çərşənbə, 17 Avqust, 16:52

Baku Bakı 35°C

4-cü dozaya başlayaq? - MÜTƏXƏSSİS RƏYİ

icon 768 icon 09 iyul 2022 | 01:30 4-cü dozaya başlayaq? - MÜTƏXƏSSİS RƏYİ

“Bu immunitet nə vaxta qədər ki, Azərbaycan əhalisini qoruyacaq, o vaxta qədər vaksinasiyanın sürətləndirilməsinə və ya vaxtının uzadılmasına ehtiyac yoxdur. Amma qarşıdakı payız mövsümündə yoluxmalarda artım olarsa, proses idarəolunmaz hal alarsa, onda vəziyyət dəyişəcək. Bu zaman təbii ki...” 

Narahatlığımız səngimir ki. Hər gün gözümüz koronavirusa yoluxma sayı ilə bağlı açıqlanan statistik rəqəmlərdədir. Artımların olması, dünyanın bəzi ölkələrində məhdudiyyətlərin tətbiq edilməsi yenə də virus xofunu yaradır. Demək olar ki, hər birimizin ailəsindən, dostundan, qohumundan canlar alan Covid19-un yenidən aktivləşməsi bizi təşvişə salır. Düzdür, hələ ağırlaşmalar müşahidə olunmasa da, rəqəmlərin artan templə davam etməsi yenidən vaksinasiya məsələsini gündəmə gətirir.

Məlumat üçün bildirək ki, ölkəmizdə bu günə qədər yeni növ koronavirusa qarşı vətəndaşlara 13 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5, ikinci mərhələ üzrə 4, üç və daha çox doza vaksinlərin sayı 3 milyondan çoxdur.  Pozitiv nəticədən sonra vurulan “buster” doza vaksinlərinin sayı isə 250 mindən artıqdır. Bəs indiki halda, Azərbaycanda koronavirus əleyhinə vaksinasiyanın dördüncü mərhələsinə ehtiyac varmı? 

“Ciddi artım gözləmirik”

İnfeksionist Mərdan Əliyev deyir ki, yoluxma sayında dalğalanmalar və artım müşahidə edilsə də, əvvəlki kimi ciddi deyil: “Dalğalanmaların olması normaldır. Bunu gözləyirdik. Amma rəqəmlər artan templə davam etsə də, ümumilikdə, aşağıdır. Payıza qədər bu rəqəmlərlə gedəcəyimizi düşünür və ciddi artım gözləmirik”. İnfeksionist vurğulayır ki, payızda vəziyyət dəyişəcək və artımlar bundan dəfələrlə çox olacaq: “Payız fəsli kəskin respirator xəstəliklərin, yəni tənəffüs yolları ilə yoluxan xəstəliklərin  artmasına səbəb olur. Bu da günəş aktivliyinin azalması, insanların evə çəkilməsi, qapıların, pəncərələrin bağlanması və buna bağlı olaraq havalandırmanın zəifləməsi nəticəsində artır. Burada həm də immun sisteminin zəifləməsinin də müəyyən təsiri var. Artımın hansı səviyyədə olmasını və müəyyən tədbirlərə ehtiyac olacağını zaman göstərəcək”. 

“Bu şəxslər hələ də sığortalanmayıblar”

Vaksinasiya məsələsinə gəldikdə, infeksionist deyir ki, risk qrupuna daxil olan şəxslər bu xəstəlikdən hələ də sığortalanmayıblar. Ona görə də, mütləq peyvənd olunmalıdırlar: “Risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi könüllü şəkildə ola bilər. Məsləhətdir ki,  risk qrupuna daxil olan şəxslər, yaşı 65-dən yuxarı olanlar, immun sistemi zəif olanlar mütləq peyvənd olunsunlar. Çünki o insanlar üçün xəstəlik həmişə təhlükə yaradır. Digər insanlarda isə artıq kollektiv immunitet formalaşıb. 3 doza peyvənd olunubsa, 4-cüyə hələ ehtiyac yoxdur. Amma risk qrupuna daxil olan şəxslərin peyvənd olunması vacibdir”.

“İdarəolunmaz xarakter daşımır”

Həkim-infeksionist Nicat Əzimli hazırda Azərbaycanda vəziyyətin qənaətbəxş olduğunu vurğulayır: “Yoluxmaların sayının az olması və ağırlaşmaların müşahidə olunmaması bunu deməyə əsas verir. Son həftələrdə vaxtaşırı artım müşahidə olunsa da, bu, idarəolunmaz xarakter daşımır. Epidemioloji vəziyyət hələ ki, normaldır. Bu da keçmişdə Azərbaycanda insanlar arasında yoluxmaların baş verməsi nəticəsində kollektiv immunitetin yaranması və paralel olaraq da, effektiv vaksinasiyanın aparılmasının nəticəsidir. Hazırda insanların orqanizmində bu virusa qarşı immunitet var”.

“Vəziyyət dəyişəcək”

Həkim vurğulayır ki, bu immunitet nə vaxta qədər ki, Azərbaycan əhalisini qoruyacaq, o vaxta qədər vaksinasiyanın sürətləndirilməsinə və ya vaxtının uzadılmasına ehtiyac yoxdur: “Amma qarşıdakı payız mövsümündə yoluxmalarda artım olarsa, proses idarəolunmaz hal alarsa, onda vəziyyət dəyişəcək. Bu zaman təbii ki, rəsmi qurumların verəcəyi qərarlar əsasında vaksinasiyanın növbəti dozaları ilə bağlı tələb qoyula bilər. Amma hazırkı durum onu deməyə əsas verir ki, Azərbaycanda vəziyyət qənaətbəxşdir. Bu günə qədər aparılan vaksinasiya indiki durum üçün kifayətdir. Azərbaycanda epidemioloji vəziyyətdən asılı olaraq, peyvəndin 4-cü dozası tələb oluna bilər”.

“Konkret təklif yoxdur”

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı da 50 yaş üzəri, riskli qrupa daxil olan və peyvənd vurdurmayan şəxslərin mütləq şəkildə koronavirus əleyhinə vaksinasiya prosesinə qoşulmasını tövsiyə edib: “Bu gün əhaliyə hələ ki, buster doza vurdurmasını tövsiyə edirik. Növbəti dozanın qəbulu ilə bağlı qərarı zaman göstərəcək. Bilirik ki, qrip əleyhinə peyvənd hər il vurulur. COVID-19-a qarşı vaksinin davamlı müddətlik ehtiyacını tam bilmirik. Ehtimal var ki, gələcəkdə koronavirusa qarşı peyvənd hər il vurulsun. Ancaq bu, hələ müzakirə mövzusudur. Yəni konkret təklif yoxdur”.

Aygün ƏZİZ