Avropa qışda donacaq? - TƏHLİL
Putin Qərbi qaz tələsinə salmağa müvəffəq olub
Avropanın problemləri
səngimək bilmir. Bir problemi həll etməmiş digəri başının üstünü kəsdirir. Bu
dəfə "Köhnə dünya"nın enerji təchizatı ilə bağlı problemi yaranıb. Əslində isə Avropanın enerji böhranı ilə üzləşəcəyi illər öncədən
proqnozlaşdırılırdı. Avropanın bir çox ölkələri qaz idxalında şaxələnmə üçün
çalışsalar da, sözügedən məsələ vaxtında həllini tapmadı. Bu da indiki
gərginliyin yaranmasına gətirib çıxardı. Bir sözlə, qazın qiymətinə görə bütün Avropa iqtisadiyyatı, az
qala çökmək təhlükəsi altındadır.
Proqnoz belədir ki...
Ötən ay Avropa birjalarında qaz fyüçerslərinin qiyməti hər min
kubmetr üçün 660 dollar olduğu halda, keçən həftə 970 dollara çatıb ki, bu da
görünməmiş bir həddir. Yeraltı qaz anbarlarında də vəziyyət qənaətbəxş deyil.
Oktyabr ayı olmasına baxmayaraq, bu, həddindən artıq aşağı səviyyə qəbul
edilir. Yeraltı qaz anbarlarına qaz, əsasən, yay fəslində doldurulur. Qışda
tələbat pik həddə çatdığı zaman yeraltı qaz anbarlarından istifadə olunur.
Avropanın əsas problemlərindən biri də İttifaqa daxil olan ölkələrin
hasilatının kəskin azalmasıdır. Hazırda Avropanın elə bir ölkəsi yoxdur ki,
onun hasilatında artım qeydə alınsın. Proqnoz belədir ki, 2022-ci ilin
ortalarına doğru Avropanın ən böyük təbii qaz yatağı olan "Groningen”də hasilat
tamamilə dayana bilər. Avropanın elektrik istehsalının 24 faizini məhz qazın
təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması, elektrik enerjisinin qiymətlərini
tarixdə ən yüksək səviyyəyə qaldırıb.
Günahkar Avropanın özüdür?
Bəziləri ilk gündən artımı Rusiya ilə
bağlasalar da, artıq bu iddia Qərbin özü tərəfindən də təkzib olunur. "Linde
Engineering” şirkətinin rəhbəri Yurqen Noviçki rəsmən bəyan edib ki, Avropada
qaz böhranın səbəbini elə Avropanın özündə axtarmaq gərəkdir. Səbəblər
sırasında isə ilk növbədə qazın nəqlini vaxtında çatdıra bilməmək, lokdaundan
sonra tələbin təklifi keçdiyini nəzərə almamaq və s. göstərilib. Qərb ekspertləri
hesablayıblar ki, 2020-ci ildə koronavirus pandemiyası fonunda qlobal
iqtisadiyyat 4 faiz aşağı düşüb. Bu il isə dünya iqtisadiyyatının bərpa
olunması, məhdudiyyətlərin qaldırılması fonunda iqtisadiyyatın müxtəlif
sahələrində, o cümlədən enerji sektorunda müsbət tendensiya müşahidə edilib. Bu
da enerjiyə tələbatı artırıb. Hətta analitiklər bu il rekord həcmdə - 6 faizlik
artım proqnozlaşdırırlar. Bu da qaza olan tələbatı ilin sonuna kimi 4 faizə
qədər artıracaq.
"Şimal axını-2" işə düşən
kimi...
Hazırda Avropaya əsas qaz
tədarükçüsü "Qazprom”dur. İqtisadi ekspert Viktoriya Voytsitskaya hesab edir
ki, "qaz monopolisti” Avropanın diz üstə "süründüyü" anı gözləyir.
Qalmaqallı "Şimal axını-2" qaz kəmərinin işə salınması halında, belə
bir ssenari mümkündür. Analitiklər deyirlər ki, Rusiya Qərbi şantaj edir.
Vladimir Putin açıq şəkildə deyir ki, Avropada qiymətlər "Şimal axını-2"
qaz kəməri işə düşən kimi sabitləşəcək.
İtirən
Ukrayna oldu
Artıq
Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək "Şimal Axını-2”
kəmərinə qazın doldurulmasına başlanıb. İsveçrədə mənzillənən və Rusiyanın
"Qazprom” şirkətinin törəməsi olan "Nord Stream 2 AG” şirkəti bildirib ki,
kəmər tədricən qazla doldurulacaq. "Şimal Axını-2" kəmərinin
istifadəyə verilməsi Avropanın kəskin qaz çatışmazlığı ilə üzləşdiyi bir dövrə
təsadüf edir. Almaniya mediası bildirir ki, qazın verilməsinə artıq bu ay
başlana bilər. "Şimal Axını-2" Rusiya qazının ənənəvi tranziti olan
Ukraynadan yan keçir. Kiyev və bir sıra Qərb ölkələri bu kəmərin tikintisinə
qarşı idi. Kəmərin tikintisi Ukraynanı ildə 2 milyard dollar tranzit
gəlirlərindən məhrum edəcək. Tam istismara verildikdən sonra bu kəmər
vasitəsilə Avropa bazarına ildə 55 milyard kubmetr qaz nəql olunacaq.
Azərbaycana sərf edirmi?
Bəs belə bir durum Azərbaycana sərf edirmi? Əlbəttə, əlverişli hesab
edilə bilər. Proqnozlar göstərir ki, qış sərt keçərsə, Avropada təbii qazın
1000 kubmetri hətta 1500 dolları keçə bilər. İnkişaf etmiş ölkələrin, o
cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını yaxın 10 ildə ən azı 15
faiz artıracağı gözlənilir. Bu isə mühüm qaz təminatçılarından biri kimi
Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini
şərtləndirir. İlk növbədə o baxımdan ki,Azərbaycan qazı Avropa üçün yeni,
etibarlı və uzunmüddətli mənbə hesab edilir. Bu kontekstdə ötən ilin sonunda
tam istifadəyə verilmiş "Cənub Qaz Dəhlizi”ni xüsusi qeyd etmək olar.
TANAP və TAP-ın əhəmiyyəti artacaq
Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə
verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz
ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün
etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. "Cənub Qaz Dəhlizi”nin əsas
seqmentlərindən biri olan TAP vasitəsiləildə 8 milyard kubmetr qazın
İtaliyaya, qalan 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql
olunacağı nəzərdə tutulur. Lakin sonradan bu həcmlər artacaq və artıq bir sıra
digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.
Avropadakı qaz böhranı Cənub
Qaz Dəhlizinin nə qədər uzaqgörən bir layihə, Azərbaycanın onu reallaşdırmaq
üçün çəkdiyi bütün əziyyətlərin səmərəli olduğunu bir daha sübuta yetirir.
Halbuki, bir vaxtlar ona çəkilən xərclər səmərəsiz hesab edilirdi. Beləliklə
də, Avropadakı qiymət artımları gələcəkdə Azərbaycanın TANAP və TAP kimi
strateji layihələrinin əhəmiyyətini daha da böyüdür.
Azər NURİYEV