• çərşənbə axşamı, 19 mart, 07:00
  • Baku Bakı 8°C

Yolun olsun ki, iqtisadiyyatın da inkişaf etsin

06.11.19 17:16 2609
Yolun olsun ki, iqtisadiyyatın da inkişaf etsin
Ekspert deyir ki, keyfiyyətli yollar ölkə iqtisadiyyatının əsas qan-damar sistemini təşkil edir

Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətqabiliyyətlilik indeksi”nin "Yol infrastrukturunun keyfiyyəti” göstəricisində 141 ölkə arasında 27-ci yeri tutub. Azərbaycan bu göstəricidə Türkiyə (31-ci yer), Böyük Britaniya (36-cı yer), Litva (39-cu yer), İtaliya (53-cü yer) kimi ölkələri qabaqlayıb. Bu reytinqdə birinci yerdə Sinqapur qərarlaşıb.
Qeyd edək ki, yol infrastrukturu ilə bağlı məsələ prezidentin də diqqət mərkəzindədir. Cənab Prezident yolların təmiri, yenilənməsi ilə bağlı xüsusi addımların atılması üçün tapşırıqlar verib. Belə ki, bir müddət əvvəl Prezident İlham Əliyev paytaxtın Yasamal rayonunda, Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospektindən Landau küçəsinədək olan hissəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub. Prezident bildirib ki, Bakı şəhərinin bütün küçələri ən yüksək standartlara cavab verməlidir: "Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır. Ona görə, harada ki problemli yerlər var, onların da siyahısını tutun və biz həm bu il, həm də gələn il onları da təmir edəcəyik. Mən sizə göstəriş vermişdim ki, qəsəbədaxili yollar, Bakıətrafı qəsəbələrin yolları da abadlaşdırılmalıdır. Siz ilkin təklifləri göndəribsiniz, baxılacaq və müvafiq göstərişlər veriləcək, sərmayə ayrılacaq ki, biz Bakı qəsəbələrində bütün daxili yolları abadlaşdıraq. Torpaq yollar asfaltlanmalıdır. Bakı şəhərində, o cümlədən onun qəsəbələrində torpaq yol olmamalıdır”.
Ölkə başçısı həmçinin Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılması ilə bağlı da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova tapşırıq verib: "Baxmayaraq ki, indi qatar da işləyir və vətəndaşların bir hissəsi qatardan istifadə edir, yenə də tıxaclar var. Ona görə, baxın, bu yolu genişləndirmək üçün texniki imkan olmalıdır, layihə hazırlayın”.
Qeyd edək ki, bu gün Azərbaycanda yol infrastrukturunun yenidən qurulma prosesi daha da sürətləndirilir. Ucqar dağ kəndlərinə belə, asfalt yollar çəkilir. Qlobal rəqabətlilik əmsalı üzrə hesabatda Azərbaycanın yol infrastrukturuna görə 27-ci yerdə qərarlaşması bizim üçün mühüm göstəricidir. Ümumiyyətlə yol infrastrukturunun yüksək olması iqtisadi inkişafda nə dərəcədə önəm daşıyır?
İqtisadçı Pərviz Heydərov sözlərinə görə, hər bir ölkənin iqtisadiyyatının inkişafında ən mühüm məsələlərdə biri yol infrastrukturudur: "Bu sahəni inkişaf etdirmədən, müvafiq şərait yaratmadan heç bir ölkə, iqtisadiyyatın inkişafı barədə danışa bilməz. Yəni iqtisadiyyatın inkişafı öncə, yoldan başlayır. Elektrik enerjisi, su, qaz təchizatı və s. məsələlərdən öncə, ölkə iqtisadiyyatı üçün ən mühümü yol infrastrukturunun qurulmasıdır. Buna görə də, Azərbaycan dövləti neftdən əldə etdiyi gəlirlərin böyük hissəsini indiyədək məhz bu sahəyə yatırıb. Bu da əbəs yerə deyil. Çünki dövlətin tutduğu xətt ölkə iqtisadiyyatını inkişaf etdirmək, əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, işsizliyi aradan qaldırmaq, müvafiq iqtisadi artıma nail olmaqdır. Ona görə də, hökumət birinci növbədə əsas gücü infrastrukturun yaxşılaşdırılmasına yönəltməkdə gördü və bu infrastrukturun da əsasını zavodların, fabriklərin yaradılmasından öncə, yolların genişləndirilməsi, köhnələrin yenilənməsi, yeni yolların salınması təşkil etdi. Nəticə də son 15 il ərzində ölkəmizdə 15 min km yol çəkilib”.
Ekspert bildirir ki, ölkəmiz yollarına keyfiyyətinə görə, MDB məkanında birinci pillədədir: "Qeyd edilən rəqəm çox ciddi göstəricidir. Bu o deməkdir ki, bir ildə 1000 km-ə yaxın yol salınıb. Dövlət başçımızın bu yaxınlarda Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edərkən verilən hesabata əsasən məlum oldu ki, bu il 1000 km-dən də artıq yol çəkilib. Bu, Azərbaycan kimi ölkə üçün alternativi olmayan bir göstəricidir. Hər il investisiya proqramında yolların tikintisi üçün böyük məbləğdə pulların ayrılması və bu vəsaitlərin hesabına müvafiq işlərin icrası nəticəsində, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında yolların keyfiyyətinə görə 34-cü yerdən 27-yə qalxdıq və keçən ildən etibarən MDB məkanında birinci pillədəyik. Çünki bu regionda yol infrastrukturunun inkişafı üçün Azərbaycan qədər pul xərcləyən ikinci bir ölkə yoxdur. Dövlət başçısı işin bundan sonra da davam etdirilməli olduğunu bildirib”.

"Xarici ölkələrə aparan magistral yolların tikintisi başa çatıb” deyən P. Heydərov vurğuladı ki, indi əsas məsələ kəndlərarası, qəsəbələrdə olan yolların asfaltlanmasıdır: "Baxmayaraq ki, Türkiyə bizdən öncə müstəqil olub, iqtisadi baxımdan da kifayət qədər inkişaf edib, amma orada belə bu cür şərait yoxdur. Bu, müstəqilliyinin heç 30 yaşını qeyd etməyən bir ölkə üçün böyük işdir. Dövlət başçısı özü şəxsən bu məsələ ilə maraqlanır. Yəqin ki, uzağı 10 ilə Azərbaycanın ən ucqar kəndində də yolların asfaltlanmış şəkildə olacağına şahidlik edəcəyik. Məqsəd isə iqtisadiyyatın inkişafına töhfə vermək, inkişafı stimullaşdırmaqdır. Çünki avtomobil yolları ölkə iqtisadiyyatının əsas qan damar sistemini təşkil edir”.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli qeyd etdi ki, yolların keyfiyyəti turizm və kənd təsərrüfatı sahəsinin də inkişafına müsbət təsir edir: "Qeyd edilən hesabatda 27-ci yerdə olmağımız çox yaxşı göstəricidir. Yolların hansı vəziyyətdə olması, birbaşa olmasa da, dolayısı ilə iqtisadiyyata və ya sənayeyə təsir göstərir. Yəni yollar nə qədər pis olarsa, bu, iqtisadiyyata bir o qədər mənfi təsir edər. Amma son illər avtomobil yollarında yenidənqurma işləri həyata keçirilir və bu işlər çərçivəsində yükdaşımaların həcmi artır. Nəticədə yükdaşımalardan büdcəyə daxil olan gəlirin həcmi də genişlənir. Kənd və qəsəbələrarası ərazilərdə yolların keyfiyyətinin artırılması kənd təsərrüfatı, turizm sahəsinin inkişafına təsir edir. Məsələn, insanların yetişdirdikləri məhsulu tez bir zamanda, xarab olmadan bazara çatdırmasına imkan yaradır, turistlərin bölgələrə səfərlərini asanlaşdırır. Düşünürəm ki, keyfiyyətin yüksəldilməsi növbəti mərhələdə də davam etdiriləcək”.

Günel Azadə
banner

Oxşar Xəbərlər