Altmış ilin Çingiz Abdullayevi
İnsanın 60 yaşında özünü necə hiss etməsi –
əslində, hər kəs üçün fərqli bir duyğudur. Bunu altmış yaşına çatanların
əksəriyyəti belə ifadə edir ki, insan bu yaşa qədər həyatı ilbəil anlamağa
başlayırsa, bu yaşdan sonra necə deyərlər, onunla günbəgün "dostlaşır”. Elə
insanlar da var ki, onlar üçün həyatı anlamaqda illər xüsusi bir rol oynamır,
əksinə, belələri illəri qabaqlayırlar.
"- Axı, qadınlar kişilərdən daha güclü sevirlər? – Dronqo israr etdi.
- Güclü deyil, - Mixail Fyodoroviç gülümsədi, - onlar dərindən, şüurla sevirlər. Kişilər isə seksual hisslərin burulğanına tabe olurlar. Onlar üçün bir dişini mayalandıraraq, digər dişiyə keçmək vacibdir. Ona görə yox ki, o pisdir. Sadəcə, təbiət onu bu cür yaradıb...”
Zeynəb Əliqızı
Xalq yazıçısı Çingiz Adbullayev 60 yaşındadır. O,
bu yaşda da gəncdir, həm də müdrikdir. Onun bir sıra xüsusi keyfiyyətləri
əsərlərində özünü büruzə verir. Özünün də dediyi kimi, o, "özünü yazır”. Yazıçı
hər bir qəhrəmanını özəl xüsusiyyətləri ilə təqdim edir. Əsərlərinin dünya
oxucuları tərəfindən hərarətlə oxunduğu azərbaycanlı yazıçı qəhrəmanlarının
fəlsəfi, psixoloji, magik düşüncə tərzlərini yüksək məharətlə təsvir edə bilir.
Burada onun istedadı ilə yanaşı, təhsilinin və dünya görüşünün də payı var.
Ümumiyyətlə, yaradıcı insanın təfəkkür tərzinin formalaşmasında mühitin rolu
danılmazdır. Bu mənada, yazıçının zəngin, informasiyanın bol olduğu bir ailədə
doğulub böyüməsi də onun yaradıcılığına məxsusi tərzdə təsir edib. Onun həyat
tərzi ilə yaradıcılığı bir-birini demək olar ki, tamamlayır. Əlbəttə, hər kəsin
öz dərd-səri var. Elə ədəbiyyat da yazıçının mənəvi-psixoloji qatlarının
təcəssümündən yaranır. Lakin burada bir özəllik var ki, Çingiz Abdullayevin
"dolu” həyatı kimi, "dolu” yaradıcılıq üslubu var. Onun xarakterindəki
qüsursuzluq əsərlərinə də hopur, obrazlarını da mükəmməlləşdirir.
Hər bir yaradıcı insan şəxsiyyət olaraq, real
həyatında "mən”in müsbət və ya mənfi obrazına çevrilir. Yazıçının əsərlərinin
keyfiyyətli alınması həm də onun obrazlarının xarakterlərini bütün çalarları
ilə açmasından asılıdır. Çingiz Abdullayev yazı manerasında psixoloji
fəndlərdən elə istifadə edir ki, oxucu özünü birbaşa hadisənin olduğu yerdə
təsəvvür edə bilir. Başlanğıcda onun müraciət etdiyi janr xüsusiyyət etibarı
ilə yalnız kriminal hadisələrin toplusu kimi təsəvvür yaratsa da, əsərlərindəki
təsvir üslubu, obrazların bir-birinə olan qarşılıqlı münasibəti və ya onların
hansısa həyat hadisəsi haqda dərin məlumatlı olmaları oxucunun marağına səbəb
olur. Yazıçı əsərlərində mənəvi-əxlaqi dəyərləri daim uca tutur. Bu dəyərləri
özündə əks etdirən əsərlərdən konkret misallar da gətirmək olar.
"Pəri busəsi”ndə xüsusi diqqət çəkən bir element
var; ailə, ər-arvadlılıq münasibəti. "Qadın susdu. Əsasən, arvad ərinin
əhval-ruhiyyəsini onun üzünün ifadəsindən başa düşür. Yaxşı qadın həyat
yoldaşının əhval-ruhiyyəsini, hətta başqa otaqda olduqda belə duya bilir. Onun
addımlarından, səsindən və hərəkətlərindən. Onun arvadı son kateqoriyaya aid
idi. Məhz bu səbəbdən qadın onu sərt suallarla yormaq istəmədi.”Belə misallar olduqca çoxdur. Kişinin qadına,
gözəlliyə, sevgiyə münasibəti, dəyər verməsi, qadının kişiyə əmin-arxayınlıqla
etibar etməsi kimi mənəvi elementlər onun dünyəvi əxlaq prinsiplərinin
köhnəlmədiyini əks etdirən nikbinliyidir.
Qadın sevgisi və ümumən insan hisslərinin şüurlu,
təhtəlşüur və bioloji detalları haqda az qala xüsusi "xasiyyətnamə” verən
yazıçı yazır: ("Manyakın idrakı” əsərindən.)"- Axı, qadınlar kişilərdən daha güclü sevirlər? – Dronqo israr etdi.
- Güclü deyil, - Mixail Fyodoroviç gülümsədi, - onlar dərindən, şüurla sevirlər. Kişilər isə seksual hisslərin burulğanına tabe olurlar. Onlar üçün bir dişini mayalandıraraq, digər dişiyə keçmək vacibdir. Ona görə yox ki, o pisdir. Sadəcə, təbiət onu bu cür yaradıb...”
Əsərdə elə bunun ardınca gələn fikirlərdə isə
insanı manyaka "çevirən” amilləri öyrənirik. Bunu əsərin qəhrəmanının dilindən,
onun psixoloqla dialoqundan oxuyuruq. Yəni oxucu burada bir tibb ekspertinin
fikirləri ilə də tanış olaraq, hansısa xəstəlik haqqında yetərincə məlumat ala
bilir. Çingiz Abdullayev oxucularını romanlarında təsvir etdiyi istənilən həyat
hadisələri haqda özünəməxsus düşüncələri, elmi yanaşması, mürəkkəb psixoloji
vəziyyətlərdən çıxış yolları ilə daim təəccübləndirir.
Yazıçının daha maraqlı xüsusiyyətlərindən biri də
ümidsiz olmamasıdır. Əks halda, bir çox əsərlərinin sonluğu nikbin notlarla
bitməzdi. Cəmiyyətə sanki mesaj olaraq, ən çətin əməliyyatlardan uğurla çıxan
baş qəhrəman "göydən üç alma” düşəcək qədər özünü daim rahat hiss edir. Onun
missiyası sanki elə cəmiyyətin problemlərini çiyinlərində daşımaqdır.
Çingiz Abdullayev daim oxucuları ilə görüşlər
keçirir. Bu görüşlər tələbə-gənclərlə daha çox olur. Yazıçının gənclərə verdiyi
tövsiyələr içərisində ilk növbədə valideynlərinin qədir-qiymətini bilmələri,
onları sevmələri, hörmət etmələri əsas yer tutur. Yazıçı bunu gənclərə
dönə-dönə tapşırır. Daha sonra həyatda öz dəst-xəttini saxlamağı tövsiyə edir.
Bu, əlbəttə, özəl bir xüsusiyyətdir. Həyatda öz dəst-xətti olmaq! Burada
yaşamağın mənasından tutmuş həyat qaydalarına necə riayət etməli olduğunu, necə
nizamlı birisi olduğunu və nəyə xidmət edəcəyini müəyyənləşdirməli,
hərəkətlərinin konturlarını cızmalı və namuslu yaşamağı öyrənməlisən. Çünki sən
insansan, sən Tanrının arzu etdiyi kimi ömrünü başa vurmalısan. Məhz Tanrının
arzu etdiyi kimi...
Yazıçının özü də bu cür tələblərlə yaşayır. Yaşayır
və yaradır. Fəaliyyəti isə altmış ilə sığmır. Yazıçıya can sağlığı və sonsuz
həyat eşqi diləyilə fikirlərimi hələlik tamamlamaq istəyirəm. İnşallah növbəti
altmış illərdə görüşmək ümidi ilə;
Zeynəb Əliqızı