• çərşənbə axşamı, 19 mart, 12:27
  • Baku Bakı 8°C

2020-ci ilin büdcə layihəsi: nə, necə dəyişir?

16.09.19 13:40 974
2020-ci ilin büdcə layihəsi: nə, necə dəyişir?
Məlum olduğu kimi, Maliyyə Nazirliyi 2020-ci ilin dövlət büdcəsi layihəsini hökumətə təqdim edib. Büdcənin bir çox detalları məlumdur və bu baxımdan 2020-ci ilin dövlət büdcəsini güclü maliyyə təminatı, xüsusilə də etibarlı sosialyönümlü mənbə sənədi hesab etmək olar.
2020-ci ilin büdcəsi cari ilin büdcəsindən təkcə gəlir və xərclərinin daha böyük olması ilə fərqlənmir, həm də növbəti ilin büdcəsində keyfiyyət dəyişikliklərini ehtiva edən mühüm məqamları görmək olar. İlk növbədə, qeyd etmək lazımdır ki, gələn ilin dövlət büdcəsi yeni yanaşmalara və yeni büdcə qaydasına uyğun olaraq tərtib edilib. Bu qaydalar ilk növbədə, neft qiymətlərindəki dəyişkənliyin büdcə gəlirlərinə təsirini minimuma endirməyi hədəfləyir. Mexanizm belədir, icmal büdcə xərclərinin yuxarı həddi ölkənin xalis maliyyə aktivləri (XMA) nəzərə alınmaqla icmal büdcənin xərclənə bilən neft gəlirləri, icmal büdcənin qeyri-neft gəlirləri və icmal büdcəyə digər daxilolmaların cəmi kimi hesablanır. Eyni zamanda, icmal büdcə xərclərinin yuxarı həddi icmal büdcə xərclərinə 3%-lik nominal artım tempinin tətbiqi əsasında hesablanır. 2020-ci ildən başlayaraq dövlət büdcəsinin Orta Müddətli Xərclər Çərçivəsi əsasında qurulması artıq dayanıqlı fiskal çərçivənin və yüksək dərəcədə fiskal intizamın olmasını tələb edir.
Məhz bu baxımdan növbəti ilin büdcə zərfinin parametrləri həm fiskal baxımdan, həm də ümumi iqtisadi yanaşma cəhətdən əhəmiyyət kəsb edir. Gələn ilin dövlət büdcəsinin gəlirləri isə 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Xüsusilə də, gələn ilin büdcəsində neftin baza qiymətinin 55 dollardan götürülməsi və qeyri-neft gəlirlərinin neft taransfertlərini üstələməsi tamamilə məntiqlidir. Faktiki olaraq neftin qiymətlərindəki volatilliyin büdcə gəlirlərinə təsiri minimallaşdırılıbdır.
Büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur. Neft Fondundan transfert təxminən 400 milyon manat artır (3 faiz artım), halbuki qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq.
Yeri gəlmişkən, 2017, 2018 və 2019-cu ilin dövlət büdcələrində Neft Fondunun büdcəyə transfertləri orta templə 7-8 faizdən çox idi, 2020-ci ildə isə bu temp 2 dəfə azalıb, gələn il büdcəyə transfertin fiziki həcmi 3,5 faiz artır, qeyri-neft gəlirləri isə bundan 2,5 dəfə artmağa (11,3 faiz) fokuslanıb. Ötən illərdə qeyri-neft gəlirlərinin artım tempi təxminən 7-8 faiz idi, gələn il bu rəqəm qeyri-neft gəlirləri üzrə 11 faiz artmaqla neft amilinin təsirini əhəmiyyətli dərəcədə azaltmış olur.
2020-ci ildə dövlət büdcəsinin xərcləri 25618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur. Gələn ilin dövlət büdcəsinin gəlirləri isə 24484,0 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1316,0 mln. manat və ya 5,7 faiz çoxdur.
Qarşıdakı büdcə ilinin paramaetrlərinə diqqətlə yanaşdıqda, açıq şəkildə maliyyə idarəçiliyi sahəsində aparılan islahatların iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına mühüm təsir göstərdiyini görmək mümkündür.
Yeni strateji yanaşmalardan biri qeyri-neft baza kəsirinin orta və uzunmüddətli dövrdə qoyulmuş hədəflərə uyğunluğudur. 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1,134,2 mln. manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 887,8 mln. manat və ya 43,9 faiz azdır.
Qarşıdakı ilin büdcə layihəsində mühüm məqamlardan biri qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin əvvəlki ilin müvafiq göstəricisindən az olmasıdır. Bu baxımdan da yeni büdcə qaydasının tətbiqi dövlət büdcəsinin neft qiymətlərindəki volatillikdən asılılığının azaldılması və fiskal intizamın əhəmiyyətli dərəcədə möhkəmləndirilməsini nəzərdə tutur. Eyni zamanda, büdcə siyasətinin protsikliyinin kontr-tsikliklə əvəz olunmasına imkan verir.
Elbrus Cəfərli

banner

Oxşar Xəbərlər