məlumat üçün bildirək ki, Azərbaycan adambaşına düşən vəkil sayına görə Avropada aşağı göstəricilərə sahibdir - hər 100 min nəfərə 18,4 vəkil düşür. Bu, orta Avropa göstəricisindən (162 vəkil) 8,8 dəfə azdır. Hazırda Azərbaycanda fəaliyyət göstərən Vəkillər Kollegiyası üzvlərinin sayı 1931 nəfərdir. Vəkillərin 411-i regionlarda, 1520 nəfəri isə paytaxtda fəaliyyət göstərir. Əhalinin sayı 10 milyonu keçən ölkəmizdə vəkillərin sayı 2 mini keçmir. Hər 10 min nəfərə heç bir vəkil də düşmür.
"Vəkillik təkbaşına inkişaf edə bilməz”
Hüquqşünas Ələsgər Məmmədli deyir ki, bir ölkədə məhkəmələrin müstəqilliyi nə qədər realdırsa, vəkilliyin nüfuzu da o qədər yüksək olur: "Vəkillik məsələsi birmənalı olaraq hüquq-məhkəmə sistemi ilə sıx bağlıdır. Yəni məhkəmə qolunun müstəqilliyi nə qədər realdırsa, o qədər də vəkilliyin nüfuzu yüksək olur. Çünki mühakimə ədalətli gedir və peşəkara ehtiyac var. Amma nə zaman mühakimə prosesi müstəqil deyil, o zaman vəkillik praktiki olaraq vasitəçi, tərəfləri neqativ anlamda uzlaşdıran tərəf olur. Ona görə də Azərbaycanda ilk növbədə məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi lazımdır ki, onun paralelində vəkillik də inkişaf etsin. Vəkillik təkbaşına inkişaf edə bilməz”.
Ekspert hesab edir ki, vəkil hüquq-mühakimə prosesinin 3 tərəfindən biridir: "Hakim, ittiham olunan tərəf və müdafiəçi. Müdafiə tərəfi Azərbaycan hüquq sistemində ən zəif və qorumasız tərəfdir. Bir çox hallarda hətta vizual olaraq baxırıq ki, hakim, prokuror eyni yerdə, vəkil isə müttəhimin yanında əyləşir. Bu görüntü göstərir ki, Azərbaycanda vəkilliyin ittiham olunanla eyni səviyyədə görülmə cəhdləri və vizual olaraq görüntüsü var. Vəkilliyin nüfuzlu olmamasının səbəblərindən biri də Azərbaycanda hüquq təhsilinin ancaq dövlət universitetlərində aparılmasıdır. Özəl təhsil sistemində hüquq təhsilinə yaşıl işıq yandırılmır. Təxminən 15 il bundan öncə Xəzər Universiteti, Qafqaz Universiteti hüquq təhsili verirdi və çox savadlı mütəxəssislər yetişirdi. İndi yalnız dövlətin icazə verdiyi məhdud sayda yerlərdə hüquq təhsili verilir”.
Ekspertin vəkilliyin nüfuzu ilə bağlı vurğuladığı üçüncü önəmli problem isə odur ki, vəkilliyin müstəqil olaraq nə hüquqi, nə də praktiki baxımından formalaşmasının yolları açıq deyil: "Vəkillər özləri peşəkar, müstəqil olmadıqları müddətcə peşəkar institut yarada bilməzlər. Azərbaycanda bu istiqamətdə cəhdlər olub, müstəqil vəkillər də var. Amma onların sayı ölkədəki ehtiyaclara adekvat deyil. Ənənəvi problem vəkillərin adambaşına düşən sayı ilə bağlıdır. Təəssüf ki, dünyada bu baxımdan sonuncu yerdəyik. Hələ Anar Bağırov kollegiyaya sədr gələndən sonra vəkillərin sayı bir az artdı. Amma nəticə etibarilə bu sahəyə gələnlərin çoxu Bakıda fəaliyyət göstərir. Elə regionlar var ki, orada ya vəkil yoxdur, ya da çox azdır. Bu da bəzən 50-60 min, 100 min əhalisi olan rayonların konkret olaraq ədalət mühakimə prosesinə giriş imkanını məhdudlaşdırır. Vəkillik həm də rəqabətlə inkişaf edən bir peşədir. Amma 2018-ci ildə bizdə qanunvericilikdə hüquqi baxımdan etibarnamə ilə müdafiə hüququ məhdudlaşdırıldı. Yəni əvvəllər hansısa hüquqşünasın şəxsi təmsil etməsi üçün şəxslə müqavilə bağlaması kifayət edirdi. Qanunvericiliyə edilən dəyişikliklərlə bu yol tamamilə bağlandı. Beləliklə, 9 minə yaxın hüquqşünas prosesdən kənarlaşdırıldı”.
"İnsanların ədalətə inamı, güvəni olmayacaq”
"Konstitusiya” Araşdırmalar Fondunun prezidentiƏliməmməd Nuriyev deyir ki, vəkillərin sayının azlığı vətəndaşlarımızın keyfiyyətli hüquqi yardımla təmin edilməsinə əngəllər yaradır: "5 il bundan əvvəl Azərbaycan Avropa ölkələri sırasında vəkillərin sayına görə hər 100 min nəfərə ən aşağı göstəriciyə malik idi. Amma son illərdə Vəkillər Kollegiyasının rəhbərliyində edilən dəyişikliklər müsbət nəticə verir. Eyni zamanda, dövlətin bu istiqamətdə verdiyi qərarlar, prezidentin fərmanları vəkillik institutunun daha da inkişaf etməsinə imkanlar yaradır. Görülən tədbirlər nəticəsində vəkillərin sayı artıb. Bu, şübhəsiz ki, hüquqi yardımın keyfiyyətinin daha da yüksəlməsinə gətirib çıxarır. Bundan əlavə, vəkillərin fəaliyyətində şəffaflıq daha da artır. Əvvəllər vəkillərə ödənilən qonorarın aşağı olması keyfiyyətli hüquqi yardımın göstərilməsinə imkan vermirdi. Bununla bağlı da Nazirlər Kabinetlərinin qərarları oldu və məbləğ bir neçə dəfə artırıldı. Düzdür, yenə də verilən qonorar vəkil zəhmətini tam əhatə etmir. Amma hamı razılaşar ki, bu gün Vəkillər Kollegiyasına daxil olmaq əvvəlki illərlə müqayisədə daha əlçatandır”.
Ekspert hesab edir ki, bu istiqamətdə islahatlar getsə də, yenə də normativlərdən geridəyik: "Bu gün vəkillik nüfuzlu peşəyə çevrilməkdədir. Amma vəkillərin sayı indi də ehtiyacları ödəmir. Yenə də biz normativlərdən geridəyik. Hesab edirəm ki, vəkil olmaq istəyən imtahan prosesindən keçən şəxslərin Vəkillər Kollegiyasına daxil olması üçün işlər daha da genişləndirilməlidir. Çünki ədalət mühakiməsi vəkilsiz mümkün deyil. Ədalət mühakiməsi o zaman tam olaraq başa çatır ki, orada çəkişmə olur. Çəkişmənin əsas tərəfi isə vəkillərdir. Bu institut əgər işləməyəcəksə, onda insanları ədalətə inamı olmayacaq. Bu gün bu istiqamətdə müsbət tendensiya müşahidə edilir. 5-10 il bundan öncə vəkillərə vasitəçi kimi baxılırdı. Vəkil hüquq-mühafizə orqanları və müştəri arasında yalnız vasitəçilik rolunu oynayırdı. İndi bundan imtina edilir. Vəkillər real olaraq öz funksiyalarını həyata keçirirlər. Vəkilə hörmət artır”.
"Uğursuzluq olmadan inkişaf yoxdur”
Hüquqşünas Ceyhun Cəfərov deyir ki, bizdə vəkillik institutunun təşəkkül tapmamasının səbəbi hələ gənc ölkə olmağımızdır: "Ölkənin Konstitusiyası 1995-ci ildə qəbul olundu. Köklü şəkildə dövlət quruculuğu işləri aparılırdı. Təbii ki, bütün digər sahələr kimi məhkəmə sistemi də sadaladığım proseslərin fonunda dəyişməyə başladı. Bir ölkədə iqtisadi, siyasi, hərbi böhran varsa, burada vəkillik, səhiyyə inkişaf edə bilməz. İnkişaf üçün zaman lazımdır. 2005-ci ildə ilk dəfə Azərbaycanda vəkilliyə qəbul imtahan əsasında həyata keçirildi. Bu, dünya praktikası nəzərə alınmaqla həyata keçirilən ilk mütərəqqi addım idi. Vəkil olmaq istəyirsənsə imtahandan keç, and iç və kollegiyanın üzvü kimi fəaliyyətə başla. 2005-ci ildən sonra kollegiyanın üzvləri ilə yanaşı, imtahan verən vəkillər də fəaliyyətə başladı. Bu imtahandan sonra vəkillərin sayı da artdı. Əgər o imtahanlara kimi ölkədə 800 vəkil fəaliyyət göstərirdisə, imtahanlardan sonra onların sayı 1500-ə çatdı”.
Avropa ölkələri ilə müqayisədə Azərbaycanda vəkillərin sayının azlığına gəldikdə isə, ekspert bunu təbii hesab edir: "Bu, müntəzəm şəkildə davam edən prosesdir. Gələcəkdə biz hər 10 min nəfər adama düşən vəkil sayına görə qəbul olunan standartlara yaxınlaşacağıq. Bu, birdən-birə ola bilməz. Diplomu olan, biliyi lazımi standartlara cavab verməyənləri say çox olsun deyə, kollegiyaya qəbul etmək düzgün olmazdı. Hədəf kimi götürsək ki, mütləq say Avropa standartlarına uyğun olmalıdır, burada keyfiyyət itəcək. Həm keyfiyyət, həm kəmiyyət göstəricilərinə çatmaq üçün zaman lazımdır. Uğursuzluq hər sahədə olur. Uğursuzluq olmadan inkişaf yoxdur. Vəkillik də belədir. İnkişaf uğursuzluqdan keçir və təcrübə formalaşır”.
"Hüquq ixtisasına plan yerlərinin sayı artırılmalıdır”
Hüquq ixtisası ilə bağlı universitet təhsilindəki problemləri təhsil eksperti Kamran Əsədov da etiraf edir: "Azərbaycanda vəkilliklə məşğul olanlar daha çox məhkəmə və prokurorluqda çalışıb, bu sahədən gedənlərdir. Belələri vəzifədən çıxdıqdan sonra vəkillik fəaliyyəti göstərməyə başlayırlar. Yaxud da məhkəmələrdə hakim köməkçisi kimi fəaliyyətə başlayan hüquqşünaslar vəzifə yüksəlişi olmayanda vəkil kimi fəaliyyət göstərirlər. Amma burada dəyişiklik etməyə ehtiyac var. Vəkillərin fəaliyyətində ciddi çatışmazlıq var. Universitetlərdə hüquq ixtisasına plan yerlərinin sayı çox azdır. Yəni hər il hüquq ixtisasına 450-yə yaxın plan yeri ayrılır. Bu, yetərli deyil. Məsələn, Bakı Dövlət Universitetinə baxsaq, hüquqşünaslığa 250-yə yaxın qəbul olur. Hüquq üzrə pedaqoji fəaliyyət göstərənlərin də sayı azdır. Çünki hüquqşünas kimi təhsilini başa vuranların böyük əksəriyyəti sonradan hüquq-mühafizə orqanlarına işə qəbul olunmağa üstünlük verirlər”.

Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər