• cümə, 19 Aprel, 10:33
  • Baku Bakı 13°C

Azərbaycan-özbək ədəbi əlaqələrinin Nəsimi fəzası

13.01.20 13:30 2133
Azərbaycan-özbək ədəbi əlaqələrinin Nəsimi fəzası
Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi az qala bu xalqların bədii təfəkkürünün yaşı qədərdir. Hər iki xalqın etnik-milli düşüncəsində oturan oxşarlıqlar və eyniliklər onlardan hər birinin fəlsəfi-poetik irsinin öyrənilməsi istiqamətində əsaslı yer tutur. Azərbaycan-özbək folklor, epos, epik, klassik bədii əlaqələri lap uzaq keçmişdən öyrənilməkdədir. Belə ki, Nizami, Xaqani, Nəsimi, Füzuli və digər sənətkarların yaradıcılığı özbək mədəni-ədəbi mühiti ilə sıx əlaqədə olmuşdur. Bəlkə də, Orta Asiya regionunda özbək ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatı arasında olduğu qədər sıx və intensiv münasibətlər heç bir ədəbiyyatla olmamışdır.
Nəsimidən sonra, əlbəttə, bu əlaqələrə Əlişir Nəvainin təsiri böyük olmuşdur. Hər iki qardaş ədəbiyyat nümayəndələrinin qarşılıqlı səyləri nəticəsində Azərbaycan və özbək ədəbiyyatları inkişaf edərək yeni bədii zirvələr fəth edə bildilər. Bu əlaqələr müxtəlif rakurslardan təhlillərə cəlb edilsə də, problemin bir sıra xüsusiyyətlərinə yenidən nəzər salmağa ehtiyac qalmaqdadır. Burada Q.Əliyev, C.Nağıyeva, X.Rza Ulutürk, V.Abdullayev, B.Valixocayev, P.Xəlilov, Y.Qasımov, A.Azalp, A.Binnətova və başqalarının rolu qeyd edilməlidir. Nəsiminin Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafında rolu ona görə nəzərə alınmalıdır ki, birinci, həmin dövrlərdə sırf etnik-milli ərazi, region anlamı bugünkü şəkildə yox idi, ikinci səbəb isə onunla bağlı idi ki, hər iki (o cümlədən, türkmənlərin də) xalqın poeziya dilində ərəb əlifbasından istifadə edilirdi. Eyni zamanda Nəsiminin poetik dili əruz ölçülərində idi və özbəklərin də poetik ənənəsi məhz bu qəlibə bağlı idi.
1973-cü ildə Nəsiminin 600 illik yübileyi YUNESKO xətti ilə qeyd olunduğu ildə özbək müəllifləri V.Abdullayev və B.Valixocayev Özbəkistan SSR Elmlər Akademiyasının nəşr etdirdiyi "Узбекистанда ижтимоии фанлар” jurnalının 2-ci sayında "Nəsimi və özbək ədəbiyyatı” mövzusunda məqalə çap etdirmişdilər.
Məqalə müəllifləri Nəsiminin Azərbaycan ədəbiyyatında rolunun böyük olduğundan bəhs etməklə, həm də onun alçaldılmış və təhqir edilmişlərin mövqeyində dayandığını və məhz insanın yüksək ləyaqət daşıycısı olduğunu ön plana çıxarmışlar. Müəlliflər eyni zamanda onu da vurğulamışlar ki, dahi özbək şairi Nəvai də ilk dəfə olaraq məşhur maarifçi-şair Nəsiminin yaradıcılığı ilə tanış olub, onunla bağlı fikirlər söylədiyini faktlar əsasında sübut etmişlər. Əlişir Nəvainin Nəsimi ilə bağlı fikirləri "Xолоти Пахлавон Мухаммад” ("Pəhləvan Məhəmmədin həyatı”) (1493) və "Насoйимaл мухаббат” ("Məhəbbətin əlamətləri”) (1496) əsərlərində əksini tapmışdır. Adını çəkdiyimiz "Xолоти Пахлавон Мухаммад” əsəri XV yüzilliyin 60-cı illərinə aiddir ki, məhz bu da Nəvainin Nəsiminin əsərlərindən yeniyetməlik dövründə aldığı təəssüratları əks etdirir. Eyni zamanda həmin nümunədə Xorasanda Teymurilərdən olan Əbu Səid Mirzənin (1457-1468) dövründən bəhs edilir ki, Nəvai məhz o dövrdə Məşhədə gələrkən burada xəstələnir. Şairin yaxın dostlarından olan Pəhləvan Məhəmməd də burada olduğundan o, xəstə Əlişirə qulluq edir.
Xəstəliyinə baxmayaraq, Nəvai burada ara-sıra qəzəl də yazır. Əlişir yeddi beytdən ibarət bir qəzəl yazır ki, onu heç kimə göstərmədən gizlədir. Pəhləvan Məhəmməd Nəvainin yanına gələrkən onun cibində bu kağızı görür, çıxarıb əzbərləyir və yenə də qaytarıb yerinə qoyur. Bundan sonra Pəhləvan Əlişirlə türkidə yazan şairlərlə bağlı söhbət əsnasında xalq arasında daha oxunanlar barədə məşhur türk şairlərindən kimin hamıdan daha yaxşı yazdığı ilə əlaqədar sual verdikdə Nəvai onların sırasında Nəsiminin də adını çəkir və deyir: "Seyyid Nəsiminin şeirləri başqa rəngdədir. O, ruhani şairlər kimi yazmır, həqiqəti müdafiə edir”, – deyə bildirir. Pəhləvan Məhəmməd bu zaman ona aşağıdakıları deyir: "Nəsiminin şeirləri zahiri baxımından, dünyəvi məzmun baxımından həqiqətə istiqamətlənir. Bu faktın özü də sübut edir ki, Nəsiminin şeirləri hələ şairin öz dövründən nəinki Azərbaycanda, həm də Orta Asiyada geniş yayılmışdır. Ümumiyyətlə, Nəvai Nəsimi yaradıcılığına olduqca böyük dəyər vermişdir. Bundan başqa Nəvainin "Məhəbbətin əlamətləri” əsərində digər Azərbaycan şairləri Seyid Qasım, Ənvər Təbrizi, Mövlana Əşrəf Marağayi ilə yanaşı, həm də Nəsiminin yaradıcılığı və şəxsiyyəti səciyyələndirilir. Nəvai Azərbaycan şairinin əsərlərinin mahiyyətini açmaqla yaradıcılığı üçün xarakterik olan şeirlərindəki orijinal ruhu və melodiyanı da xüsusi olaraq qeyd edir. Eyni zamanda Nəvai həm də Nəsiminin əsərlərinin fəlsəfi ruhundan bəhs edərkən onu da söyləyir ki, "rum türkməncəsində” (yəni Azərbaycan türkcəsində) "bu xalqın şeirləri sırasında onu şeirləri ilə yanaşı duranları yox idi” ("maзкур булғон мулк ахлиға анинг шеъри мукобаласида xaтoнoки шеър йукtур”). "Humanist ideyalar çarçısı” (N.Tixonov) olan İmadəddin Nəsiminin həyatın gücünü nümayiş etdirən lirikası, onun fəlsəfi baxışları, Nəvainin özünün insansevərlik motivləri ilə həmahəng səslənirdi. Yeri gəlmişkən Nəsiminin humanizmi və fəlsəfi baxışları, onun insanı təqdim etməsi, ona dəyər verməsi nəinki Nəvainin düşüncəsəni qidalandırırdı, həm də XVII–XVIII əsrlərdə yazıb-yaratmış özbək ədəbiyyatı nümayəndələri Babarəhim Məşrəb, Mühəmməd Niyaz, Nişati, Əsiri, Durdı, XVIII əsr türkmən ədəbiyyatında Məhdimqulunun yaradıcılığı üçün maraqlı nümunəyə çevrilirdi. Əgər Nəsiminin sosial-fəlsəfi məzmunlu qəzəlləri ilə Babarəhim Məşrəbin buntar, qiyamçı, azadlıqsevərlik motivli lirikasını müqayisə etsək, onlarda üst-üstə düşən xeyli oxşarlıqlar tapa bilərik. Bundan başqa özbək şairləri Hüveydanın (XVIII əsr) və Məxmurun (XVIII-XIX əsr) yazdıqları bəndlərlə Nəsimi əsərlərində yaxınlıqlar görmək mümkündür.
Özbək poeziya nümayəndələri ilə Nəsimi yaradıcılığı arasında paralellər ortaya qoyan məqalə müəllifləri bunu ilk növbədə Azərbaycan və özbək xalqlarının parlaq sənətkarlarının yüksək humanist ideallar uğrunda mübarizə apardıqları ilə bağlayırdılar.
1970-ci illərdə Nəsimi özbək ədəbiyyatında fikir mərkəzində duran klassik kimi diqqəti cəlb etməkdə idi. Belə ki, 60-cı illərdən başlayaraq Azərbaycan-özbək ədəbi əlaqələri ilə bağlı axtarışlarını 70-ci illərdə də davam etdirən Qulamhüseyn Əliyev "Nəsimi və özbək ədəbiyyatı” adlı daha bir sanballı məqalə də çap etdirir. Təxminən elə həmin dövrlərdə Daşkənddəki "Ədəbiyyat və sənət nəşriyyatı” Nəsiminin əsərlərini özbək dilində oxuculara təqdim etmişdir. Azərbaycan dilindən özbəkcəyə bu şeirləri Mirtemir, Xalid Rəsul və Əskər Qasımov tərcümə etmişlər. Nəşrə mütərcimlərdən biri filologiya elmləri doktoru Xalid Rəsul "Seyid İmadəddin Nəsimi” adlı geniş giriş sözü yazmışdır. Burada Nəsimi haqqında, onun həyatı, mühiti, dünyagörüşü, hürufilik təriqətinin əsasını qoyanlardan biri, Nəiminin hürufilik təriqətinin məşhur təbliğatçısı, səyahət etdiyi ölkələr, onun Şərq ədəbiyyatı tarixində doğma xalqın iqtidarını, qüdrətini, şeiriyyətdə məharətini, mürtəce rühanilərə qarşı münasibətini, əsərlərində xalqın dərd-kədərini, əzab-iztirablarını göstərməklə, həm də insanların sədaqətini, mehr və şəfqətini, aclıq və möhtaclıq içində keçirdiyi vəziyyətini, zəmanənin bəlaları içində boğulduğunu və s. xüsusiyyətlərini əsərlərinin mahiyyətindən boy verən bütün cəhətləri şairin qəzəllərindən gətirdiyi nümunələrlə əsaslandırmağa çalışırdı. Xalid Rəsul yazır: "Həyatını insan baharına bağışlayan, bahar, gözəllik aşiqi haqq-həqiqət, ədalət aşiqi böyük faylasuf İmadəddin Nəsimi şeiriyyətinin qəhrəmanı, kamala yetişmiş, hər işə qadır yaradıcı insandır”.
Xalid Rəsul daha yazırdı: "Nəsimi şeiriyyətinin qüdrəti, onun ümumbəşəri mahiyyəti şairin insanpərvərliyində, insanın azadlığa və mənəvi kamala, yetişməsində öz dövrünün yüksək xəyali-bədii məharətini nümayiş etdirməsindədir”. Elə bu xüsusiyyətlərinə görə müəllif həm də haqlı olaraq davam edir ki, Nəsiminin ədəbi mirasını yaxşı tanıyan özbək, türkmən, türk şairlərinə onun şeirlərinə böyük əhəmiyyət verməklə, rolunu yüksək dəyərləndirmişdir.
Onu da qeyd edək ki, Xalid Rəsul Nəsiminin əsərlərini M.Quluzadənin 1962-ci ildə Bakıda nəşr olunmuş "Nəsimi. Seçilmiş şeirlər” kitabının əsasında tərtib etməklə yanaşı, bir sıra digər şeirlərini isə Salman Mümtazın 1926-cı ildə Bakıda ərəb əlifbasında nəşr edilən "Azərbaycan ədəbiyyatı” seriyasındakı "Seyid İmadəddin Nəsimi” məcmuəsinə əsaslanaraq araya-ərsəyə gətirmişdir. Nəsimi əsərlərinin tərtibçisi və mütərcimləri eyni zamanda onu da vurğulayırlar ki, həmin nəşrdə M.Quluzadənin yolunu tutub, onun prinsipinə söykəyərək şairin dil, üslub xüsusiyyətlərini də özbək dilində itkisiz saxlamağa səy göstərmişlər.
Nəsiminin adını çəkdiyimiz bu "Əsərlər”ində şairin "Qəzəllər”i, "Müstəzadlar”ı və "Rübailər”i təqdim olunmuş, "Lüğət və izahlar”la təchiz edilmişdir. Bəri başdan qeyd etmək zəruridir ki, "Əsərlər”in həm tərtibçisi, həm də mütərcimləri Nəsimi poeziyasının ən mühüm xüsusiyyətlərini böyük məsuliyyətlə qoruyub saxlamağa müvəffəq olmuşlar. Tərcümlərdən gələn başlıca qənaət budur ki, onlar orta əsrlər türk və Şərq poetikasının ən mühüm elementlərini özbək dilində hifz etməyi bacarmışlar. Özbək dilində Nəsiminin əsərləri tərcümədən daha çox orijinala yaxınlığı ilə seçilir.
Nəsimi qəzəlinin ritmik quruluşunda önəm daşıyan əsas elementlər onun arxitektonikasına, qafiyəsinə, ritmik səslənməsinə heç bir mənfi təsir etmədən tərcümə dilində yaradılmışdır. Bu onu sübut edir ki, iş prosesində mütərcimlər orijinala uyğun özünəməxsus şeir texnikası və prinsipləri formalaşdıra bilmiş, şeirin səs və söz ahəng, söz və ifadələrin balanslaşdırılması, ritmik düzüm və s. maraqlı emosional effekt yaratmışlar. Tərcümədən görünür ki, söz və ifadələrin düzümündə ritmik zərbələr, taktlar xüsusi harmoniya yarada bilmişdir.
Nəsiminin yaradıcılığına müraciət özbək ədəbiyyatında və tərcümə sənətində sonrakı dövrlərdə də səngiməmişdir. 2009-cu ildə filologiya elmləri namizədi Erqaş Oçilov Daşkənddə "Donişmandlar tuxfasi. Ruboiylar” adlı kitabı özünün giriş sözü və izahları ilə nəşr etdirmişdir. Kitabda Şərq aləmində məşhur olub öz hikmətləri ilə dünya estetik fəlsəfi fikrinin ovxarlanmasına nəzərə çarpacaq dərəcədə təsir etməyi bacaran Bəyazid Bistomi, Yusif Həmədani, Həkim Sənai, Nizami Gəncəvi, Fəridədin Əttar, Cəladəddin Rumi, Əmir Xosrov Dəhləvi, Bahauddin Nəqşibəndi, Kamal Hicəndi, Hafiz Şirazi, Şövkət Buxari və digərlərinin rübailəri ilə yanaşı, Nəsiminin də rübailəri – cəmi 106 təfəkkür sahibinin əsərlərindən nümunələr özbək oxucularına təqdim edilmişdir.
Erqaş Oçilov "Təriqət və şeiriyyət” adlı ön sözdə bu kitabda təqdim olunmuş şairləri "Allahın dostları, peyğəmbərlərin varisləri” adlandırmaqla onların hökmdarlara nəsihətlər verdiyini, hər hansı ədalətsizliklərə qarşı dayandıqlarını qeyd etməklə, xalq arasında böyük nüfuz sahibi olduqlarını və onların ədəbi yaradıcılığında digər janrlarla yanaşı, rübailərin də dominant mövqedə dayandığını göstərmişdir. Çünki bu şairlər təsəvvüf əhli olmaqla Allah rizasına, Allaha itaət və ibadət, ona hörmət etmək və sevməklə sədaqət göstərdiklərini, Vətənə, torpağa məhəbbət nümayiş etdirmək, əhdə vəfanı, ədəb-əxlaqı, mərdliyi, alicənablığı, humanizmi, insanlığı, ədaləti, fəziləti ön plana çəkib, xəyanəti, etiqadsızlığı qamçıladıqlarını, şeirin köməyi ilə kamil insanın əxlaq kodeksini yaratdıqlarını vurğulmışdır. Adını çəkdiyimiz kitabda Nəsiminin iyirmi bir rübaisi təqdim olunmuşdur. Çünki rübai elə bir bədii-poetik ifadə vasitəsidir ki, orada insanın həyatının müxtəlif mənzərələrini dörd misrada uğurlu əks etdirmək olur.
Erqaş Oçilov tərəfindən Nəsimi rübailərinin özbək dilində oxuculara çatdırılması, fikrimizcə, uğurlu hesab edilməlidir. Çünki burada rübailərin ritmik düzümü, şeirin ahəngi, qafiyənin yaddaşda oturdulması, bəndlərin yaratdığı poetik vüsət bədii deyimin güclənməsinə, oxucunun ona qulaq kəsilməsinə münbit şərait yaratmaqdadır. Ümumiyyətlə, rübailərin tərcüməsi orijinalda olduğu kimi görümlü və dilə yatımlı mənzərə yaradır.
Bu rübailərin zahiri biçimi və düzümü ahəngdar müsiqini xatırlatmaqla, həm də rəmzi-simvolik yozum qatlarının köməyi ilə öz bənzərsiz bədii təxəyyül palitrasına görə oxucunu özünün sehrinə salır.
Erqaş Oçilov üç il sonra yenə də Nəsimi yaradıcılığını diqqət mərkəzində saxlamaqla "Жахон шеърияти дурдоналары” seriyasından "Seyyid İmadəddin Nəsimi. Меn bu cahana sığmazam” adlı kitabı nəşr etdirir. Bu nəşrə daxil edilən Nəsimi qəzəllərinin və dördlüklərin tərcüməsini Azərbaycandan özbəkcəyə Osman Kuçkar və Erqaş Oçilov etmişdir. Mirtemir, Xalid Rəsul və Əskər Qasımov tərcümələrindən fərqli olaraq onlar burada Nəsiminin özbək dilinə əvvəl tərcümə olunmuş əsərlərini yox, 1972–1975-ci illərdə İraqın Kərkük vilayətində tapılmış və 1987-ci ildə "İraq divani” adı ilə nəşr etdirilmiş divanın yeni nüsxəsindən və eyni zamanda Osman Kuçkarın Nəsimidən tərcümə etdiyi qəzəllərdən Erqaş Oçilovun tərcümə etdiyi rübailərdən, dördlüklərdən ibarət olmuşdur.. Erqaş Oçilovun giriş sözü və tərcümələrdən gəldiyimiz qənaətlərə görə o, Nəsimi yaradıcılığını nəinki yalnız özbəkdilli mənbələrə, həm də Azərbaycan, rus, Şərq, türk ədəbiyyatlarında mövcud olan araşdırmalara görə dərindən öyrənmiş, onun həyat və yaradıcılığının əsas xüsusiyyətlərini, dini-fəlsəfi, mənəvi-estetik tərəflərini çeşidli rakurslardan incələməyə səy göstərmiş, şairin dini-fəlsəfi baxışları ilə bağlı səriştəli bilgilər ortaya qoymuşdur. O, Nəsiminin Mənsur Həllacın ilahi eşqinə aşiq olmasından və bu böyük mütəfəkkirə ömrünün sonuna qədər etiqad etməsindən, onun ruhnaməsinə daxil olmasından, şeirlərində atəşin məhəbbətin təsvirinə yer verdiyindən danışmaqla, Azərbaycanda təsəvvüf düşüncəsinin kamilləşməsində hürufiliyin yayılması və Fəzlullah Nəiminin hürufiliyin banisi kimi 1394-cü ildə Şirvana gələndən sonra onun bu dini-fəlsəfi cərəyanın əsirinə çevrilib Fəzlullahı özünə mürşid hesab etməsindən, Nəiminin adına həmahəng olaraq Nəsimi təxəllüsünü götürüb bu əqidə ilə nəfəs aldığını göstərməklə, həm də Nəsiminin Qətran Təbrizi, Sədi, Nizami, Xaqani və Əvhədi kimi ustad şairlərin yaradıcılığından məharətlə yararlandığını nümununələrə əsaslanaraq təqdim etmişdir. Erqaş Oçilov Nəsiminin yaradıcılığını tədqiq edərkən həm də haqlı olaraq belə bir mühüm məsələyə də toxunur ki, Nəsimi öz fikir və duyğularını xalqa sadə üslubda çatdırdığına görə onunla üzvi şəkildə yaxınlıqda olmuşdur.
Özbək mütərcimləri Osman Kuçkar və Erqaş Oçilovun oxuculara təqdim etdikləri bu tərcümələrin əvvəlkilərdən digər bir fərqi isə ondan ibarətdir ki, buradakı nümunələr orijinalda yaradılan vəznin xüsusiyyətlərini daha mükəmməl şəkildə özündə qoruyub saxlamışdır. Bundan başqa Nəsiminin istifadə etdiyi dini və təsəvvüfi istilahlar və düşüncələr, kinayə və müəmmalar, qədim türk dilində, ərəb və farsda olan söz və ibarələr Nəsimi şeirlərinin dilində istifadə edilən mürəkkəb tərkiblər də imkan daxilində qorunub saxlanılmış, tərcümələrlə bağlı şəriştəli şərh və izahlar verilmişdir.
Mütərcimlər Nəsiminin qəzəlindəki mistik xüsusiyyətləri, mətnin üslub keyfiyyətlərini, ritmik ekspressiyasını uğurlu şəkildə qoruya biliblər. Buna görə də qəzəl özbək dilində də yetərincə dinamik və uğurlu səslənməkdədir. Özbək dilində yer alan üslubi fiqurlar qafiyə sistemi, bəndlər arasındakı əlaqələr və mükəmmilik və s. kimi məqamlar tərcümədə səmərəli məzmun yaratmağa hesablanmışdır.
Nümunə gətirdiyimiz qəzəllər göstərir ki, Nəsiminin zəngin ədəbi-poetik irsi türkənməz mənəvi-estetik xəzinə olaraq özbək mətürcimlərinin köməyi ilə Nəsimisevərlərə böyük məsuliyyət və bacarıq hissi ilə çatdırılmışdır. Nəsiminin qəzəllərində tez-tez işlənən ruh-ilahi gözəlliyin atributu kimi, zülf – ilahinin əzəməti və böyüklüyünün pərdəsi kimi, xərabət-saflıq, paklıq simvolu kimi tərcümədə adekvat şəkildə görünüb saxlanılmışdır. Orijinal müəllifi kimi mütərcimlər də İlahi gözəlliyi insanın mahiyyətinin gözəlliyində açmağa müvəffəq olurlar. Nəsiminin sevgi mistikasının Allaha sevgi kimi dərki də Osman Kuçkar və Erqaş Oçilov tərəfindən doğru-dürüst qorunub saxlanılır. Belə olduqda biz bu tərcümələrin ekvivalentlik və adekvatlıq keyfiyyətləri haqqında daha çox danışa bilərik.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycanın, mütəfəkkür şairi İmadəddin Nəsiminin əsərləri kiril əlifbası, həm də latın qrafikalı yeni özbək əlifbası ilə nəşr edilmişdir. Əsər Mərkəzin rəhbəri Samir Abbasovun ön sözü ilə Sona Vəliyevanın elmi məsləhətçiliyi, və Fərid Hüseyn, Kərimulla Məmmədzadə və Qulu Kəngərlinin layihə kordinatorluğu ilə araya-ərsəyə gəlmişdir. Kitaba daxil edilmiş nümunələr Tahir Qəhharın tərcüməsində Əlyar Səfərlinin tərtib etdiyi Nəsiminin "Seçilmiş əsərləri” (Bakı, "Maarif” nəşriyyatı, 1985), Qəzənfər Paşayevin toplayıb tərtib etdiyi "İraq divanı” (Bakı, Yazıçı, 1987) və bir də 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamıyla nəşr olunmuş Nəsiminin iki cildlik seçilmiş əsərləri” (Bakı, "Lider Nəşriyyat”, 2004) əsasında tərcümə edilərək özbək oxucularına təqdim olunmuşdur.
Tahir Qəhhar da Azərbaycan şairinin əsərlərinin tərcüməsində Osman Koçkar və Erqaş Oçilov kimi Nəsimi yaradıcılığının dini-ruhi, fəlsəfi-estetik, mənəvi-etik xüsusiyyətlərini düzgün dəyərləndirməklə, çəkinmədən deyə bilərik ki, həm də uğurlu poeziya nümunəsi yaratmağa müvəffəq olmuşdur.
Bizə belə gəlir ki, Tahir Qəhhar öz tərcümələrində Nəsimi yaradıcılığının fotosunu yox, bacarıqlı rəssam kimi portretini yarada bilib. Biz burada "portret” istilahından ona görə istifadə edirik ki, mütərcim bu portretin yapılmasına nəzərə çarpacaq dərəcədə zəhmət sərf etməklə orijinalı nəinki hiss etmiş, həm də daxilən yaşamışdır. Qəhharın orijinala dürüst və diqqətli münasibəti onun iş prosesində mexaniki yanaşmadan kənar olmasına gətirib çıxarmışdır. Elə buna görə də hesab edirik ki, poetik mükəməllik yalnız yüksək istedadı olan cəsur insanları təxəyyülündə canlandırıla bilər. Burada, hər şeydən öncə, mütərcimin orijinalda yer almış vahidlərin düzgün dərk edilməsi ilə bağlı olmuşdur.
Məlum olduğu kimi, bədii nitqin poetik təşkili şeir tərcüməsinə öz qanunuyğun möhürünü vurur. Çünki Nəsiminin poetik nitqindəki ciddi ritm, ahəng, quruluş, struktur, harmoniya özəlliyi müxtəlif ölçü vahidlərində (metr) və rəngarəng birləşmələrdə özünü əks etdirir. Elə buna görə də Nəsimi şeirlərinin intonasiyası həm də özünəməxsus musiqi yaratmaqdadır. Şeir musiqisinin adi musiqidən güclü şəkildə fərqlənməsinə baxmayaraq, bununla belə bu o qədər qeyri-adidir ki, burada həm də şair-mütərcimin musiqini eşidə bilmə bacarığı ortada olmalıdır. Şeirin musiqisi sözlərin mücərrəd səslənişində yox, səslənmə ilə mənanın birləşməsində, səslərin ifadə etdiyi mənada özünü nümayiş etdirməlidir. Hətta nitqin müsiqili elementi olan alliterasiya yalnız o halda mahiyyət kəsb edir ki, nə zamankı o fikrin daha yaxşı ifadə olunmasına və bədii təəssüratın güclənməsinə səbəb ola bilir. Buna görə də poeziyanın (klassik türk və Şərq poeziyasının xüsusi olaraq) səciyyəvi cəhəti budur ki, poetik musiqi ritm quruluşuna əsaslanır, ritmin özü isə şeir mətnin ölçüsündəki sintaktik quruluşa təsir edir. Maraqlıdır ki, özbək mütərcimləri, demək olar ki, tərcüməyə heç nə əlavə etməyə də lüzum görmürlər. Bütün bunlar bir daha onu təsdiqləyir ki, Nəsimi yaradıcılığı Osman Koçkar, Erqaş Oçilov, Tahir Qəhhar və b. tərəfindən özbək oxucularına adekvat çatdırılmış, böyük Azərbaycan mütəfəkkirinin əsərlərinin mahiyyəti onlar tərəfindən düzgün anladılmışdır. Beləliklə, təhlillər göstərir ki, Nəsiminin özbək dilinə tərcümə edilmiş əksər əsərləri hər hansı nəzərəçarpacaq itkilərdən kənardır. Ümid edirik ki, özbək tədqiqatçıları və mütərcimləri bundan sonra da Nəsimi irsinin təbliğ olunmasında öz gərəkli səylərini əsirgəməyəcəklər.

Nizami Tağısoy



banner

Oxşar Xəbərlər