Azərbaycan-Rusiya iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat
naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinilə görüşüb.
Görüşdə nazir Şahin Mustafayev Azərbaycan-Rusiya
əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini,
əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin,
aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan və Rusiya
arasında mövcud iqtisadi əlaqələr barədə danışan nazir Şahin Mustafayev qeyd
edib ki, Rusiya əsas ticarət tərəfdaşlarımızdandır və 2017-ci il ərzində də ölkələrimiz
arasında ticarət əlaqələri dinamik olaraq artmışdır. Azərbaycanın qeyri-neft məhsullarının
ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk
ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Bu il Azərbaycan
Rusiyada keçirilmiş "Worldfood Moscow” Sərgisində vahid ölkə
stendi ilə təmsil olunub, Sankt-Peterburqa sahibkarlardan ibarət ixrac
missiyası təşkil edilib, "Rossiya 24” kanalında Azərbaycan meyvələrinə və meyvə
şirələrinə dair video çarxlar nümayiş olunub. 2018-ci ilin fevral ayında isə 30
Azərbaycan şirkəti Moskva şəhərində keçiriləcək "Prodexpo” Sərgisində iştirak edəcək.
Nazir Şahin Mustafayev bu gün Bakıda açılmış Rusiyanın
İxrac Mərkəzinin nümayəndəliyinin də ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin
inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
Azərbaycanda Rusiya kapitallı
700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına 1
mlrd. ABŞ dolları, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3,7 mlrd. ABŞ dolları
həcmində investisiya yatırıb. Azərbaycan Rusiya Federasiyasının 80-ə yaxın
subyekti ilə ticarət-iqtisadi sahədə əməkdaşlıq edir. Azərbaycan Rusiya
Federasiyasının Şimali Qafqaz regionuna sərmayə qoyuluşu üzrə əsas investor ölkələrdəndir.
Yesentukidə "İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz
konservləri və çay istehsalı zavodları, quru tikinti qarışığı istehsalı sahəsi,
Stavropolda istixana təsərrüfatının tikintisi Rusiyada Azərbaycan şirkətləri tərəfindən
reallaşdırılan uğurlu layihələrdəndir. "Socar Polimer” layihəsi və Pirallahı Sənaye
Parkında yaradılan birgə əczaçılıq müəssisəsi də ölkələrimiz arasında əməkdaşlığın
önəmli nümunələrindəndir.
İqtisadi sahədə əlaqələrin
inkişafı perspektivlərindən danışan Şahin Mustafayev qeyd edib ki, sənaye, neft
maşınqayırması, turizm, tranzit sahələrində, Rusiya şirkətlərinin Azərbaycanda
yaradılan sənaye parklarına və aqroparklara investisiya qoyuluşu, birgə müəssisələrin
yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın
genişləndirilməsi və s. sahələrdə əməkdaşlıq imkanları genişdir.
Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya arasında əməkdaşlığın
inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını
qeyd edib, əməkdaşlıq imkanlarına dair fikirlərini bildirib.
