• cümə, 29 Mart, 01:47
  • Baku Bakı 7°C

ABŞ niyə “3+3”ə qarşıdır? - TƏHLİL

23.10.21 09:15 646
ABŞ niyə “3+3”ə qarşıdır? - TƏHLİL
ABŞ xarici siyasətində yerli dəyərlərə, gedişata, cərəyan edən hadisələrə obyektiv yanaşma ortaya qoymadığı üçün sadəcə Cənubi Qafqazda deyil, eləcə də Əfqanıstanda və digər regionlarda da problemlərlə qarşı-qarşıya qalır
ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu günlərdə Gürcüstana səfər edib. Səfər çərçivəsində gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşən amerikalı nazir media mənsublarının suallarını da cavablandırıb. O, Cənubi Qafqazda "3+3”, yəni Rusiya-İran-Türkiyə və Azərbaycan-Gürcüstan-Ermənistan formatında əməkdaşlıq platformasının yaradılması ideyasına, həmçinin Gürcüstanın bu platformada iştirakı məsələsinə münasibət bildirib. ABŞ rəsmisi qeyd edib ki, hər hansı yeni platformadan danışmazdan əvvəl Gürcüstanın 20 faiz ərazilərini işğal etmiş Rusiya atəşin dayandırılmasına dair 2008-ci il razılaşmasını yerinə yetirməlidir.
Müdafiə və təhlükəsizlik sahəsində yeni faza
L.Ostin ölkəsinin Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəyişməz olduğunu bəyan edib. Pentaqon rəhbəri deyib ki, Cənubi Qafqaz ölkələri regional əməkdaşlığı gücləndirməlidir. Amerikalı nazir Gürcüstana dair ABŞ-ın yeni "Gürcüstanın müdafiəsi və çəkindirmə” təşəbbüsü haqda da məlumat verib. Bildirib ki, bu təşəbbüs bir tərəfdən ABŞ-ın müdafiə departamenti, digər tərəfdən isə Gürcüstanın Müdafiə Nazirliyi və müdafiə qüvvələri ilə əməkdaşlıq üçün mərkəzi yer tutacaq. Onun sözlərinə görə, yeni təşəbbüs ABŞ-la Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində yeni fazanı başladır.


Vaşinqtonun "altılıq formatına” münasibəti
Xatırladaq ki, amerikalı nazirin Cənubi Qafqaz üçün nəzərdə tutulan "altılıq formatına” münasibəti rəsmi Vaşinqtonun bu məsələyə dair ilk rəsmi mövqeyidir. Bununla ABŞ "3+3” formatının əleyhinə olduğunu açıq şəkildə bəyan edib. Maraqlıdır, Vaşinqton nə üçün regionun gələcək inkişafına, Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinə və əməkdaşlığına xidmət edəcək "3+3” formatını qəbul etmir? ABŞ-ı belə bir formata qarşı çıxmağa nə məcbur edir?
Senatdakı ermənipərəst qüvvələrin timsalında...
Mövzu ilə bağlı fikirlərini "Kaspi” qəzetinə bölüşən politoloq Toğrul İsmayıldeyib ki, Amerikanın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb. Onun fikrincə, Qarabağ münaqişəsində, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir dönəmdə ABŞ ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi bitərəf mövqe nümayiş etdirə bilməyib: "ABŞ xarici siyasətində birbaşa erməniləri dəstəkləyirdi. Buna misal olaraq bədnam 907-ci düzəlişi xatırlamaq kifayətdir. Sonrakı müddətdə rəsmi Vaşinqton bir qədər yumşalıb məsafəli hərəkət etsə də, Senatdakı ermənipərəst qüvvələrin timsalında ABŞ-ın ermənipərəst siyasətinin davam etdiyini gördük. Ötən il 44 günlük Vətən Müharibəsi və ondan sonra regionda baş verən hadisələr onu nümayiş etdirir ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb”.

Küncə sıxışdırılmış vəziyyətdə...
"Bu iflas, sadəcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanaşmada deyil, Gürcüstandakı Abxaziya, Osetiya probleminə münasibətdə də özünü büruzə verdi. Xatırlayırsınızsa, ABŞ prezidenti Corc Buş vaxtilə Gürcüstana səfər etmişdi. Həm bu səfər, həm də səsləndirilən bəyanatlar, atılan addımlar Rusiyanı qızışdırmaqdan başqa bir işə yaramadı. Nəticə etibarilə 2008-ci ilin 8 avqust tarixində başlayan 4-5 günlük müharibədə Gürcüstan Abxaziya və Osetiya bölgəsinə nəzarəti tamamilə itirdi. Rusiya separatçıların "müstəqilliyini” tanıdı, bu məsələdə nöqtəni qoydu. Bununla Kreml ABŞ-ın Gürcüstanla bağlı siyasətini iflas etdirdi. 44 günlük Vətən Müharibəsində isə ABŞ Cənubi Qafqazda, demək olar ki, küncə sıxışdırılmış vəziyyətdə qaldı”.

Sülhə xidmət edən təşəbbüs
Politoloq söyləyib ki, Türkiyə və Azərbaycanın irəli sürdüyü "3+3” formatı Cənubi Qafqazın, region ölkələrinin iş birliyinə, əməkdaşlığına xidmət edən təşəbbüsdür: "Bu, eyni zamanda o deməkdir ki, formata daxil olan ölkələr arasında mövcud olan problemlər zamanla minimuma enəcək. Söhbət Gürcüstanın ərazi bütövlüyü məsələsindən gedir. Türkiyə, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Gürcüstanın ərazi bütövlüyü məsələsinə yanaşmada fərqli mövqe sərgiləyən yeganə ölkə Rusiyadır. Ermənistan da belə məsələlərdə Rusiyanın ağzına baxır, rəsmi İrəvan Kreml rəhbərliyinin təlimatına uyğun davranır. İran isə öz müstəqil siyasətini yürüdən ölkədir. Belə bir fonda ortaya qoyulan "altılıq” formatı Cənubi Qafqazda sülhə xidmət edən təşəbbüsdür”.

Doğru hesablamalar aparılmayıb
Politoloq bildirdi ki, belə bir təşəbbüsün gerçəkləşməsi ABŞ-ın bu regiondan tamamilə uzaqlaşması deməkdir: "Ona görə də, Vaşinqton öz narahatlığını Gürcüstana yolladığı müdafiə nazirinin dili ilə açıq şəkildə ifadə edir. Bir qədər əvvəl vurğuladığım kimi, ABŞ-ın Cənubi Qafqaz siyasəti iflasa uğrayıb, regionla bağlı doğru hesablamalar aparılmayıb. ABŞ xarici siyasətində yerli dəyərlərə, gedişata, cərəyan edən hadisələrə obyektiv yanaşma ortaya qoymadığı üçün sadəcə Cənubi Qafqazda deyil, eləcə də Əfqanıstanda və digər regionlarda iflasa uğrayır, problemlərlə qarşı-qarşıya qalır. Belə siyasi kursu davam etdirdiyi halda, Amerika hər yerdən uzaqlaşdırılacaqdır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər