Ali məktəblər publik hüquqi şəxs statusunda...

Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət
İqtisad Universitetinin, az öncə də Azərbaycan Dillər Universiteti, Azərbaycan
Mühəndislik Universitetinin yenidən təşkili – Publik hüquqi şəxs elan olunması
ilə bağlı ölkə başçısının sərəncamı bundan sonra adıçəkilən ali məktəblərin təkcə
statusunun formalaşmasını deyil, həm də fəaliyyət istiqamətlərini müəyyənləşdirir.
Sənədə əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad
Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik
olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil olunacaq.
İndiyədək
ölkəmizdə publik hüququ şəxsə çevrilən təşkilatların, o cümlədən Dövlət İmtahan
Mərkəzinin (DİM ) fəaliyyət təcrübəsinə əsasən, bu ali məktəblərin yeni
statusunun hansı əhəmiyyət kəsb edəcəyini ekspertlərlə aydınlaşdırmağa
çalışdıq. Təhsil Nazirliyi sərəncamı mövcud qanunvericiliyə əsasən,
universitetlərin daha təkmil idarə edilməsi, daha geniş imkanların yaradılması
baxımından çox müsbət bir addım hesab edir. Digər tərəfdən, publik hüquqi şəxsə
çevrilən universitetlər əvvəllər olduğu kimi, indi də dövlət ali təhsil müəssisələridir.
Mütəxəssislər yeni təşkilati-hüquqi formanın Azərbaycan ali məktəblərin fəaliyyətində
oynayacağı rola ümidlə yanaşırlar.
Öz
maliyyə mənbələrini axtarmağa çalışacaqlar
«Yeni
statusa əsasən ali məktəblər təsərrüfat hesablı müəssisə elan olunur. Yəni
onlar özlərini öz maliyyələri ilə idarə etməlidirlər” deyə izaha çalışan təhsil
eksperti Nadir İsrafilov təhsil müəssisələrinin publik hüquqi şəxsə çevriləndən
sonra özləri üçün əlavə maliyyə mənbələri müəyyənləşdirəcəyini bildirir: "Həmçinin
publik hüquqi şəxs elan olunan universitetlərin statusu da bəllidir. Bu,
onların idarə edilməsi anlamına gəlir». Ekspert hesab edir ki, publik hüquqi şəxs
məsələsinin universitetlərə şamil edilməsi şübhəsiz ki, onların maliyyə cəhətdən
asılılığını aradan qaldırır. Hesab edirəm ki, universitetlər publik hüquqi şəxs
olandan sonra mütləq öz maliyyə mənbələrini axtarmağa çalışacaqlar. Yəni əlavə
vəsaitlər əldə etməlidirlər ki, universiteti həm maddi cəhətdən saxlasınlar, həm
işçilərin əmək haqqını təmin etsinlər, həm tələbə təqaüdlərini versinlər, həm də
digər xərclərini qarşılasınlar. Bunun üçün publik hüquqi şəxs elan olunan ali məktəblər
əlavə imkanlar axtaracaq, ayrı-ayrı layihələr həyata keçirəcəklər. Ola bilər
ki, ali məktəblər publik hüquqi şəxs elan olunandan sonra ödənişləri
artırsınlar. Bütün hallarda, proseslərin gedişi vəziyyəti aydınlaşdıracaq”.
Ekspert hesab edir ki, publik hüquqi şəxs elan olunması prosesi tədricən digər
ali məktəblərə də şamil olunacaq. Bununla belə, ekspert proses zamanı müəyyən
problemlərin də meydana çıxacağını istisna etmir: "Dövlət universitetləri büdcədən
maliyyələşir. Həmin müəssisələrdə ilkin olaraq 20, daha sonra 40-60, nəhayət 80
faiz güzəştli ödənişli ixtisaslar yaradıldı. Ali məktəblər ödəniş hesabına özlərini
saxlayırlar. Bundan sonra bəzi ali məktəblər rəqabətə davam gətirməyə bilər.
Lazımi mənbələri əldə etmədikdə, bu proses həmin ali məktəblərin sıradan
çıxması ilə nəticələnə bilər. Məsələn, bizdə 70-ə yaxın ali məktəb fəaliyyət
göstərirdisə, hazırda onlardan 54-ü fəaliyyətdədir. Publik hüquqi şəxs elan olunandan
sonra universitetlərin üzərinə böyük məsuliyyət düşəcək. Hazırda ölkədə böyük
layihələrdə iştirak edən, yaxşı gəlir mənbəyi və nəticələri olan ali məktəblər
var. Gərək digər universitetlər də imkanlarını araşdırıb özlərini saxlamaq üçün
lazımi maliyyəni əldə etsinlər. Publik hüquqi şəxs elan olunandan sonra dövlət
tərəfindən onlara ayrılan vəsait heçə enir və ya kəskin azalır. Əgər həmin
universitetlər müəyyən elmi ixtiralar və ya qrantlar vasitəsilə pul qazana bilməsələr
özlərini saxlamaq çətin olacaq. Onda gərək ödənişlərin məbləğini artırsınlar».
Rektorların fəaliyyətində korrektə
Ölkə
başçısının imzaladığı sərəncamını təhsil müəssisələrində elmin inkişafına xidmət
edən addım adlandıran təhsil eksperti Etibar Əliyev keyfiyyətinin artırılması
üçün ali məktəblərin publik hüquqi şəxs qismində fəaliyyətini dövrün tələblərinə
uyğun şəkildə qəbul olunmuş qərar hesab edir: "Əslində publik hüquqi şəxs
dedikdə, publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olan dövlət və bələdiyyə orqanı olmayan təşkilat nəzərdə
tutulur. «Publik hüquqi şəxs haqqında» qanunda nəzərdə tutulduğu kimi
universitetlərin publik hüquqi şəxsə çevrilməsi təhsil müəssisələrinin şaquli
idarəetmədən xilas olunmasına xidmət edəcək. Yəni universitetlər əvvəllər elmi
şura və dekanlıqlar, kafedralarla təmsil olunurdularsa, publik hüquqi şəxs
qismində universitetin strukturu elmi şura, himayəçilər şurası, rektorluq, büdcə
komitəsi, audit komitəsi şəklində formalaşır. Bunlar universitetin idarəetmə
orqanları qismində iştirak edirlər. Baxmayaraq ki, ali idarəetmə orqanı
universitetin elmi şurası sayılır, himayəçilər şurası da müəyyən hüquqlara
malikdir. Yəni himayəçilər şurasının səlahiyyətlərinə universitetin strateji
inkişaf proqramının, illik büdcəsinin və icrasının təsdiq olunması,
universitetin audit komitəsinin üzvlərinin seçilməsi, ali məktəbin fəaliyyət
istiqamətləri kimi bır sıra məsələlər daxildir. Bu, onu göstərir ki, ikinci
idarəetmə pilləsi kimi himayəçilər şurası tərəfindən universitetlər dünya təcrübəsinə
uyğunlaşmaya istinad edilərək, daha çox şaquli deyil, üfüqi idarəetməyə gətirib çıxaracaq. Yəni rektorun hesabatlılığı
və fəaliyyəti təkcə elmi şurada yox, həm də himayəçilər şurasında müzakirə
oluna bilər”. Ekspertin fikrincə, qərarların müzakirəsi, universitetin
strategiyası, ali məktəbin elm və təhsillə məşğul olmasını bu iki qurum – elmi
şura və himayəçilər şurası əlaqəli surətdə inkişaf etdirə bilərlər: "Yəqin ki,
rektorlar publik hüquqi şəxs qismində universitetin fəaliyyəti çərçivəsində öz
fəaliyyətlərini də korrektə etməlidirlər. Çünki hazırda bizdə həm texniki-təbiət,
həm də humanitar elmlər sahəsində universitetlərin fəaliyyətində çatışmazlıqlar
var. Bu baxımdan, qərar ali məktəblərin fəaliyyətinə, qrant layihələrində iştirak
etməsinə, həmçinin elmi tədqiqatlar aparması vasitəsilə gəlirlərinin artmasına
yol açan bir layihədir.
Yeni metod və forma
Bakı
Dövlət Universitetinin rektorunun iqtisadi məsələlər üzrə müşaviri Məzahir
Sultanov ali məktəblərin publik hüquqi şəxs elan olunmasını yeni idarəçilik
forması adlandırır: «Bu o demək deyil ki, publik hüquqi şəxs elan olunandan
sonra təşkilat və ya təhsil ocağı dövlət tərəfindən maliyyələşdirilməyəcək. Həm
dövlət hesabına, həm də özünün gəlirləri hesabına fəaliyyət göstərəcək”.
M.Sultanovun sözlərinə görə, burada müvafiq dövlət sərəncamından irəli gələn məsələlərin
üzərində əlaqədar dövlət orqanları işləyir: "Yeni nizamnamə forması hazırlansa
da, hələ ictimaiyyətə təqdim olunmayıb. Hazırda ölkədə 6-7 təşkilat publik
hüquqi şəxs elan olunub. Onların fəaliyyəti haqqında heç bir məlumatımız
yoxdur. Ali təhsil müəssisələrinin idarə olunması isə publik hüquqi şəxs elan
olunan digər təşkilatlardan tamam fərqlidir. Burada yeni forma və metodlar var.
Bütün bunlar aydınlaşandan sonra biz də öz fəaliyyətimizi necə yürütməyi müəyyənləşdirəcəyik”.
Heç
şübhəsiz, yeni təşkilati hüquqi forma
ali məktəblər üçün yenilik olsa da, idarəetmədə və fəaliyyətdə irəliləyişlərin
olmasına hesablanıb. Fəaliyyətin necəliyini isə ekspertlərin də dediyi kimi,
zaman göstərəcək…
Təranə
Məhərrəmova
