“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub
17.02.20 16:34
1560
Azərbaycanı
beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi
AzerTelecom şirkətinin icra etdiyi "Azerbaijan Digital Hub” proqramı Bakıda
13-14 fevral tarixlərində baş tutmuş "Rəqəmsal İqtisadiyyat: müasir çağırışlar
və real imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində Azərbaycanda rəqəmsal
iqtisadiyyatın qurulması, xarici təcrübə, mövcud risklər, həllər kimi məsələlərə
həsr olunan plenar sessiyada təqdim edilib.
Azərbaycan
Dövlət İqtisad Universitetində (UNEC) yerli və xarici ekspertlərin iştirakı ilə
baş tutmuş tədbirdə çıxış edən AzerTelecom şirkətinin baş direktoru Fuad
Allahverdiyev ölkəmizin rəqəmsal mərkəzə çevrilməsi istiqamətində icra edilən
"Azerbaijan Digital Hub” proqramını tədqim edib, müasir dövrdə rəqəmsal
transformasiya prosesləri barədə geniş danışıb. Fuad Allahverdiyev rəqəmsallaşmanın
cəmiyyətlər və dövlətlər qarşısında inkişaf üçün yeni imkanlar açdığını, rəqəmsal
iqtisadiyyat quruculuğu məsələsinin hazırda ölkəmiz üçün də mühüm əhəmiyət kəsb
etdiyini vurğulayıb. Fuad Allahverdiyev proqram çərçivəsində infrastruktur
quruculuğu layihələri barədə danışıb, ölkə daxilində fiber-optik kabel xətlərinin
çəkilməsi üçün Azərbaycan Dəmir Yolları QSC ilə birgə icra edilən layihəni, eləcə
də Azərbaycanla Orta Asiya ölkələri arasıda Xəzərin dibi ilə Transxəzər Fiber
Optik kabel xəttinin çəkilməsi layihəsini qeyd edib. O bu layihələr sayəsində
Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal ipək yolunun
formalaşacağını bildirib, "Digital Hub” proqramının son nəticədə ölkənin rəqəmsal
mərkəzə çevrilməsi və rəqəmsal iqtisadiyyatın formalaşmasına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə
çıxış edən digər məruzəçilər aidiyyatı mövzularda təqdimatlar ediblər, rəqəmsallaşma
və rəqəmsal iqtisadiyyat quruculuğunda fərqli təcrübələr barədə fikir mübadiləsi
aparıblar.
Beynəlxalq
konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi və Çinin Bir Kəmər Bir Yol Elm və Texnologiya
Alyansının dəstəyi və Bakcell şirkətinin sponsorluğu ilə
keçirilib.
AzerTelecom Azərbaycanın ilk mobil
operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkətinin törəmə müəssisəsidir.
AzerTelecom yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir.
AzerTelecom Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Konsorsiumunun
üzvüdür.
Rəqəmsal
Ticarət Qovşağı Konsorsiumu - Azərbaycanda rəqəmsal infrastrukturun və transsərhəd
elektron ticarət platformasının inkişafı və ölkənin mövqelərinin regional və
qlobal miqyasda gücləndirilməsi üçün yaradılan dövlət-özəl tərəfdaşlığıdır.
Konsorsiumun yaradılması haqqında saziş 9 oktyabr 2019-cu il tarixində Bakıda
keçirilən "İpək Yolunun rəqəmsallaşdırılması” adlı rəqəmsal ticarət üzrə 3-cü
forumda özəl şirkətlər olan PAŞA Bank, B.EST Solutions və AzerTelecom və dövlət
sektorunu təmsil edən Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzi arasında "Asan İmza” mobil elektron imza vasitəsilə
imzalanıb. Konsorsium, Azərbaycanın müasir rəqəmsal xidmətləri və
infrastrukturunun tətbiqi və ölkənin rəqəmsal transformasiyasına təsir edən
transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirmək məqsədi
daşıyır. Konsorsium, Azərbaycanı dünya bazarlarına bağlamaq, eyni zamanda Azərbaycanın
Avropa ilə Asiya arasında yeni Rəqəmsal Qovşaq kimi irəliləyişi üçün görünməmiş
bir fürsət təqdim edir.