AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan Türkiyə üçün sıradan bir qonşu deyil

Azərbaycan Türkiyə üçün sıradan bir qonşu deyil

Siyasət
30 İyul 2020, 15:37 443
"Haberturk”: "Birgə təlimlər Ermənistana və onun arxasında duran qüvvələrə açıq mesajdır”

Azərbaycan və Ermənistan arasında son sərhəd qarşıdurması, ardınca Türkiyə və Azərbaycan arasında hərbi təlimlər keçirilməsi dünya mediasının əsas xəbərləri sırasında qalmaqdadır. Təlimlərlə bağlı qısqanclıq nümayiş etdirən düşmən ölkənin mediası bunun onlar üçün hədə olduğunu qabartmağa çalışır. Təəssüf doğuran hal odur ki, onların təsiri altında olan bəzi Rusiya nəşrləri "ekspertlər”in dili ilə təlimlərin bölgədə Türkiyənin nüfuzunu gücləndirmək istəyi, eləcə də Ermənistan üçün hədə olduğunu irəli sürürlər. Lakin əsas olan odur ki, əksər media vasitələri Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladıqlarını və bu təlimlərin heç kimə qarşı çevrilmədiyini yazırlar. Rusiyanın "Rosbalt” nəşri Ermənistanın Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatını (KTMT) Azərbaycanla hərbi əməliyyatlara cəlb etmək planın reallaşa bilməyəcəyindən bəhs edib. Qəzetə açıqlamasında hərbi ekspert Pavel Fergenhauer bildirib ki, Ermənistanın KTMT-nin hərbi dəstəyinə arxalanması fiksiyadır: "Çünki nə Qırğızıstan, nə Tacikistan, nə də Belarus Qafqazda vuruşmayacaq. Ona görə də Ermənistanın köməyinə təkcə Rusiya gələcək. Üstəlik Ermənistanda yerləşən Rusiya qoşunları heç də tam olaraq ruslardan ibarət deyil, şəxsi heyətin 90 faizi ermənilərdir. Köhnə imperiya ənənəsidir - xidmət üçün yerliləri muzdla cəlb etmək. Bu, Rusiyadan muzdluları təyyarələrlə daşımaqdan da ucuz başa gəlir. İstənilən halda, orada cəmi bir motoatıcı briqada var, təxminən 4 minə yaxın adam. Bundan əlavə, bizim orada MiQ-29 təyyarələrindən ibarət aviasiya dəstəmiz, zenit-raket komplekslərimiz də yerləşir. Lakin bütövlükdə bunlar Türkiyənin sərhədin o tərəfində dayanan 3-cü ordusu ilə müqayisədə olduqca simvolik döyüş qüvvəsidir. Bizim Ermənistandakı qruplaşmanı gücləndirmək imkanlarımız kifayət qədər məhduddur. Çünki nəsə olsa gərək Gürcüstan ərazisindən keçəsən. Gürcülər isə buraxmaya bilər, o zaman onların ərazisini döyüşlə keçmək lazım gələcək... Əlbəttə, havadan əlavə qüvvə də daşımaq mümkündür. Lakin hava yolu ilə tank və motoatıcı briqadaları daşımaq mürəkkəbdir. Üstəlik, türklərin çox müasir və güclü aviasiyası var. Ümumən, orada hərbi əməliyyatlar başlasa, türklər erməniləri də, Ermənistanda yerləşən Rusiya qüvvələrini də silib-süpürəcək. Belə şəraitdə isə Rusiya özünün müdafiə doktrinasına əsasən, nüvə qüvvələrindən preventiv istifadəyə əl ata bilər”. Bəs rəsmi Moskvanın bu cür riskli addıma getməsi nə dərəcədə mümkündür? Ekspert deyir ki, bunu istisna etmir. Onun fikrincə, Rusiya əhali yaşamayan hansısa dağlıq ərazilərə və Anadoludakı hansısa bazaya nüvə zərbəsi endirib göstərə bilər ki, buna hazırdır. "Lakin digər tərəfdən bu artıq NATO ilə müharibə olacaq”,- deyə ekspert bildirib. Felgenhauerin fikrincə, situasiya kifayət qədər ciddidir və istənilən an kəskinləşə bilər. Türkiyə qoşunlarının bu manevrlərdə iştirak üçün Azərbaycan-Türkiyə sərhədini keçməsi onun sözlərinə görə, çox ciddi eskalasiyadır.
"Moskvoski komsomolets” nəşri mövzunu davam etdirərək yazır ki, Azərbaycan və Türkiyə arasında hərbi təlimlərin keçirilməsi türklərin müttəfiqlərini dəstəkləmək istəyi ilə bağlıdır. Müəllif yazır ki, bu təlimlər Ermənistana Azərbaycan və müttəfiqinin hərbi gücünü nümayiş etdirmək cəhdidir. Hərbi ekspert Yuriy Lyamin qəzetə açıqlamasında bildirib ki, "bu təlimlər hərbdən çox, gözəçarpmaq, diqqət cəlb etmək xarakteri daşıyır. Burada bir faktı qeyd etmək gərəkdir ki, Türkiyə və Azərbaycan hərbçilərinin təlimlər mütəmadi olaraq həyata keçirilir. Təlimlərin Ermənistanla sərhəd Naxçıvanda keçirilməsində də qeyri-adi nəsə yoxdur. Təlimlərin gözəçapmaqlığına gəldikdə isə məsələ aydındır – Türkiyənin Azərbaycanı dəstəkləməsini nümayiş etdirmək. İki ölkənin əməkdaşlığı və bir-birini dəstəkləməsi. Bəllidir ki, Türkiyə və Azərbaycanı hərbi sahədə sıx əməkdaşlıq telləri bağlayır”. Hərbi ekspert Türkiyənin Ermənistana qarşı hərbi əməliyyatlarda iştirakı məsələsini ciddi saymır.
Başqa bir nəşr - "Arqumentı nedel” isə Rusiyanın KTMT üzrə müttəfiqi olan Ermənistanı dəstəkləməməsinə toxunulub. Ermənipərəst mövqedən çıxış edən maraqlı bir sualla çıxış edir- əgər KTMT Ermənistanı müdafiə etməyəcəksə, onda nəyə lazımdır? Müəllif yazır ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin artmasını da diqqətdən kənarda saxlamaq olmaz. Müəllif bu qənaətə gəlir ki, məntiqlə KTMT-ni ləğv etmək  və büdcəsini daha səmərəli işlərə sərf yaxşı olardı. Yeri gəlmişkən, Azərbaycan vaxtilə bu təşkilatın mənası olmadığını görüb onun sıralarını tərk edib. Ermənistan isə bu addımı atmağa tələsmir.
Yeri gəlmişkən, qardaş ölkə - Türkiyə mediasında da hərbi təlimlər və erməni təxribatlarına geniş yer verilib. Azərbaycan və Türkiyə arasında hərbi təlimləri şərh edən "Haberturk” yazır ki, "şübhəsiz ki, Azərbaycan Türkiyə üçün həm geostrateji, həm də güc mərkəzi baxımından sıradan bir qonşu dövlət deyil”. Azərbaycan və Türkiyənin  birgə təlimlərini həqiqətən qürurverici adlandıran müəllif əlavə edir ki, "təlim təkcə Ermənistan üçün deyil, onun arxasında duran qüvvələr üçün də açıq bir mesajdır. Niyə də bu təlimlər olmasın? Axı Azərbaycan Türkiyənin şah damarıdır”.
"Türkiyə” qəzetində dərc olunan məqalədə də müəllif Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərindən bəhs edərək yazır ki, "bu təlimlər çoxdan gözlənilən, tarixi bir addım və vacib bir başlanğıcdır. Bu sıradan bir təlim deyil. Bu, Türkiyənin illər uzunu ilk dəfə üzünü çox ciddi mənada Qafqaza, qardaş ölkələrə çevirməsi əzmi və qətiyyətidir”.
"Yeni akit” isə ermənilərin niyə məhz indiki məqamda hücuma keçmələrini şərh edib: "Niyə məhz indi? Əvvəla, Tovuz təsadüfi seçilməyib. Bura strateji enerji layihələrinin keçdiyi bir bölgədir. Əgər erməni silahlıları bəzi strateji nöqtələri ələ keçirsəydi, Azərbaycanı Türkiyə ilə birləşdirən, iki ölkənin ortaq enerji və birləşmə xətləri onların təhdidi altında olacaqdı. Çox şükür ki, Azərbaycan ordusu ermənilərə bu imkanı vermədi”.  "Karar” qəzetində müəllif Rusiya-Türkiyə münasibətlərini analiz edir və yazır ki, "Türkiyə bir tərəfdən ruslarla əməkdaşlıq edir, digər tərəfdən bir çox problemdə fərqli düşərgələrdə iştirak edir. Aramızda həm dostluq var, həm də düşmənçilik. Bir yandan rəqabətdəyik, digər yandan işbirliyini dərinləşdiririk. Bəlli ki, S-400-lər, Türkiyənin NATO üzvlüyü və yerləşdiyi coğrafi məkan, qarşılıqlı investisiyalar və boru xətləri iki ölkəni bağlayır, bir-birinə çəkir”. İyulun 12-də Azərbaycan və Ermənistan arasında başlanan təxribata toxunan müəllif bu məsələdə də Rusiya və Türkiyənin başqa cəbhələrdə olduqlarını yazıb. "Gərginliyi yaxından izləyən mütəxəssislər əsas hədəflərdən birinin Bakı-Tbilisi-Ceyhan olduğunu bildirirlər. Türkiyə Azərbaycanla birgə hərbi təlim keçirir. Rusiya isə Ermənistanı əsgərləri, raketləri ilə qoruyur” deyə müəllif yazır.
 
Azər NURİYEV