• cümə, 29 Mart, 17:07
  • Baku Bakı 14°C

Azərbaycan-İtaliya strateji əməkdaşlığı güclənəcək

21.02.20 16:19 1666
Azərbaycan-İtaliya strateji əməkdaşlığı güclənəcək

Prezident İlham Əliyevin İtaliya səfəri ölkələrimiz arasında münasibətlərə yeni dinamizm verəcək və yeni potensialları üzə çıxaracaq

Müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün dünya dövlətləri, həmçinin beynəlxalq təşkilatlarla milli-dövlətçilik maraqlarına xidmət edən, bərabərhüquqlu münasibətlər qurur və inkişaf etdirir. Avropa İttifaqı və bu təşkilata üzv olan ölkələrlə qarşılıqlı münasibətlər də bu baxımdan diqqət çəkir. Ölkəmiz demək olar ki, qurumun üzvü olan dövlətlərin üçdə biri ilə strateji tərəfdaşlıq haqqında sazişə malikdir. Bununla yanaşı, Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən ölkədir. Belə münasibətlər çərçivəsində Avropa İttifaqının yaradılmasında əsas rol oynayan 6 dövlətdən biri – İtaliya ilə Azərbaycanın əlaqələri xüsusi diqqət çəkir. Məlumat üçün bildirək ki, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin tarixi müstəqilliyimizin tarixi ilə eynidir. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb və 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya hökuməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. 2003-cü ilin dekabr ayında Azərbaycanın İtaliyada səfirliyi təsis edilib. İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu, danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.

Ərazi bütövlüyümüz dəstəklənir

Azərbaycan və İtaliya arasında siyasi, ticari-iqtisadi, enerji, mədəni, humanitar və sair sahədə əməkdaşlıq əlaqələri mövcuddur. İndiyə qədər hər iki ölkənin dövlət və hökumət başçılarının, digər rəsmi şəxslərin qarşılıqlı səfərləri baş tutub. Fevralın 19-da Prezident İlham Əliyev növbəti dəfə İtaliyada dövlət səfərində olub. Fevralın 20-də ölkə başçısı İlham Əliyevlə İtaliya Prezidenti Sercio Mattarella arasında təkbətək, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Tərkibdə görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Geniş tərkibli görüşdə isə "Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulanıb. Bildirildi ki, bu sənəd bütün sahələri əhatə edir. Söhbət zamanı İtaliyanın hər zaman Azərbaycanın dostu olduğu diqqətə çatdırılıb. Azərbaycanın qlobal baxımdan çox əhəmiyyətli bir regionda yerləşdiyi və bütün ölkələrlə yaxşı əlaqələr qurduğu qeyd edilib. Bununla yanaşı, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb. Bu münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsasən həll edilməsinin zəruriliyi qeyd olunub.

Ticarət dövriyyəsinin həcmində artım

Səfər çərçivəsində Prezident İlham Əliyev İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub. Görüş başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub. Bununla yanaşı, dövlətimizin başçısı İtaliya Senatının Sədri, senator xanım Maria Elisabetta Alberti Kaselatti, İtaliya Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşüb, həmçinin Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan "Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib. Azərbaycan Prezidentinin xarici ölkəyə səfərini, orada keçirdiyi görüşlərin əhəmiyyətini şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. O, rəsmi statistikanı xatırladaraq qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur və bu, ölkəmizin ümumi ticarət dövriyyəsinin beşdən birini təşkil edir: "Əvvəlki dövrlərə diqqət yetirsək görərik ki, son illər İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində artım var. Son üç ildə bu rəqəm 4,7 milyard dollardan 6,2 milyard dollara qədər dəyişib. Azərbaycan-İtaliya arasında ticarət dövriyyəsi daha çox enerji əməkdaşlığı üzərində formalaşıb. İtaliya Azərbaycandan neft məhsullarını alan əsas Avropa ölkəsidir. Bununla yanaşı, təbii ki, Azərbaycan növbəti mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi qaz nəql edəcək. Həmçinin TAP kəməri vasitəsilə Avropa bazarına birinci mərhələdə ildə 10, ikinci mərhələdə ildə 20 milyard kub metr mavi qazın nəql edilməsi nəzərdə tutulub. Azərbaycan-İtaliya arasındakı əməkdaşlığın ölkə Prezidentinin son səfərindən sonra daha çox qeyri-neft sektoru istiqamətində inkişaf edəcəyi gözlənilir. Prezident İlham Əliyevin iştirakı ilə İtaliya-Azərbaycan biznes forumunun keçirilməsi də birbaşa qeyri-neft sektorunda, enerjidən kənar sahələrdə iki ölkə arasındakı strateji əməkdaşlığı gücləndirəcək”.

İqtisadi tərəfdaşlığa ciddi impuls

İqtisadçı ekspert xatırladıb ki, Avropa 500 milyon istehlakçısı ilə alıcılıq qabiliyyətinə görə dünyanın ən böyük bazarıdır. Onun fikrincə, İtaliya Azərbaycan sahibkarları üçün qeyri-neft məhsullarını ixrac etmək baxımından Avropada əsas bazarlardan biri ola bilər: "İtaliyadan xarici investisiyanın cəlb edilməsi, birgə yeni layihələrin və proqramların reallaşdırılması da bu gün müzakirə edilən məsələlərdən biridir. Bu baxımdan, Azərbaycan Prezidentinin İtaliyaya səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirməklə yanaşı, həm də İtaliya-Azərbaycan əməkdaşlığının qeyri-neft sektoru üzrə inkişaf etməsinə, ölkələrin enerjidən kənar sektorlar üzrə əməkdaşlığının genişlənməsinə imkan verəcək. Bu, təbii ki, həm də qeyri-neft sektoruna xarici investisiyanın cəlb edilməsi baxımından vacib hesab olunur. Eyni zamanda bu, İtaliyanın Azərbaycan sahibkarları üçün yeni bazarlardan biri kimi çıxış edə biləcəyi anlamına gəlir. Nəzərə alaq ki, Azərbaycanın dövlət başçısının səfəri çərçivəsində İtaliya-Azərbaycan Biznes Forumu da baş tutacaq. Bu tədbirin iqtisadi tərəfdaşlığa ciddi impuls verəcəyi gözlənilir”.

Dərin tarixi köklərə malik münasibətlər

Millət vəkili, tarixçi alim Musa Qasımlı da hesab edir ki, Prezidenti İlham Əliyevin İtaliyaya səfəri bir neçə baxımdan mühüm əhəmiyyətə malikdir. Deputatın sözlərinə görə, bu səfər hər şeydən əvvəl Azərbaycanın xarici siyasətinin uğurlu səhifələrindən biridir. M.Qasımlı deyib ki, Avropa İttifaqının üzvü olan İtaliya ilə münasibətlərin inkişafı ölkəmizin bu qurumla münasibətlərinin genişlənməsinə böyük kömək edə bilər: "İtaliya-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir. Hələ orta əsrlərdə italyan səyyahları Azərbaycana səfərə gələrək ölkəmizlə maraqlanırdılar. 1918-1920-ci illərdə Azərbaycan və İtaliya arasında müəyyən münasibətlər qurulmuşdu. 1922-ci ilə qədər iki ölkə arasında siyasi-diplomatik əlaqələr bu və ya başqa səviyyədə mövcud olub. Sovet dövründə Azərbaycan SSR mərkəz vasitəsilə İtaliya ilə əlaqələr saxlayıb. Azərbaycanda istehsal olunan bəzi məhsullar İtaliyaya göndərilirdi, müəyyən mədəni əlaqələr var idi”.

Yeni potensiallar üzə çıxarılacaq

M.Qasımlı qeyd edib ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İtaliya ilə birbaşa, müstəqil əlaqələrin qurulması üçün imkanlar yaranıb. Bakı və Neapolun qardaşlaşmış şəhərlər olduğunu vurğulayan deputat bu gün Azərbaycan-İtaliya münasibətlərinin geniş perspektivlərinin olması qənaətində olduğunu açıqlayıb: "Şübhəsiz ki, iki ölkə arasında münasibətlərdə yeni səhifəni ümummilli lider Heydər Əliyevin İtaliyaya səfəri açıb. Bu səfərdən sonra Azərbaycan-İtaliya münasibətlərinin hüquqi müqavilə bazası genişləndirildi və müxtəlif sahələrdə əməkdaşlıq inkişaf etdirildi. Sonrakı dövrlərdə Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan-İtaliya münasibətləri tamamilə yeni səviyyəyə yüksəldi. Bu gün İtaliya dünyanın yeddi böyük ölkəsindən biridir və dünya siyasətində, iqtisadiyyatında çəkisi olan ölkədir. İtaliya Azərbaycanın ən mühüm ticarət ortaqlarından biridir. Bu səfər iki ölkə arasında münasibətlərin böyük potensialının və perspektivlərinin olduğunu göstərdi. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu səfəri ölkələrimiz arasında münasibətlərə yeni dinamizm verəcək və yeni potensialları üzə çıxaracaq”.

Alpər TURAN
banner

Oxşar Xəbərlər