• şənbə, 11 May, 07:30
  • Baku Bakı 12°C

Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

24.07.21 09:15 411
Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
Ötən dövr ərzində Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə güclənib, dostlarının və tərəfdaşlarının sayı artıb. Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri də Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir.
Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Bu baxımdan, iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfəri də böyük əhəmiyyət daşıyır.
Deputatın sözlərinə görə, Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini, həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. Azərbaycan və Rusiya həm yaxın qonşular, həm də mehriban dostlardır. Əlamətdar haldır ki, iki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir. Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir.
"Ümumiyyətlə, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsin. Azərbaycanla Rusiya arasında əməkdaşlığın yüksələn xətlə inkişafına iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də Prezident Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfəri zamanı regional sülhün və təhlükəsizliyin qorunması, iqtisadi əməkdaşlıqların genişləndirilməsi müzakirə olunub. Qeyd etmək lazımdır ki, iki dövlət arasında əməkdaşlıq əlaqələrinin səviyyəsi, regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqelər üst-üstə düşür", - deyə Sevinc Fətəliyeva diqqətə çatdırıb.
Onun sözlərinə görə, ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi, humanitar və digər sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün siyasi iradə mövcuddur: "Vurğulanmalıdır ki, hər iki ölkə başçısının Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirməsi, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin - Zəngəzur dəhlizinin açılması ilə bağlı fikirləri regionun gələcək inkişafı üçün mühüm amildir. Bu səfər bir daha göstərdi ki, Rusiya ölkəmizin ərazi bütövlüyünə hörmətlə yanaşır, Ermənistanın da bu məsələdə düzgün mövqe tutmasına təsir göstərəcək. Rusiya Azərbaycanın mövqeyini bəyənir, regionda sülhün qorunub saxlanılması, Azərbaycanla ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə böyük maraq göstərir".
Deputat vurğulayıb ki, Rusiya Prezidentinin Azərbaycanın postmünaqişə dövründə daim sülhün əldə olunmasında maraqlı olduğuna görə Prezident İlham Əliyevə təşəkkür etməsi də əsas məqamlardan biri kimi dəyərləndirilməlidir.
banner

Oxşar Xəbərlər