• cümə, 19 Aprel, 23:12
  • Baku Bakı 24°C

Avropa nüvə enerjisinə köklənir 

04.02.23 00:00 1152
Avropa nüvə enerjisinə köklənir 

Böyük Britaniya yeni AES tikir, Fransa Avropanın başqa çıxış yolu olmadığı qənaətindədir. İş o yerə çatıb ki, bir vaxtlar nüvə enerjisinin ən qızğın əleyhdarları olan Almaniya və Yaponiya da hazırda istismar etdikləri atom elektrik stansiyalarının ömrünü uzadır.

Avropada qaz və kömür qiymətlərində rekord artım qitədə nüvə sənayesinin canlanması ilə bağlı müzakirələri daha da qızışdırıb. Qloballaşan dünyada enerjiyə olan tələbat sürətlə artır. Üstəlik, qlobal enerji istehsalının dekarbonizasiyasını təmin etmək üçün nüvə enerjisindən istifadəyə çağırışlar edilir. Mütəxəssislər hesab edirlər ki, bütün bunlar dünyada yeni atom dövrünün başlanğıcı da ola bilər. Nüvə enerjisinin “yaşıl” enerji mənbəyi kimi qəbul olunması da gözlənilir. İş o yerə çatıb ki, bir vaxtlar nüvə enerjisinin ən qızğın əleyhdarları olan Almaniya və Yaponiya da atom elektrik stansiyalarının ömrünü uzadır. Bu da onların bu texnologiyadan imtina ilə bağlı əvvəlki mövqelərinin dəyişdiyini göstərir.

Dünyaca məşhur “Oil Price” nəşri yazır ki, onilliklər ərzində nüvə fəlakətləri, xüsusən də Fukusima, Tri-Mile Island və Çernobılda baş verənlər ictimai rəyə böyük təsir göstərib və bu səbəbdən də insanlar yaşadıqları ərazilərdə nüvə reaktorunun olmasını istəmirlər. Lakin nüvə reaktorunun nüvəsinin əriməsi nadir hadisədir. Bundan əlavə, nüvə enerjisi havanın çirklənməsi səbəbindən baş verə biləcək milyonlarla ölümün qarşısını alaraq insanların həyatını xilas edir. Ancaq utilizasiyası baha başa gələn və min illər boyu təhlükəli olaraq qalacaq ciddi nüvə tullantıları problemi də mövcuddur. 

Ən böyük nüvə enerjisi istehsalçısı problem yaşayır

ABŞ hazırda dünyanın ən böyük nüvə enerjisi istehsalçısı olaraq qalır. Lakin orada da nüvə sənayesi onilliklər ərzində tənəzzüldədir: AES-lər sürətlə köhnəlir və nüvə tullantılarının saxlanması xərcləri vergi ödəyicilərinin üzərinə ağır yük qoyur. Lakin son illərdə ilk dəfədir ki, Amerikada nüvə enerjisinin gələcəyi daha az qaranlıq görünür, çünki dekarbonizasiyanın aktuallığı siyasətçilərə və sənaye liderlərinə təzyiq göstərir. İctimai rəy bölünsə də, tarazlıq yavaş-yavaş AES-lərin xeyrinə dəyişir, Silikon Vadisi atom variantını tam dəstəkləyir. Bayden administrasiyasının İnflyasiyanın Azaldılması Aktı, işləyən reaktorlar üçün istehsal vergisi krediti vermək, qabaqcıl nüvə texnologiyasını stimullaşdırmaq kimi addımları da ABŞ-da nüvə potensialını genişləndirmək imkanı verir.

Britaniyada AES-lərə dəstək artır

Böyük Britaniyada da nüvə enerjisinə ictimai dəstək artır. Hakimiyyətin ən yüksək eşelonlarında da bu mövqe güclənir. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra keçmiş baş nazir Boris Conson seçicilərinə deyib ki, Rusiyanın enerji idxalından asılılıq atom elektrik stansiyalarına sərmayə qoymaqla azaldıla bilər. “Financial Times”a görə, Conson növbəti 30 il ərzində nüvə gücünü indiki 5,8 GVt-dan 24 GVt-a çatdırmaqla atom sənayesinə görünməmiş dəstək verməyi planlaşdırırdı. Bunu etməklə Böyük Britaniya nəinki enerji asılılığından xilas ola bilər, həm də nüvə enerjisi üzrə yenidən dünya lideri olmaq imkanı qazanardı. “Məqsədimiz yenidən bir vaxtlar birinci olduğumuz qlobal nüvə sənayesinin sükanı arxasında olmaqdır. 2050-ci ilə qədər Böyük Britaniyada istehlak edilən enerjinin dörddə biri nüvə enerjisindən əldə edilməlidir”, - deyə Conson bildirib.

B.Conson istefa verdikdən sonra onun varisi Rişi Sunak da nüvə enerjisinə marağı qoruyub saxlayır. Sunak işə başladıqdan bir ay sonra Fransanın dövlət enerji şirkəti EDF ilə Suffolk sahilində 3,2 GVt gücündə atom elektrik stansiyası tikmək üçün 840 milyon dollarlıq müqavilə bağladı. Tamamlandıqdan sonra bu AES 6 milyon evi elektrik enerjisi ilə təmin edə biləcək. Tənqidçilər xatırladırlar ki, bu, Böyük Britaniyanın nüvə enerjisinin qızıl dövrünü dirçəltmək üçün ilk cəhdi deyil. “Financial Times” yazır ki, hökumət atom elektrik stansiyalarının sayını artırmaq bir yana, mövcud reaktorları yeniləməkdə də çətinlik çəkir.

Avropanın əsas nüvə lobbiçisi Fransadır

Fransanın maliyyə naziri Bruno Le Maire də düşünür ki, hazırkı enerji böhranında nüvə enerjisi vəziyyətdən çıxmaq üçün yeganə çıxış yoludur. Onun mövqeyi təəccüblü deyil. Fransanın enerji balansında nüvə enerjisi istehsalın 70 faizini təşkil edir. Fransa Avropanın əsas nüvə lobbiçisidir.

İqtisadiyyat üzrə Avropa komissarı Paolo Gentiloni hesab edir ki, Aİ-nin enerji böhranına reaksiyası müstəsna olaraq “iqlim transformasiyası” çərçivəsində olmalıdır. Sıfır CO2 emissiyası olan AES-lər 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün Aİ strategiyasına uyğun gəlir. Fransızların mövqeyini Çexiya, Macarıstan, Rumıniya və Polşa da dəstəkləyir. 

AES-lərin saxlanması çətinləşir

Amma bu sahə ilə bağlı başqa reallıqlar da var. Məsələn, son on ildə atom elektrik stansiyalarının tikintisi və saxlanması xərcləri 30 faiz artıb. Paralel olaraq külək və günəş stansiyalarının tikintisinin xərcləri isə 90 faizə qədər azalıb. Bundan əlavə, böyük atom elektrik stansiyaları çox çevik deyil: yüksək qiymətə görə stansiya operatoru hasilatı maksimum səviyyədə saxlamağa çalışır. Buna baxmayaraq, atom elektrik stansiyalarının həyat dövrü üçün istehsal dəyəri bütün istehsal növləri arasında ən yüksək olaraq qalır (1 MVt/saat üçün 129-198 dollar). Atom elektrik stansiyalarının tikintisini canlandırmaq da asan deyil. Bu, uzun və bahalı prosesdir.

Yekun olaraq qeyd edək ki, bu gün dünyanın cəmi 9 dövləti nüvə silahına malik olsa da, 31 dövlət atom enerjisindən ucuz enerji mənbəyi kimi istifadə edir.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər