AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığı NATO da qəbul edir - TƏHLİL

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallığı NATO da qəbul edir - TƏHLİL

Cəmiyyət
15 İyun 2021, 14:30 137
İyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Zirvə Görüşündə xüsusi diqqət edilən mövzular sırasında Rusiyanın Alyans tərəfindən təhdid kimi qəbul edilməsi, Çinlə rəqabət dövründə atılacaq addımlar, terrorçuluqla mübarizə, kiberhücumlar və pozucu texnologiyalar, iqlim dəyişikliyinin təhlükəsizlik baxımından fəsadları və s. yer alıb.
Budəfəki NATO Sammitində diqqət çəkən digər məqam Britaniya, ABŞ, Fransa və Almaniya kimi dövlətlərin liderlərinin Türkiyəyə və onun Prezidentinə verdikləri diqqət oldu. Türkiyə Prezidenti R. T. Ərdoğan Sammit çərçivəsində keçirdiyi görüşlərdə Alyansın diqqətini rəsmi Ankara üçün vacib olan istiqamətlərə yönəldib. Eyni zamanda, sammit çərçivəsində qardaş ölkənin yer aldığı bütün ikitərəfli görüşlərdə Azərbaycan və Ermənistan arasındakı münaqişənin də müzakirə predmeti olduğu ehtimal edilir.
Təbii ki, NATO kimi dünyanın aparıcı hərbi-siyasi təşkilatı çərçivəsində Qarabağın, Zəngəzurun müzakirəsi Azərbaycan üçün də olduqca önəmli məqamdır. Dünyanın ayrı-ayrı coğrafiyalarında baş verən proseslərlə və münaqişələrlə bağlı baxış bucağı çox vacib sayılan NATO-nun postmüharibə dövründə Qafqazda baş verənlərə dair kollektiv fikri xüsusi önəm kəsb edir. Burada qeyd etmək lazımdır ki, NATO daxilində ermənipərəst siyasət yürüdən Fransa təklənməkdədir. Belə ki, təşkilatda əsas rola malik olan Vaşinqtonun son günlər Azərbaycan və Ermənistan arasında bəzi məsələlərdə vasitəçi rolunda çıxış etməsi, ABŞ-ın NATO-nun üzvü Türkiyənin Mərkəzi Asiya və Cənubi Qafqazdakı aparıcı rolu ilə barışması Londonun xüsusi dəstəyi ilə müşahidə olunan Avrasiyanın Orta Xəttindəki yeni geosiyasi prosesləri qəbul etmək istəməyən bir sıra dövlətləri hadisələrdən kənarda saxlanmaqdadır. Elə NATO çərçivəsində müxtəlif mövzular üzrə müzakirə edilən məsələlər də onu göstərdi ki, indiki halda Alyans Fransanın deyil, məhz Türkiyənin Afrika, Yaxın Şərq, Mərkəzi Asiya kimi regionlardakı fəaliyyəti ilə barışacaq, lazım olarsa, dəstəyini də əsirgəməyəcək. Təbii ki, NATO kimi dünyanın ən güclü hərbi-siyasi və iqtisadiyyatı inkişaf etmiş ölkələrin yer aldığı Qurumda Türkiyənin nüfuzunun artması dolayısı olaraq Azərbaycanın da maraqlarının realllaşması üçün önəmli faktordur.
NATO sammiti daha bir vacib məqamla da əlamətdar oldu. Belə ki, Brüssel Sammitinin yekunu olaraq qəbul edilən Sənəddə əvvəllər qəbul edilən yekun bəyannamələrdən fərqli olaraq Qarabağa aid müddəa yer almadı.
Bundan əvvəlki NATO zirvələrində, adətən, Cənubi Qafqaza aid bənddə digər region ölkələri ilə yanaşı, Azərbaycanın da müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunurdu. 2006-cı ildən başlayaraq NATO-ya üzv dövlətlər Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirdi. Budəfəki Zirvə Görüşünün yekunlarına dair qəbul edilən Sənəddə isə Abxaziya və Cənubi Osetiyanı çıxmaq şərti ilə regionun dünənə qədər digər münaqişəsi olan Qarabağla bağlı ənənəvi cümlələr yer almayıb.
NATO Sammitinin yekun sənədində Azərbaycanın ərzi bütövlüyünə dəstək, Qarabağla bağlı ifadələrin yer almaması onun göstəricisidir ki, Alyans artıq Cənubi Qafqazdakı yeni reallığı qəbul edib və rəsmi Bakının da ifadə etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsinin həll edildiyi fikirləri ilə barışıb.
Bir məqamı unutmamalıyıq ki, NATO Zirvə Görüşündə Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında baş verənlərə toxunulmaması Alyansın regiona marağının azalması kimi əsla qiymətləndirilməməlidir. Əksinə, Təşkilatın yaxın illərdə əsas diqqət verəcəyi regionlar sırasında Qafqaz ilk 3 sırada yer alır. Sadəcə olaraq, Zirvə görüşlərinin yekunlarına dair qəbul edilən sənədlərdə adətən NATO üçün problem kəsb edən və həlli vacib sayılan regionların, mövzuların adı çəkilir. Misal üçün, builki sənəddə hazırda vəziyyətin kritik sayıldığı İraq, Liviya, Ukrayna ətrafında baş verənlərə toxunulub. Qarabağ məsələsi isə artıq həllini tapdığına görə bu proseslər NATO-nun "mübarizə hədəfi” kateqoriyasına aid edilməyib.
Bu mövzuda diqqət çəkən digər məqam NATO-nun bundan əvvəlki bəyanatlarından fərqli olaraq, bu dəfə Azərbaycan və Ermənistan arasındakı danışıqlar formatına toxunulmaması, Minsk qrupunun adının çəkilməməsidir. Bu da başa düşüləndir. Çünki münaqişənin həllinə cavabdehlik daşıyan ATƏT-in həmsədrləri uzun illər ərzində konflikti aradan qaldırmaq əvəzinə, onun alovlanması üçün əlindən gələni edib. Nəticədə 2020-ci ilin payızında müharibə ilə torpaqlarını azad edən rəsmi Bakı bölgədəki reallığı, danışıqların formatını və predmetini dəyişdi, artıq həmsədrlərin vasitəçiliyinə ehtiyac qalmadı. Bundan sonra Azərbaycan və Ermənistan arasında Qarabağ deyil, iki ölkə arasında yeni münasibətlərin qurulması, sülh müqaviləsinin imzalanması müzakirə edilə bilər.
Beləliklə, Zirvə Görüşünün yekun sənədi onu göstərir ki, NATO Cənubi Qafqazdakı yeni reallığı anlayıb və qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi, artıq Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb və bu mənada NATO-nun bu məsələyə toxunmaması tamamilə məntiqlidir.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və Siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov