• cümə, 22 Noyabr, 17:02
  • Baku Bakı 16°C

"Ailə yeniyetmələrə xas romantik ağılla qurulmamalıdır" - PEŞƏKAR

10.04.24 02:36 5623
"Ailə yeniyetmələrə xas romantik ağılla qurulmamalıdır" - PEŞƏKAR

Təhlükədə olan Azərbaycan ailə modeli, ailələrdə uşaq sayının azalması, qohumluq əlaqələrinin soyuması, gənclərin ailə qurmaqdan çəkinməsi, insanların getdikcə təkliyi seçmələri cəmiyyətin narahat olduğu, mətbuatda daim müzakirə edilən məqamlardır. Biz də “mən hazırda bu məsələlərin yaratdığı fəsadlarla işləyirəm” deyən mütəxəssislə söhbətləşdik.
“Kaspi” qəzetinin müsahibi psixoloq Nizami Orucovdur. 

- Nizami bəy, əvvəllər ailələrin əksəriyyəti çoxuşaqlı idi. Yəni, hər bir uşağın əmisi, dayısı, bibisi, xalası olurdu. İndi əksər ailələrdə ya ümumiyyətlə, yoxdur, ya da azdır. Təkuşaqlı ailələrdə qohumluq bağlarının zəifləməsinin o uşaq üçün hansısa fəsadları ola bilərmi?

- Tək uşağın özünəməxsus problemləri olur. Çünki bütün diqqət, sevgi sənindir, hər şey sənə aiddir. Bu zaman eqoizm məsələsi baş qaldırır. Şəxsiyyət kimi formalaşmaqda rol oynayan amillərdən biri ətrafda insanların çoxluğu, ailədə yaxın münasibətlərin olmasıdır. Qohumluq əlaqələri güclü olduqda isə insan kiməsə arxalanır. Konsultasiyada da çox vaxt rastlaşmışam ki, insanlar valideynlərindən travma aldıqda, həyatda ayaq üstdə durma səbəblərindən biri kimi xala, bibilərinin varlığını göstərirlər. Lakin son vaxtlar bu dəyərləri getdikcə yeniləri əvəzləyir. Təəssüf ki, Avropa ölkələrinin əziyyət çəkdiyi yalnızlıq, təcridolunma bizə də sirayət edir. Məhz təklik səbəbindən inkişaf etmiş ölkələrdə intiharların sayı artır. Təəssüf ki, bizim də ailə modelimiz ona doğru gedir. 

Övladına anormal dərəcədə bağlı olan analar

- Paylaşımlarınızda Azərbaycanda ailələrin 90 faizinin valideyn müdaxilələrinə görə dağıldığını deyirsiniz. Maraqlıdır, ailələrin təkuşaqlı olmasının buna təsiri varmı? Deyə bilərikmi ki, tək övladı olan valideyn bütün həyatını ona bağlayır və nəzarəti daha güclü olur?

- Bəli, övladına anormal dərəcədə bağlı olan analar problemi var. Bu, tək oğul övladı ilə bağlı deyil. Qızının da həyatına müdaxilə edən kifayət qədər ana var. Təbii ki, hər bir valideynin övladı onun üçün əzizdir. Lakin bizdə bəzən bir qadının həyatının bütün mənası övladları olur. Öz həyatı doğru-düzgün deyil, uşağın atası ilə münasibətləri yaxşı olmur, məşğul olacaq işi yoxdur deyə, həyatdakı bütün məna və məntiq övlada bağlıdır. Bu o deməkdir ki, sən övladının həyatı ilə yaşayırsan. Onların ailə həyatının qurulmasında, kimlə yaxınlıq etməsində, ən xırda detallara qədər hər şeyə müdaxilə edirlər. Övlad ayrıca fərddir, ona müdaxilə olmaz. Lakin valideynlər bunu qəbullanmır. Bəli, Azərbaycanda bu gün ailələrin 90 faizi müdaxilələrə görə dağılır. Çünki valideyn üçün bu nəzarəti itirmək onlara həyatda hər şeylərini itirmək kimi gəlir. 

- Pasiyentlərinizlə söhbətinizdən müdaxilələrlə bağlı real həyat nümunələrini göstərə bilərsinizmi?

- Məsələn, ana olub ki, yeni evlilərin yataq otağına girir, gəlindən soruşur ki, oğlum hansı tərəfdə yatır? Gəlin deyir ki, pəncərə tərəfi sevir. Ana əsəbiləşir ki, sabahdan bu tərəfdə yatsın, oğluma soyuq olar. Yaxud, qız anası qızı hamilə olub, həyat yoldaşından xəbərsiz abort etdirib ki, sən hələ hamiləliyə hazır deyilsən. Bu nəzarətlər anormal hadisələrə yol açır. 

“Bunu Avropada psixoloqa danışsaq, gülər...”

- Belə çıxır ki, gəlin-qayınana problemlərinin kökündə nəzarət dayanır? Yaxud problem ancaq analardanmı qaynaqlanır?

- Ana ilə övlad arasında münasibətlərdən qaynaqlanır. Normalda mən ailə qurmuşamsa, deməli, bu ailənin nəzarəti həyat yoldaşımla məndədir. Öz anama, atama deyə bilməliyəm ki, şəxsi sərhədlər qorunmalıdır. Məsələn, beş konsultasiyanın dördündə eşitdiyimiz ciddi problemlərdən biri odur ki, ailə quran şəxslər, yaxud cütlüklərdən biri ana-atasına demədən rayona belə istirahətə gedə bilmirlər. Adam şirkət rəhbəridir, kişi kimi cəmiyyətdə müəyyən yükü var, amma valideynlərindən icazə almadan addım atmır. Bu problem dəhşətli dərəcədə çox yayılıb. Ana və övladın bu bağlılığı ailə həyatına ciddi şəkildə yansıyır. Bunu biz Avropada psixoloqa danışsaq, bizə gülərlər.

- Bu problem əvvəl də var idi, yoxsa son dövrlər daha qabarıqdır? Bəzən deyirlər çoxuşaqlı ailələrdə valideynin yükü daha çox olduğu üçün müdaxilə edə bilmirdi.

- Əvvəllər qız anası daha ağır tərəf olurdu. Qayınanalar indiyə nisbətən kənarda qala bilirdilər. Çünki onların qarşısını alırdılar. Bizim cəmiyyətdə hazırda qadının hegemonluğu daha çoxdur. Keçmişdəki ailə dəyərlərində bir qadının qarşısında dayanan olurdu. Ailədən kənarda dayı, qardaş, ağsaqqal izah edirdi ki, gənclərin həyatına müdaxilə etmək olmaz. Bunu real həyat hadisələrindən görürəm. Amma sənin beş uşağın varsa, təbii ki, beşinə də eyni cür təsir edə bilmirsən. Amma burada da həll yolu kimi çox vaxt övladlardan ən zəifi seçilir. Təbii ki, təkuşaqlı ailələrdə müdaxilənin miqyası daha çoxdur. 

- “Qohumlarımın dəstəyi ilə güclü olmuşam”, dediniz. “Qohum mikrobdur, uzaq durmaq lazımdır” kimi fikirlər də var. Mahnılarda, verilişlərdə də bu fikirlər təbliğ olunur. Həqiqətən, qohumdan uzaq durmaq lazımdır?

- Bu sualın birmənalı cavabı yoxdur. Mənim də toksik qohumlarla bağlı videolarım var. İzah etmişəm ki, sizin həyatınızı zəhərləyən, düşmənçilik edən qohumlardan, təbii olaraq, uzaq durmalısınız. Amma ümumi olaraq, qohumlardan uzaq durmağı təbliğ etmək düzgün deyil. 

“Ailə dəyərləri üçün qadın susmalıdır?”

- Ailə dəyərlərinin silinməsindən danışırsınız. Sizcə, nə üçün Azərbaycan ailə modeli təhlükədədir? 

- Ailə dəyərləri deyəndə, “qız qaşına evliliyə qədər toxunmamalıdır”, “namus itər” kimi avam, cəfəngiyyat dolu hər hansı məsələni nəzərdə tutmuram. Yaxud da “qadın susmalıdır, gülməməlidir, küçədə başı aşağı olmalıdır” kimi düşüncələrdən danışmıram. Ailə dəyəri ümumbəşəridir və hər ölkədə bu belədir. Bizdə müəyyən yerlərdə ABŞ, Avropanı fərqli təqdim edirlər, ABŞ-də Texası araşdırsalar, öz dəyərlərini qorumaq üçün apardıqları mübarizədən xəbərdar olarlar. Yaponiyadakı ana-ataya hörmətlə, Azərbaycandakı ana-ataya hörmət nə qədər fərqlənə bilər ki? Ailə dəyərləri min illər ərzində xalqların, millətlərin süzgəcindən keçərək bizə gəlib çıxan məlumatlardır. Yaxud, kimsə deyir “mən dörd qadınla yaşayacağam, bizə halal buyurulub”. Bu cəhətlər bizə xas deyil axı. Kim razılıq verər ki, öz bacısı, qızı üçüncü arvad olsun. Bizim özümüzə xas dəyərlərimiz var. O dəyərlərdə kişi ilə qadın həmişə bərabər olub. Kişi qoruyucu, qadın yaradıcı olub. Müasir həyat, iqtisadi vəziyyətin dəyişməsi bəzi dəyərləri redaktə edir. Amma müasirliyi də nəzərə alaraq, o dəyərləri qorumalıyıq. 

- Bu gün gənclər ailə qurmaqdan çəkinirlər. Buna səbəb nədir?

- Gənclər nəsil artırmaq, məsuliyyət, öhdəlik götürmək istəmirlər. İnsan həyata zövq mənbəyi kimi baxmağa çalışır. Orada nə ər, nə qadın, nə uşaqlar, nə ailə rol oynayır. Bundan əlavə, ikinci əsas məsələ gənclərin gözünün evlilikdən qorxmasıdır.  Ya öz ana-atalarının münasibətlərinə baxıb evlilikdən iyrəniblər, ya real həyatda ətrafında baş verən hadisələrdən qorxublar. Xəyanət, aldadılma, uğursuz seçim, yaxud “evlənsəm bədbəxt olaram” qorxusu onları bu qərardan uzaqlaşdırır. 

“Evliliyə olan yanaşma ilə mübarizə aparmalıyıq”

- Bu gün Azərbaycanda boşanmaların sayı rekord həddə çatır. Sizcə, səbəb nədir? Yanlış evliliklər, yoxsa bir-birini yola verə bilməmək?

- Ailə dəyərlərini dəstəkləyirəm, amma tək çıxış yolunun boşanmaq olduğu məqamlar da çoxdur. Mən həmişə gənclərə deyirəm ki, siz sevib, sevilib, sevişməlisiniz. Yəni, ailə qurub həyatı yaşamalısınız. Oturub bir-birinizin həyatını məhv etməklə, aşağılamaqla, zədələməklə ailəni apara bilməzsiniz. Bu ailə deyil. İnsanların onsuz da həyat yükü çoxdur, ailə qurduğu şəxslə də (qadın ya kişi - fərq etməz) bir-birinə dəstək olmalıdırlar. Boşanmalarda məcburi hallar var, amma son vaxtlar bu hallara “yola getmirik” əlavə edildi. Bu sözlə manipulyasiya üçün çox böyük sahə açılır. Yaxud, xarakterimiz uyğun gəlmədi, ayrıldıq. Sən uyğunlaşmaq üçün nə etdin? Bəzi ölkələrdə siz gedib hakimə boşanıram deyib, boşana bilməzsiniz, dövlətə sübut etməlisiniz ki, bu ailə dağılmalıdır. İnsanlar bu gün rahata qaçırlar, başa düşmürlər ki, münasibət qarşılıqlı olur. Bəzən qadın da addım atmalıdır, nələrisə dəyişməyə çalışmalıdır. Bizdə əksər ailələrdə hər addım kişidən gözlənilir. Heç kim öz payına düşəni etmir. Ailəni xilas etmək üçün əksər hallarda iki tərəf mübarizə aparmır, çünki boşanmaq rahat çıxış yoludur. Bu gün kişilər də əlavə əziyyət çəkmək, öz üzərində işləmək, inkişaf etmək, ailəsinin komfortunu artırmaq, maddi müstəqilliyini inkişaf etdriməkdən çəkinirlər. Beş gün işləyib, həftəsonu dominoya qaçmaqla, ailəni xilas etmək olmaz. 

- Ailə qurarkən iki gənc nələri gözardı edirlər?

- İlk növbədə həyati önəm daşıyan məsələlərdə baxışlarının üst-üstə düşməsinə diqqət etməlidirlər. Biz boşanma ilə deyil, evliliyə olan yanaşma ilə mübarizə aparmalıyıq. Qalib gəlsək, boşanmaların sayı azalacaq. İki gənc evlənir, sual verirəm ki, gələcəklə bağlı planınız nədir? Oğlan deyir Fransaya köçəcəyəm, xanım deyir mən Bakıda yaşamaq istəyirəm. Deyirəm, bunu öz aranızda danışmışınız? Deyirlər, yox.  Evliliyin əsasını təşkil edən məsələlər müzakirə edilməlidir. Ailə yalnız sevgi və ehtirasın üzərində qurulmamalıdır. Çünki onlar daimi deyil, həyat belədir. Cütlüklər iki yad insan kimi evlənirlər. Gənclər evlilikdən əvvəl bir-birini tanımaları üçün suallar verməli, daha sonra cavablara əsasən, onunla yaşayıb-yaşamamağı düşünməlidir. Ailə yeniyetmələrə xas romantik ağılla qurulmamalıdır.

“Bu, cəfəngiyyat və avamlıqdır”

- Əksər ailələrin ən böyük məsləhəti “evlən, düzələcək”dir. Evlənəndə düzəlir? 

- Milli bədbəxt xüsusiyyətlərimizin başında “evlən, düzələcək” cümləsi gəlir. Elə bil ki, evlilik bir terapiyadır və ora düşən sağalır. Bu, ümumiyyətlə bir çox insanların digər insanı bədbəxt etməsi üçün bir alətdir. Oğlanın narkoloji asılılığı var, “evlən, düzələcək”, deyirlər. Sanki problemlər insanın həyatında kişinin yaxud qadının olmamasından qaynaqlanır. Bu, ümumiyyətlə, yaxın buraxılmamalı olan, ciddi mübarizə aparılmalı məsələdir. Bu, cəfəngiyyat və avamlıqdır. Evlilik artıq düzəlmiş insanların girməli olduğu münasibətdir.

- Uşaqların tərbiyəsindən danışaq. Uşağın sağlam böyüməsi üçün tərbiyə metodu necə seçilməlidir?

- Bununla bağlı maraqlı təcrübə aparılıb. Professor tələbələrinə deyir ki, hamı əlində üç tutsun, amma özü dörd göstərir. Zal professorun əlinə baxıb dörd göstərir. Çünki professor üçü sözdə deyir, dördü isə göstərir. 90-cı illərin uşaqlarının əksəriyyəti illərlə atanın Rusiyada pul qazanmasını, analarının döyülməyini, söyülməyini, öz həyatının olmamasını, özünü övlada həsr etməsini, anormal bir kişi üçün özünü qurban verməsini gördülər. Hər kəs gördüyünü götürür. İnsanların böyük hissəsi elə bilirlər ki, bir variant var. Anam söyülüb-döyülüb, deməli norma qadının söyülməsidir. Atam ömür boyu əziyyət çəkib, üzü gülməyib, deməli mən kişinin üzü gülməməlidir. Millət olaraq alternativ fikir tərzini yaxın buraxmırıq. Gördüyümüzü götürmüşük və tətbiq edirik. Bu stereotipləri qırmalıyıq. O qədər pasiyentlərim var ki, deyir necə olur ki, uşaq vaxtı döyülmüşəm, bunu sizə şikayət edirəm, amma özüm də övladımı döyürəm. Uşağını tərbiyə etmək istəyən, birinci özünü tərbiyə etməlidir. Övlad da ləyaqətli ata-ana görməlidir. Söyüş eşitsə, söyüş götürəcək. Bizdə bəzən deyirlər ki, biz uşağın yanında əl-ələ tutmuruq ki, uşağın tərbiyəsi pozular. Bu, uşağın tərbiyəsini pozmaz, əskinə. sevgi dolu böyüdər. Uşağın tərbiyəsini travmalı ailə pozur.

“Böhran içində itib batırlar, amma...”

- Azərbaycanda ailə psixoloqlarından danışaq. Bizdə varmı və nə dərəcədə aktualdır?

- Azərbaycanda ailə psixoloqu anlayışı demək olar ki, yoxdur. Hazırda psixoloqlar paralel olaraq ailə psixoloqu rolunu oynamağa çalışırlar. Bu sektor çox əziyyətlə inkişaf etməyə çalışır.  Cütlüklər də müraciət etdikdə, əziyyət çəkirlər. Xüsusilə, kişi problemini danışmağa çəkinir. Çünki bizdə stereotiplər var ki, kişi öz evinin, ailəsinin sirrini verməməlidir. Böhran içində itib batırlar, ailə dağılır, toksik münasibətlər yüksək olur, amma kişinin oğlu düşünür ki, ailəmin problemindən psixoloqa danışmamalıyam. Lakin son vaxtlar insanlar ailə psixoloqları haqqında məlumatlar toplayır, tətbiq etməyə çalışırlar.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər