1990-cı illərin
əvvəllərində Sovet dövrünün dəyərləri iflasa uğrayır, yeniləri isə o qədər
asanlıqla təşəkkül tapmadı. 20 Yanvar faciəli mövzular ədəbiyyata şəhidlik
mövzusu, şəhid obrazını gətirdi. 20 Yanvardan sonra ədəbiyyatın adi ritmi
pozuldu, xalqlar, millətlə bərabər ədəbiyyatın özü də bir növ tarixi sınaq
qarşısında qaldı.
1970-ci illərin
senzurasında boğulan, ictimai-siyasi məcrada bəslənən dekadans ovqat nəfəs
genişliyi əldə edərək ruhun nəhayətsizlik sevdasını, insanın iç dünyasının
çöküşünün ifadə eləmək üçün yeni fəaliyyət sferasına bu dövrdə daxil oldu. Ötən
əsrin əvvəllərindən başlayaraq meydana çıxmış modernist cərəyanlara əsrin
sonunda yenidən qayıdıldı, simvolizm, sürrealizm, ekzistensializm,
postmodernizm və s. tətbiq edildi. 20 Yanvar faciəsinin ədəbiyyatda
araşdırılmasına dair Tehran Əlişanoğlu, Vaqif Yusifli, Rüstəm Kamal, Almaz Ülvi
Binnətova, Elnarə Akimova, Mərziyyə Nəcəfova, Nərgiz Cabbarlı və
başqalarının müxtəlif səpkili tədqiqatları var.
Hadisələrin
başlandığı vaxtda sanballı əsərin yazılması qeyri-mümkün idi. Digər tərəfdən
1990-cı illər xaosundan ayrılmaq asan deyildi. Bu dövrün ədəbiyyatda ikili
səciyyəsi – onun həm qopub ayrıldığı sovet dövrünün rudimentlərini özündə
daşıması, həm də bu qalıqlarla mübarizə apararaq yeni biçimdə özünü ifadə
etməyə çalışması kimi əlamətlər onilliyin əsas göstəricisidir.
Ümummilli lider
Heydər Əliyevin 1997-ci ildə Azərbaycan Yazıçılarının X qurultayında nitqində
qeyd etdiyi kimi "O vaxt bizim dövlət adamları bunun əleyhinə çıxmadılar, bu
barədə öz sözlərini deyə bilmədilər, üstünü örtüb basdırmağa çalışdılar. Ancaq
siz – ədəbiyyat adamları və xüsusən yenə də Bəxtiyar Vahabzadə, Xəlil Rza kimi
insanlar o təcavüzün qarşısına çıxdılar”.
20 Yanvar hadisələri
mövzusunda ən yüksək poetik ruhlu əsərlərin müəllifi B.Vahabzadənin
"Şəhidlər” poeması faciənin fəlsəfi-poetik dərkində öz bədii-estetik siqlətini
bu günədək qoruyub saxlayır. Elnarə Akimovanın fikrincə "B.Vahabzadə poeziyasının
fərqliliyi ondadır ki, heç bir quramaçılığa uymadan şeir yazmaq, qəlbinə hakim
olmuş duyğuları əzib korlamadan mətnə köçürmək idi”.
Bəxtiyar
Vahabzadənin "Şəhidlər” poeması verdiyi suallarla bütün dövrün acı taleyi, tarixini proseslərini canlandırır.
Vaqif Yusiflinin fikrincə, "B.Vahabzadənin
"Şəhidlər” poemasının alternativi yoxdu”.
1990-cı
illərdə qlobal hadisə və proseslərin milli düşüncəyə
axını daha çox gücləndi. 1990-cı illərin ortalarına qədər poeziyaya daha çox
çılğın, əsəbi notlar üzərində gəzişir, poetik pafos, hislərin çılğın ifadəsi
(Qaçay Köçərlinin "Şəhidlər xiyabanı”,
Zəlimxan Yaqub "Səslərin görüşü”, çağırış, fəxr və qürur Vahid Əzizin
"Qırğın” ağı-poemasında, Sənan Çırağın "Haqq ədalət Kərəm kimi yalnız indi...”,
düşmənə nifrət Xəzangülün "Tanrı dərgahında”, Məmməd Alimin "Sahibin axtaran
qol”, ictimai kədər Məmməd Alimin "20 Yanvar küçəsi”, Piruz Dilənçinin
"Şəhidlər xiyabanı”, üsyan intonasiyası, etiraz Zəngilan rayonundan Oqtay
Ələkbərovun "Şəhriyar nəfəsi”, nikbinlik Xəlil Rza Ulutürkün "Sənin göz
yaşların”, Ələkbər Şahidin "Şəhidlər”, Tofiq Nurəlinin "Bu meydan”, təskinlik
Vidadi Babanlının "Başsağlığı”, pessimist əhval-ruhiyyə Hafiz Əlinin "Bakıda
komendat saatı” adlı şeirində, Məhəmməd Aslanbəylinin "Bu il”, Fikrət Qocanın "Ağlar”, şəhid analarına
təskinlik Əlirza Hikmətin "Şəhidlər xiyabanı”, baş leytenant Yusif Bağırovun
"Şəhidlik”, Abbasağa Azərtürkün "Şəhidlərə” şeiri, Qaçay Köçərlinin "Bir ovuc
şəhid torpağı”, Məzahir Hüseynzadənin "Şəhid anasının dedikləri” daha öndə
qərarlaşırdı. 1990-cı illərin ortalarından başlayaraq bədii fikirdə, ədəbi
prosesdə üst baxış, daha təmkinli şair ədası, loyal yanaşması güclənir.
Arif Abdullazadə "O
gecənin ağrıları” adlı məqaləsində həmin dövr
mətbuatında nəşr olunan poemaları poeziya növünün yeni nümunəsi "poema ağı”
adlandırmışdı.
1990-2000-ci illər
mətbuatında uşaq şəhidlərə həsr olun şeirlər yer almışdır. Bakıda 118 saylı
məktəbin şagirdi Aynur Ramizqızının şəhid qız "Larisanın xatirəsinə” həsr
etdiyi bayatı şəklində şeir müəllifin sarsıntılarını ifadə edir:
Qurban olum bu elə,
Bu obaya, bu elə,
Səni vuran soldatı,
Çağırıram duelə.
Musa Ələkbərlinin
"Oxu, Zeynəbim, oxu” şeiri
şəhid olmuş balaca Zeynəbin həyat eşqi ilə dolu kədərli aqibəti, Məmməd
Namazın "Körpə şəhidlərə layla” şeirində 13 yaşlı
İlqar İbrahimovaya, Larisa Məmmədovaya şəhid, ağı deməyə dili gəlməməsi, acı,
iztirab şeirdə müəllif emosional duyğularında inikasını tapmışdı.
20 Yanvar
mövzulu poeziyada faciənin törədənlər də əsas məsələ kimi düşündürülən problem
sırasına daxildir. Roza Qarabağlının "Şəhidlər” şeirində min nisgil ilə dillərə
dastan olan, ölməz əməli ilə parlayan, nakam şəhidlərin ailələrinə başsağlığı
verən Qorbaçova "namərd” adlandırır.
Məmməd
Alimin "Doxsanıncı iyirmi Yanvar” şeirində can çəkişən imperiyanın 20 Yanvar
törətməkdə, Qarabağ problemini qaldırmaqda məqsədi hiylədir – azərbaycanlıları
məhv etmək bəhanəsidir. Hafiz Əli "Vətən şəhidləri” şeirində 20 Yanvar
hadisələrinin tarixi kökünü ermənilərin Dağlıq Qarabağ iddiasından əvvələ,
daha çox keçmişə dayandığını qeyd etməyə çalışır. Rəfail İncəyurdun "Yanvar
ağıları” şeirinin poetikasında 20 Yanvar faciəsinin həqiqətlərini üzə
çıxarmağa çalışır. Rafiq Yusifoğlunun "Qan gölündə bitən gümüş azadlıq”
şeirində hadisənin səbəbkarlarını göstərməyə çalışması "nala-mıxa vuranları
tanıdaq” deyərək o dövrün intizamsız rəhbər başçılarını gizli kodda göstərir.
20 Yanvar
faciəsinə dini-fəlsəfi yanaşma Məhməmməd Ərğəvanın "Şəhidlər”, Eyvaz
Qələmçəlinin "Yas saxlayır”, Suğra Abdullazadənin "Şəhidlər”, Abbas Abdullanın
"Kim ağlasın bizə qardaş” şeirlərində görmək mümkündür.
1990-cı illərdən
başlayaraq poeziyamızda elə imzalar oldu ki, öz poetik yaşamları ilə "geriyə
qayıdış”ın ən yaxşı nümunələrini yaratmaqla bahəm, həm də gələcək şeirin
inkişaf trayektoriyasının cızılmasına səbəbkar oldular. Ancaq bununla yanaşı başqa əsərlər də – Adil Şirinin "Şəhid gecəyə üç elegiya”, Tofiq
Abdinin "Yanvar ağıları”, Babək Bəhrəmoğlunun
"Şəhidlər” şeiri, Sabir Əhmədlinin "Qızıl güllə” hekayəsi vardı.
20 Yanvar
faciəsinin ayrılmaz atributlarından biri də qərənfildir. Qərənfil klassik
poeziyada qəmgin ovqat aşılayan güldür. 20 Yanvar 1990-cı ilə qədər Bakı
kəndlərində satış məqsədi ilə yetişdirilən qərənfillər həmin faciədən sonra
taleyi dəyişdi, matəm gülü simvoluna çevrildi.
Tofiq
Mütəllibovun "Qərənfil məşəlləri” şeirində qərənfilin şəhidlər xiyabanında
daşlaşmış aurasını belə tərənnüm edir:
Bu adi
çiçəklər, bu qərənfillər,
Məzarlar
üstündə müqəddəsləşib.
Qərənfil göz yaşı simvolu kimi Şövkətin
"Qərənfil yağışı”, Ələkbər Salahzadənin "Qərənfillər” şeiri, dözümülülk rəmzi
kimi Elnarə Buzovnalının "Vətən şəhidlərinin xatirəsinə” qəzəli, Firuzə
Əsədullayevanın "Qərənfil, ay qərənfil”, şəhidlə torpaq arasında vüsal gülü
kimi Kamran Mehdinin "Qara bayraqlar, qırmızı qərənfillər” şeirində simvolizə
olunur.
Milli özünüdərk vahid milli ideyanın təsiri ilə narazı təmayüllərin,
yad, barışmaz ideyaların qlobal tendensiyaların içərisində yaranıb inkişaf
edir. Bəxtiyar Vahabzadənin milli özünüdərk psixologiyasının əsasında özünü
kənardan baxıb qiymət vermək, milli amili dəyərləndirmək durur. Onun "Təzədən
yaratsın yaradan bizi” adlı şeirində şairi ən çox
düşündürən xalqının illər boyu məruz qaldığı haqsızlıqların ölçü miqyası, eyni
hüquqları daşıyan, amma millətlər içərisində ona qarşı qərəzli, ədalətsiz, ayrı-seçkili
münasibətdir:
Anlaya bilmirik astar nə, üz nə
İndi baxammırıq düzün gözünə.
B.Vahabzadənin sovet siyasi rejiminin ən sərt
dönəmində qələmə aldığı "Səbr elədik” milli istiqlal problemi ilə bağlı
qənaətləri müstəqim şəkildə əks olunmuşdur. Şübhəsiz ki, sovet dönəmində,
1979-cu ildə yazılmış bu şeir konyunkturanın təsirindən nəşri mümkün deyildi. Ümumiyyətlə B.Vahabzadənin
poeziyasında milli özünüdərkin bütün
komponentlərini – milli mənlik şüur, milli fikir, milli bəşəri şüur, milli
yaddaş, milli ruh, milli istiqlal arzusunu görmək mümkündür.
Sovet
ideologiyasının məhvi ilə çox şey öz başqa stixiyasına dönmüşdü. "Ölü”,
"məzar”, "tabut” tipajları funksionallıq kəsb etməsi insanı döyüşə yox,
tənhalığa çəkirdi. Sabir Əhmədovun "Yanvar hekayələri” silsiləsindən olan
"Dənizdən gələn səda” hekayəsində rusların hücumu ilə neftdaşıyan gəmidə həlak
olaraq Dərbənd sahilinin suları üzərində qalan 5 bacının qardaşının yanğılı,
düşmənə qarşı nifrət dolu, nisgilli, ancaq anasına təsəlli verən məktubudur.
Məzarı dəniz olan oğul cəsədinin səssiz-səmirsiz anasına ünvanladığı sözlər 20
Yanvar hadisələrində itkin düşənlərin sözləridir. Hekayənin bədii publisistik
üslubunda bədiilik qəhrəmanı özündən asılı deyil. Həmin saydakı "Cəza” hekayəsi
şəhid ata və anaların emosionallığı, publisistik harayı, düşmənə mənfur
münasibəti gücləndirir. Ancaq bu hekayədə konkretlik və ünvanlılıq zəifdir,
obrazların naməlumluğu, süjet zəif alınmasına gətirib çıxarmışdı.
Şamil
Cahanın "Qan izləri” hekayəsində dərin hüznlü psixologizm hökm sürür, acı
fəryadlı kədər, sevinclə nifrət qarşıdurması, qətllər üzərində vəzifə iddiası
süjetin konfliktini dərinləşdirən elementlərdir. Əsərdə psixoloji paradokslar,
şəhidlik, parça-parça olunmuş, ömrünü Sovet hərbinin bütövlüyü üçün çalışan
Cahidlə, Azərbaycanın nemətlərini yeyib, 20 Yanvar faciəsi törətdiyinə görə
milyonların qanının içən rus generalları Pisayevlə Zaxarov vəzifə naminə
yerə-göyə sığmayan sevincləri süjetin təzadlığını artırır.
Dostu
Məmmədqızının "Qan cığırı” "20 Yanvar” qəzetinin baş redaktoru Səlim Həqqiyə ithaf
olunmuşdur. Kiçik hekayənin süjet xəttinin mərkəzində şəhidlər xiyabanı
dayanır. Ümumi süjet xəttinə tabe olan qəzet müxbiri Zərifə və 20 Yanvar
yaralısı döyüşdə dünyasını dəyişən Gülər, Zərifə və oğlu şəhid olmuş,
nəqliyyatda istifadə edəndə vəsiqəsi olmayan şəhid anası, nəhayət, qəzetin baş
redaktoru Şahidin və həyat yoldaşı Sənubərin ölümü kimi süjet xətləri hekayədə
psixologizmi dərinləşdirən faktlardır. Ən çox sarsıntı keçirən də Zərifədir.
Çünki Şəhidlər xiyabanından yazmaq, böyük vətəndaşlıq mövqeyi göstərərək şəhid
ailəsinə diqqət göstərməyə çalışması diqqəti cəlb edir.
1990-cı illərdə
dövrün mürəkkəb şəraitindən irəli gələrək təcrübə üçün gərəkli olan fasilə
bədii ədəbiyyata qiymət verən və onu izləyən ədəbi tənqiddə də durğunluq
yaratmışdı. Dövrün epoxal gerçəkliklərinə nüfuz, cərəyan edən hadisələrin bütün
kəskin və anlaşılmaz, fəci və dramatik tərəfləri ilə birgə təcəssümü baxımından
bu əsərlər ədəbi mühitdə, müasir təkamül prosesinə ciddi mənada bir təsir
göstərə bilməmişdi. Tənqidçi Tehran Əlişanoğlu məhz bu faktı nəzərdə tutaraq
yazırdı: "Müharibə mövzusunun dərkində uzun bir yol keçmiş ədəbiyyatdan bunu
gözləmək olardı”.
20 Yanvar mövzulu
bədii nümunələri təhlil edərkən onların bir sıra ümumi və xarakterik
xüsusiyyətləri aşkarlanır; baş verənlərə operativ reaksiyanı əks etdirdiyi üçün
bəzən poetik səviyyə tələskənliyə qurban verilir. Bu nümunələrdə ifadə olunan
əsas fikir, əsas ideya xətti gözlənilməzlik, qəfil zərbə, hazırlıqsız yaxalanma
kimi hisslərin ifadəsidir.
Soyqırımı tariximizin
ayrılmaz hissəsi olan 20 Yanvar faciəsi mövzusunda bədii nümunələrin yazılması
müasir dövrdə aktuallıq kəsb edir və xalqımızın başına gətirilən həqiqətlərin
üzə çıxarmaq üçün araşdırılması böyük əhəmiyyət daşıyır.