AZE | RUS | ENG |

Anna Karenina və Konstantin Levin obrazlarının müqayisəli analizi

Anna Karenina və Konstantin Levin obrazlarının müqayisəli analizi
Lev Tolstoyun "Anna Karenina” romanında ikiqat paralellərlə kəsişən ehtiras, sevgi və nikah mövzuları süjet xətləri vasitəsilə təqdim olunan sosial problemlərlə uyğunlaşır. Anna Karenina ilə Konstantin Levinin əsas qəhrəman olduqları əsərin süjet xəttində ailə münasibətlərindəki dolaşıqlıq ön plana çəkilir. Hər iki personaj bir-biri ilə mübarizə aparan iki qüvvə – cəmiyyətin düşüncəsi və xeyirxahlığın mənəvi qanunu – sayəsində qarışıqlıq və qeyri-müəyyənlik vəziyyətindədir.
 
Addımladıqları həyat yolunda seçim arasında qalan qəhrəmanlar ya mənəvi dalana dirənirlər (Anna), ya da mənəvi yüksəlişə (Levin) doğru gedirlər. Məşhur ədəbiyyatçı E.Babayevin (Eduard Qriqoryeviç Babayev – 1927-1995. Sovet və rus ədəbiyyatçısı, tolstoyşünas, şair – X.N.) fikrincə, romanın bütün bu ideyasını L.N.Tolstoyun özünün yaratdığı, romana "geniş nəfəs” bəxş edən "ailə düşüncəsi” termini ilə eyniləşdirmək olar.  Anna və Levin bir-birini tanımasalar da, bir çox məsələlərdə – ictimai vəziyyətlərinə, mühitlərinə olan münasibətdə və ümumi dünyagörüşlərində – bir-birinə uyğundurlar. Hər iki qəhrəman rus mülkədarlığının münaqişəli münasibətdə olduqları mədəni qatına aiddir. Annanı cəmiyyətdə hər şeydən əvvəl insan münasibətlərində rast gəldiyi, təbiətinə yad olan yalan çəkindirir: "ağıl, zəriflik, gözəllikdən əlavə ona həm də doğruluq xas idi”. Qrafinya Lidiya İvanovnanın Peterburqdakı çevrəsi Anna üçün (Moskvaya səfərindən sonra) dözülməzdir: "Ona elə gəlirdi ki, onlar hamısı riyakarlıq edirlər. Hətta bu cəmiyyətdə o qədər darıxırdı ki, artıq qrafinya Lidiya İvanovnanın ziyarətlərinin sayını azaltdı”.
 
Levin də yaşadığı cəmiyyətdə insan münasibətlərindəki qeyri-dürüstlüyün şahidi olur və bundan narazıdır. Sosial münasibətlərdəki nizamsızlıq Levin üçün ilk sırada dayanan ictimai işdə əngələ çevrilir. Hətta kəndlilərin sevgisi də onu qane etmir, bilir ki, onların marağı "yad və anlaşıqsız olmaqla bərabər, həm də fatal cəhətdən ən haqlı maraqları da bir-birinə ziddir”. Levinin düşüncələri onun ətrafı ilə münaqişədədir: "O, öz-özü ilə əzablı ixtilafda idi və vəziyyətdən çıxmaq üçün bütün daxili qüvvəsini sərf edirdi”.
 
Hər iki personaj axtarışdadır. Anna əri Aleksey Kareninlə ortaq həyatlarında çatışmayan həqiqi sevgi axtarışındadır, Levin isə ruhunun harmoniyası üçün sosial münasibətlərdə həqiqət axtarır. Annanın sevgisi ehtirasın təhlükəli, qəddar və kontroldan çıxmış ünsürü qismində meydana çıxır. Annaya doğru gələn Boloqomdakı "təhlükəli fırtına” – Vronskiyə duyduğu hər şeyi unutduran hiss ona olduqca gözəl görünür, amma "qəlbinin arzuladığı bu məntiqli duyğu onu qorxudur”.
Annanın Vronskiyə sevgisi qəfildən yemək təqdim edilən ac insanın duyğularına bənzəyir. Onu "sevgisi həyatdakı bütün nemətlərə üstün gələn qadın kimi” sevirdi. Onun üzərində qüvvətli, vəhşi və hər şeyə üstün gələn, onu həmin dövrün qanunları, dini və ictimai rəyi ilə eyni həddə məhv edən hiss hakimlik edir.
Annanın həyatı yalanla əhatələnmişdir, onun zərif, qəribə və sadiq təbiəti isə Vronskinin sevgisinin gətirdiyi ağrı, işgəncə və əzablarla sarsılır. Anna ona qarşı qısqanclıq və nifrət bəsləyir, bundan başqa hiss edir ki, "onları bağlayan sevgi ilə həmahəng, aralarında həm də hansısa mübarizənin nə onun, nə də özünün qəlbindən çıxara bilmədiyi qəddar ruhu yaranıb”. Anna qəlbində "qeyri-müəyyən qəzəb və qisas” doğulduğunu hiss edir, sonra isə öz ölümü haqqında düşüncələrə dalır: "Ölüm də onun qəlbində qadına qarşı sevgini bərpa edən, onu cəzalandıran və qadının qəlbində məskən salan qəddar ruhla apardığı mübarizədə qalib gəldiyi yeganə vasitədir”. Annanın faciəsi insan təbiətinə xas fiziki və mənəvi iki başlanğıcın qarşıdurmasının nəticəsidir.
 
Qəhrəmanımız fiziki başlanğıcın ortaya çıxmasına şərait yaradaraq öz vicdan və rüsvayçılıq hissini, mənəviyyatını boğur. Anna ilə Levinin rastlaşdıqları situasiyalar faciəyə aparır, amma əgər Anna daxili mübarizəsində məğlubiyyətə tuş gəlirsə, Levin özünə qalib gələrək yüksəliş dövrünü yaşayır. Levin mülkədar surətində ev təsərrüfatı ilə məşğul olarkən özünü aldatdığını dərk edir: "İdarə etdiyi təsərrüfat ona həm maraqsız, həm də çirkin göründü və o artıq bu işlə məşğul ola bilməzdi”. Kiti Şerbatski ilə bəxtəvərcəsinə sürən şəxsi həyatına baxmayaraq, onu da intiharla bağlı düşüncələr izləyir: ayaqqabı bağını gizləyirdi ki, özünü onunla asmasın və silahla gəzməyə də qorxurdu ki, özünü güllələməsin. Levindəki dəyişiklik qulluqçusu Fyodrla adi məişət söhbətindən sonra baş verir: "mujikin Fokanıçın ruh uğrunda yaşadığı haqqında sözləri mənşəyi naməlum olsa da sanki hansısa kilidin arxasından çıxaraq eyni məqsədə hədəflənərək beynində dolaşır, öz işığı ilə onu kor edirdi”.
 
"O, qəlbində yeni duyduğu, hələ nə olduğu məlum olmayan hissi ləzzətlə yoxlayırdı” – bu dəyişiklik onun ağlı deyil, duyğuları sayəsində baş verdi və ona təqdim edilən bu qeyri-adi hiss "qəlbinə gözəgörünmədən kədərlə gələrək möhkəm şəkildə bərqərar oldu”.
Levin həyatın mənasını ona ancaq əzab və kədər hissi gətirən ağlının gücü ilə dərk etməyə çalışdı, amma anlamaq üçün daxili səsini, hisslərini dinləmək gərək idi: "Tanrı üçün yaşamaq, qəlbin üçün yaşamaqdır”. Levinin şəxsiyyətində mənəvi başlanğıcın qələbəsi onun yüksəlişinə səbəb olur. Xeyirxahlıq, sevgi və həqiqət qanunları sadə xalqa, xalqın düşüncəsinə və Tanrıya yaxınlaşması sayəsində ona bəlli olur.
 
Roman onun sözləri ilə sona yetir: "...mənim bütün həyatım... hər dəqiqəm... şübhəsiz ki, ona əlavə etməyə hökmüm çatdığı xeyirxahlıqla doludur”. Uşağın dünyaya gəlişi anında insan mənəvi məsələni düşünür, öz keçmiş şəxsiyyətini adlayaraq başqa mənəvi səviyyəyə keçir. Bu hadisəni Kiti oğlan övladı dünyaya gətirdiyi zaman Levində müşahidə edirik. O, adi sevinc və xoşbəxtlik hisslərini yatıran əzablı qorxu hiss edir: "bu körpə varlığın onun gözlədiyi olmadığını hiss edir. Əksinə bu yeni, əzablı qorxu idi... bu köməksiz varlığın kədərlənməməyindən dolayı yaranan qorxu idi”.
 
Kiti övladını dünyaya gətirərkən Levin bir il əvvəl vəfat etmiş qardaşı Nikolayı, onun ölüm anını xatırlayır və  doğuş Levinin nəzərində Əzəli və Əbədi ilə təmasa və ölümə bərabər olur. Doğuş sirri ilə ölüm sirri arasında xüsusi əlaqə var: "Xeyirlə şər qardaşdır”. Romanda ölüm yeni həyata doğum etmək kimi təqdim edilir və L.N.Tolstoyun həyat və ölüm konsepti də burada bitir.
Digər mühüm məqam onun insanın mənəvi məsələsinə görə narahat olması və əvvəlki şəxsi həyatının üstündən keçərək nikah kəsdirməyə hazırlaşmasıdır. Lev Nikolayeviç Tolstoy üçün nikah səmada baş verən, Tanrı hüzurunda and içilən, həyatın ən vacib, müdrik və ən çətin anıdır. Levin götür-qoy edir:
"Mən heç nəyi kəşf etmədim. Bircə nədən xəbərdar olduğumu dəqiqləşdirdim. Həyatın mənə verdiyi həmin qüvvəni anladım. Mən yalandan xilas oldum, sahibi tanıdım”. Levin "sahib” dedikdə Tanrını nəzərdə tutur. Kişi ilə qadın arasında illər ərzində möhkəmlənən mənəvi bağlılıq cütlükləri bir-birindən uzaqlaşmağa qoymur, bunu Annanın övladını dünyaya gətirdikdən sonra bir əli ilə Kareninin əlini tutduğu, digər əli ilə isə onu özündən uzaqlaşdırdığı səhnədə aydın görmək olar.
 
Yazıçı göstərir ki, Levin ailəsindəki harmoniya sayəsində bir çox əngəl və çətinliklərin öhdəsindən gəlməyə nail olur. Xüsusilə də ilk zamanlar Levin haqqında "O, xoşbəxt idi, amma gözlədiyi kimi yox... o, hər addımda görürdü ki, bu, onun təsvir etdiyi deyil... o, göldə qayığa əyləşərək rahatlıqla, xoşbəxtcəsinə üzən insanın hisslərini yaşayırdı” deyilir.
 
Amma mənəvi əngəlləri və məişət çətinliklərini aşmaq Kiti ilə ruh qohumluğuna gətirib çıxarır – "o, qadının ona təkcə yaxın olmaqla qalmadığını, eyni zamanda onun və özünün başlanğıcının və sonunun naməlum olduğunu anladı...”. Yazıçının Levinlərin ailəsində təsvir etdiyi idilliya qəhrəmanın sınaqlardan keçərək ona gəlib çatan ruhi yüksəlişinin nəticəsidir: övladının doğulması, yaxın qohumunun vəfatı (qardaşı Nikolay Levinin) və Kiti ilə nigahı.
İnsanın doğumu, nikahı və ölümü ilə rastlaşdığı bu mərhələlər onu mənəvi işin çətinliyini sınamağa, həyatını yenidən dərk etməyə,  Tanrıya və həqiqi həyata yaxınlaşdıran mənəvi gücü özündə duymağa məcbur edir. Lev Tolstoy tərəfindən istifadə edilən antitez onun fəlsəfəsi və avtobioqrafik başlanğıcı ilə həmahəng olaraq romanda obrazların və süjet dönüşlərinin qurulmasının əsasını təşkil edir.
 
İki süjet xətti yaşayan, hiss edən və müxtəlif cür sevən insan təbiətindəki ziddiyyətləri göstərir. Hadisələrin əvvəlində uyğun şəkildə baş verən qarışıq vəziyyətə baxmayaraq, qəhrəmanlar öz sonlarına çata bilirlər: Anna fiziki ölümünə, Levin isə mənəvi dəyişiminə. Beləliklə L.N.Tolstoy öz romanında mənəvi birlikdən məhrum qalmış, xeyirlə şərin, həyatla ölümün, mənəvi və fiziki nəsnələrin xaosunun hökm sürdüyü parçalanmış dünyanı təsvir edir.

Semyon Nikonov 

Mənbə: moluch.ru
Rus dilindən tərcümə edən: Xatirə Nurgül
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873