AZE | RUS | ENG |

Yoxlamaların dayandırılması şikayətləri azaldıb

Yoxlamaların dayandırılması şikayətləri azaldıb
Bu ilin may ayında vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,1% azdır

2016-cı ilin may ayında vergi orqanlarına 8664 müraciət daxil olub. Bu barədə fins.az-a Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib. Müraciətlərin 95,9%-i ərizə, 4,0%-i şikayət, 0,1%-i təklifdir.

Müraciətlərin 42,9%-i müxtəlif arayışların alınması, 32,4%-i kameral vergi yoxlamaları, 6,8%-i vergi borcları, 1,5%-i səyyar vergi yoxlamaları, 2%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,1%-i operativ vergi nəzarəti tədbirləri, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4%-i qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1%-i korrupsiya hüquqpozmaları, 12,5%-i digər məsələlərlə bağlıdır.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin may ayı ilə müqayisədə 16,1% azalıb.

Göründüyü kimi, vergilərlə bağlı şikayətlər əhəmiyyətli dərəcədə azalıb. Bəs bu azalmaya səbəb nədir? Şikayətlərin daha da azalması istiqamətində hansı işlərin görülməsinə ehtiyac var?

İqtisadçı ekspert Pərviz Heydərov qəzetimizə açıqlamasında bildirdi ki, ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi istiqamətində keçən ildən başlanılan tədbirlər planı davam etdirilir. Buraya yoxlamaların dayandırılması, bir sıra vergi və rüsumların ödənilməsi prosedurları, habelə müxtəlif icazə xarakterli sistemlərin sadələşdirilməsi, stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi və sair daxildir: "Məlumdur ki, keçən ilin oktyabrında dövlət başçımızın təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna görə, yoxlamalar 2015-ci ilin noyabrın 1-dən 2 il müddətinə dayandırılıb. Bu müddət ərzində yalnız vergi yoxlamaları, insanların həyatı və sağlamlığına, dövlətin təhlükəsizliyi və iqtisadi maraqlarına hədə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparılacaq ki, 2016-cı ilin may ayında vergi orqanlarına daxil olmuş şikayətlərin sayının ötən ilin may ayı ilə müqayisədə 16,1 % azalması həm də bütün bunlarla əlaqədardır. Çünki biz ilk gündən qeyd etmişdik ki, Prezident İlham Əliyevin Milli Məclis qarşısında sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqda qanunvericilik təşəbbüsü ilə çıxış etməsi və 2015-ci il noyabrın 1-dən prosesin 2 il müddətinə saxlanılması ölkədə sahibkarlıq fəaliyyətinə əlavə nəfəs verməklə yanaşı, sözügedən sahədə dövlət tərəfindən yeni bir stimul təsiri bağışlayacaq”.

P.Heydərov vergi orqanlarına şikayətlərin getdikcə daha çox azalacağını hesab edir: "Təsadüfi deyil ki, may ayında edilən müraciətlərin 32,4 %-i kameral vergi yoxlamalarıyla əlaqədar olsa da, cəmi 6,8 %-i vergi borcları, 1,5 %-i səyyar vergi yoxlamaları, 2%-i vergidən yayınma və dividendlərin verilməsi, 1,1 %-i operativ vergi nəzarəti tədbirləri, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4 %-i qanunsuz sahibkarlıq fəaliyyəti və sairlə əlaqədar olub. Bu rəqəmlər növbəti aylarda bir az da aşağı olmalıdır”.

İqtisadçı ekspert Qalib Toğrul da hesab edir ki, vergi orqanlarından şikayətlərin azalması ilk növbədə yoxlamaların azalması ilə bağlıdır: "Prezidentin fərmanı ilə ötən ilin 1 noyabrından müəyyən istisnalar olmaqla sahibkarlıq sahəsində yoxlamalar 2 il müddətinə dayandırılıb. Yoxlamaların dayandırılması haqqında fərmanın vergi yoxlamalarına aiddiyyəti olmasa da, bu fərmandan dərhal sonra vergilər naziri Fazil Məmmədov da operativ vergi nəzarəti tədbirləri istisna olmaqla kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının dayandırılması haqda göstəriş vermişdi ki, bu da hardasa 70 minə yaxın vergi ödəyicisini əhatə edir. Vergi orqanlarından şikayətlərin azalmasının əsas səbəbi məhz bu qərardır”.

İqtisadçının sözlərinə görə, şikayət sayının azalmasına digər səbəb kimi özəl sektora münasibətdə vergi orqanlarının davranışını da göstərmək olar: "Ümumiyyətlə, bütün yoxlayıcı dövlət orqanlarından şikayətlərin azalması üçün ilk növbədə onlar öz fəaliyyətlərini 2014-cü ilin əvvəlindən qüvvədə olan "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qurmalıdırlar. Bu qanun Vergilər Nazirliyinin yoxlamalarına şamil olunmasa da, nazirlik məhz qanunun tələblərindən irəli gələn, risk qruplarının müəyyənləşdirilməsi və yoxlamaların risk qiymətləndirmə sisteminə uyğun aparılması ilə bağlı mühüm addımlar atır. Risk qiymətləndirmə sisteminə uyğun yoxlamaların təşkili və aparılması, eyni zamanda yoxlamaların mərkəzləşdirilməsi sahibkarlıq subyektlətinə əsassiz müdaxilələrin qarşısının alınmasına və təbii olaraq şikayətlərin azalmasına səbəb olur”.
 
Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9274
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2120
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.6906
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3112