• cümə axşamı, 28 mart, 16:08
  • Baku Bakı 16°C

Azərbaycan bazarında artan Türkiyə avtomobilləri

14.01.20 09:30 2040
Azərbaycan bazarında artan Türkiyə avtomobilləri
Ekspertlər deyirlər ki, bu məhsullar keyfiyyət baxımından Avropada istehsal olunan avtomobillərdən geri qalmır


2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137,543 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər. Nazirlikdən qeyd ediblər ki, dekabr ayında Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 44,65 faiz artıb və 11,020 milyon dollar təşkil edib. Qeyd edək ki, 2019-cu ildə Türkiyədən avtomobil ixracı 2018-ci ilin yekunları ilə müqayisədə 3,5 faiz azalaraq 30,594 milyard dollar və ya Türkiyənin ümumi ixracının 17 faizini təşkil edib. 2019-cu ilin dekabr ayında Türkiyədən avtomobil ixracı 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2,9 faiz artıb və 2,544 milyon dollar və ya ümumi ixracın 16,5 faizini təşkil edib. Qeyd edək ki, 2019-cu ilin noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 33,240 milyard dollar təşkil edib. Sözügedən dövr ərzində ixrac 2018-ci ilin noyabr ayı ilə müqayisədə 0,1 faiz artaraq 15,503 milyard dollar təşkil edib. 2019-cu ilin noyabr ayında Türkiyəyə idxal 2018-ci ilin analojidövrü ilə müqayisədə 9,7 faiz artıb və 17,737 milyard dollar təşkil edib. Ötən ilin yanvar-noyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 340,57 milyard dollar təşkil edib.
Xatırladaq ki, Türkiyə avtomobil istehsalı üzrə Avropada altıncı yeri tutur. Ölkədə "Ford", "FIAT", "Renault", "Toyota", "Honda", "Opel", "Hyundai", "Mercedes-Benz" və "MAN" avtomobil markaları yığılır. Bundan əlavə, Türkiyədə yerli markalı avtobuslar da istehsal olunur - "BMC", "Temsa" və "Otokar".Artımın səbəbi, bu avtomobillərin ekoloji cəhətdən üstünlükləri, Azərbaycanın avtomobil bazarına təsiri ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, idxal olunan avtomobillər sırasında avtobuslar çoxluq təşkil edir: " Azərbaycan və Türkiyə hökumətləri arasında olan anlaşmaya görə, iki ölkə arasında ticarət dövriyyəsi hər il artır. Bu da hər iki qardaş ölkənin iqtisadi maraqlarına xidmət edir. Əgər əvvəlki illərdə bu dövriyyədə avtomobil sektoruna az pay düşürdüsə, artıq ötən ildən ölkəmizə Türkiyədən idxal olunan maşınların sayında artım var. Türkiyədə bir neçə ABŞ, Avropa, Yaponiya avtomobil markalarının zavodları fəaliyyət göstərir. Eyni zamanda Türkiyə öz brendi ilə avtobuslar istehsal edir.
Azərbaycana idxal olunan avtomobillər sırasında avtobuslar çoxluq təşkil edir. Həmin avtobuslar əsasən sıxılmış qazla işləyir. Bu da ekoloji cəhətdən zərərsiz sayılır. Bir sıra avtomobil istehsalçıları Avropa spesifikasiyalı maşınları Türkiyədə istehsal edib yaxın ölkələrə çatdırırlar. Bu da təbii ki, Türkiyədən ixrac olunur. Qeyd edim ki, bu ildən Türkiyədə istehsal olunan hibrid avtomobillərin Azərbaycana gətirilməsinə başlanıb. Bu maşınlar da ekoloji təmiz avtomobillər sayılır. Türkiyədə istehsal olunan avtomobillər keyfiyyət baxımından heç də Avropada istehsal olunan avtomobillərdən geri qalmır. Avtomobil istehsalı tam olaraq hər bir dünya brendinin nəzarətindədir və ABŞ, Avropa, Yaponiyada hansı keyfiyyət standartları tətbiq olunursa, Türkiyədəki zavodlarda da bu standart tətbiq edilir”.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, artıq uzun illərdir ki, Türkiyədən Azərbaycana avtomobil ixrac edilir: "Çünki Türkiyə bizə həm məsafə baxımından yaxın, həm də əlaqələrimizin sıx və geniş olduğu ölkədir. Əgər gətirilən avtomobillərin statistikasına baxsaq, avtobuslar və yük avtomobilləri üstünlük təşkil edir. Bununla bağlı prezidentin sərəncamı ilə Bakı Nəqliyyat Agentliyinə vəsait ayrıldı və agentlik təxminən 300-ə yaxın avtobusu məhz Türkiyədən idxal etdi. Həmin avtobuslar artıq ölkəmizdir. Onlar ekoloji cəhətdəntəmiz, sağlamdır və qazla işləyirlər. Ola bilsin agentlik bu ənənəni davam etdirsin və bu prosesi davamlı olaraq həyata keçirsin. Digər tərəfdən müxtəlif markalı yük avtomobilləri gətirilib, hansı ki, bunlar "MAN” markasına məxsusdur və ölkəmizdə də istifadəsi çox geniş yayılıb. Təhlükəsizlik və keyfiyyət baxımından da Çin avtomobillərindən, Rusiyanın "Kamaz” markalı yük maşınlardan qat-qat üstündür. Digər markalar var ki, Türkiyənin Almaniya, Fransa ilə müştərək qurduğu şirkətlərin istehsalıdır. Onlar da dünyanın bir çox ölkəsinə ixrac edilir və bu proses illərdir davam edir. Bu avtomobillər arasında əsasən də taksi sürücüləri üçün əlverişli olan modellər var. Çünki bu avtomobillər qazla işləyir və olduqca sərfəlidir. Həmçinin bu avtomobillərin servis təminatı, detalların tapılması da asan olduğundan, bazarda da onlara tələbat böyükdür”.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov qeyd etdi ki, məxsusi olaraq Türkiyədən yox, 2019-cu ildə ümumi olaraq digər ölkələrdən də avtomobil ixracı artıb, sadəcə ötən il BNA-nın xətti ilə dövlət vəsaiti hesabına 300 avtobus gətirildi və əsas artım buna görədir : "Ölkəmizdə hazırda avtomobillərə ciddi şəkildə tələbat var. Bunun səbəbi isə Azərbaycanda avtomobilləşmənin getməsidir. Yəni əhalinin avtomobilə olan ehtiyacı ödənməlidir. Hazırda qonşu Rusiyada avtomobilləşməsəviyyəsi Azərbaycandan 2 dəfə, Avropada isə 5 dəfə yüksəkdir. Ona görə, bu proses bizdə də aktuallaşıb və sürətlənib. İsanların maddi imkanları artdıqca, avtomobil alırlar. Onu da qeyd edim ki, 2019-cu ildə hibrid maşınlarına maraq yüksək oldu, elektrik mühərrikli avtomobillərə isə az da olsa maraq artdı”.

Günel Azadə
banner

Oxşar Xəbərlər