Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin ən yeni dövrü
Keçən əsrin səksəninci illərinin
sonlarına qədər SSRİ-nin hər bir guşəsində olduğu kimi Azərbaycan mətbuatında
da krımtatarların dəhşətli faciəsi, onların gərgin və dramatik sürgün həyatı,
eləcə də xalqa qarşı törədilən soyqırımı haqqında məqalələr dərc olunmurdu.
Krımtatarların repressiyası, xalqın kəskin problemlərilə bağlı materiallar, həm
də onların ədəbiyyatından nümunələr mətbuatımızda 1989-cu ildən etibarən rast gəlinir.
Sərt kommunist rejiminin dəmir pərdələri aradan
qaldırılandan sonra Azərbaycan və krımtatar qardaşlıq bağlarının yeni mərhələsi
üfüqdə göründü.
Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin yenidən dirçəlməsində Rəşad Məcidlə Yunus Kandımdan başqa Adil Babayev, Əli Səngərli, Mahmud Allahmanlı, Aqil Abbas, Əli Şamil, Ramiz Əsgər, Əli Xələfli, Elçin İsgəndərzadə, Nüşabə Sadıxlı, Şakir Səlim, Ablyazis Veliyev, Nariman Seyityahyayev, Şeryan Ali, İsmail Kerim, İsmet Zaatov, Sevil Kerimova və digər şəxslərin yaradıcılıqları diqqətə layiqdir. Dostluq tellərinin aynası olan ədəbi nümunələrin və tədqiqatların arasında məşhur professorlar – Adil Babayevin və Mahmud Allahmanlının elmi araşdlrmaları xüsusi diqqət doğurur. Eyni zamanda mətbuat orqanlarımızdan – "525-ci qəzet”, "Ədalət”, "Ədəbiyyat”, "Kredo”, "Sərbəst düşüncə”, "Şərqin səsi”, "Ekspress”, "Proqnoz”, "Lenin bayrağı”, "Krım”, "Yanı dünya”, "Qolos Krıma” qəzetləri və "Xəzər”, "Dədə Qorqud”, "Göyərçin”, "Yıldız” jurnalları Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin yenidən canlanmasında önəmli rol oynadılar. İldən-ilə boy atan qardaşlıq bağlarımız artıq zirvələrə doğru üz tutub. Bu yüksəlişin parlaq və uğurlu olacağını Ulu Tanrıdan diləyirik.
Xalqlarımızın
ədəbi-mədəni bağlarının ümumi məhsulu kimi çox qısa bir zamanda onlarla
publisistik məqalələr, elmi araşdırmalar, tərcümələr Azərbaycan və krımtatar mətbuat
orqanlarında dərc olundu. Bakıda və Ağməsciddə bir-birinin ardınca nəşr olunan
kitablar qardaşlıq əlaqələrinin yenidən dirçəlməsinə, tarixi münasibətlərin əski
axarına yönəlməsinə zəmin verdi. Beləliklə, ümumtürk mədəniyyətinin qayğısına
qalan Azərbaycan və krımtatar ziyalıları arasında qardaşlıq bağlarının yeni səhifələri
açıldı. Bu uğurlu addımlar qürbətdən vətənə dönən krımtatar qələm sahiblərinə sonsuz
sevinclər bəxş etdi. Ədəbi-mədəni əlaqələrin yenidən qurulmasında gənc nəsillər
daha da fəal və önəmli rol oynadılar.
Bax bu nəzər nöqtəsindən gənc şairlər – Rəşad Məcidlə Yunus Kandımın baxışları
və arzuları sanki eyni ruhda səsləşdi. Onların yaradıcılıq uğurları ən yeni
dövr Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələr tarixinin yaddaşına həkk
olundu.
Yarıməsrlik məcburi ayrılıqdan sonra Azərbaycan
dilinin leksikasında "krımtatar” sözünü yenidən hallandıran, bu sözə həyat
verib, onu təzədən canlandıranlardan biri də Rəşad Məcid oldu. Bu baxımdan onun 1989-cu ildə
Bakıda "Xəzər” jurnalında işıq üzü görən "Bəlalı krımtatarları” məqaləsi xüsusi
maraq doğurdu. İlk yazının sorağı tez bir zamanda sərhədləri aşıb Daşkəndə
yetdi və o krımtatar dilinə tərcümə olunub "Lenin bayrağı” qəzetində dərc
edildi. Məqalə Özbəkistanda və digər respublikalarda yaşayan krımtatarlar tərəfindən
sevinclə qarşılandı. Krımtatarların dərdlərini və qəmlərini bölən Rəşad Məcid
az vaxtda xalqın rəğbətini qazandı. Müxtəlif şəhərlərdən onun ünvanına onlarla
minnətdarlıq məktubları axışdı.
1989-cu ildən "Lenin bayrağı” qəzetində
"Bizim haqqımızda harada və nə yazırlar” rubrikası təşkil edilmişdi. Həmin
dövrdə keçmiş SSRİ respublikalarının mətbuat orqanlarında krımtatar faciəsi ilə
bağlı çıxan materiallar krımtatar dilinə tərcümə olunub, bu rubrikada dərc
edilirdi. Rəşad Məcidin "Bəlalı krımtatarları” yazısı bu rubrikanı daha da zənginləşdirdi
və iki xalqı yenidən bir-birinə doğmalaşdırdı. Bu məqalə Rəşad Məcidin
simasında Azərbaycan xalqının haqq və dayaq səsi idi. Onlar bu mənəvi dayağı
çoxdan gözləyirdilər və ona möhtac idilər.
Etiraf edim ki, Rəşad Məcidin "Bəlalı
krımtatarlar”ı mənim özümü də krımtatarlardan az ruhlandırmadı. Çünki, Azərbaycan
mətbuatında bu ilk yazı idi və həmin dövrdə o məqalə mənə su kimi, hava kimi zəruri
idi. Məsələ bundadır ki, o çağlarda mən Daşkənddə nəşr olunan "Lenin bayrağı” qəzetində
müxbir işləyirdim, hər gün krımtatar ziyalıları və yazıçıları ilə ünsiyyətdə
olurdum. Bu söhbət və görüşlərdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin
ünvanına onlardan xoş sözlər eşidirdim. Lakin, sözün düzü, üzümə deməsələr də,
onların gözlərində bir inciklik duyurdum. Elə bu səbəbdən də üzünü görmədiyim Rəşad
bəyin məqaləsi məni
göylərə qaldırdı. Uzaq vətəndə məsləkdaşımın peyda olmasına
uşaq kimi sevindim.
"Bəlalı krımtatarlar”ı iki gəncin – Rəşad
Məcidlə Yunus Kandımın dostluq və qardaşlıq bağlarının təməl daşı oldu. Bakıda
keçirilən "Türk gənclərinin forumu” (4-8 dekabr, 1989) krımtatar jurnalisti Yunus Kandıma ümumtürk
əlaqələrini genişləndirməyə əlverişli şərait yaratdı. Forumda iştirak edən gənc
şair müxtəlif məkanlardan təşrif buyuran türk gənclərilə birlikdə bir sıra Azərbaycan
ziyalıları və dövrün fəal siyasi liderlərilə görüşüb yaxından tanış oldu. Bu dövrdən başlayaraq
Rəşad Məcidlə Yunus Kandım arasında səmimi
dostluq və qardaşlıq əlaqələri yarandı. İki gənc şairin birgə əməyi sayəsində
yarım əsr bundan əvvəl amansız sistemin dar məngənəsində boğulan unudulmaz
qardaşlıq münasibətləri və ədəbi-mədəni əlaqələr yenidən kök atıb dirçəlməyə
başladı.
Yunus Kandım Rəşad bəyə krımtatarların
uzunömürlü faciəsindən geniş məlumatlar verib, xalqın çağdaş problemlərini ona
açıqladı. Rəşad Məcid də krımtatar mədəniyyəti və ədəbiyyatı ilə yaxından tanış
olmağa çalışdı. O, vətənpərvər krımtatar klassik şairi Hüseyn Şamil
Toxtarqazının və gənc şair Yunus Kandımın şeirlərini tərcümə
edib Azərbaycan oxucularına təqdim etdi. Bu yarıməsrlik fasilədən sonra Azərbaycan
dilinə tərcümə olunan krımtatar ədəbiyyatının ilk nümunələri idi.
1990-cı il sentyabrın 20-də "Azərbaycan
gəncləri” qəzetində Rəşad Məcidin krımtatar faciəsi ilə bağlı "Vətən sevgisi...”
Yaxud krımtatarların qəzeti ilə necə dostlaşdım?» sərlövhəli daha bir məqaləsi
dərc olundu. Rəşad Məcid bu yazısında da Azərbaycan oxucularına krımtatar müsibətindən
ətraflı məlumatlar verdi. Bu ağrının Qarabağ dərdi kimi ümumtürk faciəsi
olduğunu xüsusilə vurğulayıb, Azərbaycan xalqının qan qardaşlarına ruhən dayaq
olacağına ümid bəslədi.
1990-cı ilin noyabrında "Ədalət” qəzeti
krımtatar problemilə bağlı Rəşad Məcidin "Tarix hər şeyi öz yerinə qoyur”
müsahibəsini dərc etdi. Öz müsahibəsində o, krımtatar xalqının başına gələn məşəqqətləri,
çoxlarına bəlli olmayan hadisələri, onun bugünkü problemlərini açıqlayıb,
qardaşlıq bağlarının, ədəbi-mədəni əlaqələrimizin yenidən boy atmasının
mühümlüyünü söylədi. Gənc jurnalist Daşkənddəki "Lenin bayrağı” və Simferopolda
krımtatar dilində nəşr olunan "Dostluq” qəzetləri
ilə əməkdaşlıq etdi. Bu qəzetlərdə onun
bir neçə maraqlı məqalələri dərc olundu. Bakıdakı küçələrin birinə Bəkir Çobanzadənin adının
verilməsi xəbərini də "Lenin bayrağı”na Rəşad Məcid çatdırdı. Həmçinin böyük
türkoloq alim Bəkir Çobanzadənin repressiyası ilə bağlı istintaq materialı onun
yardımıyla "Lenin bayrağı”nda işıqlandırıldı.Bütün varlığıyla Azərbaycan
poeziyasının vurğunu olan Yunus Kandım isə həmin
çağlarda Rəşad Məcidin, Abbas Abdullanın, Ramiz Rövşənin və Hidayətin şeirlərini
krımtatar dilinə tərcümə edib, dərc etdirdi. 1989-cu ildə Azərbaycanın qonağı
olan gənc şair Bakıda bir sıra elm və sənət adamları
ilə səmimi görüşlər keçirdi. Şairin qəlbindəki krımtatar
ağrısına Qarabağ adlı bir dağ basıldı.
Yunus Kandım Bakıdan Krıma dönən kimi dərhal "Xəzər sahillərində” ("Hazer
yalılarında”) adlı poemasını yazdı. Bu əsər işıq üzü görəndə, artıq Bakıda
qanlı 20 Yanvar faciəsi baş vermişdi və bütün Azərbaycan xalqı matəm içində
idi. "Xəzər sahillərində” əsəri qardaş xalqların ümumi faciəsini səciyyələndirən
istər krımtatar, istərsə də Azərbaycan ədəbiyyatında bu günə kimi yeganə əsərdir.
Onu da qeyd edim ki, Yunus Kandım təcrübəl tərcüman kimi türk, özbək,
türkmən, Azərbaycan, həmçinin rus və Ukrayna dillərini mükəmməl səviyyədə
bilirdi. Yunus bəy daha sonralar Rəşad Məcidin yeni silsilə şeirlərini
krımtatar dilinə çevirib mətbuatda dərc etdirdi. Bununla yanaşı o, Ukrayna
şairi Mikola Miroşniçenko ilə birgə krımtatar
yazıçılarının, o cümlədən Azərbaycan şairlərindən Hidayətin və Ramiz Rövşənin
şeirlərini Ukrayna dilinə tərcümə etdi. Yunus bəy Azərbaycan ədəbiyyatından
nümunələri krımtatar, həm də Ukrayna dillərinə çevirməyi, ədəbiyyatımızı Krımda
və Ukraynada təbliğ etməyə səy göstərdi. Eyni zamanda o, Azərbaycan klassiklərinin
əsərlərini də krımtatar dilinə çevirməyi
nəzərdə tutmuşdu. Nisgilli şairin arzuları ümmansız, yaradıcılıq planları isə
çoxşaxəli və rəngarəng idi. Lakin gərgin, dramatik mühit və bir-birindən betər
çarpışmalar, sərt mübarizələr ona amallarının çin olmasına aman vermədi. Yunus
Kandım dünyasını vaxtsız dəyişdi.
İyirminci yüzilliyin 70-ci illərinin
sonlarında ədəbiyyata gələn şair, jurnalist və tərcüman Yunus Kandım yüzlərlə publisist əsərlərin və bir neçə
kitabın müəllifidir. Milli faciə, məşəqqətli
sürgünlük illəri, yurdsuzluğun ağrıları, xalqın saysız-hesabsız problemləri,
millətin gələcək taleyi vətənpərvər şairi dərindən narahat edən, düşüncələrə
daldıran əsas mövzulardır. Qürbət eldən doğma yurda dönən Yunus bəy tez bir
zamanda həsrətində olduğu ana torpağa dərin rişələr atdı, arxasını ulu Vətənin
sıldırım qayalarına söykəyib, Krımın saf və cazibədar ab-havasından, ruhları
coşduran təbiətindən ilhamlandı. Qara dənizin yorulmaz dalğalarından tükənməz
güc alıb, xalqının ilıq nəfəsi ilə qızındı, söz səmasına pərvazlandı.
Yunus Kandımın poeziyası al-əlvandır, gənclik
və təbiət təravətilə zəngindir. O, nəğməkar şairdir, həm də xalqına qarşı törədilən
vəhşiliklərlə və haqsızlıqlarla barışmaz mübarizdir. Lirik şairin könüllər
oxşayan zərif şeirlərinə bəstələnən nəğmələr xalq arasında sevilə-sevilə dinlənilir.
Hər zaman yeni yaradıcılıq axtarışlarında olan Yunus Kandım həmişə xalqının qayğısına qalıb onunla
birgə addımladı və ömrünün son anına qədər millətinin xidmətində durdu.
Yaddaşlarda silinməz izi və əziz xatirəsi qalan Yunus bəy sözün həqiqi mənasında
bir xalq şairi kimi xəyallar aləmini canlandırır. Bu gün krımatatar klassiklərinin
– Aşıq Ömərin, İsmayıl bəy Qaspralının, Bəkir Çobanzadənin, Çingiz Dağcının
sırasında onun da adı hörmətlə anılır.
Etiraf edim ki, həmin çağlarda Rəşad Məcidlə
Yunus Kandım arasındakı xoş münasibətlərdən az-çox xəbərdar idim. Elə buna görə
də 1990-cı ilin payızında bu qardaşlıq bağlarına əsaslanıb Azərbaycan və
krımtatar ədəbi-mədəni əlaqələri mövzusunda kiçik bir məqalə yazdım. Həmin
yazını öz qəzetimizdə dərc etmək fikrinə düşdüm. Lakin...
Lakin o "yazıq” məqaləni dərc olunmağa
verəndə çalışdığım qəzetin məsul şəxslərindən, biri heç gözlənilmədən niyyətimi
alt-üst etdi. O, mənim nə haqda yazdığımı oxumadan, elə dilcavabı öyrənib,
sonra tamamilə ciddi tərzdə dedi: "Rəşad Məcid azərbaycanlı
deyil, o krımtatardır”.
Bir andaca boğazım qurudu. Fikrimin
daşa dəydini duydum, kor-peşman otağıma döndüm. Doğrusu, Rəşad Məcidin
krımtatar olması məni həm bir az hirsləndirdi, həm də heyrətləndirdi. Çünki bu
dəlil məqalənin ruhuna uyğun gəlmirdi. Üzünü görmədiyim və mənimlə telefonda təmiz
Azərbaycan türkcəsində danışan Rəşad bəyin
krımtatar olmasını mən hardan biləydim! Yazıma görə təəssüflənmədim.
Dilxorçuluğumun, pərtliyimin səbəbi tamamilə bambaşqaydı. O zamanda Azərbaycan
mətbuatında geniş oxucu auditoriyasına krımtatar faciəsini ilkin olaraq bəyan
edən şəxs məhz Rəşad bəy idi. Sən demə, o da, azərbaycanlı yox, krımtatar imiş.
Məni yandıran da bax elə bu idi.Evə gələn kimi Rəşad Məcidin yazılarını
təkrar-təkrar gözdən keçirtdim. Məqalələrində Rəşad bəy bir azərbaycanlı kimi
çıxış edirdi. Ona görə də heç nə anlaya bilmədim.
Ertəsi gün işə gələn kimi Rəşad Məcidlə
telefon əlaqəsi saxladım. Təbiətən çox danışmağı xoşlamayan Rəşad bəy əvvəlcə
sözlərimə güldü, sonra əlavə edib dedi: "Qoy, necə bilirlər bilsinlər, ancaq mən
azərbaycanlıyam”. Bununla da dünənki şübhələrimə son qoyuldu, hələ üstəlik məni
tərk edən sevincim də özümə qayıtdı.
Rəşadla telefon söhbətimdən sonra məsələni aydınlaşdırmaq məqsədilə könlümü
qıran qələm dostumun yanına tələsdim. Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin yenidən dirçəlməsində Rəşad Məcidlə Yunus Kandımdan başqa Adil Babayev, Əli Səngərli, Mahmud Allahmanlı, Aqil Abbas, Əli Şamil, Ramiz Əsgər, Əli Xələfli, Elçin İsgəndərzadə, Nüşabə Sadıxlı, Şakir Səlim, Ablyazis Veliyev, Nariman Seyityahyayev, Şeryan Ali, İsmail Kerim, İsmet Zaatov, Sevil Kerimova və digər şəxslərin yaradıcılıqları diqqətə layiqdir. Dostluq tellərinin aynası olan ədəbi nümunələrin və tədqiqatların arasında məşhur professorlar – Adil Babayevin və Mahmud Allahmanlının elmi araşdlrmaları xüsusi diqqət doğurur. Eyni zamanda mətbuat orqanlarımızdan – "525-ci qəzet”, "Ədalət”, "Ədəbiyyat”, "Kredo”, "Sərbəst düşüncə”, "Şərqin səsi”, "Ekspress”, "Proqnoz”, "Lenin bayrağı”, "Krım”, "Yanı dünya”, "Qolos Krıma” qəzetləri və "Xəzər”, "Dədə Qorqud”, "Göyərçin”, "Yıldız” jurnalları Azərbaycan və krımtatar ədəbi-mədəni əlaqələrinin yenidən canlanmasında önəmli rol oynadılar. İldən-ilə boy atan qardaşlıq bağlarımız artıq zirvələrə doğru üz tutub. Bu yüksəlişin parlaq və uğurlu olacağını Ulu Tanrıdan diləyirik.
İlqar Qasımov (Kasumov)