“AVESTA” AZƏRBAYCAN DİLİNDƏ

Qədim azərbaycanlıların müqəddəs saydığı bir kitab
var: "Avesta”. Neçə yüzilliklərdir ki, "Avesta” bəşər
mədəniyyətinin əski çağlarda yaratdığı mənəvi sərvət kimi tədqiq olunur,
öyrənilir və bu ədəbi abidədə qədim, ulu babalarımızın dini, əxlaqi, ictimai,
siyasi, fəlsəfi görüşləri əks olunduğu üçün daha artıq maraq doğurur. Düz 247
ildir ki, "Avesta” Avropa alimlərinin tədqiqat obyektidir və bu 247 ildə
"Avesta” ilə bağlı o qədər həqiqətlər və bir o qədər də müəmmalar meydana
çıxmış ki, bu da avestaşünaslıfq deyilən müstəqil bir elm sahəsinin meydana
çıxmasına səbəb olmuşdur. Heç şübhəsiz, bu sırada Azərbaycan alimlərinin də
müəyyən xidmətləri olmuşdur. Bu sahədə filologiya elmləri doktoru Baloğlan Şəfizədənin
"Avesta” ilə bağlı tədqiqatları xüsusilə
seçilir. Baloğlan Şəfizadə "Zərdüşt,
Avesta, Azərbaycan”, "Avesta”, "Azərbaycan ədəbiyyatı tarixi (ən qədim dövrlər)”
əsərlərində bu problemlərə xeyli dərəcədə aydınlıq gətirmişdir.
"Avesta”
Zərdüşt təlimini özündə əks etdirir. Zərdüşt
peyğəmbər, islahatçı və zərdüştiliyin banisidir. Avropa alimləri
Zərdüştün yaşam dövrünü eramızdan əvvəl
XV-XII əsrlərə aid etmiş, onun dinini bəşər tarixində yeni bir era
adlandırmışlar. Onun anadan olduğu yer –
Vətəni haqqında müxtəlif versiyalar mövcuddur. Zərdüştün Azərbaycanda
doğulduğunu bildirən alimlərin fikri daha məqbul hesab edilir.
Bu
yaxınlarda "APOSTROFF” nəşriyyatı «Avesta» əsərinin "Seçilmiş "Avesta Vəştləri”ni Azərbaycan
dilində oxuculara təqdim etmişdir. Zərdüştülüyün müqəddəs kitabı hesab edilən "Avesta”nı şair-tədqiqatçı Xanlar Həmid sərbəst tərcümə yolu ilə oxuculara çatdırıb
(redaktoru professor Qəzənfər Kazımov). Xanlar Həmid Lerikin ucqar bir dağ
kəndində yaşayır, amma çox zəngin bir kitabxanası olan bu kənd ziyalısı neçə
illərdir ki, "Avesta” ilə məşğuldur, bu
ədəbi abidəyə aid kitablar oxuyub, nəticədə belə qərara gəlib ki, "Avesta»”nı
ilk dəfə tam şəkildə Azərbaycan dilinə tərcümə etsin, zərdüştülüyün mənşəyi,
onun təlimi, Ali Tanrı-Ahura Mazda ilə bağlı inancları, həqiqətlərim oxuculara
çatdırsın.
Xanlar Həmid
kitaba ön söz də yazıb və bu ön sözdən – "Giriş əvəzi”ndən görünür ki, o, "Avesta” mətnini dərk etməyə qabil bir
ziyalıdır. Ona görə də biz söhbətimizə elə "Giriş əvəzi”ndən başlamaq
istəyirik. Xanlar Həmid yazır ki,
"Avesta” qədim ariya dilində
qələmə alınmışdır. Ariya dili bizim eramızdan əvvəl VI əsrin ortalarında fars dilinin İran və Şərq mühitində hakim
dilə çevrilmişdi, ancaq az sonra Əhəmənilər dövründə ariya dili ümumişlək bir
dil kimi öz ömrünü başa vurdu, yalnız "Avesta” mətnlərində qaldı ki, onu da
ancaq kahinlər, maqlar oxuyub tərcümə edirdilər. Halbuki, Zərdüşt bir peyğəmbər
kimi zühur edərkən bütün İran Şərqində, Əfqanıstanda, Hindistanda, Orta
Asiyada, Suriyada ariya dili bütün dialekt və şivələri ilə mövcud idi. Amma bu
dil sıxışdırılandan sonra onu başa düşmək çətin və anlaşılmaz olmuşdur.
Sonra Xanlar
Həmid Zərdüştün kimliyi barədə məlumat verir, atasının adının Porişasp,
anasının adının Dohdo, həyat yoldaşının adının Hvov, oğlanlarının adlarının
İsad-vastra, Urvatat-nara, Hvara-çitra, qızlarının adlarının Freni, Poruşista
və Triti olduğunu qeyd edir. Çox maraqlı adlardır.Bəs "Avesta”
nədən bəhs edir? Xanlar Həmid ilk növbədə, adları şərh edir: "Ali Tanrı-Ahura Mazda kainatın
yaradıcısıdır. Mazda, Məzda, Mazdə-Ma-maya, yaxud yaradıcı nüvə, başlanğıcdır.
Ahura Mazda "Müdrik Tanrı” deməkdir. Zərəhuştra, Zarahuştra, Zaratuştra. Bunlar
ariya dillərini əhatə edən bütün ərazilərdə
səs, söz, Tanrı, var olan, yolçu anlamını ifadə edirlər. "Avesta”,
"Əvesta”. Min illər boyu şifahi şəkildə dildən-dilə keçərək bir şeir toplusu
kimi yaranan sənət toplusunun adıdır.
Xanlar Həmid "Avesta”da olan digər adların da mənasını aydınlaşdırır və
əlbəttə, tədqiqatçılara, onların fikirlərinə istinad edir. Daha sonra müqəddimə
müəllifi zərdüştülüyün mahiyyəti barədə söz açır.
"Avesta”
ayrı-ayrı "Qatlar”dan ibarətdir. Azərbaycan tədqiqatçıları qeyd edirlər ki,
"Qatlar” "Avesta”nın ən qədim hissələridir və bilavasitə Zərdüştün qələmindən
çıxmışdır. Dörd ünsür, ulduz və planetlərə insan-Allah surəti vermək, öküzün ruhuna sitayiş, onu qorumaq
"Qatlar”dakı dini təfəkkürün məzmununu
təşkil edir. Bizim tədqiqatçılar onu da qeyd edirlər ki, "Avesta”da əksini
tapan dini baxışın əsasını dualizm təşkil edir.
İşıqla qaranlıq, ölümlə həyat, xeyirlə şər, ədalətlə zülm arasında daim
mübarizə gedir. Dini aləmdə bu mübarizəni
Hörmüz ilə Əhrimən arasında gedən
konflikt təşkil edir. Burada böyük şairimiz Səməd Vurğunun yarımçıq qalmış,
bitirə bilmədiyi "Hörmüz və Əhrimən” mənzum pyesini xatırlayırıq. Səməd
Vurğun çox güman ki, "Avesta” mətni ilə,
həm də müxtəlif alimlərin fikirləri ilə
tanış imiş. Xalq şairi Bəxtiyar Vahabzadə "Səməd Vurğun” monoqrafiyasında
(1968) bu əsərdən də söz açır. "Avesta”
müəllifinin – Zərdüştün çox hallarda öz fikirlərini Ahyuramazdanın (Hörmüzün)
dili ilə ifadə etdiyini yazır. Əsərdən bu parçanı misal gətirir:
Gələr
Zərdüşt deyər,
Bəzən
mənim öz ehtişamım var.
Bəşər
qəlbi müqəddəsdir,
Bu
qüdsiyyətlə kamım var.
Ölüm
iblisə layiqdir,
Həyatdır
ən şirin nemət,
Qaranlıqdan uzaqlaş ki,
İşıqdır ən
böyük zinət.
Çalış
qəlbin saf olsun ki,
Təmizlikdir sənin hüsnün,
Bütün
ömründə zəhmətsiz,
Hünərsiz
keçməsin bir gün.
Bir Allah
adlanan eşqi
Sən öz
qəlbində axtarsan,
Özün öz
hüsnünü tapsan,
Ölüb
getsən də sən varsan.
B.Vahabzadə
məşhur İran alimi Məhəmməd Müninin "Məzdi-yasna və təsiri an dər
ədəbiyyati-parsi” əsərindən belə bir sitat gətirir: "Zərdüşt dininə görə, hər
bir bəşər övladında müqəddəs, ilahi bir zərrə əmanətidir. Bu zərrəyə nə ad
verirsinizsə, verin: ruh ya vicdan! Bu müqəddəs zərrə bizi əslimizə və yaranış
dair Əsinin mərkəzinə bağlayan bir vasitədir. Yalnız bu ilahi işıqdır ki,
insanı heyvanlıq aləmindən nicat verir.
Zərdüştə görə, o müqəddəs zərrə bu maddi dünya həyatında bizi yüksək tərəqqilərə, səadət və
kamala çatdırır. Kamal yolunda
irəliləmək və Allaha qovuşmaq üçün düzgün yol, əsl yol hesab olunur və deyilir:
"Yol birdir, o da düzlük yoldudur”. "Avesta”da məhz xeyir işıq, təmizlik
şüarları səslənir. Yaxşılıq, xeyirxahlıq təbliğ olunur. Xanlar Həmidin tərcüməsindən bir parçaya
diqqət yetirək:
Dua
edirəm hər gün –
Xoşbəxtlik üçün.
Dua
edirəm uca səslə.
Ölməz
Günəşə.
Dua
edirəm
Ölməz işığa.
Fikrimlə,
əməlimlə
Və həqiqi
sözlərlə
Ehtiram
göstərirəm
Günəşə.
"Avesta”da
məhz xeyirxahlıq və nəcabət təbliğ edilir, xoşbəxtlik yolları işıqlandırılır
ki, insanlar bu yolla hərəkət etsinlər. Başdan-ayağa müdrik fikirlərdən, uca
kəlamlardan hörülən "Qatlar”da bu gün üçün də müasir səslənən həqiqətlərlə
qarşılaşırıq. «Həqiqət-ən yaxşı xoşbəxtlikdir”. – bu fikir dönə-dönə təkrar olunur. Zərdüştün yaratdığı təlim
insanları məhz düzgün və ədalətli olmağa səsləyir ki, bu gün də o fikir köhnəlməyib.
Zərdüştün dövründə də yalançılar, riyakarlar,
zalımlar varmış. Onlar Şəri təmsil edirlər. Xeyir isə həmişə insanlara haqq
yolunu göstərib. Ədəbiyyatşünas, professor Xəlil Yusiflinin "Avesta”da haqqında
maraqlı fikirlərlə bizi tanış edir: "Zərdüşt
üzünü gah Ahuraməzdəyə, Vohumanaya, Artaya tutur, onlardan kömək
istəyir, gah da insanlara müraciət edərək onları xeyrə xidmət etməyə,
heyvandarlıq və əkinçiliklə məşğul olmağa, fikirdə, sözdə, işdə xeyirxah olmağa
çağırır». X.Yusiflinin "Avesta”dan etdiyi
poetik tərcümədən bir parsanı təqdim edək:
İndi üz
tuturam qulaq asana:
Dinləyin özünüz yaxşı sözləri.
İki
etiqadı yaxşı anlayın,
Ta
seçin birini məhşər günündə,
Hər
iki ruh başdan əkiz yaranıb.
İndi
də fikirlə, sözdə və işdə,
Onların əsli bil, xeyirlə şərdir.
Xeyirxah xeyiri, şər şəri seçib.
Xanlar Həmidin "Giriş əvəzi”ndə maraqlı bir fikirlə
də qarşılaşırıq: "Pəhləvi dilində sonradan təkrarən yığılıb hazırlanan "Avesta”»da
Adurbadaqanda – Azərbaycanda olan
bir çox dağ, çay, göl adları verilmişdir. Məsələn, Savah-Savalan,
Siyakomand-Siyahkuh, yəni Qarabağ (Astaradakı Siyəku),
Hoşdodsar-Həştadsər-Qarabağda zirvə, Aharz-Əhər, Spedrud-Qızılüzən, Kour-Kür,
Arazi-Araz, Ərəszurə-Zəngəzur və s”. Təbii ki, bu araşdırmalar davam etməlidir.
Xanlar Həmid
bundan əlavə (Ön söz və sərbəst tərcümə nəzərdə tutulur), kitabın sonunda ayrıca qeydlərlə çıxış edir.
Mətndə nəzərə çarpan elə sözlər və ifadələr var ki, müasir oxucu üçün çətin və
anlaşılmazdır. Amma ən dəyərlisi tərcüməçinin tərtib etdiyi lüğətdir. Maraqlı
olsun deyə bəzi sözlərin izahını nəzərə çarpdıraq:
Fravaşi – ruh,
doğulmamışdan əvvəl mövcud olan və öləndən sonra yaşayan, möminlərin ruhu,
qoruyucu mələklər.
Haoma – bitki, içki.
Parəndi-Bolluq ilahəsi
"Vəşt” – himn.
"Avesta” Azərbaycan yazılı ədəbiyyatına xüsusilə
klassik ədəbiyyata təsir edən möhtəşəm bir abidə kimi də diqqətəlayiqdir.
Nizaminin "İskəndərnaməsi”ndə, Nəsiminin şeirlərində, Füzulinin əsərlərində,
həmçinin "Dədə Qorqud” dastanlarında "Avesta”nın xeyirxah izlərini görmək olar.
"Avesta” Qərb ədəbiyyatına da təsirsiz qalmamışdır. Məsələn, alman filosofu F.Nitşenin
bütün yaradıcılığı "Avesta”
ideologiyasına söykənir (Bu haqda Baloğlan Şəfizadənin "Azərbaycan ədəbiyyatı tarixi” kitabında
ayrıca bir fəsildə söz açılır).
Əlbəttə,
"Avesta” və onun tərcüməsi barədə çox
danışmaq olar. Amma biz bu tərcüməni ədəbiyyatımız və elmimiz üçün uğurlu bir
təşəbbüs hesab edir, tərcüməçiyə uğurlar arzulayırıq.
VAQİF YUSİFLİ
