• çərşənbə, 24 Iyul, 18:23
  • Baku Bakı 30°C

Ali Məhkəmə Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib

28.03.23 15:00 499
Ali Məhkəmə Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib

Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məmmədov və digər təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a V.Səfərlinin vəkili Hikmət Əliyev məlumat verib.

Onun sözlərinə görə, məhkəmə V.Səfərli və iş üzrə digər ittiham olunan şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib: "Əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub. Digər təqsirləndirilən - Telman Tahirov, Şahin İbrahimov və Ədalət Vəliyevə müəyyən sınaq müddəti seçilməklə şərti cəza verilib.

Həmçinin hökmə əsasən, V.Səfərlinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi, Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi, Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi, Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi, İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub.

Bundan başqa, müsadirə edilənlər sırasında onun “Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi, oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi də var.

Eyni zamanda, məhkəmənin hökmünə əsasən, V.Səfərlinin "Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsaiti müsadirə edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb. Daha sonra V.Səfərli və ailə üzvləri kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib.

MMC "Jurnalistlər binası"nın tikintisində podratçı şirkət olub.

banner

Oxşar Xəbərlər