• cümə, 21 Iyun, 18:11
  • Baku Bakı 28°C

Anadangəlmə limfedema xəstələrinin 80 faizi 18 yaşa qədər olan qızlardır

20.03.23 09:45 453
Anadangəlmə limfedema xəstələrinin 80 faizi 18 yaşa qədər olan qızlardır

Limfedema orqanizimdə limfa dövranının anadangəlmə və ya sonradan yaranan səbəblərdən pozulması nəticəsində tez-tez qol və ayaqlarda, nadir hallarda gövdədə şişkinliklə müşahidə olunan zülalla zəngin mayenin dərialtı toxumalara toplanması xəstəliyidir.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müşaviri, fizioterapevt Pərvin Əkbərov deyib.

Limfedemanın yaranma səbəblərindən bəhs edən fizioterapevt qeyd edib ki, limfedema birincili və ikincili olmaqla 2 cür olur. “Birincili limfedema anadangəlmə yaranır. Bu proses limfa damarlarının anadangəlmə patologiyaları ilə əlaqəlidir. Bir qayda olaraq, uşaqlıq və yeniyetməlik dövründə inkişaf edir. Xəstələrin 80 faizi 18 yaşa qədər olan qızlardır. Daha çox aşağı, nadir hallarda yuxarı ətrafları zədələyir və ikitərəfli olur. İrsi limfedema (Nonne-Milroy sindromu, Meige sindromu) 6 faiz təşkil edir. Qalan 94 faiz hallarda xəstəlik limfa damarlarının anadangəlmə aplaziyası və ya hipoplaziyası səbəbindən inkişaf edir. Kompensə olunmuş birincili limfedema tez-tez hamiləlikdən və ya travmalardan sonra sürətlə proqressivləşir”,- deyə həkim bildirib.

İkincili limfedema xəstəliyinin limfa dövranında sonradan yaranan problemlər səbəbindən yarandığını qeyd edən mütəxəssis deyib: “Limfatik sistemin zədələnməsi infeksiyalar (qızılyel iltihabı), travmalar, yanıqlar, limfa düyünlərinin kənarlaşdırılması və ya zədələnməsi ilə əlaqəli cərrahi müdaxilələrlə bağlıdır. Birincili ilə müqayisədə ikincili limfedemaya daha çox rast gəlinir”.

Fizioterapevt qeyd edib ki, limfedema müxtəlif tip xərçəng, əməliyyat və ya şüa terapiyasından sonra inkişaf edə bilər. Xüsusilə süd vəzisi, prostat və aşağı qarın nahiyəsi xərçəngi sonrası yaranır. Süd vəzisi əməliyyatlarından sonra qoltuqaltı limfa düyünlərinin çıxarılması sonrası yaranan limfedemanın yaranma ehtimalı təxminən 25 faizdir.

Onun sözlərinə görə, əməliyyat və şüa terapiyasından 6-8 həftə sonra inkişaf edən limfedema ən gec müalicəyə tabe olan tip sayılır. Bu növ limfedema ən çox rastgəlinən, aylar və ya illər ərzində yavaş-yavaş irəliləyir.

banner

Oxşar Xəbərlər