Gerçəkliyə romantik baxış
Rəngkar
Namidar Əliyevin bədii axtarışları haqqında
Azərbaycan
təsviri sənətinin müstəqilliyimizi əhatə edən inkişaf mərhələsinin yeni adlarla zənginləşməsi danılmazdır. Bu
yaradıcıların mövzu, üslub və ifadə axtarışlarında həm illərlə formalaşan bədii
ənənələri qorumağa çalışanlar da var, az qala kanon şəklini almış müxtəlif bədii
cərəyanlara fərqli-özünəməxsus münasibət göstərənlər də... Tanınmış fırça
ustası Namidar Əliyev onların arasında ənənəyə sadiqliyi ilə seçilir...
Rəssamın
bir qərinəni əhatə edən yaradıcılığı ilə tanışlıq göstərir ki, onun bir rəngkar
kimi sərgilədiyi bu sadiqlik heç də olub-keçənlərin "soyuq-quru” təkrarı
olmayıb, daha etibarlı hesab etdiyi realist-gerçəkçi bədii bünövrənin üzərində
özünəməxsusluğu danılmaz olan estetik
keyfiyyətlər nümayiş etdirməkdən ibarətdir.
İlk
baxışda çoxlarına adi hesab oluna biləcək bu yanaşma, əslində, onu yaşamağa
hazırlaşanlardan görünənlərə daha diqqətli münasibət tələb edir. Belə ki, əsl,
daha dəqiq desək, obyektə-motivə yaradıcı yanaşma yalnız o zaman baş tutur ki,
rəssam görünənlərdə bu vaxta kimi başqalarının görə və yaxud duya bilmədiyi gözəllik
qaynaqlarını üzə çıxara və onlara estetik tutum verə bilir. Namidar Əliyevin
yaradıcılığı məhz bu cürdür...Onun
bədii irsində janr məhdudiyyəti o qədər ciddi duyulmasa da, daha çox sərgilərdə
çəkdiyi mənzərə və natürmortlarla iştirak etdiyi danılmazdır. Bu janrlar ənənəvi
olaraq süjetli tablo və portretlə müqayisədə "ikinci-üçüncü dərəcəli” hesab
olunsalar da, onların yaradılma estetikasına bələd olanlar üçün həmin janrlar
tam ciddi hesab olunur. Başqa sözlə desək, mənzərə və natürmortla da uğur
qazanmaq, yaradıcı "mən”ini təsdiqləmək olar. Necə ki, vaxtilə bunu dahi Səttar
Bəhlulzadə etmişdi...
Bu
mənada Namidar Əliyevin rəngkarlıq sənəti məkanında o qədər də iddialı
olmadığını vurğulamaqla yanaşı, bu vaxta qədər gerçəkləşdirdiyi hiss və
duyğularının qarşılığında onun axtarışlarında səmimi və özünəməxsus olduğunu
deyə bilərik. Qənaətimizcə, hər bir yaradıcının özünəməxsusluğu – sənətkar "mən”inin
təsdiqi məhz bu cür səmimilikdən qaynaqlanır və təsdiqlənir...
Abşeronda
dünyaya göz açan, əvvəlcə Bakıdakı məşhur "Əzimzadə məktəbi”ndə, sonra isə
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda ixtisas təhsili alan
Namidar Əliyevin əsərlərinin mövzusu bilavasitə doğma yerlərlə bağlıdır.
Abşeron təbiəti və memarlığı, onun təbii nemətləri rəssamın mənzərə və
natürmortlarının əsas motivləri, məna-məzmun daşıyıcılarıdır. Onların hər
birində gerçəkliyə müəllifin fərdi və fərqli bədii münasibəti hiss olunur. Əgər
dəyişkən Abşeron təbiətini əks etdirən mənzərələrində bu münasibət yurda sevgi
hissinə bələnmiş tutumdadırsa, çoxlarına sərt görünən bu torpağın yetişdirdiyi
nemətlərin əks olunduğu natürmortlarında əşyalara bədii yanaşmasında isə görünənlərdən
müəllifin qürur hissi keçirdiyi duyulmaqdadır...
Rəssamın
mənzərələrində ovqat daşıyıcılığı önə çəkilmişdir, desək, yanılmarıq. Əslində,
elə mənzərə janrının mahiyyəti bunu tələb edir. Etiraf edək ki, hər çəkilən mənzərədə
arzulanan ovqat, əhval-ruhiyyə ifadəsini görmək olmur. Bu o vaxt baş verir ki,
rəssam məkanın zahiri oxşarlığını əldə etməyə çalışır. Lakin o, buna nə qədər
nail olsa da, görünənlərdə tamaşaçını duyğulandıra biləcək estetik çalarlar üzə
çıxara bilmədiyindən, təsvirə alınan motivə bu cür yanaşma fotoaparat obyektivinin görə biləcəyi işdən
artıq olmur. Çünki, obyektə münasibətdə
obrazlı dillə desək, səmimilikdən qaynaqlanan müəllif qəlbinin döyüntüləri hiss
olunmur...
Namidar
Əliyev isə ölçüsündən asılı olmayaraq müxtəlif motivli mənzərələrində
ovqatyaradıcı olmağa çalışmış və demək olar ki, əksər hallarda öz məqsədinə
nail olmuşdur. Bunu onun "Qayıqlar”, "Bilgəhdə küçə”, "Ləpəli gün”, "Bağ evləri”,
"Balaxanı məscidi”, "Qürub çağı”, "Qədim körpü”, "Şirvanşahlar sarayı” və s. əsərləri
də təsdiqləyir.Səhər
çağlarında sahilə göz qoyan ("Qayıqlar”) rəssamın sakitliyi danılmaz olan məkanın
tamaşaçıya lirik duyğular aşılaya biləcək məqamlarını qabartmağa çalışmışdır.
Sahilə dəyib qayıdan ləpələrin yaratdığı
bəyazlığın fonunda görüntüyə gətirilən bir-neçə qayığın həsrətini duymaq
elə də çətin deyildir. Qızılı qumun üzərindən "boylanan” qayıqların tünd rəngi
ilə ləpə bəyazlığının və dəniz maviliyi nə qədər təzad yaratsa da, bütünlükdə,
nikbin və ümidverici qəbul olunur. Başqa sözlə desək, az sonra balıqçıların gəlişi
qayıqların yaşanan su həsrətinə son qoya
biləcəkdir...
"Qədim
körpü” əsəri Xudafərin körpüsünün obrazı kimi düşünülmüşdür. Araz çayının sinəsində
"təklənmiş” bu birləşdirici bədii-texniki qurğu"Türkmənçay”dan və "Gülüstan”dan əvvəl bələndiyi qələbəlikdən uzaq olduğundan, bu kimsəsizliyin həsrət hissi
yaratdığı birmənalıdır. Odur ki, çay sularının yaratdığı bəyaz köpüklərlə
dağların qış mənzərəsi arasında qərarlaşan qədim körpünün tamaşaçıda təzadlı
duyğular oyatması da duyulandır...
Abşeron
kəndlərini gəzməkdən usanmayan rəssamın bu yaradıcı müşahidələrindən sonra ərsəyə
gətirdiyi mənzərələr də cəlbedici və yaddaqalandır. Bu mənada onun "Bilgəhdə
küçə” və "Balaxanıda məscid” əsərləri
özünəməxsus estetik tutumuna görə cəlbedicidirlər.
Günəşli
havada dar kənd küçələrinin və evlərinin arasından səmaya ucalan məscid minarəsini
("Balaxanıda məscid”) kompozisiyanın dominantına çevirən rəssam, işıq-kölgə təzadını
tikililərin arxitektonikasının qabardılmasına yönəltməklə, məkanda yaşanan
auranın estetikasını əyaniləşdirə bilmişdir. İsti rənglərin yaratdığı
nikbinliyin əsərə və məkana özünəməxsusluq bəxş etməsi də danılmazdır...Onun
"Bağ evləri” və "Şirvanşahlar sarayı”
tablolarında isə daha çox tarixiliyin qorunmasına üstünlük verilmişdir.
Müasir dövrdə ənənəvi - sadə görkəmini itirməkdə olan bağ evləri Namidar
Əliyevin əsərində ("Bağ evləri”) elə əvvəlki kimidir. Ona görə də hələ hündür
hasara alınmamış bu tikililər tamaşaçını elə uzaq olmayan keçmişə qaytarmaq gücündədir. Elə uzaqdan göz
qoyulmuş motivin nikbin boyalarla işlənməsi də bu hisslərin daha da gücləndirilməsinə
xidmət edir...
Namidar
Əliyevin "Şirvanşahlar sarayı”nda isə əksinə, obyektə çox yaxından diqqət yetirilmişdir.
Əhatəli məkanın yalnız bir hissəsini görüntüyə gətirən rəssam, bu qabarıqlıqda
daşlarda yaşanan-hifz olunan qürurverici - tarixə bələnmiş estetikanı əyaniləşdirməyə
çalışmışdır. Odur ki, burada kompozisiyaya daxil edilmiş hər bir ayrıntı cəlbedici
görünməkdədir...Azərbaycan
təsviri sənətində sovet dönəmindən təşəkkül tapan natürmort janrına da rəssamın özünəməxsus yanaşması mövcuddur. Zamanında bu
sahədə uğurlu əsərlərin yaradılması da, sübut edir ki, natürmortun milli təsviri sənətimizdə davamlı şəkil almış
yeri vardır. Elə Namidar Əliyevin yaratdığı əsərlərin timsalında da buna əmin
olmaq mümkündür...
Onun
qatıq bankası ilə iki qara çörəyi bir araya gətirdiyi natürmort ilk növbədə
atributların azlığı və məkana baxışın səmimiliyi ilə diqqət çəkir. Elə bunun nəticəsidir
ki, ağ, qara və qəhvəyi rənglərin işığında təqdim olunan "süfrə” kifayət qədər
düşündürücüdür. Belə bir kompozisiyanın tamaşaçıların nostalji hisslərinə
toxunacağı, onları uzaq-yaxın keçmişin yaşanan təzadlı günlərinə qaytaracağı
birmənalıdır. Onun müxtəlif materiallardan hazırlanmış məişət əşyalarına,
maddi-mədəniyyət nümunələrinə və yurdumuzun təbii sərvətlərinə münasibətində də
tamaşaçı ilə dialoq qurmaq istəyi güclüdür. Bunu şərtləndirən səbəb rəssamın
kompozisiyalara daxil etdiyi hər bir əşyanı mənalandıra bilməsidir...Təhsilsonrası
əvvəlcə Azərbaycan Dövlət İncəsənət Universitetində, hazırda isə Azərbaycan
Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olan Namidar
Əliyevin müstəqil yaradıcılığına tutduğumuz "bədii güzgü”yə əsasən demək olar
ki, onun zamanın axarında ərsəyə gətirdikləri
milli rəssamlığımızın inkişafına töhfə kimi qəbul olunmaqdadır. Qənaətimzcə, bu
onun bir yaradıcı kimi ən böyük mənəvi qazancı hesab oluna bilər...
Ziyadxan Əliyev