2 saatlıq, 45 dəqiqəlik, yoxsa 25 dəqiqəlik serial?
Telekanalın formatı nə
tələb edirsə, ona uyğun da...
Dünyaya açılan pəncərənin - televiziyanın qarşısına keçərək dincəlmək
gündəlik həyat tərzimizin bir parçasına çevrilib. Adətən günün ikinci yarısından
sonra telekanallarda seriallar nümayiş olunur. Bu gün azyaşlı uşaqlardan
tutmuş, yaşlılara qədər hər kəsin vaxt ayırır seriallara.Seriallarımızın
maraqlı olub-olmamağı barədə də birmənalı fikir yoxdur. Bu yöndə daim
müzakirələr aparılır. Yəni bəyənib izləyənlər də var, kanalı dəyişənlər də.
Amma bu yazıda serialların keyfiyyətindən yox, vaxtından danışacağıq. Adətən,
türk serialları 90, 120 dəqiqə olur. Amma yerli serialların vaxt olduqca azdır.
Necə deyərlər, televizorun qarşısında oturmağınla serialın bitməyi bir olur. Bizdə
daha çox günlük seriallar üstünlük təşkil edir. Günlük seriallar da orta
statistik nəticəyə görə 35-40 dəqiqə çəkir. Bu zaman çərçivəsində nümayiş
olunan seriallarda təqdim olunan
hadisənin necə cərəyan etməsi 4-5 seriyada tamaşaçıya çatdırılır. Qardaş
ölkə Türkiyədə son 5-6 ildə günlük seriallardan imtina edərək həftəlik seriala
keçid ediblər. Bir serial isə 2 saatdan artıq nümayiş olunur. Maraqlıdır,
serial çəkilərkən vaxt necə müəyyənləşdirilir? Bunun üçün xüsusi yanaşma mövcuddur,
yoxsa hər şey rejissordan asılıdır?
"Xəzər” telekanalında yayımlanan
"Xalxın evi” və "Ay yay yay” seriallarının quruluşçu rejissoru, Əməkdar artist Ramin
Hacıyev bildirdi ki, serialın nümayiş olunma saatları telekanallardan və
onların iş strukturundan asılıdır: "Sitkom üslubunda çəkilən serialların ümumi
müddəti 20-25 dəqiqə olmalıdır. Dünya miqyasında bu standart ölçülər dəyişməz
olaraq qalır. Çünki gülmək üçün 25 dəqiqə kifayət edir, artığı zərərdir. Bu 25
dəqiqəlik sitkomda həm ümumi fikri çatdırmalı olursan, həm də
tamaşaçılara yumor bəxş edirsən. Seriallarımızın
45 dəqiqə olmasının səbəbi isə efir vaxtını doldurmaq deyil. Biz serial çəkərkən
telekanalın formatını və bizim üçün
ayrılan zamanı da nəzərə alırıq. Məsələn, verilişlər standart olaraq 45 dəqiqə, filmlər 1 saatdan çox, komediya serialları
45 dəqiqə olmalıdırsa, biz də o formata uyğun məhsul hazırlayırıq. Komediya
janrında serial çəkirik deyə, serialımızın müddəti çox azdır. Dram janrında olan seriallar daha uzunmüddətli olur. Misal üçün Rövşən
İsaxın rejissorluq etdiyi "Yuxu kimi”
serialı 1 saatdan çoxdur. Bundan başqa Rüfət Şahbazovun rejissorluğu ilə çəkilən "Ata ocağı” serialı da
onun kimi”.
Rejissor tələbə uyğun şəkildə
məhsul hazırladıqlarını vurğulayır: "Bizdə reallıq tamamilə fərqlidir. Hər telekanalın
öz formatı var. Hər hansı telekanala 25 dəqiqəlik serial aparsam, deyəcəklər ki,
bunu 45 dəqiqə et. Çəkdiyimiz müddət bizi qane edir. Bəzən bizə hekayə verirlər,
görürük ki, bu 45 dəqiqədən az edir, ancaq bəziləri də olur ki, daha uzun olur
və biz o ssenarini qısaltmaq məcburiyyətində qalırıq. Ümumiyyətlə, mövzudan çox
şey asılıdır. Ancaq 45 dəqiqə bizim komediyalar üçün məqbuldur”.
ARB telekanalında yayımlanan
"Uçurum” serialının quruluşçu rejissoru Vüsal
Məmmədov bizimlə söhbətində günlük serialların iş rejiminin daha ağır
olduğunu vurğuladı: "Serialımızın xronometrajı 30-35 dəqiqədir. Bu xronometraj Azərbaycanda
yayımlanan günlük serialların hamısına şamil olunur. Türkiyədə həftəlik serial
2 saatlıq olur, bizim isə günlük serialımızın həftəlik saatlarını toplasaq, türklərin
həftəlik serialından daha çox edir. Bizdə həftəlik seriallar çox az olduğundan,
daha çox günlük seriallar çəkirik. Reklamsız, tam olaraq günlük serial 30-35 dəqiqə
civarında hesablanır. Günlük seriallar Türkiyənin özündə də bir müddət davam etdi,
daha sonra onlar bundan boyun qaçırmağa başladılar. Son 5-6 ildir ki, həftəlik seriallar
yayımlanmağa başlayır. Biz hələlik günlük seriallar sistemindən çıxa bilməmişik.
Bu da biz rejissorlardan asılı deyil. Hər hansı bir fikir həftəlik serialda bir
seriyaya çatdırılırsa, günlük serialda bunu uzatmaq lazımdır ki, gələcək seriyalar
üçün material olsun. Günlük serialda bir hadisəni bir neçə dəqiqənin içərisində
çatdırmaq olmaz. Serialın müddəti əlbəttə ki, uzun olmalıdır. Artıq bizdə də bir
saat, saat yarımlıq seriallar çəkilməyə başlayır. Günlük seriallarda həm rejissor,
həm aktyor oyunları baxımından daha çox şey çatdırmaq olmur. Həftəlik seriallar
olsa, 15-20 seriyalıq, yəni bir mövsümü idarə edən seriallar tamaşaçıya daha maraqlı
olar. Həm də biz ssenaristlər və rejissorlar üçün daha rahat olar”.
"Xəzər” telekanalında yayımlanan
"Ata ocağı” və "İmtahan” serialının qələm qrup rəhbəri, ssenarist Valeh Əhmədov deyir ki, günlük seriallar
35-45 dəqiqə aralığında olur: "Bizim serial da bu müddət aralığında çəkilir və həftənin 5 günü nümayiş olunur. Bir həftəlik nümayiş
saatımız 175 dəqiqə aralığında material edir. Məkandan, çəkiliş prosesindən çox
şey asılıdır. Məsələn, türklərdə "Eşqiya dünyaya hökmdar olmaz” serialı var ki,
orada əsasən oturaq söhbətlər gedir, bu da çəkiliş üçün heç bir maneə yaratmır.
Ancaq bəzən aksion seriallarda çəkiliş prosesi uzanır. Hər səhnədə atışma, həyəcan
olur. Aktyor var ki, 33 saat öz növbəsini gözləyir ki, o biri səhnə çəkilib qurtaracaq,
onun növbəsi gələcək. Bəzi seriallarda iki növbəli işləyirlər. Bir rejissor bu səhnəni,
o biri rejissor isə digər səhnəni çəkir.
İki rejissor qrupu olur, onlar da müəyyən saata qədər işləyirlər. Ən az zaman
tələb edən isə komediya seriallarıdır ki, 35-40 dəqiqə aralığında nümayiş
olunur. Ancaq vaxtilə bizim "Aramızda qalsın”, "Qayınana” seriallarımız olub.
Biz o serialları 55-60 dəqiqə aralığında çəkə bilirdik”.
Son dönəmlər Türkiyə seriallarının da an, yaradıcı heyəti çəkiliş zamanından
şikayətlənir və həftəlik olaraq 2
saatlıq serialın müddətindən narazılıq edirlər. Türkiyənin "Hürriyyət”
qəzetində qısametrajlı serialların daha
çox pul gətirdiyini, pul gəldikcə serial çəkən şirkətlərin pula hərisliyinin
artdığı barədə yazılıb. Belə olduğu üçün
serialların nümayiş olunma zamanlarının uzandığı qeyd edilir. Yaranan durumdan
isə nə prodüserlər, nə də tamaşaçılar razı deyil. Aktyorların etirazları
diqqətə alınmır və onlara "razılaşmada bütün bunlar qeyd olunmuşdu” deyərək,
təhdid edirlər. Bundan başqa, 2 saat sürən seriallarda aktyorların bir-birinə
baxışının belə 5 dəqiqədən çox çəkdiyi, həmin müddətin də tamaşaçını yorduğu
bildirilir.
Türk ekspertlər bu uzanmaların
serial üçün ayrılan müddətin dolması üçün edildiyini vurğulayırlar. Bir
günə həll olunacaq hadisələrin aylarla öz həllini tapmamasına da ironik
münasibət göstərilir. Türk mətbuatında 2 saat sürən seriallarla bağlı yazılan
rəyləri və ekspert fikirlərini oxuduqdan sonra "bizim 35 dəqiqə sürən
seriallarımız vaxt baxımından daha məqbuldur” deməkdən başqa əlac qalmır. Yəni
hadisələr qısa və konkret olur. Serialın başlamağı ilə bitməyi bir olur.
Xəyalə Rəis