• şənbə, 20 Aprel, 20:36
  • Baku Bakı 24°C

Azərbaycan sərmayəsi hesabına başa gələn növbəti nəhəng layihə

22.10.18 18:30 2590
Azərbaycan sərmayəsi hesabına başa gələn növbəti nəhəng layihə
Ötən illər ərzində təbii sərvətlərdən əldə edilən gəlirlərin düzgün istifadə edilməsi, "qara qızılın” insan kapitalına çevrilməsi, ən əsası da iqtisadiyyata iri həcmli sərmayələrin yatırılması, sahibkarlığa dövlət dəstəyinin verilməsi iqtisadi inkişafına görə Azərbaycanı Cənubi Qafqazın lider dövlətinə çevirib. Məhz bu siyasət nəticəsində ölkəmizdə 3 regional inkişaf proqramı uğurla həyata keçirilib, şəhər və kəndlər arasında fərq azalıb, iqtisadiyyatın rəqabətliliyi ilbəil artırılıb. Azərbaycanın bu sahədə əldə etdiyi nailiyyətlər onun dünyadakı reytinqini də ən yüksək səviyyəyə çatdırıb. Sevindirici haldır ki, indiyə qədər Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülüb, uğurlu addımlar atılıb. Bu çərçivədə ölkə iqtisadiyyatına daxili və xarici sərmayələrin cəlb edilməsi də diqqətçəkicidir. Misal üçün təkcə son vaxtlar investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilib. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manat olub.

Bununla yanaşı, xarici və daxili investisiyalar hesabına Neftçala Sənaye Parkında "Xəzər” Avtomobil Zavodu yaradılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır. Əgər daxili tələbat və ixrac tələbatı olarsa, zavod bu səviyyəyə qalxa bilər. Sumqayıt Kimya Sənaye Parkı da ölkə iqtisadiyyatına yatırılan investisiyalara gözəl nümunədir. Bu parka 2 milyard dollardan çox sərmayə yatırılması nəzərdə tutulub və gələn il burada daha bir neçə önəmli, vacib müəssisə açılacaq. Mingəçevir Sənaye Parkında isə 2 böyük iplik fabriki işləyir. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Eyni zamanda, bu il dövlət başçısı ilham Əliyevin iştirakı ilə Masallı Sənaye Parkının açılışı olub. Hacıqabul və Sabirabad rayonlarında isə sənaye məhəllələrinin yaradılması prosesi getməkdədir. Onu da vurğulamaq yerinə düşər ki, təkcə bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bütün bu addımlar Azərbaycanın ixrac imkanlarını genişləndirir, iqtisadiyyatın şaxələndirilməsinə xidmət göstərir, ölkəyə kapital axınının həcmini artırır. Konkret rəqəmlərə müraciət etsək, görülən işlər nəticəsində təkcə ötən 9 ayda xarici ticarət dövriyyəsi 37, qeyri-neft ixracı 14 faiz artıb, ölkəmizdə 85 min daimi iş yeri açılıb.

Ötən həftə sonu Türkiyənin İzmir şəhərində açılışı olan "Star” neft emalı zavodu da Azərbaycan sərmayəsi hesabına başa gələn nəhəng iqtisadi layihədir. Hər iki ölkə başçısının iştirak etdiyi açılış mərasimində səsləndirilən məlumata görə, ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək "Star” zavodunun əsas xammal tədarükçüsü Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR-dır. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

Prezident İlham Əliyev də Azərbaycanın Türkiyədə inşa edilən "Star” neft emalı zavoduna 6 milyard dollardan çox sərmayə yatırdığını diqqətə çatdıraraq vurğulayıb ki, bu sərmayə müqabilində ölkəmiz zavoddan hər il yüz milyonlarla dollar gəlir götürəcək. Onun sözlərinə görə, növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir: "Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq. Bir sözlə, bu gün "Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”.

Ümumilikdə götürsək, Azərbaycan bir qədər əvvəl sadaladığımız ölkə daxili sərmayələrdən, eləcə də xaricdə qoyulan sərmayələrdən böyük xeyir əldə edəcək, ölkəmizin dayanıqlı inkişafı təmin olunacaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişilimövzu ilə bağlı bildirib ki, Azərbaycan "Star” neft emalı zavodu kimi layihələrlə iqtisadi gücünü daha da artırır. Millət vəkili qeyd edib ki, Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri sürətlə baş verməkdədir. Onun fikrincə, əsasən emal sənayesi və əlavə dəyər yaradan sahələrin inkişafını özündə ehtiva edən bu dəyişikliklər Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir: "Türkiyədə inşası başa çatan "Star” neft email zavodu da bu cür mühüm layihələrdən biridir. Zavodun illik istehsal gücü 4,8 milyon ton dizel, 1,6 milyon ton təyyarə yanacağı və 1,6 milyon ton nafta təşkil edir. "Star" Türkiyənin illik 28,1 milyon tona çatan neft emalı gücünü 33% artıracaq, ölkənin neft emalı məhsulları idxalında 1,5 milyard dollar qənaət etməsinə səbəb olacaq. Xatırlatmaq yerinə düşər ki, Türkiyənin inkişaf etməkdə olan nəqliyyat sektorunda dizel yanacağına olan tələbat durmadan artır. Hazırda Türkiyədəki neft emalı zavodu dizelə olan tələbatın yalnız 43%-ni (10,4 milyon ton) ödəyə bilir. 2017-ci ildə 24,2 milyon ton dizel istehlak edən Türkiyə xaricdən 7 milyard dollar dəyərində dizel yanacağı idxal edib. Yalnız daxili bazar üçün məhsul istehsal edən "Star” zavodu Türkiyənin neft məhsulları idxalını 36% azaldacaq”.

T.Mirkişili deyib ki, "Star”ı xammalla dayanıqlı təchiz etmək məqsədilə SOCAR-ın Rusiya və İraq neftindən də istifadə etmək üçün müvafiq razılaşmaları var. Onun sözlərinə görə, bu razılaşmalar "Star”ın rəqabət qabiliyyətini daha da artıracaq və fəaliyyətini dayanıqlı edəcək: "SOCAR-ın indiyə qədər Türkiyəyə investisiyaları 14.2 milyard dollar təşkil edib. Türkiyədə bütün layihələr başa çatdıqdan sonra SOCAR-ın Türkiyə iqtisadiyyatına investisiyalarının həcmi 19,5 milyard dollara çatacaq. Regional iqtisadiyyat quran Azərbaycan bu layihələrlə öz iqtisadi gücünü daha da artırmış olur”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov da bildirib ki, Azərbaycan və Türkiyə qardaşlığı nəticəsində beynəlxalq aləm üçün mühüm əhəmiyyət kəsb edən, dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızan böyük layihələr həyata keçirilir. Deputat deyib ki, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP və digər bu kimi iri layihələr dünyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Onun sözlərinə görə, bu cür nəhəng layihələr Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olması, hər iki dövlətin liderlərinin siyasi iradəsi, bir-birilərinə böyük inam və etimadın sayəsində mümkün olub. Millət vəkili vurğulayıb ki, yeni neft emalı zavodunun işə salınması eyni zamanda hər iki ölkənin həm iqtisadi, həm də siyasi gücünün göstəricisidir. A.Hüseynov bildirib ki, bu layihə hər iki ölkəyə siyasi dividentlərlə yanaşı, iqtisadiyyata dayanıqlı gəlir gətirəcək, milli iqtisadiyyatımıza xidmət edəcək böyük bir layihədir.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər