• çərşənbə, 24 Aprel, 19:52
  • Baku Bakı 23°C

Azərbaycanda sağlam siyasi münasibətlər formalaşır

11.03.20 18:31 3876
Azərbaycanda sağlam siyasi münasibətlər formalaşır
Daxili problemlər, siyasi çəkişmələr xaricə ixrac edilməməlidir

Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında müntəzəm dialoq mövcuddur. İndiyə qədər hakimiyyət rəsmiləri ilə partiya sədrləri arasında bir neçə dəfə görüşlər keçirilib. Prezident Administrasiyasında (PA) aparılan struktur dəyişikliklərdən sonra da bu istiqamətdə addımlar atılmaqdadır. Belə ki, Administrasiyanın yeni strukturunda yaradılan müvafiq şöbə tərəfindən ayrı-ayrı partiya, o cümlədən müxalifət partiyalarının nümayəndələri ilə görüşlər keçirilir. PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP), Böyük Quruluş (BQP), Respublikaçı Alternativ (REAL), Ana Vətən (AVP), Yaşıllar Hərəkatı (YH), Vəhdət, Azərbaycan Xalq (AXP) və digər partiya rəhbərləri ilə keçirdiyi görüşlər qeyd olunanlara əyani misaldır. Həmin görüşlər zamanı siyasi partiyalar və dövlət münasibətləri, siyasi partiyalar və parlament fəaliyyəti, həmçinin digər məsələlər ətrafında səmərəli, işgüzar söhbətlər aparılıb.

İqtidara qarşı deyil, dövlətə qarşı edilən cinayət
Martın 10-da altıncı çağırış Milli Məclisinin ilk iclasında iştirak edən və geniş nitq söyləyən Prezidenti İlham Əliyev bu məqama xüsusi diqqət çəkib. Bütövlükdə seçki prosesinin uğurla keçdiyini diqqətə çatdıran ölkə rəhbəri nəticənin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb. Bildirib ki, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və bu, demokratiyanın inkişafında önəmli addımdır. O, müxalifət partiyası nümayəndələrinin Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunmasını Azərbaycanda siyasi sistemin daha da möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsi istiqamətində atılan uğurlu addım kimi dəyərləndirib. Bildirib ki, bütün bunlar iqtidarın mövcud siyasətinin yeni mərhələsini, islahatçı kursunu əks etdirir. Prezident İlham Əliyev Azərbaycanın daxili problemlərinin ölkə daxilində həll olunmasının zəruriliyindən də söhbət açıb. Qeyd edib ki, daxili problemlər, siyasi çəkişmələr xaricə ixrac edilməməlidir. Onun sözlərinə görə, bu yolla Azərbaycanı hansısa təzyiq altına salmaq, yaxud da sanksiyalarla hədələmək cəhdlərinin heç bir əhəmiyyəti yoxdur. Ölkə başçısı bəyan edib ki, bu, iqtidara qarşı deyil, dövlətə qarşı edilən cinayətdir.
Deputatlara böyük səlahiyyətlər verilib
Prezident İlham Əliyevin haqlı olaraq vurğuladığı kimi Azərbaycanda siyasi dialoq mühiti mövcuddur və belə olan halda daxili problemlərin ölkə daxilində həllini tapması mümkündür. Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr hansısa bir problemin həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşənDemokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə deyib ki, Azərbaycanda çoxşaxəli islahatlar həyata keçirilir. Onun sözlərinə görə, Prezident Administrasiyasında, Nazirlər Kabinetində, ayrı-ayrı icra qurumlarında tətbiq edilən kadr və struktur islahatları qanunverici hakimiyyətdən də yan keçməyib: "Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında bütün bu islahatlar barədə geniş nitq söylədi. O, parlament fəaliyyətinin əsas istiqamətlərini də diqqətə çatdırdı. Ölkədə başladılan islahatların davamı olaraq, növbədənkənar parlament seçkisi keçirildi, yeni formalaşan Milli Məclisdə inqilabi dəyişikliklər baş verdi. Parlament rəhbərliyində siyasi partiyaların azlıqda olan təmsilçisi var. Eyni zamanda Milli Məclisdəki partiyaların rəhbərlərindən parlament komitələrinin sədr müavinləri seçilənlər də var. Bu, ölkədə çoxpartiyalı siyasi sistemin formalaşmasına mühüm töhfədir. Bununla yanaşı, ölkədə bir sıra problemlərin həllində partiyaların, ictimaiyyətin, millət vəkillərinin iştirak etməsi məqamı var. Yerli icra hakimiyyətlərinin, dövlət məmurlarının fəaliyyətinə nəzarət, xalqın problemlərinin ictimailəşdirilməsi, onların həll edilməsi üçün deputatlara çox böyük səlahiyyətlər verilib. Gələcəkdə bütün nazirlərin parlamentdə çıxış etməsi, hesabat verməsi nəzərdə tutulub. Bu da imkan verir ki, millət vəkili seçicilərin problemlərini aidiyyəti icra qurumunun rəhbərinə bilavasitə çatdırsın. Bütün bunlar imkan verəcək ki, Azərbaycanın ümumi inkişafında siyasi partiyalar, deputatlar, vətəndaş cəmiyyəti səfərbər olunsun. Beləliklə, müasir və demokratik dövlət quruculuğunda hamının iştirakı mümkün olacaq”.

Parlament diplomatiyası gücləndirilməlidir
Partiya sədri bildirib ki, Azərbaycan xalqı üçün ölkənin müstəqilliyi, dövlətçiliyin inkişafı, milli maraqların müdafiəsi hər şeydən önəmlidir: "Azərbaycan müstəqil dövlət kimi tam müstəqil siyasət həyata keçirir. Biz heç kimə imkan vermərik ki, hansısa xarici ölkə, yaxud istənilən bir beynəlxalq qurum Azərbaycan üçün yenidən "böyük qardaş” funksiyasını yerinə yetirsin. Bununla belə, Azərbaycan daim bərabərhüquqlu əməkdaşlığa, tərəfdaşlığa açıq olan ölkədir. Biz bu kontekstdə münasibətlər qurur və inkişaf etdiririk. Sadəcə, Azərbaycan beynəlxalq hüquq normalarına riayət edilməsinin tərəfdarıdır. Belə ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. BMT bu işğal faktı ilə bağlı 4 qətnamə qəbul edib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi həmin qətnamələr indiyə qədər yerinə yetirilməyib. Nəticədə Dağlıq Qarabağ problemi indiyə qədər həllini tapmayıb. Bu kimi problemlərin həlli üçün parlament fəaliyyəti, diplomatiyası mühüm əhəmiyyət kəsb edir. Bir sıra hallarda Prezidentin, hökumət rəsmisinin deyə bilmədiyi sözü, fikri deputatlar daha açıq şəkildə ifadə edə, xalqın sözünü deyə bilərlər. Məhz bu səbəbdən parlament diplomatiyası gücləndirilməli, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri daha fəal olmalıdırlar”.

İqtidarla-müxalifət arasında sivil münasibətlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, millət vəkili Razi Nurullayev bildirib ki, Azərbaycanda siyasi partiyalarla bağlı indiyə qədər yığılıb qalmış xeyli problemlər var. Onun fikrincə, siyasi partiyalar haqqında mövcud qanunvericilik bu problemlərin həllində əhəmiyyətli rol oynaya bilmir: "Bu səbəbdən mövcud qanunvericilik yenidən işlənməli, təkmilləşdirilməlidir. Bununla yanaşı, hakimiyyət nümayəndələri ilə müxalifət arasında dialoq intensivləşməlidir. Müzakirələr aparılmalı, mövcud problemlərin sadə olanları dəyirmi masa arxasında həllini tapmalıdır. Bununla da bu kimi məsələlər nə kimsənin vaxtını almaz, nə də kimsənin başını ağrıtmaz, spekulyasiyalara yol açmaz. Digər yüklü məsələlərə gəlincə, bunlar da zaman-zaman müzakirə oluna bilər, həlli yolları tapılar. Nəticədə iqtidarla müxalifət arasında dialoq yaranar. Qonşu ölkələrdə, o cümlədən Türkiyədə iqtidarla-müxalifət arasında çox normal, sivil münasibətlər var. Azərbaycanda da oxşar münasibətlərin formalaşması üçün hələ 2015-ci ildən başlayaraq təkliflərlə çıxış etmişik, özümüz bu yolu tutmuşuq. Bu gün sevinirəm ki, artıq real nəticələrə söykənən addımlar atılır. Bu addımlar sayəsində iqtidarla müxalifət arasında dialoq möhkəmlənəcək və Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışı zamanı nəzərdə tutduğu məsələlərin, problemlərin bir çoxu spekulyasiya olunmadan məhz ölkə daxilində həllini tapacaq”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər