• şənbə, 20 Aprel, 15:03
  • Baku Bakı 23°C

Yerli əhalini turizmə necə cəlb etməli?

22.01.20 12:30 1557
Yerli əhalini turizmə necə cəlb etməli?
Ekspertlər deyir ki, bu sahədə potensiallı kadrlara ciddi ehtiyac var
Azərbaycanda turizm sənayesi nümayəndələrinə yerli əhalini turizm fəaliyyətinə cəlb etmək tövsiyə edilib. Trend-in məlumatına görə, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi”ndə öz əksini tapıb. Sənədə əsasən, yerli əhali turizm fəaliyyətinə cəlb edilməlidir və onlar formalaşan iqtisadi, sosial və mədəni faydaların alınmasında bərabərhüquqlu əsaslarla iştirak etməlidirlər: "Azərbaycanda turizm siyasəti elə şəkildə aparılmalıdır ki, bu, səfər edilən rayonların əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə yardım etsin və onun ehtiyaclarına cavab versin. Bununla yanaşı, turizm mərkəzləri və yerləşdirmə vasitələrinin şəhərsalma və memarlıq planlaşdırması və istismarı zamanı onların yerli sosial-iqtisadi mühitə maksimal inteqrasiyasının nəzərdə tutulması lazımdır. Eyni şəraitdə ilk növbədə yerli işçi qüvvəsinin muzdlu işə götürülməsinin mümkünlüyünü araşdırmaq lazımdır”.
Kodeksdə qeyd edilir ki, Azərbaycanın sərhədyanı zonalarının spesifik problemlərinə, eləcə də inkişaf baxımdan zəif olan kənd və dağlıq rayonlara xüsusi diqqət yetirmək lazımdır: "Turizm sahəsinin peşəkarları, xüsusilə investorlar hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş qaydalar çərçivəsində öz inkişaf layihələrinin ətraf mühit və təbiətə təsirini tədqiq etməlidirlər. Onlar həmçinin maksimal açıqlıq və obyektivliklə öz gələcək proqramları və onların mümkün nəticələri haqqında informasiya təqdim etməlidirlər”.
Bəs görəsən yerli əhali turizm sahəsinin hansı formada cəlb oluna bilər? Bunun üçün hansı işlər görülməlidir?
"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri, Ruslan Quliyevdeyir ki, turizm elə bir sektordur ki, xalq təsərrüfatının 50-ə yaxın sahəsi ilə birbaşa və ya dolayı şəkildə bağlıdır: "Yerli əhalinin turizmə cəlb edilməsi yoxsulluğun azaldılması, əhalinin kənddən şəhərə axınının qarşısının alınması eyni zamanda bölgələrə valyuta axınını cəlb etmək baxımından çox vacibdir. Düşünürəm ki, yaşıllıq turizmi və aqro-turizm bu sahələri əhatə edə bilər. Yoxsul ailələrin, gənclərin, yaşlı insanların işə cəlb olunması məqsədəuyğun hesab olunur. Əsas məqamlardan biri də yerli bələdçilərin hazırlanması məsələsidir. İlk növbədə maarifləndirmə işləri aparılmalıdır. Aidiyyatı qurumlar bu məsələ ilə bağlı müəyyən işlər görsələr, yerli əhali turizmin inkişafına töhfə verə bilər”.
Turizm üzrə ekspert Ceyhun Aşurovda qeyd etdi ki, bu, çox əhəmiyyətli məsələdir: "Bölgələrdə yeni iş yerlərinin yaradılması aktuallığını saxlayır. Turist getdiyi yerdə alış-veriş edir, yemək yeyir və oteldə qalır. Bütün bunlar yerli əhalinin iqtisadi rifahına da dolayı yolla təsir edir. Əhali turistlərin tələbatına uyğun məhsullar hazırlayıb satışa çıxarsa, bu, turistlərin diqqətini cəlb edir. Məsələn, tarixi ornamentlərlə hazırlanan suvenirlər və digər sənətkarlıq məmulatları turistlər tərəfindən maraqla qarşılanır. Digər tərəfdən, hazırda yerli turizmdə bələdçilərə böyük ehtiyac var. Yerli əhali turistlərə müəyyən işlərdə kömək edərək qazanc əldə edə bilər. Eyni zamanda, yerli əhali turistlərə qalmaq üçün yer təklif etmək imkanına malikdir. Kənd evləri bunun ən gözəl və geniş yayılmış nümunələrindən biridir. Minimum standartlara cavab verən, rahatlığı təmin olunan evlər turistlərə kirayə verilə bilər. Turistlərin daha çox olduğu ərazilərdə əhalinin maddi gəlir əldə etmək imkanları da çox olur. İctimai-iaşə obyektlərin, restoranların sayı bu ərazilərdə daha da artır. Beləliklə, işlə təminat məsələsi daha da asanlaşır. Kiçik və orta sahibkar olaraq yerli əhali daha çox kənd evlərini qısa və orta müddətli dövrdə turistlərə icarəyə verə bilər. Bununla da onlar müəyyən gəlir əldə edə bilər”.
Turizm üzrə ekspert, dosent Rəhman Səfərov deyir ki, ilk növbədə dil məsələsi gündəmə gəlir: "Yerli əhali turizmin hansı sahəsinə cəlb olunacaqsa, ona uyğun olaraq təlimlərin təşkili də vacib məqamlardan biridir. Eko-turizm, sağlamlıq turizminə müxtəlif formada cəlb oluna bilər. Bu istiqamətdə maarifləndirmə işlərinin aparılması çox vacibdir. İnsanların işə cəlb olunmasında bu, çox önəmlidir. Yerli əhali az-çox bu sahə haqqında məlumatlandırılmalıdır ki, daha yüksək xidmətin təşkil etmək mümkün olsun”.
Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov bildirdi ki,yerli əhali turizmin bir sıra sahələrinə cəlb edilə bilər: "Bunlardan ilk növbədə bələdçiliyi misal göstərmək olar. Turizm işçiləri kimi bələdçilər yüksək səviyyədə inkişaf etdirilməli və turizmə cəlb olunmalıdırlar. Xüsusilə turizm təhsili alan gənclərə bu məsələdə daha çox üstünlük verilərsə, daha müsbət nəticələr əldə edilə bilər. Həmçinin, təhsili olmasa da, bu sahə haqqında məlumatlı olan şəxslərdən faydalanmaq olar. Düşünürəm ki, turizm sahəsində potensiallı kadrlara hər zaman ehtiyac var. Xüsusilə sürücülərə olan tələb həddən artıq çoxdur. Sürücülərdən yüksək dil bilgisi tələb olunmur. Turizmdə iaşə obyektlərinə də böyük ehtiyac var. Xidmət sahəsində çalışacaq olan işçilər hər zaman potensial kadr hesab olunur. Amma işçilərin müəyyən səviyyədə dil bilikləri olmalıdır ki, turistlərlə ünsiyyət zaman problem olmasın. Aidiyyatı qurumlar bu məsələdə prinsipiallıq nümayiş etdirməlidir. Hazırda müəyyən işlər görülür. Vətəndaşlara bu haqda məlumatlar verilir və onların turizmə cəlb olunması təmin edilir. Yerli əhali təlimlərə qatılmaqda maraqlıdır. Qarşıya qoyulan hədəflər dil biliklərinin artırılması və turistlərlə davranış qaydalarının öyrədilməsidir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər