Hər nə qədər sənətin
bəşəri olduğunu, onu millətə, irqə bölməyin doğru olmadığını bilsək də bütün
dünyanı heyrətləndirən böyük sənət adamları həmişə "bizimkidir” etiketindən
qurtula bilməyib. Şopen fransız idi, ya polyak? O, atasıyla fransız dilində,
anası və bacısıyla isə polyakca məktublaşırdı. Fransızlar üçün o fransızdır,
polyaklar üçün isə polyak. Onun fransızlaşdırılması ən çox nişanlısı Mariya
Vodzinskanı narahat edirdi. Şopenə yazdığı məktubların birində adının niyə
Şopenski olmadığına təəssüflənirdi. Mariya düşünürdü ki, adı Şopenski olsaydı
heç polyak ya fransız olduğuna dair bütün bu söz söhbətlər də olmazdı. Şopenin
ölümündən sonra da bu söz söhbət səngimədi. Bir araşdırmacı onun babalarının
Polşaya köçmüş fransız olduğunu da iddia etmişdi...
Bütün böyük sənət
adamları mədəniyyətlərin sintezindən, bəzən öz milli köklərinə bağlılıqları,
bəzən də milli kimliyindən qopmaları ilə sənətlərini qurduqlarını bilsəm də
Şopenin milli mənsubiyyəti haqqında yazılanları düşünürəm... Kimsə deyə bilər
ki, Şopenin fransız və ya polyak olmasının fransızlar və polyaklardan başqa heç
kəs üçün əhəmiyyət kəsb etmir. Əlbəttə, burada üzərində dayanmaq istədiyim şey
millətçilik deyil. Mən sadəcə onu hansı mədəniyyətin içində anlamağın
mümkünlüyünü, onun musiqilərindəki motivləri, kəsişmələri, ayrılıqları anlamağa
çalışıram. Bunu anlamaq üçün də əsərlərinin ilham mənbələrinə baxmaq istəyirəm.
Məsələn, Andre Jidə görə bunun bir önəmi yoxdu. Belə deməsinə rəğmən özü də
fransız olan Jid onu fransız kimi qəbul edib sevirdi. Ancaq ondakı polyak
ahəngini gözardı etmək nə qədər doğrudur?!...
Türk pianoçu İdil
Biretə görə, "Op.61 Fantaziya” Şopenin polyak köklərindən qopmasından, zamanla
polyak kimliyindən uzaqlaşmasından yaranıb. Amma eyni zamanda bu əsər özündə bu
qopmanın sancılı izlərini də daşıyır...
O Fransada mühacir
olaraq yaşayırdı. I. Nikolay onu Peterburqa saraya dəvət edib ona pasport
verməyi təklif etmişdi. Şopen imtina etmişdi, ömrüncə mühacir olaraq qalacaqdı...
***
Şopeni canlı
dinləyənlərin böyük əksəriyyəti xəyal qırıqlığı yaşarmış. Deyilənə görə onun
ifası hər zaman "impromtu” idi. Sanki bu əsərləri ilk dəfə o anda ifa edirmiş
kimi tərəddüdlə çalırmış. Dinləyici üçün isə hər dövrdə sürətlə çalmaq, musiqi
alətinin səs imkanlarını sonuna qədər "zorlamaq”, barmaqların görünməzləyi,
cəldliyi yaxşı ifanın bir ölçüsü olub. Nədənsə mənə elə gəlir ki, Paganinin çox
sevilməsi, haqqında yayılan müxtəlif uydurma hekayələr onun sürətli
çalğısından, qəliz texnikasından iləri gəlirdi.
Burada incə bir məqam
var: əgər notlar anlaşılmırsa əsər bilmədiyimiz bir dildə birisinin sürətlə
danışmağına bənzər. Piaonçu əsəri bizə anlatmalı, şərh etməli, aydınlaşdırmalıdır.
Amma bu gün getdiyim konsertlerin çoxunda musiqiçi bir perfomans sərgiləmək
adına əsas qayədən uzaqlaşır. Bu gün ədəbiyyat dünyasında da qarşılaşdığımız
bir vəziyyətdir. Eyniylə pafoslu şəkildə şeir oxumağa, ya da yüksək səslə şeir
oxumağın ən yaxşısı olduğu fikrini xatırladır. Amma bu oxunuş mətni mənasından
uzaq salır.
* * *
Deyilənə görə Şopenin
bir çox əsəri improvizasiya (ladlar üzərində vokal və çalğı gəzişməsi) yoluyla
yaranıb. Əlbəttə, bu əsərlərin bir oturuma yazıldığına inanmaq çətindir. Ancaq
Şopenin "impromtu” adını verdiyi bəstələr bizdə bədahətən, birnəfəsə yazıldığı
hissi oyandırır. Bunun səbəbi notların yavaşlığı deməyək də, "tərəddüdlü”
olmasıdır. Onun əsərindəki ton dəyişiklikləri də bir tərəddüdür. Bu əsərlərdə
sürətli çalğının inamı yoxdur. Bu, Şopendən bir şeylər çalmaq istəyən
pianoçuları çətin vəziyyətə salır. Çünki ifa zamanı pianoçu notları əvvəlcədən
əzbərlədiyini dinləyiciyə sezdirməməli, "impromtu”ların yazılışı kimi
gəlişigözəl, spontan olduğuna inandırmalıdır.
* * *
Şopen bəzi əsərlərinə
"prelüd” adını qoydu. Bu ənənəvi prelüdlərə bənzəmirdi. Prelüd, fortepiano üçün
müəyyən quruluş forması olmayan müstəqil musiqi pyesi, musiqi əsərinə
müqəddimədir. Ondan sonra əsas əsərin çalğısı başlanır. Ancaq Şopenin prelüdləri
heç bir əsərə giriş üçün yazılmayıb. Onlar sonrasında bir əsərlə tamamlanmır,
tək başına müstəqil əsər olaraq yazılıblar. Bəziləri bir-iki dəqiqə arasında
dəyişən bu prelüdlər Cəmal Sürəyanın "həyat qısa, quşlar uçur” misrasını
xatırladır: bir quş budağa qonur, bir kitab səhifəsi çevrilir, bir çətir
açılır, bir pəncərə bağlanır və sükut...
Jorj Sand onun
prelüdlərini şah əsərlər hesab edirdi. Ona görə, bu prelüdlərdin çoxu "insanın
yadına ölmüş keşişləri və yas mərasimlərində çalınan marşları xatırladır”.
Nisbətən nikbinlərinin isə günəşli günlərdə yazıldığını deyirdi...
* * *
Andre Jidə görə
Vagner həyəcanını notlarla ifadə edirsə, Şopen hər nota həyəcan yükləyir. Bu
anlamda Baxın əsərində bəzi vuruşlar, ritm yerində olmasa da ana tema
dinləyiciyə çatdırıla bilər, Şopendə isə bir not vuruşundakı yanlışlıq,
tələskənlik onun mənasını dəyişə, əsərin gücünü zəiflədə bilər. Bütün ani ton
dəyişiklikləri dinləyiciyə qavramasına icazə verəcək tempdə çalınmalıdır. Şopendə
kreşendoların (italyanca: səslərin qüvvəsini getdikcə artırmaq) olmadığı
fikrini əminliklə qəbul etmək mənə çətindir. Ancaq onda hər şey anidən baş
verməsinə nəzəri olaraq olmasa da pratik olaraq inanıram...
* * *
Sənətdə bir janrın
ölçü olması qədər ürək sıxan ikinci heç nə yoxdur, bəlkə də. Qəliblərdən
qurtula bilmirik. İnsanlar hələ də şeir də heca saymaqda, qafiyə axtarmaqda. Bu
meyarlarla meyxanaçıları zamanımızın yaşayan ən böyük şairləri olaraq görənlər
də var. Sənət dinamikdir. Onda hərfi mənada "sədaqət” yoxdur. Çünki zaman özü
dəyişir. Dəyişməyən tək şey dəyişmənin özüdür fikri klişe də olsa yerində
misaldır. Dialektika! Ədəbiyyatda bizim nəsil öncəkilərin yoluyla getmək
istəmədi, onların özünü təsdiq olaraq yazdıqları janrları, ölçüləri təkrarlamaq
istəmədilər. Bunu kimlərin anlayıb, kimlərin anlamadığı da önəmsizdir, bəlkə
də. Şopenin nəslini də keçmişə yenidən baxdıqları üçün sevirəm bir az da.
Məsələn, onlar öz çağlarının Betoveni olmaq istəmirdilər. Buna görə heç biri
(Mendelsson istisna) opera və simfoniya yazmadılar. Bu mənada Betovenlə yarışa
girmək belə onlar üçün gərəksiz bir şey idi...
* * *
Bir çox yazarlar
ədəbiyyata şeirlə başladı. Çoxu da zəif şairlər idilər. Ən tipik örnək Axundov
ola bilər. Puşkinin ölümünə yazdığı "Şərq Poeması”nda şeir adına nə var ki? Bir
çox şairlər roman da yazdılar. Məsələn Puşkin, Nazim Hikmət. Amma heç vaxt
romançı olaraq adları çəkilmədi. Borxes ömrü boyunca hekayəyə sadiq qaldı, ara
sıra şeir yazmaqdan başqa nəsrin başqa janrlarında yazmadı. Zaman elə gətirdi
ki, bu gün heç kim sadəcə şair, sadəcə romançı, sadəcə hekayəçi deyil. Bütün
bunlar ayrıca bir araşdırma mövzusu ola bilər. Bütün bu keçidlər nə üçündür? Bu
nəyin axtarışıdı? Özünü fərqli janrlarda ifadə etmək istəyi necə yaranır? Mən
həmişə Şopenin içində pianonun olmadığı heç bir musiqi bəstələməməyində nəcib
bir şey görmüşəm, onu bir az da buna görə sevmişəm, buna görə qısqanmışam...
* * *
Pianoçu Artur
Rubinşteyin fransız yazıçısı Andre Jidi 1931-1938-ci illərdə yazdığı iki
məqaləni birləşdirərək "Şopen Haqqında” adlı kitab nəşr etdiyinə görə tənqid
edir, mütəxəssis olmadığı bir mövzu barəsində kitab yazmasını doğru hesab
etmirdi. Ona görə bu, bir pianoçunun Şekspirin "Hamlet”indən danışması kimi yersizdir.
Məncə, Rubinşteyin yaxşı piyanoçu olsa da dünya mədəni tarixində bir çox
şeylərdən xəbərsizdir...
* * *
Kimin Şopenindən
danışırıq? Gənc qızların həddindən artıq sevilən romantik Şopenindən mi? "Ah
Şopen!” deyişlər mənə heç vaxt qeyri-səmimi gəlməyib. Onun bu tərəfinin
danılmaz olduğunu da qəbul edirəm. Bir də bizdə Şopenin bu obrazı bir az da "Təhminə və Zaur” filmiylə
bağlıdır. Yəni düzdür romanda da Şopenin musiqisindən bəhs olunur, amma geniş
kütlə bu əsəri roman olaraq yox kino olaraq qavradı həmişə. Bir də romanda
Şopendən bəhs edilməsiylə, kinonun texniki imkanlarıyla musiqinin gücü çox
başqadır.
Əksər əsərlərinin
adının "Noktürn” olması da bu mənada anlamlıdır. Noktürn qərb musiqisində
gecədən ilham alınaraq yazılan əsərlərdir. On səkkizinci əsrdə İtalyanca
"notturno” deyilən noktürünlər axşam məclislərində çalınarmış. Nöktürnün solo
piano üçün yazılışı XIX. əsrdə irlandiyalı bəstəkar Con Fieldlə başlayır. Bu
janr Şopenlə məşhurlaşdı. O, 21 noktürn yazdı. Onun noktürnlər də konsertlər
üçün deyil, sanki tək və gecə dinləmək üçündür. Ağzına qədər dolu bir zalda
noktürn dinləmək insanın ürəyini sıxar, məncə...
* * *
Ən böyük Şopen
mütəxəssisi Eduard Ganchedir. Bu gün Şopenin əsərini düzgün bir şəkildə dinləyə
biliriksə ona borcluyuq. Onun bir qeydini sevirəm. Edurard deyir ki, Şopenin öz
əlyazmasıyla olan notlarında bəzi prelüdlərdəki "allergo” sözünü silib "largo”
şəklində düzəldib. Yəni bir musiqi əsərinin mümkün qədər ağır temptə
çalınışı...
* * *
Şopenin eşq
həyatından təsirlənməmək mümkünmü? Mənim ən çox yadımda qalan budur: sevgilisi
Mariadan ayrıldıqdan sonra onun məktublarını bir zərfin içinə qoyub üstünə
"Moja Bieda” (ağrılarım) yazması... Ənvər Məmmədxanlının "həyatım ağrıyır” sözü
yadıma düşür istər istəməz...
* * *
Adolf Nourrit intihar
edəndə Şopen dostunun çox sevdiyi Şubertin "Die Gestirne”sini çalıb. Həmin gün
adamların kilsəyə Şopenə qulaq asmaq üçün gəlmələri məni həmişə düşündürür.
Ölən unudulur, o ölümdən sarsılanlar unudulur, sadəcə Şopendən bir şey dinləmək
qalır geriyə...