AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Paşinyanın koronavirus şousu

Paşinyanın koronavirus şousu

Siyasət
01 İyun 2020, 17:54 312
Rəqibləri Ermənistanın baş nazirinin koronavirusa yoluxmasına inanmırlar

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə növbəti şou nümayiş etdirmək qərarına gəlib. O, zünü əzabkeş, koronavirusa qarşı mübarizədə aktiv mübariz rolunda qələmə verməyə çalışır. Dünən səhər canlı yayımda baş nazir bildirib ki, ailə üzvləri ilə birlikdə Covid-19-dan müalicə olunur. O, ön xətdə məskunlaşan hərbi hissələrə baş çəkməzdən əvvəl koronavirus testi üçün analiz verdiyini və testin nəticəsinin müsbət olduğunu bildirib. Paşinyan özündə və ailə üzvlərində xəstəliyin simptomsuz keçdiyini deyib. Baş nazir hazırda yaşadığı hökumət evində təcrid olunduğunu və oradan öz vəzifəsini "məsafədən” icra etdiyini bildirib. Ermənistan Səhiyyə Nazirliyinin son məlumatına görə, bu ölkədə virusa yoluxanların ümumi sayı 9402-yə çatıb. Koronavirusa yoluxanları arasında qeydə alınan 139 ölüm halından 84-nün səbəbi sırf Covid-19 olub.
Bu arada xəstələrin 3386-sı sağalıb, 5715 pasiyent stasionar qaydada müalicə olunur. Mayın sonuna olan vəziyyətə əsasən, Ermənistan 1 milyon əhalinin hesablanması ilə koronavirusa yeni yoluxma hallarının sayına görə dünyada 6-cıdır.
Hakimiyyətin koronavirusa qarşı mübarizəsinin effektiv olmadığı, ən əsası, xəstəliyin öhdəsindən gələ bilmədiyi sərt tənqid olunur. Məsələn, siyasi şərhçi Menua Harutyunyan hökumətin apardığı mübarizə ilə bağlı bildirib ki, virusun yayılmasının lap əvvəlindən Nikola eks-prezident Robert Koçaryanı həbsdən azad etməyi, bütün siyasi sahəni və cəmiyyəti onun ətrafında birləşdirməyi tələb edib: "Bildirdim ki, hamımız birlikdə çiyin-çiyinə müqavimət göstərərək, koronavirus və ondan sonrakı iqtisadi fəlakətə qarşı mübarizə aparaq”. O qeyd edib ki, Nikol millətin sağlamlığını və Ermənistan iqtisadiyyatının gələcəyini öz hakimiyyətini nəyin bahasına olursa-olsun qorumağa və siyasi rəqiblərini təqib etməyə qurvan verib. "Ölkəni idarə etmək və millətə rəhbərlik etmək hər bir populistin ağıl işi deyil, biz bunu nə qədər tez başa düşsək, birləşməyə və Ermənistanın çöküşünü dayandırmağa o qədər tez başlayacağıq”, - deyə Harutyunyan bildirib. Onunla həmfikir olan erməni ictimai xadim, dramaturq Karine Xodikyan isə deyib ki, Ermənistan koronavirus epidemiyasının sınaq imtahanını verə bilməyib. Xodikyan bildirib ki, Ermənistan səlahiyyətliləri indiyə qədər vətəndaşların məsuliyyət miqyasının nə qədər olduğunu bilmirsə, deməli, onlar öz iş ofisindən çıxmayacaqlar. "Pasxa günlərinin səhnələrindən sonra komendant ofisi müvafiq nəticə çıxarmadı, mən bu günlərdə komendant ofisinin işini hətta 3 olaraq qiymətləndirməyəcəm, qənaətbəxş deyil. Küçələrdə nə baş verdiyini necə görməmək olardı? Mən yazdım ki, 10-12 gün sonra alovlanma olacaq. Mən bunu mütəxəssis olmayaraq proqnozlaşdırmışdım”, - deyə o qeyd edib.
Ermənistanın "Milli Gündəm” Partiyasının həmtəsisçisi Avetik Çalabyan öz "facebook” səhifəsində yazıb ki, ötən həftənin sonunda Paşinyan vəziyyətin nəzarətdən çıxdığını və İtaliya ssenarisinin özünəməxsus üslubda yaxınlaşdığını qəbul edib. O qeyd edib ki, bu dəfə də Paşinyan maska taxmayan və sosial məsafəni gözləməyən insanları günahlandırıb. "Lakin məgər maska taxmaq infeksiyanın sürətlə yayılmasının qarşısını almaq üçün kifayət idi və ya ayrılıqda götürülmüş vətəndaşın karantin tədbirlərinin ləğv olunması şəraitində sosial məsafəni gözləmək imkanı var idi?”, - deyə Çalabyan bildirib. O əlavə edib ki, Ermənistanda koronavirusdan ölüm dünyada ən yüksəklərdəndir, bu, pandemiya əleyhinə mübarizənin may ayı ərzində uğursuz olduğunu göstərir. İki il ərzində Ermənistan sakinlərinin Paşinyandan ehtimal olunan gözləntiləri gerçəkləşmir: "Paşinyanın vəzifədə olduğu dövrdə sakinlər korrupsiyaya qarşı mübarizə, cinayət işlərinin başlanılması və dövlətə pul qaytarılması ilə bağlı məlumatlarla "DdoS” xəbər hücumuna məruz qalıblar. Başlanmış cinayət işlərinin çoxuna zaman keçdikcə xitam verilir, bəziləri isə davamlı olaraq təxirə salınır. Prokurorluq işin göstəricisi olaraq cinayət işlərinin sayının artırılmasını təmin etməkdə davam edir”. 
Öz növbəsində erməni fəal Ani Kaqinyan bu qənaətdədir ki, baş nazirin reytinqi aşağı düşərək sıfıra çatıb, böhran idarəetməsinin uğursuzluqları və müvəffəqiyyətsizlikləri, yaranmış fəlakətli vəziyyət, siqaret qaçaqmalçılığı, brilyant və silahın qara bazar satışı üçün cavabdehlər və məsuliyyətə alınanlar yoxdur. "İndi reytinqi qaldırmaq, geniş kütlələr arasında vicdan və şəfqət yaratmaq üçün nə etmək lazımdır? Beləliklə, o, özünün və ailəsinin koronavirusa yoluxduğunu bildirdi. İndi o, QİÇS-ə də yoluxmağa və bu yolla faydasız hakimiyyətini uzatmağa hazırdır”, - deyə o qeyd edib.
Ermənistan müdafiə nazirinin keçmiş müavini, Ermənistan Respublikaçılar Partiyasının üzvü Artak Zakaryan isə Paşinyana müraciət ünvanlayıb: "Hörmətli baş nazir. Təəssüf edirəm ki, səndə və ailə üzvlərində koronavirus infeksiyası qeydə alınıb. İki ildir səninlə dövlətimizin indisi və gələcəyi üçün siyasi mübarizə aparırıq.  İki ildir davamlı şəkildə sübut edirsən ki, biz təəssüflər olsun haqlıyıq. Niyə təəssüflər olsun dediyimi özün yaxşı bilirsən və hər şeyi daxildən görürsən. Açıq-aydın yanlış yollarla sona qədər getmək məcburi deyil, hətta gecikmə ilə dayanmaq, geri qayıtmaq və hər şeyi düzəltmək olar”.
Erməni hərbi xadim Gevorq Gevorqyan isə bu qənatdədir ki, "ölkədə yaranmış vəziyyətin artıq yalnız bir həlli var - hakimiyyətin istefası. Milli, dövlət yönümlü və siyasi yetkinliklə qüvvələrin konsolidasiyası artıq zərurət yox, imperativdir”. O qeyd edib ki, "bu yolla perspektivsiz qrup-hakimiyyət əli ilə yaradılmış xaosun qarşısını almaq mümkündür”. Əlavə edib ki, "bütün sahələrə aid ən nikbin təhlillər belə göstərir ki, hakimiyyət dövlətin institusional sistemini məhv edir. Bu, dövlətə və millətə qarşı kampaniyadır. Pandemiyanın ildırım templərindən ölkənin nəfəsi kəsilib, iqtisadiyyat çökür, xalq yoxsulluğun astanasındadır. Eyni zamanda, xarici siyasət təcridinə düşmüşük. Qarabağ məsələsinin dinc həll prinsipləri artıq beynəlxalq şəkildə görməzdən gəlinir”.
 
Azər NURİYEV