AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan həqiqətləri Rusiya mediasına ayaq açır

Azərbaycan həqiqətləri Rusiya mediasına ayaq açır

Siyasət
26 Fevral 2020, 18:07 926
Politoloqların fikrincə, qonşu ölkə mediasında Xocalı soyqırımı və Sumqayıt hadisələri ilə bağlı obyektiv baxışların sərgilənməsi aparılan sistemli işin nəticəsidir

Son illərdə Rusiya mətbuatında Sumqayıt hadisələri və Xocalı soyqırımı ilə bağlı obyektiv məqalələr dərc edilir. Bununla da ermənilərin uydurduğu yalanlar ifşa olunur. Dünən qədər Rusiya mediasından Azərbaycan əleyhinə istifadə edən ermənilər bu gün həmin KİV-lərin hədəfinə tuş gəlib. Bəs görəsən Rusiya mediasının Sumqayıt və Xocalı hadisələri ilə bağlı hadisələrə obyektiv yanaşması hansı məqamları qaynaqlanır və nədən xəbər verir?  
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, 2010-cu ildən başlayaraq Rusiya-Azərbaycan münasibətlərində fərqli inkişafın şahidi olduq: "Bunun əsas səbəbi odur ki, Azərbaycan dövləti bütün istiqamətlərdə olduğu kimi Rusiya ilə də rasional və eyni zamanda hər iki tərəfin maraqlarını nəzərə alan siyasət aparaq Moskvanı inandırmağa çalışdı ki, Cənubi Qafqazda təkcə Ermənistana vurğu etmək lazım deyil. İki ölkə liderlərinin biri-birilərinə olan münasibəti də Rusiya və Azərbaycan arasında münasibətlərin dəyişməsinə və inkişafına gətirib çıxartdı. Erməni məsələsindən istifadə edərək Cənubi Qafqazda öz siyasətini reallaşdıran ölkələr sırasında Rusiya, ABŞ və bir sıra qərb dövlətləri olub və onların hədəfində erməni kartından istifadə edərək bölgəni parçalamaq və öz nüfuzlarını, təsirlərini gücləndirmək niyyəti dayanıb. Rəsmi Bakı bütün bunları anlayaraq, böyük güclərin Cənubi Qafqaza baxış bucağını bir qədər dəyişməyə müyəssər oldu. Əgər 90-cı illərdə və 2000-ci illərin əvvəllərində biz birmənalı şəkildə bir çox ölkələrin, eyni zamanda Fransanın, Rusiyanın Ermənistana dəstək verdiyini görürdüksə, indi Rusiyanın ayrı-ayrı kütləvi informasiya vasitələrində ekspert qrupları, parlament və ayrı-ayrı geosiyasi xadimləri tərəfindən Azərbaycana daha yaxın mövqenin, erməni əleyhinə çıxışların olduğunun şahidi oluruq”. Z.Məmmədov qeyd etdi ki, siyasətdə obyektivlik olmur: "Amma istər Sumqayıt hadisələri, istər Xocalı soyqırımı və istərsə də Cənubi Qafqazda baş verən reallıqlarda həqiqət Azərbaycanın tərəfindəndir. Beynəlxalq hüquq, tarix Bakının yanındadır. Azərbaycan Ermənistandan fərqli olaraq, bölgədə qığılcım yaratmır, əksinə sabitliyin qarantıdır. Son zamanlar Azərbaycanla Rusiyanı həm də həyata keçirilən uğurlu regional iqtisadi layihələr bağlayır. Bu layihələr sırasında Şimal-Cənub nəqliyyat dəhlizinin adını çəkə bilərik. Eləcə də iki ölkə arasında enerji sahəsində əməkdaşlıq mövcuddur. Rusiyanın ayrı-ayrı dairələrində Kremlin baxış bucağının dəyişməsi zərurətini anlamış olurlar. Sirr deyil ki, bu gün Rusiyada prezidentə yaxın siyasi institutlar, strukturlar Ermənistanla münasibətlərə malikdirlər. Biz inkar etmirik ki, bu gün Rusiya mediasında və bəzi dövlət strukturlarında da kifayət qədər ermənilər var və onların əsas hədəfi isə Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək, təxribatlarla məşğul olmaq və anti-Azərbaycan, anti-türk siyasəti aparmaqdır. Amma öz növbəsində bu qüvvələrdən başqa, Azərbaycanın səyləri nəticəsində Rusiyada intellektual, iqtisadi Azərbaycan elitası da formalaşmaqdadır. Əvvəllər Rusiya mediasında, ayrı-ayrı siyasi institutlarda azərbaycanlılara çox nadir hallarda rast gəlirdiksə, bu gün onların sayı artmaqdadır”.
Politoloq Elşad Mirbəşir bildirdi ki, tək Rusiya deyil, ümumilikdə dünya mediasında Azərbaycana qarşı törədilmiş təxribatlara obyektiv qiymət verilməsinin arxasında ölkəmizin diplomatik nailiyyətləri, informasiya mübarizəsində mövqelərinin möhkəmləndirilməsi dayanır: "Çünki uzun illərdən bəri Azərbaycan tutarlı arqumentlər təqdim edərək, məsələn Xocalıda qətliamın törədilməsini, ermənilər tərəfindən bəşər tarixində ən qatı cinayətlərdən birinin, vandalizmin həyata keçirilməsini dünyaya çatdırdı. Təbii ki, məsələnin digər tərəfini də qeyd etmək lazımdır. Bu həm də ona dəlalət edir ki, Azərbaycan getdikcə gücünü artırır və bütün istiqamətlərdə bunun görə bilərik. O baxımdan da Azərbaycana münasibətdə daha obyektiv və həssas yanaşılmanın şahidi oluruq. Tutaq ki, Rusiyada Xocalı soyqırımı və yaxud da 1988-ci il 28-29 fevral tarixindəki Sumqayıt hadisələri ilə bağlı obyektiv baxışların sərgilənməsi hadisələrlə bağlı ortada təkzibolunmaz dəlillərin olmasından irəli gəlir. Təkrarən qeyd etmək istəyirəm ki, bu, Azərbaycan tərəfinin həyata keçirdiyi ardıcıl, qətiyyətli siyasətin və fəaliyyətin nəticəsidir”.
E.Mirbəşir vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün mötəbər tribunalardan ölkəmizin haqlı mövqeyini təqdim edir: "Eyni zamanda, İlham Əliyev artıq qüdrətli bir dövləti təmsil edir. Bu amillər birləşərək, Azərbaycanın haqq səsini eşitdirir və dövlətimizə münasibətdə ədalətli, obyektiv mövqe nümayiş olunur. Əlbəttə, müasir dövrümüzü səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, nə qədər haqlı olursan ol, zəifsənsə, səsin eşidilməyəcək, haqqın tanınmayacaqdır. Amma indi Azərbaycan tarixinin ən qüdrətli, güclü dövrünü yaşayır. Bunu sübut edən məqamlardan biri də ondan ibarətdir ki, istər Xocalı soyqırımı, istər Sumqayıtda törədilmiş təxribatlarla bağlı və bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı olduğu bütün dünyada qəbul edilməkdədir. Ermənistanın işğalçı, təxribatçı dövlət olduğu etiraf olunmaqdadır. Səsləndirdiyim amillərin təsiri altında da Azərbaycana münasibətdə istər Rusiya, istərsə də dünyanın digər ölkələrinin mediasında obyektiv mövqe sərgilənməkdədir”.
 
BƏXTİYAR