• cümə, 19 Aprel, 11:21
  • Baku Bakı 13°C

Azərbaycan ədəbiyyatında tarixi romanlar

30.12.19 11:00 2883
Azərbaycan ədəbiyyatında tarixi romanlar
Azərbaycan ədəbiyyatında tarixi romanlar daha çox müstəqillik illərində yazılmağa başladı ki, bunun da müəyyən səbəbləri vardır. Məsələn, müstəqillikdən əvvəl baş vermiş qanlı faciələr və. s kimi bir sıra proseslər, sözsüz ki, ədəbiyyata təsir etmişdir. Bu cür əsərlər daha əvvəl yazıla bilməzdimi? Çətin. Çünki sovet senzurası deyilən "stanok" buna zəmin yaratmırdı. Ona görə də tarixi romanlar, ümumilikdə tarix kölgədə qalırdı. Tarixi romanlar həm əvvəlki dövrlərin ictimai-siyasi həyatını, həm öz dövrünün həyatını və vacib şəxslərin obrazlarını yaratmaq üçündür. Bu yaxınlarda Akademik İsa Həbibbəylinin "Böyük ədəbiyyat nəhəngi Məhəmməd Səid Ordubadi" haqqında yazılmış monoqrafiyasını oxudum. Dünya və Azərbaycan ədəbiyyatında da tarixi romanlar yazan müəlliflər bəs qədərdir.
Dünya ədəbiyyatından məsələn, Volter Skotu qeyd edə bilərik.
A.N.Pautnik tarixi romanlar haqda deyirdi ki: "Tarixi roman-keçmişi tarixi ardıcıllıqla təsvir etməkdir. Janrın tələbi tarixi sənədlərə əsaslanmaq, olmuş tarixi hadisələri vəşəxsləri müasir tələblər baxımından əks etdirməkdir".Amma tarixi roman əsərlərinin yaranmasında yazıçı təxəyyülünün də rolu böyükdür.
Səməd Vurğunun "Vaqif” dramını oxuyanlar bilər. Əsərdə həm İbrahim xanın, həm də Qacarın da obrazları yaradılıb. Məsələn, əsərdə Ağa Məhəmməd şah Qacarı mənfi obraz cildində görə də bilərik, xoşumuz gəlməyə də bilər. Amma tarixə baxanda görürük ki, Qacar məhz şahlıq dövründə böyük və əzəmətli dövlət yaradan, hazırda bildiyimiz İranı isə həmin dövlətin üzərində bərqərar edən bir şəxsiyyət olmuşdur. Məhz burada yazıçı təxəyyülü bundan ibarətdir.
Azərbaycan ədəbiyyatında tarixi roman kimi bir neçə əsər adı da saya bilərik.
Məsələn, M.S.Ordubadinin "Qılınc və qələm", İ.Muğannanın "Məşhər”, Y.V.Çəmənzəminlinin "İki od arasında", F.Kərimzadənin "Xudafərin körpüsü”, "Çaldıran döyüşü”, Əzizə Cəfərzadənin "Bakı-1501”, "Yad et məni” və s. kimi bir sıra romanlar.
Elə ilk tarixi romanlardan birini Məhəmməd Səid Ordubadi yazmışdır. Adı çəkilən "Qılınc və qələm" əsərində Nizaminin dövrü, mənsub olduğu mühit, o dövrdə yazıb-yaradanlar əsas süjet xəttidir. Məsələn, bu romanda da təxəyyül var ki, o da obrazlardan biri olan sərkərdə Fəxrəddindir.
Və yaxud da Yusif Vəzir Çəmənzəminlinin əsərləri. "Qızlar bulağı" tarixi romanında bizim eradan əvvəllərə – daha dəqiq ibtidai icma quruluşuna, qəbilə dövrünə qədər müraciət edilir. Bu romanda kökümüzün, ulu nəslimizin adət-ənənələrindən tutmuş, yaşam şəraitlərinə qədər görə bilərik.
Digər bir romanı, "Qan içində" romanı Qarabağın tarixi ilə bağlı faktlara əsaslanan zəngin bir romandır. Qan içində adı bildiyimiz kimi sonradan qoyulub və ilkin ad variantı "İki od arasında" idi.
İsmayıl Şıxlının "Dəli Kür” romanı da bizlərə məlumdur. Bu əsərdə keçən əsrin sonlarında Azərbaycan kəndində hökm sürən münasibətlər canlandırılmışdır. Əsas qəhrəman Cahandar ağadır və o feodal obrazı libasında təqdim edilmişdir.
Bu gün bəzən tarixi romanlar haqqında irəli geri fikirlər səsləndirilir ki, onlardan biri də tarixi roman yazmağın sadə olmağı, həmin romanı yazanın sadəcə faktları köçürməyi və.s kimi fikirlərdir.
Tarixi roman qələmə alan müəllif ilk növbədə özünü həmin tarixə aid etməlidir. Bunu hiss etmək lazımdır, məncə. O, yazdığı tarixi dövrün hadisələrini, faktlarını öyrənib bilməklə yanaşı, həmin dövrün adət-ənənələrini, dəyərlərini, ümumi olaraq psixologiyasını da bilməli və öz yazıçı təxəyyülündə saf-çürük etməlidir. Belə olduğu halda həmin romanı uğurlu saymaq olar.
Dostoyevski deyir ki, yazıçı tarixi hadisələri olduğu kimi təsvir etməməlidir. Çünki hər bir insan keçmişdə baş verən hadisələr haqqında fikirləşir, hadisələrin başlanğıcını və sonunu görür, bütün bunlar isə sənətkarın münasibətini müəyyənləşdirən amillərə çevrilir.

Orxan Saffari
banner

Oxşar Xəbərlər