Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın maraqlarına xidmət edir
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında
münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) qoyub. 22
aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış bu sənəd onu imzalamış bütün
dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində
qüvvəyə minib. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin
etməklə, Azərbaycan ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu saziş
siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni
və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı əhatə edib. Sonrakı
illərdə ölkəmizin Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsi ikitərəfli əməkdaşlıqda
irəliyə doğru mühüm addım olub.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi vaxtdan etibarən
Aİ ilə ölkəmiz arasında münasibətlər tamamilə yeni müstəviyə keçib. Bu gün Azərbaycanla
Aİ arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat və enerji, insan hüquqları
və demokratikləşdirmə sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. Qürurla deyə
bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkədir.
Bundan başqa, Azərbaycan Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) təşəbbüsündə də iştirak
edir.Qətiyyətlə deyə bilərik ki, bütün bu platformalar çərçivəsində Azərbaycanla
Aİ arasında bərabərhüquqlu maraqlara xidmət edən əlaqələr mövcuddur. Bütün bu əlaqələrin
daha da inkişaf etdirilməsi üçün tərəflərin qarşılıqlı səfərləri xüsusilə diqqət
çəkir.
Cari ilin fevral ayında həm Avropanın enerji təhlükəsizliyinə
mühüm töhfə verən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının V iclası Dövlət
Başçısının iştirakı ilə Bakıda keçirilib, həm də Avropa Komissiyasının Büdcə məsələləri
və İnsan resursları üzrə Komissarı Günter Ottinger, Avropa Komissiyasının Hərəkətlilik
və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Henrik Hololey, Avropa
İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak kimi rəsmilər Azərbaycana səfər
ediblər. Onların Azərbaycan Prezidenti səviyyəsində qəbul ediliblər. Eyni zamanda,
strateji tərəfdaşlıq üzrə sazişə dair danışıqları davam etdirmək üçün Aİ-nin
nümayəndə heyəti Azərbaycanda olub, Aİ-Azərbaycan arasında imzalanması
planlaşdırılan yeni saziş layihəsi üzrə intensiv danışıqlar aparılıb.
Bu siyasətin davamı olaraq, Prezidenti İlham Əliyev
mayın 13-də Belçika Krallığına işgüzar səfər edib.İyulun 9-da isə Aİ Şurasının Prezidenti Donald Tusk
ölkəmizə səfərə gəlib. O, Prezidenti İlham Əliyevlə əvvəlcə təkbətək, ardınca
işçi lanç çərçivəsində geniş tərkibdə görüş keçirib. Görüşlərdən, aparılan
müzakirələrdən sonra Prezident İlham Əliyev və Aİ Şurasının Prezidenti Donald
Tusk mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti İlham Əliyev əminliklə
vurğulayıb ki, qarşıdakı illərdə Aİ ilə tərəfdaşlığın müsbət məcrada inkişafı davam
etdiriləcək və bu, Azərbaycanın maraqlarına xidmət edir. Dövlət başçısı indiyə
qədər D.Tuskla çox sayda görüş keçirdiyini diqqətə çatdıraraq, çox uğurla
inkişaf edən Aİ-Azərbaycan əməkdaşlığı ilə bağlı geniş spektrli məsələlərin
müzakirə edildiyini söyləyib. Qeyd edib ki, bu, çox sahələri əhatə edir və tərəfdaşlığın
yeni səviyyəyə yüksəldilməsinə nail olunub. Aİ-Azərbaycan arasında əməkdaşlığın
gələcəyindən söhbət açan Prezident İlham Əliyev deyib ki, uğurla həyata
keçirdiyimiz bütün layihələr yaxşı nəticələr verəcək.
Milli Məclisin Beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik
İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında
Aİ-Azərbaycan əlaqələrinin inkişaf etdiyini xatırladıb. D.Tuskun Azərbaycan səfərinə
gəlincə, o bildirib ki, Aİ Şurasının Prezidenti Bakıya vidalaşmağa gəlib. Millət
vəkilinin sözlərinə görə, D.Tusk yaxın aylarda vəzifəsindən gedəcək: "Donald
Tuskun Azərbaycana səfəri Avropa İttifaqı üçün ölkəmizin önəmini bir daha
nümayiş etdirir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol
oynayır. Ölkəmizin Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji
münasibətləri, qarşılıqlı maraqlara söykənən əlaqələri var. Azərbaycanın
yaratdığı nəqliyyat dəhlizi ticari əlaqələrin inkişaf etdirilməsi baxımından
Avropa İttifaqı ölkələri üçün də mühüm amildir. Ticari, siyasi, iqtisadi,
humanitar əlaqələrlə bərabər, Avropa İttifaqı üçün Azərbaycanı cəlb edici edən
ölkəmizin dəyərləri, multikulturalizm, tolerantlıq ənənələri, zəngin mədəniyyətidir.
Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin daşıyıcısı olan insanların
sabitlik, əmin-amanlıq içində yaşadığı böyük ailədir. Hazırda Avropada yaşanan
hadisələr fonunda Azərbaycanın qeyd edilən istiqamətdə zəngin tarixi təcrübəsi,
ənənəsi, həyat tərzi avropalılar üçün maraq kəsb edir. Ən nəhayət, Donald
Tuskun Bakı səfəri Avropa İttifaqının Azərbaycana verdiyi əhəmiyyətin, dəyərin,
qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə marağın növbəti dəfə təsdiqidir”.
Millət vəkili, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı
(AŞPA) nümayəndə heyətinin üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil
Mustafa da qəzetimizə açıqlamasında bildirib ki, Aİ Şurasının Prezidenti D.Tusk Prezident İlham Əliyevlə
dəfələrlə görüşüb. O D.Tuskun Bakıya səfər etməsini, ölkənin ali rəhbərliyi ilə
görüşlər keçirərək qarşılıqlı əlaqələrin gələcək inkişafına dair müzakirələr
aparmasını mühüm hadisə, Azərbaycana verilən dəyər kimi qiymətləndirib: "Azərbaycanın
Avropa İttifaqının üzvü olan bir sıra dövlətlərlə strateji münasibətləri var.
Avropa İttifaqı ilə ölkəmiz arasında da strateji münasibətlərə dair yeni
sazişin imzalanması istiqamətində ciddi müzakirələr aparılıb, çoxsaylı görüşlər
keçirilib. Gələcəkdə sazişin imzalanması münasibətlərimizi daha da irəliyə
doğru inkişaf etdirəcək. Avropa İttifaqı və bu quruma üzv olan ölkələrlə
münasibətlərin inkişaf etdirilməsi yalnız Azərbaycana fayda gətirə bilər. Ümid
edirəm ki, Donald Tuskun Bakı səfəri də bu istiqamətdə münasibətlərimizə töhfə
verəcək”.
Rufik İSMAYILOV