2022-ci ilin neft bazarı cəlbedici olacaq - ŞƏRH
Mütəxəssis
deyir ki, aviasiya yanacağına, digər neft məhsullarına olan tələbatda keçən illə
müqayisədə artım olarsa, neft qiymətləri bir az da bahalaşacaq. Əgər dövlətlər
bazara əlavə neft həcmləri çıxararlarsa, o zaman qiymətlərdə müəyyən enmələr
müşahidə edilə bilər.
Dünya
birjalarında neft qiymətləri bahalaşır. Hər gün dünya birjalarında neft qiymətlərində
müəyyən dəyişikliklər baş verir. Bu gün ucuzlaşan qiymət sabah rekord yüksəliş
göstərir və ya əksinə. Görəsən, neft bazarında nə baş verir? Mütəxəssislər 2022-ci
il üçün nə proqnozlaşdırırlar?
Qiymətə təsir
edən səbəblər
Enerji məsələləri
üzrə ekspert Zəfər Vəliyev deyir ki, neft qiymətlərinə təsir edən bir neçə faktor var: "Birinci
faktor OPEK və müttəfiqlərinin hasilat siyasətidir. İkinci
faktor Amerika Birləşmiş Ştatları, Kanada, Norveç, Braziliya və digər dövlətlərin
gündəlik hasilat həcmləridir. Üçüncü faktor Yaxın Şərqdə və digər bölgələrdəki geosiyasi
durumdur. Gərginlik davam edəndə neftin tədarükündə müəyyən problemlər yaranır.
Digər bir mühüm faktor isə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin mərkəzi banklarının
uçot dərəcələri ilə bağlı verdikləri qərarlardır”.
Tələbat
qarşılana bilməsə...
Z.Vəliyev
bildirir ki, neft ehtiyatlarında azalmaların baş verməsi də qiymətlərə təsir
edir: "Böyük Britaniya, İspaniya, İtaliya, Almaniya, xüsusən də Amsterdam, Rotterdam,
Antverpen kimi enerji rayonlarında həm ehtiyatda olan neft həcmləri, həm də
aviasiya və avtomobil yanacağının ehtiyat həcmlərində kifayət qədər azalmalar
müşahidə olunur. Qarşıdakı aylarda neft emalı zavodlarının xammalla yüklənməsində
bir dinamika müşahidə olunmalıdır. Bu mümkün olmasa, qlobal tələbat qarşılana
bilməz və qiymətlərdə yenidən artım baş verər”.
Tələbat
artmaqda davam edəcək
Z.Vəliyev
deyir ki, bazarı araşdıranda görürük ki, 2022-ci ildə həm xam neftə, həm də
neft məhsullarına tələbatda artım müşahidə olunacaq: "2020 və 2021-ci ildə
avtomobil yanacağına olan tələbatda geriləmələr müşahidə olundu. Halbuki,
2019-cu ildə avtomobil benzininə qlobal tələbat gündəlik 47 milyon bareldən
yuxarı idi. 2021-ci ildə avtomobil benzininə olan tələbat təxminən 2019-cu il səviyyəsinə
qayıtdı. Yalnız təyyarə yanacağına olan tələbat 2020 və 2021-ci ildə 2019-cu
illə müqayisədə kifayət qədər aşağı idi. 2019-cu ilin statistik göstəricilərinə
baxsaq, görərik ki, aviasiya yanacağına qlobal gündəlik tələbat 7.8 milyon
barel olub. Keçən il bu göstərici ortalama 5.6 milyon civarında idi. Bazar
iştirakçılarının verdikləri proqnoza görə bu il tələbat keçən illə müqayisədə
1.5 milyon bareldən çox olacaq”.
2022-ci il
üçün proqnozlar
Z.Vəliyevin
sözlərinə görə, ümumilikdə bu il ərzində neftə olan gündəlik tələbatın artacağı
proqnozlaşdırılır: "OPEK katibliyinin qlobal neft bazarları ilə bağlı hazırladığı
icmalda, Beynəlxalq Enerji Agentliyinin verdiyi proqnozlarda göstərilir ki,
2022-ci ildə neftə olan tələbat keçən illə müqayisədə 4.2 milyon barel artıq
olacaq. Yəni neftə olan tələbat gündəlik 100 milyon barelə çatacaq. Cari ilin
üçüncü və dördüncü kvartalında neftə olan tələbat 100 milyon bareli də keçəcək.
Lakin bunlar proqnoz göstəricilərdir”.
Qiymət bir
az da bahalaşa bilər
Z.Vəliyev
bildirir ki, gələcəkdə neft qiymətlərində daha da yüksəlmələr ola bilər: "Qarşıdakı
aylarda aviasiya yanacağına, digər neft məhsullarına olan tələbatda artım
olarsa, neft qiymətlərində dəyişiklik olacaq. Fevral
ayında dövlətlər bazara əlavə neft həcmləri çıxararlarsa, onda müəyyən enmələr müşahidə
edilə bilər. 2022-ci il neft bazarları 2021-ci illə müqayisədə daha cəlbedici
olacaq. Çünki neft məhsullarına olan tələbatda indidən müəyyən dinamika müşahidə
edilməkdədir. Bu ilin sonuna kimi də bu dinamika davam edəcək”.
Zərif
Salmanlı