AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ali, Ermənistan isə üçüncü liqada təmsil olunan ölkədir

Azərbaycan ali, Ermənistan isə üçüncü liqada təmsil olunan ölkədir

Siyasət
14 Yanvar 2020, 17:16 9637
Faktlar Azərbaycanın bütün göstəricilər üzrə Ermənistanı qabaqladığını sübut edir

Ötən gün Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr edilmiş müşavirə keçirilib. Dövlət başçısı giriş nitqində yola saldığımız ildə əldə edilən nailiyyətlərdən, qarşıda duran vəzifələrdən geniş söhbət açılıb. Prezident İlham Əliyev müşavirənin sonunda erməni baş nazir Nikol Paşinyanın öz ölkəsinin "uğurları” haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməsinə də toxunub. Bildirib ki, guya Ermənistanın Azərbaycanı bir çox parametrlər üzrə qabaqlamasına dair Paşinyanın fərziyyələrinin heç bir əsası yoxdur. 
 

 
"Bu, bizim hərbi qələbəmiz idi” 
 
Prezident vurğulayıb ki, Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır. O, bunu təsdiqləmək üçün bir neçə hadisəni və rəqəmi diqqətə çatdırıb: "Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. ...2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, bu, 9 il bundan əvvəl baş vermiş hadisədir və onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir və eyni zamanda, Ermənistan üzərində böyük qələbə idi. 2016-cı ildə Ermənistan dinc Azərbaycan əhalisinə qarşı hərbi təxribat törədib və bu təxribat nəticəsində bir neçə dinc vətəndaş həlak olub. Onların arasında uşaqlar da olub. Azərbaycan buna cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdi və o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu, bizim hərbi qələbəmiz idi. Növbəti hərbi qələbə 2018-ci ildə təmin edilmişdir. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazi işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndi və bir neçə önəmli strateji yüksəklik azad edildi. Bu yüksəkliklər imkan verir ki, biz Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət edə bilək. Bu, bizim ikinci hərbi qələbəmiz idi”. 
 
 
 
Dünyanın ən güclü orduları reytinqində ölkəmizin yeri 
 
Dövlət başçısı deyib ki, dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O, "Global Firepower 2019” hesabatına istinad edərək, hava gücü üzrə dünyada Azərbaycanın 63-cü, Ermənistanın 86-cı, tank gücü üzrə ölkəmizin 32-ci, işğalçı dövlətin 78-ci yerdə olduğunu söyləyib. Müqayisəni əsas makroiqtisadi göstəricilərə görə davam etdirən dövlət başçısı deyib ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollar, Ermənistanda isə cəmi 13 milyard dollar olub: "Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Alıcılıq qabiliyyətinə görə adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 18 min 600 dollar, Ermənistanda 11 min dollardır. Valyuta ehtiyatları Azərbaycanda 51 milyard dollar, Ermənistanda 2 milyard dollardır, fərq 25 dəfədir. Xarici ticarət dövriyyəsi Azərbaycanda 33,6 milyard, Ermənistanda 7,4 milyard dollardır, fərq 4,5 dəfədir. İxrac - Azərbaycan 19,6 milyard, Ermənistan 2,4 milyard, fərq 8,1 dəfədir. Müsbət saldo Azərbaycanda 6 milyard dollar, Ermənistanda mənfi saldo 2,6 milyard dollardır. Sərmayə qoyuluşu - keçən il Azərbaycana 13,5 milyard dollar qoyulubdur, Ermənistana 900 milyon, fərq 15 dəfədir. Xarici dövlət borcu - Azərbaycanın xarici dövlət borcu 7,9 milyard dollar, Ermənistanın 6 milyard dollardır. Azərbaycanda xarici dövlət borcu ümumi daxili məhsulun 17 faizini təşkil edir, Ermənistanda 40 faizdən çoxdur. Valyuta ehtiyatları Azərbaycanda xarici dövlət borcundan 6,4 dəfə çoxdur, Ermənistanda xarici dövlət borcu valyuta ehtiyatlarından 2,3 dəfə çoxdur. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır”.
 
 

Əməkhaqları və pensiyalara dair müqayisə 
 
Əməkhaqları və pensiyalara dair məlumatı təqdim edən Prezident İlham Əliyev qeyd edib ki, 2019-cu ilin dekabr ayında Azərbaycanda orta əməkhaqqı 723 manat - 425 dollar təşkil etdiyi halda bu, Ermənistanda 369 dollardır: "Alıcılıq qabiliyyətinə görə orta əməkhaqqı üzrə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiya Azərbaycanda 200 manat, yəni 118 dollar, Ermənistanda 55 dollardır. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir. Orta pensiya Azərbaycanda 262 manat, yəni 154 dollar, Ermənistanda 84 dollardır. MDB-də orta pensiyaya görə Azərbaycan dördüncü, Ermənistan səkkizinci yerdədir. Orta pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də ikinci, Ermənistan axırıncı – onuncu yerdədir. Yoxsulluq səviyyəsi Azərbaycanda 4,8 faiz, Ermənistanda 24 faizdir, fərq beş dəfədir. Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə Azərbaycanda 934 mənzil verilibdir, Ermənistanda sıfır. Bütövlükdə Azərbaycanda bu kateqoriyadan olan insanlara 7590 mənzil verilib, Ermənistanda, bildiyimə görə, belə proqram mövcud deyil. Təkcə keçən il bu kateqoriyadan olan insanlara 600 avtomobil verilib, Ermənistanda sıfır. Bütövlükdə bu kateqoriyadan olan insanlara 6750 avtomobil verilib, Ermənistanda sıfır”. 
 

 
Orta əsr təfəkkürü, qonşu dövlətlərlə münaqişə şəraiti 
 
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanla Ermənistanın uğurlu müqayisəsini aparıb, real mənzərəni ortaya qoyub. Onun sözlərinə görə, Azərbaycan öz dövlətçiliyini bu gün beynəlxalq hüquq normaları, sivil prinsiplər üzərində, işğalçı Ermənistan isə orta əsr təfəkkürü ilə, qonşu dövlətlərlə münaqişə şəraitində qurur: "Bunun nəticəsidir ki, hər bir ölkə öz inkişafında tamamilə fərqli nəticələr əldə edib. Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu üzvüdür, ölkə iqtisadiyyatı güclü inkişaf edir. Azərbaycan əhalisinin sayı artır, vətəndaşlar bütün sahələr üzrə özlərini daha güvənli hiss edirlər. Ermənistan isə perspektivi olmayan dövlətdir. Azərbaycandan fərqli olaraq işğalçı Ermənistanın əhalisi hər il azalır. Ermənistanda investisiya yoxdur, inkişafdan söhbət gedə bilməz”. 
 

 
Ermənistan əhalisi daim xof içində 
 
Millət vəkili deyib ki, Ermənistan əhalisi daim xof içində, Azərbaycanın nə vaxtsa hərbi əməliyyatlara başlayaraq öz ərazilərini işğaldan azad edəcəyi qorxusu ilə yaşayır: "Prezident İlham Əliyev çox düzgün olaraq bildirdi ki, Azərbaycan ali, Ermənistan isə üçüncü liqadadır. Göründüyü kimi, Ermənistanda hakimiyyət dəyişsə də bu ölkənin dövlətçilik fəlsəfəsi dəyişmir. Ermənistan bugünkü sivil dünyada özünün yerini tapa bilmir. Nə qədər ki, köhnə təfəkkürlə, digər xalqları aşağılamaq baxışı ilə yaşayacaqlar, həmişə uduzacaqlar. Ermənistanın min illərdən sonra təsadüfən qazandığı müstəqilliyinin heç bir perspektivi yoxdur. Bir ölkənin ki, əhalisi durmadan köçüb gedir, bir ölkənin ki bütün strateji obyektləri artıq xarici şirkətlərə satılıb və digər dövlətlərin vassalı rolunu oynayır, onun gələcəyindən danışmaq olmaz. Prezident İlham Əliyevin müqayisəsi və məsələlərə münasibəti çox düzgün idi, reallığı əks etdirirdi. Bu, eyni zamanda Azərbaycan vətəndaşının tamamilə dəstəklədiyi bir məsələdir”. 
 

 
Azərbaycan Avropa dövlətlərindən öndə 
 
Millət vəkili, siyasi şərhçi Sahib Alıyev Prezident İlham Əliyevin müşavirədəki yekun nitqindən sitat gətirərək, Azərbaycanın ali liqada, Ermənistanın isə üçüncü liqada təmsil olunan ölkə kimi qiymətləndirib. Deputatın qənaətincə, hətta ölkə sözünü belə, burada adam tərəddüdlə işlədir. Çünki Ermənistan forpostdur, bir çox hallarda beynəlxalq subyekt yox, obyekt - bəlli güclərin əlində alət kimi çıxış edir: "Cənab Prezidentin Ermənistanın Azərbaycandan nə qədər geri qaldığının üzərində faktlarla və bu qədər geniş dayanmasına gəldikdə, bu, heç də zəifin fonunda güclü görünmək istəyindən qaynaqlanmır və ölkəmizin buna heç ehtiyacı da yoxdur. Çünki Azərbaycan bu gün öz güc və nüfuz potensialı ilə Avropanın bir çox orta çəkili dövlətlərini belə, geridə qoyur, o da qala dalana dirənmiş və dirədilmiş Ermənistan ola. Bilirsiniz ki, ABŞ-ın "U.S.News & World Report” nəşri dünyadakı 200-ə yaxın ölkənin içərsindən 80 ən nüfuzlusunun reytinq cədvəli dərc etmişdi. Azərbaycan orada 45-ci yerdədir. Bizim iki qonşumuz - Gürcüstanla Ermənistan heç bu cədvələ salınmadıqları halda Azərbaycan öz güc və nüfuzuna görə Avropanın orta çəkili dövlətləri - Portuqaliya, Çexiya, Rumıniya, Xorvatiya və digərlərindən də öndə idi”. 
 

 
Geosiyasi reallıqların çox sürətlə dəyişdiyi dövr 
 
S.Alıyev Ermənistanın populist baş nazirinin guya ölkəsinin adambaşına düşən ÜMD-nin həcminə görə Azərbaycanı ötüb keçməsi barədə səsləndirdiyi absurd fikirlərə də münasibət bildirib. Deyib ki, Ermənistandakı bir çox iqtisadçılar bunun ağ yalan olduğunu göstərəndən sonra Paşinyan yanıldığını etiraf edərək üzr istəyib: "Təəssüf ki, bizdə bəziləri Paşinyana hələ də züy tutaraq Ermənistanın Azərbaycanı ötüb keçdiyini deyirlər, bu da səbəbsiz deyil. Onlara verilən tapşırıq bu yöndədir.  Cənab Prezident konkret faktlar gətirməklə əsl reallığı ortaya qoydu. Qoydu ki, elə də yüksək hazırlığı olmayanlar həqiqəti bilsinlər. Bir də Ermənistandakılar da görsün ki, özlərindən hər baxımdan və bütün parametrlər üzrə güclü olan bir dövlətin torpaqlarını işğal altında saxlamaq onlara gələcəkdə nə vəd edir. Və unutmasınlar ki, biz geosiyasi reallıqların çox sürətlə dəyişdiyi bir dövrdə yaşayırıq. Özündən hər baxımdan güclü bir ölkəylə düşmənçilik bu gün regional layihələrdən təcrid, depopulyasiya və sair problemlərlə üzləşmələrinə səbəb olubsa, sabah tam məhvləriylə nəticələnə bilər”. 
 

 
"5-ci kolon”un təmsilçilərinə tərs şillə effekti 
 
Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin bu açıqlaması bir tərəfdən ölkəsinin uğurlarından dəm vurub, sonra bəzi rəqəmlərdə şişirtməyə yol verdiyni özü də etiraf edib üzr istəyən Ermənistanın populist baş naziri Paşinyana, eyni zamanda da bəzən haylarla sinxron hərəkət edən buradakı "5-ci kolon”un təmsilçilərinə tərs şillə effektli növbəti dərsdir: "Bu, eyni zamanda Ermənistandakılara reallığı başa salmaq və ona da uyğun davranmaq çağırışı idi. Orada bu çağırış adekvat qiymətləndiriləcəkmi? Açığı, buna elə də ümidli deyiləm. Niyə? Bu sualın cavabı isə fikrimcə, Ermənistanın keçmiş başçısı Robert Köçəryanın iki həftə bundan öncə məhkəmədə səsləndirdiyi sözlərdə axtarmaq lazımdır. O, orada Ermənistanı manqurtlar ölkəsi adlandırdı. Düz 10 il Ermənistana rəhbərlik etmiş bir adam bu fikirdədirsə, yəqin səbəbi var. Və bu heç də onun özünün də manqurt olmaması anlamını daşımır”. 
 
Rufik İSMAYILOV