Zər qədrini zərgər bilər...

Zər qədrini zərgər bilər...

11 Noyabr 2019, 15:00 531
 Bədii metal ustası Şahin Əlipənahovun yaradıcılıq axtarışları haqqında

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan milli dekorativ-tətbiqi sənət nümunələrimizin lap qədimlərdən dünyada Azərbaycanın "tanınma nişanı”na çevrilməsi danılmazdır. Bu gün onların ən qədimlərinin müxtəlif ölkələrdəki muzey və nüfuzlu şəxsi kolleksiyalarda  qorunması da həmin bəzək əşyalarının məkansızlıq və zamansızlıq qazanmalarının nəticəsidir. Hər birimizə qürurvericilik bəxş edən belə zərgərlik nümunələrinin tanınmış yaradıcılarından biri müasirimiz Şahin Əlipənahovdur.
 
Etiraf edək ki, təsviri sənətin müxtəlif sahələrində bədii tutum müxtəlifliyini əldə etmək mövzu və ifadə bolluğu qarşılığında nə qədər asandırsa, əksinə, dekorativ-tətbiqi sənətin əksər növlərində, xüsusilə də zərgərlikdə bunu etmək duyulası dərəcədə çətindir. Elə muğam, xalçaçılıq və miniatürdə olduğu kimi...
Çox vaxt gözlənilən həmin çətinlik, zərgər olmaq niyyətinə düşənlərin qarşısında başlıca səddə çevrilir. Qənaətimizcə, bu elə bütün dövrlərdə belə olub. Başqa sözlə desək, zərgərlik sənətimiz məhz çoxlarına aşılmaz görünən "səddi” arxada qoyanların hesabına inkişaf edib və yenilənib. Bu mənada texniki tərəqqinin böyük vüsət aldığı indiki dövrdə, bu sahənin bəlkə də ətrafda baş verən "texniki bum”dan geri qaldığını ehtimal edənləri də qınamaq çətindir. Bəs onda bu nisbi "ləng”liyin qarşılığında zərgərliyin özünün tarixiləşmiş öncüllüyünü qoruyub saxlamasının kökündə nə dayanır? Şahin Əlipənahovun gözünün nuru, ürəyinin hərarəti və əllərinin sehri ilə ərsəyə gətirdiyi bəzək əşyalarının timsalında bu önəmli suala cavab tapmaq mümkündür...
 
Öncədən deyək ki, tarixən baş, qol-bilək, barmaq, sinə və belin bəzədilməsi kimi funksiyanı daşıyan zərgərlik nümunələri əsasən əritmə, döymə, burma, oyma, cızma, yonma, lehimləmə kimi texniki üsullarla hazırlansa da, zamanın axarında hər yeni dövrün sənətkarları məlum texniki imkanlara az da olsa, özünəməxsus icra yollarını da əlavə etmişlər. Bunun onlara həm də əşyaya fərqli forma-biçim və naxış örtüyü yaratmaq imkanı verdiyini nəzərə alsaq, onda zərgərliyin ənənə və müasirlik probleminin həlli kontekstində inkişafının kökündə ayrı-ayrı sənətkarın bədii təxəyyülünün nəhayətsizliyinin durduğunu dilə gətirməliyik. Başqa sözlə desək, hər bir zərgərlik nümunəsinin müasirliyini qoruyub saxlaması ilk növbədə onun yaradıcısının qədim ənənəyə nə dərəcədə yeni estetik  məziyyət əlavə etməsindən asılıdır. Qənaətimizcə, Şahin Əlipənhovun bəzək əşyalarında ənənəyə fərdi və fərqli yaradıcı münasibət təxəyyül genişliyi və yüksək icra sənətkarlığının qovşağında ifadə olunduğundan, ərsəyə gətirilən nümunələr özünəməxsus və gözoxşayandır...
 
Onun  yaradıcılığında müxtəlif texnikaların tətbiqinə rast gəlinsə də, öz sənətkar "mən”ini daha çox "şəbəkə” texnikasında təsdiqlədiyini söyləyə bilərik. Bu texnikanın ən əlçatmaz hesab olunan incəliyi və zərifliyi gerçəkləşdirə bilmə imkanlarını özünün yaradıcı niyyətlərinə müvafiq hesab edən sənətkar, ona digər "köməkçi” bədii-texniki vasitələrlə özünəməxsusluq, bir çox hallarda isə orijinallıq bəxş etməyə nail olmuşdur. Bu mənada onun təxəyyül bolluğunu özündə hifz edən sırğalarının adını xüsusi vurğulamaq istərdik.
 
Onun  "Damcı” əsərində gümüşdən yaradılmış cazibədar bədii obrazı görmək mümkündür. Bədii həllində "buta”nın geniş yer aldığı sırğanın başlığını  gül olmağa "tələsən” qönçə formasında həll edən müəllif, davamında ona meyvələrin üzərini örtən dekorativ yarpaqlarla "dəstək” verərək onu tamamlamış, ən nəhayət, bu nemətlərdən süzülən  yaz yağışı damcıları ilə incəliyi qabarıq duyulan dekorativ-sənət nümunəsinə orijinal tutum verməyə nail olmuşdur. Qiymətli metala əlavə olunmuş mirvarinin əşyanın estetikasına əlavə gözəllik bəxş etməsi də adi gözlə belə görünəndir...
 
"Buta” elementinin sənətkarın digər əsərlərində də bədii vasitə kimi istifadəsinin uğurlu nəticələrini görmək mümkündür. Onlardan birində "küsüşən” butaları bir araya gətirən Şahin Əlipənahov onların arxa-arxaya durmasının, yəni, incik durumunun nəticəsini onları yenidən birləşdirə biləcək ümidverici element – "göz yaşı” ilə ifadə etməklə, şəbəkə "seli”ni cəlbedici-obrazlı tutumda bədiiləşdirmişdir. Bu bəzək əşyasında da mirvaridən istifadənin onun ümumi görkəmini bənzərsizliyə bələməsi duyulandır...
 
"Butalı” sırğasında isə adını xüsusi vurğuladığımız elementin iri və kiçik üst-üstə qoyulması ilə kifayət əldə olunan estetik qaynaqda yüksək icra sənətkarlığının sayəsində əldə olunan gözəllik qaynaqları da kifayət qədər duyulandır. Şəbəkə səthi boyunca məntiqlə səpələnən qiyməli daşların dominantlığının bəzək əşyasının ümumi görkəminə əlavə müsbət çalarlar əlavə etməsi heç şübhəsiz, onun yaradıcısının davamlı axtarışlarının nəticəsidir.
 
Müəllifin butalardan geniş istifadə etməklə yaratdığı digər bir sırğasında da "küsüşən” bu elelementlərin aldıqları "poza”ların dəyişməsi ilə əldə olunan psixoloji gərginliyin əmələ gətirdiyi "göz yaşları”nın sərgilədiyi ritmdə ifadə olunan axıcılığın qiymətli mavi daşlarla sintezi də duyulası dərəcədə cəlbedicidir...
Digər bir sırğada - gümüş ayparanın ümumi tutumuna daxil edilmiş "buta”ların və daş-qaşların vəhdətindən yaranan gözəllikdə də müəllif axtarışlarının orijinal və məntiqli   nəticələrini görmək mümkündür.
 
Onun bəzək əşyalarında nəbati və həndəsi elementlərin şaşırdıcı stilizələrinə də rast gəlmək mümkündür. Bütün bunlar ilk növbədə onun peşənin bədii-texniki imkanlarına bələdçiliyinin nəticəsidir, desək, yanılmarıq. Bu orijinal forma-biçimə malik gümüş elementlərin bədii tutumuna müxtəlif  rəngli daş-qaşların əlavə olunması ilə əldə olunan yüksək bədiiliyi, həm də milli zərgərlik sənətimizin yeni estetika ilə zənginləşdirilməsi kimi də qəbul etmək olar. "Yarpaqlı” sırğası dediklərimizin əyani təzahürüdür. Burada bəzəyin başlığını gül qönçəsi formasında həll edən müəllif, onun aşağı-əsas hissəsini meyvəli - iri və kiçik yarpaqların qovşağı şəklində təqdim etməklə, şəbəkə texnikasının məsaməli görkəmini qabartmaqla, əşyanın cəlbediciliyini əldə etmişdir.
 
Zərgərin hazırladığı "Salxım” sırğasında minanın yaşıl çalarından uğurla istifadənin yaratdığı anım bir daha onun peşəsinin texniki imkanlarından bacarıqla istifadə istedadını nümayiş etdirir. Burada yaşıl "yarpaq”larla gümüş "meyvə”lərin vəhdətində ifadə olunan gözəllik yaddaqalandır...
Şahin Əlipənahovun yaradıcı imkanlarının genişliyini onun hazırladıqları digər zərgərlik dəstləri, sinə bəzəkləri, qolbaqlar və s. təsdiqləyir. Bu mənada onun "Saçaqlı” dəstinin adını üsusi qeyd etmək istərdik. Sırğadan və sinə bəzəyindən  ibarət olan bu dəstdə sənətkar çəhrayı daşlarla gümüş saçaqları qovuşmasına məntiqlə "damcı”ları əlavə etməklə, çox nikbin koloritli sənət nümunəsi yaratmağa nail olmuşdur...
 
Əlavə edək ki, onun həmin əşyaların yaradılmasında ənənəvi texnikalarla yanaşı, müasir  vasitələrdən, o cümlədən, lazer toxunuşundan istifadə etməsi, ona bədii həlli şaşırdıcı təəssürat oyadan nümunələr yaratmağa imkan vermişdir. Zərgərin qara mina yerlikli sırğasında əldə etdiyi təzad-ecazkar incəlik məhz daha müasir texnikanın tətbiqi sayəsində ərsəyə gəlmişdir.
 
Azərbaycan Dövlət və Mədəniyyət Universitetindəki təhsil illərində tanınmış sənətkarlardan peşənin sirlərini öyrənən  Şahin Əlipənahov 2002-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Dekorativ-tətbiqi sənət” fakültəsində adi metalı bədiiləşdirməyin yollarını gələcək zərgərlərə aşılamaqdadır.  Onun Azərbaycan Rəssamlar İttifaqının üzvü kimi yerli və xarici sərgilərdə iştirakı da həmişə maraqla qarşılanmaqdadır. 43 yaşlı zərgərin ənənə və müasirliyin vəhdətindən "boylanan” yaratdıqlarında yaşadığı dövrünün estetikası ilə yanaşı, zamansızlığa qovuşmanın əlamətləri görünməkdədir. Bu isə bir sənətkar kimi onun axtarışlarının arzulanan məcrada davam etdirildiyindən xəbər verir...
 
Ziyadxan Əliyev