• çərşənbə axşamı, 19 mart, 13:06
  • Baku Bakı 8°C

Akif Səməd nəyimdi ki?

27.07.19 14:00 43007
Akif Səməd nəyimdi ki?

Dünya ilə söhbət edən,
Yadlara da salam verən,
Günəş ilə qürub edən
Akif sənin nəyindi ki…

Akif Səmədin "Dünya sənin nəyndi ki” rədifli bir şeiri var. Ondan da bu bənd nəfəsləndi. Yazının başlığını bu bənddən sonra vermək daha doğru olardı, çünki bəzən özümüzə verdiyimiz suallar özümüzdə olan bir başqasına verdiyimiz sualın cavabını sınaqdan keçirər, əvvəl özümüzdə bir uzağı görərik, sonra o cavab bizi özümüzə gətirər, yaxınlaşdırar, lap özümüz edər, etiraf etdirər. Hər bir ziyalı etiraf etməyi bacarmalıdır. Yəni "Akif mənim nəyimdi?” - özümə verdiyim sualdır. Hesab edirəm ki, doğru cavab versəm o "sən”i də, bu "mən”i də barışdıraram, bəlkə şairin göz yaşlarını silərəm, bəlkə özümü məni boğan sözdən, dərddən xilas edərəm… ("Dərd var - bayatı dedirdər, Dərd var – söz eləmək olmur” A.Səməd).
Hər şey sonra baş verdi… Ən əvvəl Ulucayı sosial şəbəkədən şeiri və açıq sözü ilə tanıdım, sonra onun Akif Səməd adlı bir şairin oğlu olduğundan xəbərdar oldum. Sonra o şairin qəlbinin bir xalq, ulus yarası ilə yaşadığını sətirlərindən gördüm. Sonra İbrahim İlyaslı adlı bir şairi Xəzər Süleymanlının səsləndirdiyi "Necəsən, zalım, necəsən” şeirindən tanıdım. Dağın arxasından boylanan daha bir könül yarası gördüm. Sonra ilk olaraq İbrahim bəyin facebook səhifəsində "Akif Səməd – 60” yubiley tədbiri haqqında elanı gördüm. Tədbirə getdim. Orda Aşıq İlham anım günü qeyd olunan şairin xalası oğluyam, dedi, saz çalıb, oxudu. Oxumadı, ağı dedi… facebook səhifəmdən canlı yayında paylaşdım. Bu günlər mənim də içimdə ağı ilə gəzdiyim günlərdir. Anamın ölüm öyküsü var. Onu yazdığı günlərdir. Beş ildir oxuyuram, hadisələri bir xəttə düzüb, anlamaq istəyirəm. Söz eləməyin mümkün olmadığı bir dərd, şair Akif Səməd demiş. Ağılara sığan bir dərdi susaraq deyər bəzən analar və gedər. Birdəfəlik… "Söz var ucuzluğa gedər, Söz var çözələmək olmur” (Akif Səməd). Müqayisə yersiz görünə bilər. Amma Akif Səmədi dastan qəhrəmanı kimi, xalq qəhrəmanı kimi, haqq aşıqı kimi mənə tanıdan, onun sözünə və şair ruhuna, həqiqətinə inandıran həm də və ilk növbədə anamın övladlarına aşıladığı əxlaq, ədəb, dürüstlük, vicdan, mərhəmət, özünüfəda nümunəsi idi. Ana dilimizə, torpağımıza, mədəniyyətimizə, keçmişimizə, çörəyə, halala-harama, yaxın və ya uzaq bilmədən dünyaya, insana qarşı münasibət meyarları idi məni Rəşid Behbudov adına mahnı teatrında təşkil olunmuş bu gecənin işığına gətirən. Bu mirasa sadiq qalmaq hünərdir. Hər ikisi əzizim kimi anılıdı bu gecə, ağlandı, ağılandı… Ağlaşıldı… Amfiteatrdan açıq və gizli göz yaşları, hüzn və qürur çox yaxından hiss olunurdu. Amfiteatrdan gördüyüm insanlar hamısı sanki bir-birinə qohum idi, səhnəyə çıxanların hər biri gözəl danışdı, söz dedi və gözəl saz ifa etdi.
Hər şey sonra baş verdi… Ruhların görüşünə gəldiyim bu salonda həm də çox görüşmək istədiyim İbrahim İlyaslı var idi. Bir görüş fürsətində kitablarını rica edəcəkdim. Amma görüşümüz mesencerdə yazışmağımızla oldu, tədbirdən çox sonra, gec saatlarda. Akif Səməd ilə xalaoğlu imiş sözünə və şəxsiyyətinə uzaqdan- uzağa inandığım İbrahim bəy. Qara sazı ilə qəlbi qan ağlayan, facebook lentində canlı efirdə hamıya dinlətmək istədiyim Aşıq İlhamın qardaşı imiş həm də. "Öncə söz vardı”, - deyir müqəddəs kitab. Öncə eşq olub , - deyirəm mən. Olub ki, sözü də yaradıb, bizi onun əsiri edib. Sazı da sözə qoşub, türkün əlinə verib, "di ağla” deyib məni bu qoca dünya. Akif Səmədin sözləri ilə desək, oduna yanmayan, bir dərdini qanmayan, atan, anan olmayan "Dünya sənin nəyindi ki?” Dünyanı sahmana salmağa çalışan şairdir Akif Səməd. Bizim üçün ürəyini alışdırıb köz edən, qığılcımını belə çıraq etməyə səy göstərən, yoxdan var edənə, Haqqa bizi yaxınlaşdıran aşıqdir Akif Səməd. Gecədə "Haqqı yaxından tanıyan adam”,- dedi kimsə. "Haqqın özü!”- deyə düzəliş etdi başqa bir natiq…
İnsanlar bir-birini görmək üçün görüşə gedər, tanış deyilsə, tanış olmağa gələr. Real həyatda tanıdığın insanla görüşmək və ya bir görüşü reallaşdırmaq önəmli deyil. Önəmli olan qohum qəlblərin görüşüdür, ruhlara salam verməkdir, boyun əyməkdir, dua etməkdir. Mən bunu etdim. Kəsişən paralellərdə bir də görüşərik, irfan adamları, aşiqlər…
P. S. …Mən bu yazını yazmazdım. Amma əlimdə Akif Səməd adlı, ruhunun işığına üz tutub getdiyim bir ozanın, şairin seçilmiş şeirlərindən ibarət bir şeir kitabı var (Hansı səhifəsini açıb, oxumaq istəsən, dünya ilə söhbət edən dərviş boylanacaq, zahid baxacaq ağır baxışları ilə, müdrik abid səslənəcək kəlamları ilə. "Adsız şeir”indən (s. 26) bir kəlməsi məni bu gün əylədi: "Canından can kimi çıxmırsa sözün…Yaşasan da olar, yaşamasan da”. "Əylən” (s. 12) dedi başqa bir şeirində: "Tanı getdiyin yolları, Dumandı, ay gedən, əylən”. Əylədin məni də şair, ruhun şad olsun. Bu dua günündə əziz oldun, təşəkkür bu eşqə görə. İtirdiyimizin nə olduğunu biləndə, nəyi tapmalı olduğumuza da işıq salan yol adamı, əbədi yolun mübarək!..

Kəmalə Umudova



banner

Oxşar Xəbərlər