Niyə siyasətlə eşq
arasında bir asılılıq, bir əlaqə olduğu iddia edilir? İkisində də hadisələr,
vetolar və sədaqət andı olduğu üçün?!
Mənim nəzərimdə siyasət
həqiqət axtarışıdır, amma toplumun ümumi marağında olan bir həqiqətin axtarışı.
Toplum nəyin öhdəsindən gələ bilirsə, siyasət onun əslinin axtarışına çıxır.
Məsələn, toplum hüquq bərabərliyi problemində hər zaman qərarverici tərəf ola bilirmi? Çoxluqdan fərqli olan
hamını qəbul edə bilirmi? Ya da vahid dünyanın vahid ölkəsi fikrini necə qəbul
edir? Əgər cəmiyyət bu məsələləri sorğulamağa, aydınlanmağa meyllənirsə,
iqtidarı ələ almaq istəyən bu xəttə köklənir. Siyasətin iş mexanizminin kökündə
"fərdlər bir yerə gəldikdə necə düşünür, necə qərar verir və nələr edə
bilirlər?” suallarının cavabını tapmaq və bunlara istiqamət vermək durur. Eşqdə
də bütün bu mexanizm iki nəfər arasında işləyir. Problem isə hər iki tərəfin
fərqli zövqləri, düşüncə və baxışları qəbul edib, yaradıcı davranmaqda aciz
olmasıdır. Eşqin idarəsini cəmiyyətə uyğunlaşdırmağın yolu ailədir, siyasətin
xaos və özbaşınalığı əngəlləmək vasitəsi isə iqtidar, dövlətdir.
Siyasətdəki
idarəetmə və standartlaşdırma mexanizmini ailədə anoloji olaraq, mülkiyyətə
sahib çıxma və özmərkəzliliklə müqayisə etmək olar. Ailə sözünü "dövlət” məfhumu ilə əvəz edəsi olsaq, ailə eşqin
dövləti kimi təqdim oluna bilər.
Amma hakimiyyətə "toplumun arzularını reallaşdırmaq” məqsədilə gələn hər siyasi
hərəkat niyəsə "ona bəslənən ümidi, inamı, xəyalları puç edir”. Ailə də eşqi
eyni üsulla süquta uğradır. Çünki uşaqları, səyahət planlaşdırmalarını, işi,
dostları, gəzintiləri, ziyafətləri, maddi problemləri eşqdən uzaq tutmaq çətindir. Eynilə siyasətdə də
belədir. İqtidara gəlməmiş ümidlər böyük olur, düzgün idarəetmə ilə hər şeyin
öhdəsindən gəlinəcəyi düşünülür. Halbuki dövlət idarəçiliyi mexanizmindəki
bütün strukturlara, baş verən hadisələrə açıq, bərabərhüquqlu, inqilabçı bir
siyasi yanaşma sərgiləyə bilmək o qədər çətindir ki, dünya tarixi bunun
öhdəsindən ideal balansı qoruyaraq gələn siyasətçi görməyib.
Bir sözlə, hər iki
sahədə incə nüanslar var. Siyasətin iş meydanı dövlətdir, amma bu əsla iqtidar
sahibi olmaq cəhdi deyil. Siyasətin məqsədi cəmiyyəti yönləndirmək, toplumun
böyük bir qisminin ortaq arzusunu, əlindən nə gəldiyini, həyat rifahını necə
yüksəldə biləcəyini müəyyənləşdirməkdir. Cəmiyyəti irəli aparmaq üçün hamının
rəğbətini qazanıb, ya da hamını güzsüzləşdirib alternativsizləşməyə ehtiyac
yoxdur. Eşqin də ali məqsədi çoxalmaq, artmaq, törəmək deyil. Onun məqsədi
insanı aliləşdirmək, təcrübələrdən keçirərək, möhkəmlətmək, fərddən şəxsiyyətə
çevrilə bilənləri fərqləndirən duyğu olmaqdır. Hamıya şübhə ilə yanaşan bir
"əxlaq” gözətçisi ailəni mənfi keyfiyyətlərin pərdəsi kimi görəcək. Eşq onun
üçün varlığını göstərib, soyunu davam etdirmək uğrunda mübarizədir, ictimai
hiylədir. Bunu əsla qəbul etməyəcəyəm.
Derrida özü üçün
maraqlı bir "dostluq siyasəti” tezisi hazırlamışdı. Niyə cəmiyyətin "eşqin
siyasəti” adlı bir kitab olmasın?! Amma bu əsla eşqlə siyasəti qarışdırmaq
demək deyil. Məsələn, kimsə "bir-birinizi sevin” deyəndə, siyasi davranmır.
Siyasətdə sevmədiyimiz
insanlar var, bu qaçınılmazdır. Heç kim bizdən onları sevməyimizi tələb edə
bilməz. Ən azından bu nüans göstərir ki, eşqlə siyasət arasında ciddi fərq var.
Siyasət düşmənlər arasında bir mübarizədir. Eşqdə isə tərəflər arasında sonsuz,
aşılmaz fərqlər olsa da, qarşıya çıxan istənilən problemin həlli zamanı
tərəflərdən sadəcə birinin belə sədaqəti və dürüstlüyü ön planda saxlaması eşqi
yaradıcı bir varlığa, möcüzəli bir üçüncü idarəçiyə, qüdrətli bir hökmdara
çevirir. Eşqdə tərəflərin hər ikisi ali olan duyğuya sorğu-sualsız tabe olur, onun hakimliyinə və qüdrətinə
tabeçilikdən şikayətlənmir. Siyasətdə isə ən ibtidai çəkişmələrdə belə hərə öz
mövqeyini müdafiə edir, bu isə açıq düşmənliklərin yaranması ilə nəticələnir.
Eşqdə problem doğmaların, siyasətdə düşmənlərin atdığı addımlardan qidalanır.
Bəs, düşmən kimdir? Əsl düşməndən bəhs edirəm.
Eşqdə mütləq mənada düşmən yoxdur. Eşqdə maneələr, mənəvi dramlar,
çöküşlər var. Sizin o düşmən kimi gördüyünüz, xəyanət səbəbi bildiyiniz üçüncü
şəxslərin isə eşqlə qətiyyən əlaqəsi yoxdur. Eşqdə rəqib çəmbərin kənarında
olan adamdır. Eşq iki nəfər arasındakı bazarlıqdır. Qısqanclığın eşqin təməl
duyğularından biri olduğunu düşünən həmkarlarımla həmişə məhz bu nöqtədə fikir
ayrılığımız olur. Prust iddia edir ki, eşqin ən
özünəməxsus duyğusu qısqanclıqdır. Mən də deyirəm ki, bu əxlaq gözətçiliyinə
meylli, məcburi əxlaq normaları gözləyib, məcburi əxlaq normalarına tabe
olunmasını tələb edənlərin inancıdır. Geniş yayılmasının səbəbi isə bu
düşüncədə olanların say çoxluğudur. Qısqanclıq eşqin sürgünüdür. Kiminsə nə
qədər sevdiyini, necə sevməli olduğunu nümayiş etdirmək üçün mütləq üçüncü adam
lazımdır?! Afərin sizə! Eşqin əzəməti üçüncü şəxsləri çəmbərin kənarında
saxlaya bilməsindədir. Əgər yol üstünə çıxanlar eşqi yoldan saxlaya bilirsə,
onu fərdin ibtidai duyğuları coşdura bilməz. Bu yerdə fərdə "ailə”
adlandırdığımız kultural, ictimai idarəetmə mexanizminin tələbləri kömək edir.
Çünki tərəflərdən biri həqiqət axtarışına başqa çəmbərdə davam etmək istəyir.
Bu zaman digər tərəf onu "dövlət”-in qanunları və vətəndaşlarına qoyduğu
vəzifələri yerinə yetirmək tələbi ilə hədələyir. Fərdin eşq axtarışları,
həqiqət axtarışları bununla da bitir.
Eşqin düşməni birdir –
eqoizm. Yəni, yaşadığın eşqin dadı yoxdursa, günahkar axtararkən bunları de:
"Bu eşqin ən mərhəmətsiz düşməni, o məğlub etməyə çalışdığım adam mənəm.
Fərqliliyi görməzdən gələn, başqa bir mənəvi dünyanın üstündə öz dünyasını
görmək istəyən, ikiliyə qarşı öz istəklərimi, şəxsi iradəmi ön plana çəkən
mənəm”.
Həqiqəti tapmağın bir
çox yolu var. Bunun biri də eşqdir. Digər bütün yollar kimi burada da savaş
labüddür. Şiddətli davalar, həqiqi kədərlər, ruhunuzu göyə sovuran ayrılıqlar,
öhdəsindən gələ bilmədiyiniz məcburiyyətlər – bunlar hamısı eşqə daxildir.
Müharibə eşqlə müqayisədə yer üzünə daha çox sülh, daha çox xoşbəxt sonluqlar gətirib. Eşq uğrunda ölənlər, öldürənlər, yaradıb,
yaşadanlardan daha çoxdur. Özlüyündə həqiqətini tapmağa çalışan bu duyğu
inqilabi bir siyasətdən daha ölümcüldür.